Ədəbiyyat:Bizim nəsil
(Şəkinin ensiklopediyasına daxil etmək üçün)
BİZİM NƏSİL[HTML redaktə]
Məlumdur ki Şəkinin əhalisi nəsillərin, ailələrin ləqəbilə tanınır, bu ta qədimdən özəli qoyulmuş ənənə indiki günə kimi davam etməkdədir: hər hansı bir şəxs barədə söhbət gedərsə, yaxud qohumluq yaranma ərəfəsində hər hansı bir qız, yaxud oğlan barədə söz açılarsa ilk sual belə olur: kimlərdəndir? Bu sualın cavabı artıq bir çox mətləblərdən məlumat verir. Çünki hər bir nəslin artıq həmişəlik vurulmuş “möhürü”, “xasiyyətnaməsi” var və o xasiyyətnaməni dəyişmək çox müşkül məsələdir...
Belə bir möhürü həmişəlik vurulmuş nəslin nümayəndələri bu günə qədər o şərəfli möhürü daşımaqda davam edirlər...
Dildən-dilə nəsil daxilində ötürülən rəvayətə görə bir zamanlar, hələ XYIII-ci əsrin sonlarında bir cavan gürcü balası Svanetiyadan atasıyla birlikdə ipək almaq məqsədilə Nuxaya təşrif buyurur. Burada onları yerli tacirlərin biri çox böyük hörmət və ehtiramla qarşılayıb bir neçə müddət öz evində qonaq saxlayır. Qonaq gəlmiş cavan oğlan ev yiyəsinin qızına aşiq olub onunla evlənmək qərarına gəlir, – hər iki ata bu izdivaca etiraz etmirlər və beləliklə gürcü balası Şəkidə qalıb müsəlmanlığı qəbul edir və ilk “internasional” – “milliqarışıqlı” ailə yuvası yaradır. Sonralar bu ailənin üç oğlu dünyaya gəlir – onların adları Zəkəriyyə, Həbibulla və Lətif olur. Zaman keçir, oğlanlar böyüyür, müxtəlif sənətlərə – dəmirçilik, dabbaqlıq və s. sənətlərə yiyələnib halal zəhmətləri ilə çörək pulu qazanaraq müsəlmanların ən böyük və müqəddəs arzusu olan həcc ziyarətinə getmək qərarına gəlirlər. Məlumdur ki, o vaxtlar nə bugünkü təyyarələr, nə asfalt yollar, nə kondisionerli avtobuslar var idi və dəvə karvanlarına qoşulub Məkkəyə Həcc ziyarətinə gedib sağ-salamat qayıtmaq həm böyük əziyyət-məşəqqətlə, həm də böyük xərclə başa gəlirdi. Əvvəlcə bu əziyyətə qatlaşıb Həccə gedən böyük qardaş Zəkəriyyə sonradan Həbibullanı da apara bilir, ancaq kiçik qardaş Lətifə bu xoşbəxtlik nəsib olmur. İki qardaşın bu zəhmətə qatışıb qalib gəlməsi, onların saflığı, zəhmətsevərliyi, əliaçıqlığı və halallığı Nuxa əhalisinin onlara olan hörmətini, böyük ehtiramini birə-yüz artırır. Adları da dəyişib olur Hacı Həbibulla və Hacı Zəkəriyyə. Deyilənə görə hətta onlar vəfat etdikdən də sonra məzarları pirə çevrilir, xəstə uşaqları o pirlərə aparıb sağalacaqlarına ümid bəsləyənlərin sayı-hesabı olmur. Nə isə bu qardaşlar da böyüyür, evlənib ailə sahibi olurlar, birinin həyat yoldaşı Baxşı, ikincisinin - Əsmər, üçüncü qardaş Lətifin isə yoldaşı- ......... olur. Bu baba və nənələrin bu gün yaşayan və nəslin adını şərəflə daşıyan nəvə-nəticələri indi də Şəkidə yaşamaqda davam edirlər, ancaq onların nəsil arasında yenidən qız alıb, qız vermək, qohumluq tellərini daha da möhkəmləndirmək ənənəsi də yarandığından kim-kimin vərəsəsidir məsələsini ayırd etmək bir qədər çətinləşib.
Nə isə, bu qardaşlardan birinin – Hacı Həbibullanın 5 öğlu və iki qızı, Zəkəriyyənin isə cəmi iki qız evladı, Lətifin-üç oğlu dünyaya gəlir. Hacı Həbibullanın nəslinin davamçılarına hal-hazırda qısaldılmış şəkildə “Hacəbillahlar” deyirlər, Hacı Zəkəriyyənin qız evladları olduğuna görə elə bir ad qalmayıb, ancaq qızların vasitəsilə nəsli davam edib. Kiçik qardaş olan Lətifin Süleyman, Şakir və Hüseyn adlı üç oğlu dünyaya gəlir. Mən isə Hacı Zəkəriyyənin nəslindən olduğum üçün öz atam, əmilərim, bibim barədə Şəkinin bugünkü nəsillərinə məlumat verməyi özümə borc bilirəm.
