Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış köməkçi məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ədəbiyyat:Tarixçi, tərcüməçi, Azərbaycan Demokrat Partiyasının (İran) liderlərindən biri və keçmiş hərbi təyyarəçi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tağı Musəvi 1985-ci ildə.

Vaxtilə iranlı astrofizik, əslən Ərdəbildən olan Hüseyn Kuçek Lələ İranın “Keyhan” qəzetinə verdiyi müsahibəsində bildirmişdir ki, “Heydər Əliyev bizə Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin sərəncam və fərmanlarının fotosurətlərini bağışladı ki, onları Tehran kitabxanasına verək. Sonra bizə Tarix İnstitutunun professoru Tağı müəllimin bir-birindən qiymətli Səfəvilər dövlətindən bəhs edən kitablarını hədiyyə etdi...”[1].


Tağı Musəvinin hansı kitabları çap olunmuşdur?

Tağı Musəvi 1960-cı ildə tarix elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1960-cı və 1970-ci illərdə Azərbaycan tarixinin öyrənilməsi işinə sanballı töhfələr vermişdir. Aşağıdakı siyahı onun həmin illərdəki elmi fəaliyyətinin istiqamətləri barədə az-çox təsəvvür yaradır:

  • 1962 – 1964-cü illərdə rəhbərliyi və iştirakı ilə S.C.Pişəvərinin seçilmiş əsərləri toplanmış, tərcümə edilmiş, nəşrə hazırlanmış və geniş müqəddimə ilə 1965-ci ildə ərəb əlifbası ilə Bakıda kitab şəklində çap edilmişdir.
  • 1965-ci ildə “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər” adlı kitabı çap olunub.
  • 1967-ci ildə “Bakı tarixinə dair orta əsr sənədləri” adlı kitabı çap olunub.
  • 1968-ci ildə çapdan çıxmış “1951 – 1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı” adlı kitabın iki elmi redaktorundan biri olub (müəllif S.M.Onullahi idi).
  • 1969-cu ildə “Şəki fəhləsi” qəzetində “Şəkinin Orta əsrlər tarixi” adlı böyük məqaləsi hissə-hissə çap olunub.
  • 1971-ci ildə İran Kommunist Partiyasının tarixi mövzusunda kollektiv əsərin yazılmasında iştirak edib.
  • “F.Rəşidəddinin «Vəqfnameyi Rəbi-Rəşidi» əsərində Azərbaycan tarixinin ictimai-iqtisadi, mülki və hüquqi məsələlərinə dair” çoxcildlik üçün geniş məqalə yazıb.
  • 1977-ci ildə “Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər” adlı kitabı çap olunub. O, bu kitabını 1968-ci ildə müzakirələrə təqdim etmişdi. 1971-ci ildə isə Azərbaycanın Orta əsr tarixinə dair sənədləri mövzusunda sayca 4-cü kitabını müzakirələrə təqdim etsə də, həmin kitab heç vaxt çap olunmayıb...


Tağı Musəvinin həyatının son dövrlərini necə öyrəndik?

Lakin ötən əsrin 70-ci illərindən sonra isə elmi nəşrlərdə T.Musəvinin imzası gözə dəymir, sanki elmdən, tarixçilikdən getmiş kimi görünür. T.Musəvinin AMEA A.Bakıxanov adına Tarix İnstitutunun arxivində saxlanılan şəxsi işindəki məlumatlar da ötən əsrin 70-ci illərinin sonlarında bitir. Nə baş vermişdir? T.Musəvi hara getdi, başına nə iş gəldi? Bu sualın cavabını öyrənmək bizim üçün heç də əlçatan olmayacaqdı, əgər ipucu tapılmasaydı. İpucu isə o oldu ki, tanınmış jurnalist Elman Eldaroğlu 2019-cu ildə Modern.az saytında dərc edilmiş “ABŞ-da yaşayan məşhur azərbaycanlı teleaparıcı…” adlı məqaləsində T.Musəvinin də adını çəkmişdir və göstərmişdir ki, ABŞ-da yaşayan məşhur azərbaycanlı teleaparıcı Günel Musəvi tarixçi Tağı Musəvinin nəvəsidir. Buna görə biz əvvəl T.Musəvinin nəvəsi Günellə, sonra isə T.Musəvinin oğlu Yusiflə əlaqə yarada bildik və nəticədə T.Musəvinin həyat və fəaliyyətinin son dövrlərini də öyrəndik:


Tağı Musəvinin həyat hekayəsi

Tağı Məmmədəli oğlu Musəvi (Tağıyev) 1 may 1918-ci il tarixdə Təbrizdə kəndli ailəsində anadan olub. Atası keçmiş silah alverçisi idi, lakin sonradan sənətini dəyişmiş və ömrünün sonunadək bağçılıqla məşğul olmuşdur. Anası isə əvvəlcədən sadə bir kəndçi qızı olub.

T.Musəvi 1923 – 1930-cu illərdə Təbrizdə “Gülzar” adlı yeddiillik məktəbdə oxuyub. Sonra bir müddət Təbrizdəki xalça fabrikində fəhlə işləyib. 1934-cü ildə Təbrizdə “Ədib” adlı orta məktəbi, sonra isə əsgərlik məktəbini bitirib. Əsgərlik məktəbindən təhsilini davam etdirmək üçün Tehran Ali Hərbi Universitetinə göndərilib. 1941-ci ildə bu universitetin şturmanlıq fakültəsini bitirib və təyyarəçi-leytenant şturman olaraq xidmət etmək üçün İran Hərbi Hava Qüvvələrinin birinci alayına təyinat alıb. Eyni vaxtda İran Xalq Partiyasının (Tudə) sıralarına daxil olub. 1942-ci ildə xidmət etdiyi