Beləliklə, yuxarıda dediyim kimi Hacı Zəkəriyyənin iki qız övladı dünyaya gəlib – biri mənim nənəm Mariyyə, o birisi isə Səltənət adının daşıyıcıları olublar. Mariyyə 11 yaşında olarkən onu dəmirçi Əskər adlı özündən 20 yaş böyük oğlana ərə veriblər. Bu izdivacdan nənəmin 5 oğlu və bir qızı dünyaya gəlib. Bacısı Səltənət isə məşhur aşıq Yunis İmrənin mənsub olduğu Qırxlar nəslindən törəmiş Yaruşağı İbrahim adlanan kişinin arvadı olub. Səltənətin Yaqub adlı bircə oğlu olub, deyilənlərə görə ikinci evladı dünyaya gətirərkən Səltənət vəfat edib, yeganə oğlu isə xalasının – nənəm Mariyyənin ümidinə qalaraq onun himayəsi altında xala evladlarıyla yanaşı boya-başa çatıb və böyüyəndən sonra onu uşaqlıqdan atasız qalmış və özü kimi nənəmin-babamın himayəsində böyümüş, babamın qardaşı dəmirçi Hüseynin qızı Həyat xanımla evləndiriblər. Atamın əmisi olmuş Hüseyn kişinin üç evladı olub, iki oğlan – Soltan, Lütfəli və Həyat adlı bir qızı. Anaları çox gənc dul qalaraq dədə-baba yurduna – Oxut kəndinə qayıdıb və yeni ailə qurub, uşaqları isə babam ona verməyib, özü saxlayıb boya-başa çatdırıb. Ancaq faciəli hadisə nəticəsində kiçik qardaş – 14 yaşlı Lütfəli, maşın qəzasında həlak olub, Soltan böyüyüb, onu özünə qardaş sayan atamın himayəsilə ali təhsil alaraq inşaat mühəndisi olub, əmək fəaliyyətinə başlaya-başlamaz, Böyük Vətən Müharibəsi başlayıb, onu cəbhəyə çağırıblar və o, 1942-ci ildə cəbhədə həlak olub. Bütün ailədən yeganə qalan Həyat xanım isə nənəmin-babamın himayəsilə boya-başa çataraq elə nənəmin bacısından yadigar qalmış “Yaruşağı” İbrahimin oğlu Yaqubla ailə qurub. Bu ailə ilə də bizim ailəmiz arasında daima xoş münasibətlər, gediş-gəlişlərimiz bol olub və sonradan hətta yeni qohumluq əlaqələri də yaranıb.
Nənəm Mariyyənin evladları: Vahid, Saleh, Mövsüm,Səidə, Qurbanəli, Məmmədemin adının daşıyıcıları olublar. Beş oğlundan ikincisi Saleh mənim atam olub. Oğlanların hamısı uşaqlıqdan atalarının yanında ustalıq – dəmirçilik, ediblər, mollaxana məktəbinə, sonralar isə Nuxada fəaliyyət göstərən rus-tatar məktəbində təhsil alıblar. Sonradan atam ali təhsili başa vurduqdan sonra onlar da onun himayəsilə ali təhsil alaraq hərəsi bir sənətin sahibi olublar. Ancaq böyük qardaş Vahid yaşına görə oxumaq artıq xeyli yaşlı və böyük ailə – 6 qız və bir oğlan sahibi olduğundan təhsil ala bilməyib və ömrünün sonuna qədər dədə-baba sənətini davam etdirmişdir, bizlər də ona həmişə atamız kimi “Usta Qaqaş” deyə müraciət etdiyimiz yadımdadır. Dəmirçi Əskər adıyla Nuxada məşhur olan babamın soy adı Salamov olub, ancaq atam və kiçik qardaşı Məmmədemin soyadlarını atalarının adıyla əlaqədar olaraq Əskər-zadə kimi qəbul ediblər, ona görə də onların evladları olan bizlər də Əskər-zadə soyadını daşımışıq.
Əskər-zadə Saleh Əskər oğlu[HTML redaktə]
1898-ci il mart ayının 3-də Şəki şəhərində dəmirçi usta Əskərin ailəsində anadan olub. Kiçik yaşlarından Şəkidəki mollaxana məktəbində təhsil alıb, sonralar qonşu uşaqlara qoşularaq rus-tatar məktəbinə gedib, eyni zamanda atasının dəmirçi dükanında “fəaliyyət” göstərib. Uşaqlıqda tütək çalmağı çox sevirmiş və boş vaxtlarında dəmirçi dükanının qabağında oturaraq tütək çalırmış. Belə günlərin birində bir cavan kişi ayaq saxlayıb onun çalğısına diqqətlə qulaq asır və soruşur: “Sən klarnet də çala bilərsənmi? “ O klarnetin nə olduğunu bilmədiyini deyir. Onda o kişi çantasından bir gödək “klarnet” çıxarıb ona deyir: “Üfür görüm!” Uşağın “üfürməyi” onun xoşuna gəlir və o bu oğlanı Bakıya – yeni yaradılacaq orkestr üçün musiqiçi kimi Bakıya gətirir, – həmin kişi isə dahi Üzeyir Hacıbəyli imiş.
O zaman Salehin 14-15 yaşı var idi. Ancaq orkestrda çalmaq ona qismət olmur, hakimiyyət dəyişir, bütün gəncləri yeni hökumətin yaratdığı fəhlə fakültələrinə (“rabfaka”) təhsil almağa yönəldirlər. Onun çox yaxşı zehni, yüksək qavrama qabiliyyəti olduğundan o, bütün fənlərin mənimsəməsində müvəffəqiyyət qazanır, dəqiq elmlərə – riyaziyyata isə xüsusi həvəs göstərir. Odur ki “rabfakı” bitirən kimi onu Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul edirlər. Həm “rabfak”-da həm universitetdə təhsil aldığı dövrlərdə o, ictimai həyatda fəal iştirak edir, tələbələrdən ibarət ədəbi-dram dərnəklərində fəaliyyət göstərir, müəyyən rolların ifasında uğurlar, alqışlar qazanır. Mənim yaxşı yadımdadır ki o, hətta ahıl yaşında belə Hüseyn Cavidin “İblis” dramından Arifin atasının heç vaxt unutmadığı monoloqunu həmişəcavan, gur səsilə həvəslə, ucadan əzbər deyərdi. Dövlət universiteti ilə yanaşı o, yeni yaradılmış Pedaqoji İnstitutun axşam şöbəsində də təhsil almağa müvəffəq olur.
Universiteti bitirəndən sonra onu yeni yaradılmış neft sənayesində çalışmaq üçün kadrlar hazırlayan, o vaxtlar Azərbaycan Sənaye İnstitutu adlanan, indiki Neft və Kimya İnstitutuna müəllimlik etməyə göndərirlər, həmin təhsil ocağında o, 36 il çalışdıqdan sonra təqaüdə çıxmışdır. O illər ərzində o Azərbaycan dilində Ali riyaziyyat dərsliklərinin yaranmasına, onun tədris metodikasının işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Onun yetişdirmələrinin bir çoxu Azərbaycanın neft sənayesində çalışıb, Böyük Vətən müharibəsi illərində cəbhəni lazımi miqdarda yanacaqla təmin etməkdə şücaətlər göstərmişlər. Müəllimliklə yanaşı o, elmi araşdırmalarla məşğul olmağı, Azərbaycan dilində dərsliklər, riyaziyyat elminin tədris edilməsinin metodiki əsaslarının işlənib hazırlanmasına böyük zəhmət sərf etmişdir. Riyaziyyatda sadə rəqəmlərin funksiyası mövzusunda elmi iş üzrə tədqiqatlar aparmaq fikrində idi. Ancaq 1938-ci ildə repressiyaya məruz qalmış kiçik qardaşının “xalq düşməni” damğasıyla həbs edilməsi ona elmi işlə məşğul olmaqda, yeni nailiyyətlər əldə etməkdə bir sipər olmuşdu. Buna baxmayaraq, o, ruhdan düşməmiş, müəllimliyi şərəfli peşə adlandırıb bütün bilik və bacarığını gənc nəslə ötürməkdə davam etmişdir. Yadımdadır ki, onu tez-tez Azərbaycanın müxtəlif rayonlarına Neft institutuna daxil olmaq üçün gənclər arasında təbliğat aparmaq, həvəsləndirmək üçün ezam edirdilər, o zaman o, daha çox öz doğma vətəni olan Şəkiyə getməyə üstünlük verərdi, Vətəni üçün, el-obası üçün əlindən gələni etməyə həmişə hazır olardı. Bizim Bakıdakı evimiz daima qonaqlı-qaralı olardı, şəkililərin biri getməmiş o birisi gələrdi, atamızın, anamızın ağıllı məsləhətlərindən, sənət seçməkdə öyüd-nəsihətlərindən bəhrələnərdilər. Anamız da vaxtilə atamın fəhlə kurslarında ona dərs demiş, Zeynalabdin Tağıyevin yaratdığı müsəlman qızlar məktəbinin məzunu olmuş Həmidə Məhəmmədəli qızı Əskərova yüksək biliyə, savada malik zəhmətkeş bir xanım olmuşdur, atamın çoxsaylı qohum-əqrəbasına hörmətlə yanaşar, onların savadlanmasına, ali təhsil almalarına hər cür şərait yaradardı. Beləliklə, bu cütlüyün fədakarlığı sayəsində atamın özündən kiçik bütün qardaş-bacıları bir-bir Şəkidən Bakıya gələrək “Mirzə qaqaş” adlandıqları atamın himayəsilə ali təhsil almış, müəllim, həkim, tarixçi və s. sənətlərə yiyələnmişdilər. Eyni zamanda ailənin beş evlad sahibi olmasına baxmayaraq, valideynlərimiz sonuncu tikəsini belə doğmaları ilə bölərək bütün əziyyətlərə dözmüş, ömürlərinin son anına qədər “Yetişdin?! – Yetişdir!” devizilə yaşamış, öz doğma evladlarını da bu ruhda tərbiyələndirmişlər. Beləliklə, böyüdükcə, yaşa-boya çatdıqca, biz valideynlərimizin nə boyda geniş ürəyə, fədakarlığa malik olan insan olduqlarını görürdük, canlı şahidi olurduq. Onlar heç vaxt var-dövlət, geyim-keçim düşkünü olmamış, həmişə savad, təhsil, mədəniyyət, insanpərvərlik tərəfdarı olmuş, elə özləri kimi sadə, ancaq daxilən zəngin insanlarla da ünsiyyətdə, dostluqda olmuşdular. Vallah, qoy məni heç kəs qınamasın – mən indiki “oliqarx” deyilən dar düşüncəli, eqoist, ancaq öz ailəsini, doğmalarını düşünən, var-dövlət düşkünü olan “insanları” gördükcə, eşitdikcə öz valideynlərimin ruhu qarşısında bir daha dönə-dönə baş əyirəm, onlara rəhmət oxuyuram, öz-özümə deyirəm: “Mən nə xoşbəxt insan olmuşam ki belə gözütox, əməli saf, özü saf, qəlbi hər kəs üçün açıq, qəlbi su kimi duru, təmiz ailədə böyüyüb boya-başa çatmışam, məhz onların yolu ilə gedərək insan kimi böyümüşəm!” Atamın bir sözü indiki günə qədər mənim qulağımda səslənir: O deyərdi:
– “Mən elə yaşamışam ki, siz mənə görə heç vaxt heç kimin qarşısında başı aşağı olmayacaqsınız, mən sizə haram çörək yedirtməmişəm!” Evladlar üçün bundan böyük şərəf, xoşbəxtlik nə ola bilər?
Təsadüfə baxın ki, atamın ölümü də özü qədər sevdiyi Vətənində, məhz Şəkidə gözlənilmədən, mədə-bağırsaq sancısından cərrahiyyə əməliyyatı nəticəsində baş vermiş və o bu müqəddəs saydığı torpaqda 62 yaşında dəfn olunmuşdur.
Mövsüm Əskər oğlu Salamov[HTML redaktə]
1905-ci il Şəkidə Dəmirçi Əskərin ailəsində dünyaya gəlmiş üçüncü oğul balası olan Mövsüm – uzun və məşəqqətli həyat yolu keçmişdir. O zamanın bütün uşaqları kimi ilk təhsilini mollaxanada almış və 12 yaşından atasının sənətini – dəmirçiliyi, öyrənməyə başlamışdır. Atasının yanında işləyə-işləyə o, 1920-ci ildə Nuxada yeni təşkil olunmuş gecə məktəbinə yazılır və 1922-ci ildə təhsilini davam etdirmək məqsədilə Şura hökümətinin göndərişilə Bakıya yeni yaradılmış fəhlə fakultəsinə (“rabfak”a) göndərilir. 1926-cı ildə vaxtilə, Şəkidə “dəmirçi oğlu” adıyla çağırılan Mövsüm, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə daxil olur, 1930-cu ildə universiteti müvəffəqiyyətlə bitirərək Elmlər Akademiyası nəzdində aspiranturaya daxil olur. 1932—ci ildə aspiranturanı bitirən Mövsüm bir ildən sonra Elmi Şuranın qərarıyla “dosent” adına layiq görülür. 1934-cü ildə isə yeni təşkil olunmuş Azərbaycan Tarixi Muzeyinin ilk direktoru təyin edilir. Həmin muzey vaxtilə, Azərbaycanın qeyrətli oğlu məşhur mesenat Zeynalabdin Tağıyevin şəhərin mərkəzində tikilmiş evində yerləşdirilmişdi. Muzeyin direktoruna həmin binada iki otaq ayrılmış və ailəsi ilə – həyat yoldaşı Sara Aşurbəyli ilə, orada yaşamaq icazəsi verilmişdi. Həmin illərdə Respublikada maarifçilik hərəkatları geniş vüsət almışdı və yenicə yetişmiş gənc savadlı ziyalılar bu hərəkata qoşularaq müxtəlif məktəblər, dərnəklər, kurslar və s. təşkil edərək gənc nəslin az bir zamanda yüksək təhsil almasına var qüvvələrini sərf edirdilər.
Muzeydə çalışdığı illərdə gənc tarixçi-alim olan Mövsüm Salamov xalqımızın tarixi yerlərini, qədim tikililəri aşkara çıxarmaq, xalqımızın adət ənənələrini əks etdirən arxeoloji tapıntıları aşkar edib Muzeyə gətirir, muzey fondunun genişləndirilməsi ilə məşğul olmaqdan həzz alırdı. Həmin illərdə Bakının Bayıl yamacında vaxtilə, mövcud olan məscidi, oradakı qəbiristanlıqda dəfn edilmiş xalq qəhrəmanlarının məzarlarını uçurub şose yolu tikmək qərarı qəbul edilmişdi. Bundan xəbər tutan Mövsüm Salamov həmin qəbiristanlıqda dəfn olunmuş xalq qəhrəmanı Cavanşirin məzarındakl baş daşını gecəliklə gətirib muzeyin sirzəmisində gizlətmişdi. 1935-ci ildə Tehranda Beynəlxalq şərqşünaslar konqresi keçirilirdi, həmin konqresdə Azərbaycandan Mövsüm Salamov iştirak etmiş, Azərbaycanın qədim tarixinə aid məruzə ilə çıxış etmişdir. Həmin çıxışına görə SSRİ-nın Ali Sovetinin sədri Mixail Kalinin tərəfindən cib saatı ilə mükafatlandırılmışdı. Sonralar uzun sürgün illərində Mövsüm Salamov həmin saatı min bir məşəqqətlərlə qoruyub saxlamışdı və sonda bəraət almaq ərəfəsində onu öz şəxsiyyətini təsdiq etmək üçün əşyayi-dəlil kimi təqdim etmişdi.
Həmin illərdə xalqın maarifləndirilməsi hərəkatında məşhur mütərəqqi şair Hüseyn Cavid, aktyorlar Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, maarifpərvər siyasi xadim Dadaş Bunyadzadə, gənc istedadlı şair Mikayıl Müşviq və bir çox başqa ziyalılar da fəal iştirak edirdilər. Həmişə olduğu kimi o vaxtlar respublika rəhbərliyndə özünə yer tapmış erməniləri bu hərəkatlar heç də qane etmirdi – onlar Azərbaycanın və onun gənc nəslinin inkişaf etməsini istəmirdilər. Odur ki ölkəmizdə müxtəlif qondarma günahlarla şərlənmələr başlayaraq repressiya maşını işə salındı. 1938-ci ilin fevral ayında Salamov Mövsümün də qapısı döyüldü, misli görünməmiş şər, böhtana məruz qalaraq onu başqa siyasi dustaqlar kimi “Xalq düşməni” damğasıyla Sibirə yola saldılar. Həyat yoldaşı Sara xanım isə özünü bu böhtanlardan qorumaq məqsədi ilə təcili surətdə boşanma haqqında sənəd təşkil etmişdi.
Sovet cəza maşını heç kəsə rəhm etmirdi, “xalq düşmənlərini” xüsusi zalımlıqla əzirdi, qürurlu ziyalıların qürurunu sındırmaqdan sanki həzz alırdı. Beləlikə, ölkəmizin ən savadlı, bilikli, hörmətli, istedadlı oğulları bu maşının qurbanları olurdular. Ölkədən sürgün edilmiş 50 mindən artıq vətəndaşımızdan çox cüzi bir hissəsi çox illərdən sonra Vətənə qayıtmaq xoşbəxtliyinə nail ola bildilər. Salamov Mövsüm də Sibirdən başlayan sürgün yollarını Komi ASSR-in Uxta şəhərində başa vurdu, tarixçi-şərqşünas kərpic zavodunun müdiri, kərpic istehsalında Kominin “qabaqcıl səmərələşdiricisi” adına layiq görüldü, nəhayət, “xalq düşməni” damğası üzərindən götürüldükdən sonra – 1959-cu ildə, Vətənə qayıtmaq xoşbəxtliyinə nail ola bildi. Həmin “istiləşmə” illərində ömürlərinin gənc, məhsuldar illərini sürgünlərdə keçirmiş, sağlamlıqlarını itirmiş insanlardan üzr istədilər, onları yaşayış evlərilə, işlə təmin etməyə çalışdılar. Mövsüm Salamova da bir sıra vəzifələr təklif olundu, o isə sevimli sənəti ilə – muzey təşkilatçılığı ilə məşğul olmaq arzusunda olduğunu bildirdi. Belə olan halda respublika rəhbərliyi Bakının mərkəzində yerləşən və uzun illər boyu baxımsızlıq ucbatından xarabazarlığa çevrilmiş qədim Şirvanşahlar sarayını muzeyə çevirmək, xalqımızın tarixinin bu qədim tikilisinə yeni nəfəs vermək, onu muzeyə döndərib xalqımızın və ölkəmizə təşrif buyuran qonaqların sevimli məkanına çevirmək qərarına gəldi və bu işin öhdəsindən gələ biləcək mütəxəssis kimi Mövsüm Salamovu ora müdir təyin edildi. Yaşının ahıl çağına, sağlamlığının zəif olmasına, bir gözünün nurunun Komidə – kərpic zavodunda işlədiyi günlərdə isti kərpicbişirən sobaya yıxıldığı zaman itirilməsinə baxmayaraq Mövsüm Salamov yeni muzeyin təşkil olunması işinə böyük həvəs və coşqu ilə başlayır. Gərgin əmək, fitri istedad, insanlarla təmas yaratmaq, ətrafına gənc mütəxəssisləri toplamaq qabiliyyəti öz bəhrəsini verməyə bilməzdi və nəhayət, Şirvanşahlar sarayı muzey qismində öz qapılarını vətəndaşların üzünə açdı. Zaman keçdikcə o daha da genişləndi – Qız qalası, Atəşgah, Qala kəndindəki tikililər, Ramana qalası və digər qədim abidələrlə birlikdə yeni Muzey Kompleksi yarandı ki, bu gün onun şöhrəti ölkəmizdən çox-çox uzaqlarda da yayılmaqdadır. Bu şərəfli işin başlanğıcı isə Əməkdar İncəsənət işçisi Salamov Mövsümün adı ilə bağlıdır. Ömrünün son illərində o, yeganə gözünün nurunu da tam itirmişdi, artıq işləyə bilmirdi, ancaq vaxtilə, onlara atalıq etmiş muzeyin işçiləri onu tək buraxmırdılar, tez-tez baş çəkirdilər və muzeydə baş verən bütün yenilikləri ona bir-bir nəql edirdilər. Sağlamlığnı, gözünün nurunu itirdiyinə baxmayaraq o heç vaxt ruhdan düşmür, uzun illər sürgünlüklərdə bərkimiş, daşlaşmış iradəsi ilə ətrafdakılarla söhbətləşər, danışıb gülərdi. 1985-ci ildə 80 yaşında Mövsüm Salamov bu dünyaya gözlərini əbədi yumdu və doğma vətənində Bakıda dəfn olunmaq ona nəsib oldu. Allah Rəhmət eləsin! Ancaq onun sevimli Muzeyi – Şirvanşahlar sarayı, günü-gündən öz sərhədlərini genişləndirir, sevimli paytaxtımızın tarixi şöhrətini bütün dünyaya yaymaqda davam edir, Mövsüm Salamovun ruhunu sevindirir!
Səidə Əskər qızı Qazıyeva[HTML redaktə]
Şəkili məşhur usta kimi şöhrət tapmış “dəmirçi Əskərin” dördüncü evladı olan qızı Səidə 1907-ci ildə anadan olub, qardaşları kimi ilk təhsilini mollaxanada almışdı. Ailənin yeganə qızı olan Səidə lap uşaq çağlarından bütün qızlar kimi anasına təsərrüfatda, həyat-baca, mal-qara işlərində anasının köməkçisi olmuşdur. O həm zahiri gözəlliyi həm də zirəkliyi, cəldliyilə ətraf qonşular arasında dillər əzbəri olmuşdu. 12-13 yaşlarında artıq elçilər dəmirçi Əskərin qapısını döyməyə başlamışdılar. Onlar arasında seçim aparmaq çətinləşirdi. Günlərin bir günü Şəkinin mötəbər ailələrindən olan Usta Bəşirlilər ailəsinin oğlunun da elçiləri Səidənin qapısına gəldilər və razılıqla qarşılandılar. Ancaq özündən xeyli yaşlı oğlana ərə getmək Səidənin ürəyindən deyildi, hər gün evlərinə at üstündə Baş Göynük kəndindən süd-qatıq, pendir gətirən cavan oğlan onun daha çox ürəyinə yatırdı. Günlərin bir günü Səidənin sədası Göynükdən gəldi, valideynlərin əlacı kəsilib onun toyuna razılıq verdilər. Beləliklə Səidə Göynükdə məşhur sülalə təşkil edən Qaziyevlər ailəsinin gəlini oldu və bu ailə uzunömürlü, gələcəkdə Bakıda da geniş şöhrətləşən, məşhur ailələrdən biri oldu.
Səidənin həyat yoldaşı Qazıyev Salam Məhəmməd oğlu da, Səidə özü də ali təhsil alaraq müəllimlik etməyə başladılar, dörd oğul iki qız evladından ibarət böyük ailə sahibi oldular.
Uzun illər boyu Bakının Binəqədi rayonu keçmiş Kirov (indiki Məhəmməd Əmin Rəsulzadə ad.) qəsəbənin məşhur müəllimlərindən olan Qaziyev Salam əməkdar müəllim adı aldı, “Lenin” ordeni ilə təltif edildi. Ona həmin qəsəbədə ev tikmək üçün torpaq sahəsi də ayrıldı. Beləliklə, indi geniş bir sahəni əhatə etmiş indiki M.Ə Rəsulzadə ad. qəsəbədə ilk şəxsi evi məhz bu ailə öz əlləri ilə inşa etmişdi. Onların ilk oğlu Tofiq Böyük Vətən Müharibəsində vuruşaraq Sovet ordusunun birinci snayperi adına layiq görülmüşdü, ikinci oğlu Faiq – 16 yaşına çatmamış könüllü olaraq, ata-anasından bixəbər orduya yazılmış və cəbhədə həlak olmuşdu. Ailənin sonbeşiyi olan qızı Rəfiqə sovet dövründə dövlət idarələrində çalışaraq Ali Sovetin katibi vəzifəsinə seçilmiş və 8 il ərzində həmin vəzifədə çalışmışdır.
Qazıyeva Səidə xanım özü isə bir müddət müəllim işlədikdən sonra partiya təşkilatlarının təqdimatıyla müxtəlif təsərrüfat sahələrinə cəlb edilmiş, harada işləməsindən asılı olmayaraq həmişə qabaqcıl işçi olmuş, müxtəlif orden-medallarla təltif olunmuş, bir neçə çağırış rayon və Ali Sovet miqyasında deputat da seçilmişdir. Qaziyevlər ailəsinin yaşadığı qəsəbədə bir un dəyirmanı var idi, elektrik gücü ilə işləyirdi. Müharibə illərində həmin qəsəbədə çalışan kişilər orduya çağırılmışdı, dəyirman müvəqqəti dayanmışdı. Onda respublikanın başçısı Mir Cəfər Bağırov rayon rəhbərliyinin təqdimatı əsasında Qazıyeva Səidəni yanına çağırtdırıb həmin dəyirmanın açarlarını ona verərək tapşırır: “Camaat ağır günlərini yaşayır, çörək yoxdur. Al bu açarları, get o dəyirmanı aç, işlət! Eşitsəm ki oradan bir kilo un oğurlamısan, səni də göndərəcəm qardaşının yanına!”. Bağırov eşitmişdi ki altı uşaq anası olan Səidə özündə cürət tapıb Moskvaya SSRİ Ali Sovetinin sədri M.İ. Kalininin qəbuluna gedib, qardaşı Mövsümün günahsız olduğunu, onun buraxılmasını xahiş edibmiş. Həmin dəyirmanda Səidə Qazıyeva müharibənin sonuna qədər çalışıb və etimadı doğrultuğuna görə bir sıra dövlət nişanları ilə təltif edilmişdi. O 84 yaşında vəfat etmiş və Bakı şəhərində, ömür boyu yaşadığı qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
Qurbanəli Əskər oğlu Salamov[HTML redaktə]
Qurbanəli dəmirçi Əskərin ailəsində doğulmuş dördüncü oğul evladı idi, o təxminən, 1910-cu ildə anadan olmuş, 12 yaşına qədər Nuxada yaşamış, yeni təşkil olunmuş rus-tatar (o vaxtlar azərbaycanlılara “qafqaz tatarları” deyirlərmiş) məktəbində təhsil almışdır. Sonradan başqa qardaş və bacısı kimi Bakıya – böyük qardaşı Salehin himayəsinə gələrək əvvəlcə 18 saylı məktəbdə təhsilini davam etdirmiş, daha sonra isə yeni təşkil olunmuş Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.
İnstitututu müvəffəqiyyətlə bitirib dövlət göndərişi ilə Ağcabədi rayonuna sahə həkimi vəzifəsində çalışmağa başlayır. Təxminən, 1,5-2 il orada çalışdıqdan sonra 1939-cu ildə Sovet Ordusuna hərbi xidmətə çağırılır. Əsgərlik dövründə ailəyə çatmış 1-2 məktubdan məlum olur ki, o, hərbi xidmətini Finlandiya ilə həmsərhəd olan sahələrdə keçirir və oradakı komsomolçu-gənclərdən ibarət hərbi hissələrin minalanmış sahələrin minadan təmizlənməsi ilə məşğul olduqları barədə məlumat verir. Sonra qəflətən məktubların arası kəsilir, Qurbanəlidən heç bir xəbər gəlmir. Ailənin son illərə qədər müxtəlif müraciətlərinə, axtarışlarına baxmayaraq Qurbanəlinin bu günə qədər nə ölüsü nə dirisi tapılmayıb. Sovet ordusunun arxivində onun adı “xəbərsiz itmişlər” («без вести пропавшие») siyahısına salınmışdır.
Məmmədemin Əskər oğlu Əskərzadə[HTML redaktə]
Dəmirçi Əskərin sonbeşiyi olan Məmmədemin 1919-cu ildə Nuxa şəhərində anadan olmuş, ilk təhsilini buradakı rus-tatar məktəbində almış, 14 yaşında olarkən o, da başqa bacı-qardaşları kimi böyük qardaş Salehin yanına Bakıya getmişdir. Burada o, orta təhsilini başa çatdırıb Tibb Universitetinə daxil olmuşdur. Məmmədemin ali təhsilini bitirən illərdə artıq Böyük Vətən Müharibəsi başlamışdı, cəbhəyə savadlı həkimlər lazım idi. Odur ki, cərrah-həkim diplomunu əlinə alan kimi Məmmədemin Əskərzadə yeni təşkil olunmuş Azərbaycan diviziyasının tərkibində cəbhəyə yollanır. Bu diviziya çox uzun, məşəqqətli və şərəfli döyüş yolu keçərək Qafqazdan başlayıb Berlinə qədər gedib çıxır. Sonralar döyüş yolunda qazandığı uğurlar və Belqrad şəhəri uğrundakı döyüşlərdəki qələbəsi şərəfinə diviziyanın adı “223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası” adlanır. Vətən Müharibəsindəki qələbədən 40 ildən artıq vaxt keçdikdən sonra – həmin diviziyanın polk komandiri olmuş Baxış Mehdiyevin 1983-cü ildə çapdan çıxmış “223-я Краснознаменная Белградская» kitabında Emin həkim barədə də çox isti və fərəhləndirici sözlər yazılmışdır:
“Qarın nahiyəsinin yaralanması çöl cərrahiyyəsi üçün çox ağır hadisədir. Əyər yaralanandan 1-2 saat sonracərrahiyyə əməliyyatı keçirmək mümkün olarsa da belə yaradan sağ qalmaq çox nadir halda mümkün olurdu. Cərrah Əskərzadə əllərini yuyub əlcəklərini taxınca tibb bacıları yaralını soyundurub əməliyyata hazırlayırdılar. ...Emin Əskərzadə əməliyyat masasına yaxınlaşır. Efir damcıları masanın üzərinə tökülür,yaralının nəfəsi getdikcə sakitləşir. Cərrahın lanseti qarın nahiyəsinin içinə daxil olur, dərini kəsir, sonra piy qatını götürür. Tibb bacısı dayanmadan pambıq tomponlarıyla axan qanı yığır. Əskər-zadənin sifətindəki əzələlər gərginləşir.
- Efir əlavə edin!
Əskərzadə Emin ehtiyatla sanki xırda qırma ilə doğranmış bağırsaqları aralayır.
- Güllə yan tərəfdən dəyib, bütün bağırsaqlar yaralanıb – cərrahın alnında yaranmış qırışlar tər damcılarıyla örtülür.
Tibb bacıları həyəcan və ümidlə cərrahın hərəkətlərini izləyirlər. Onlar ümid etmək istəyirlər ki cərrahın qızıl əlləri bu dəfə də qalib gələcəklər. Axı neçə dəfə möcüzə baş vermişdi! Neçə dəfələr bu əllər sönən həyat işığını ölümün cəbhəsindən qopara bilmişdi! Bu cərrah barədə “möcüzə yaradan” insan kimi danışırdılar. Gənc həkimlər onun yanında assistent olmağı özlərinə şərəf hesab edirdilər, yaşlı həkimlər isə onun xüsusi, qeyri-adi bəxtəvərliyə malik olduğunu deyirdilər.
Əskər-zadə bir qədər qapalı adam idi, çox danışmaqla arası yox idi. Ancaq əməliyyat ərəfəsində onun sakit inadkarlığı, müayinə zamanı əllərinin xəstəyə toxunma tərzi, yaralanma şəraitinə dair verdiyi suallar yaralı döyüşçülərə sakitləşdirici təsir edir, sağ qalacaqlarına onlarda inam yaradırdı. Onlar hətta “bu həkim səninlə bir qədər danışan kimi elə bil yüngülləşirsən, - deyə döyüşçülər Emin Əskərzadə barəsində söyləyirdilər (səh.73)”.
Bütün vuruşduğu illərdə bu diviziya heç bir dəfə də olsun məğlubiyyətə uğramamış, bütün döyüşlərini qələbə ilə başa vurmuş,hətta Berlin üzərində qələbədən sonra Yaponiyaya da göndərilərək qələbə ilə Vətənə dönmüşdür. Bütün bu qələbələrdə, çarpışmalarda Emin həkim fəal iştirak etmiş, döyüşçülərin sağlamlığı uğrunda son nəfəsinə qədər çalışmışdır. Odur ki komandanlıq onu külli miqdarda orden-medallarla,- o cümlədən, üç dəfə Qırmızı Ulduz ordenilə təltif etmişdir.
Müharibəni qələbə ilə başa vurub Vətənə qayıtmış Eminin o vaxt cəmi 26 yaşı var idi – subay oğlan idi!
Müharibə bitdi ancaq o, ölənə qədər 9 May gününü özünün anadan olduğu, ad günü kimi qeyd edirdi. Həmin gün bütün qohum-əqrəba onun başına toplaşır, təbrik edirdilər, çünki o məşəqqətlərdən sağ-salamat çıxmasını özü də möcüzə kimi qiymətləndirirdi. Müharibədən sonra o, sevimli həkimlik peşəsini Respublikanın müxtəlif ordu hissələrində həvəslə davam etdirdi – adi leytenant rütbəsindən “podpolkovnik” rütbəsinə qədər yüksəlmişdi. 20 yanvar hadisələrində gecə vaxtına baxmayaraq gülləboran səsini eşitcək artıq ahıl yaşına çatmış Emin həkim hərbi kitelini əyninə geyinib göydən hələ də güllələrin yağmasına baxmayaraq evdəkilərə – “Mənim yerim oradır!”- deyib Semaşko xəstəxanasına yollandı və üç gün üç gecə yuxusuz, istirahətsiz oradakı yaralılara yardım etdi! Bu hadisə onu dərindən sarsıtmışdı, o sevdiyi Sovet Ordusundan öz xalqına qarşı belə amansız hərəkəti gözləmirdi! Bu hadisədən sonra və respublikamız müstəqillik əldə etdikdən sonra Məhəmmədemin Əskərzadə fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunda gələcək həkimlərə öz təcrübəsini ötürməklə məşğul oldu, 20 ilə qədər müəllimlik etdikdən sonra təqaüdə çıxdı və 2009-cu ildə 91 yaşında vəfat etdi.
İndi onun sənətini qızı, məşhur həkim kardioloq Məlahət xanım Əskərzadə davam etdirir.
Fotoşəkillər[HTML redaktə]
Məmmədəmin Əsgərzadə ailəsi ilə.
Əsgərov Çingiz Saleh oğlu və əmisi Məmmədəmin Əsgərzadə.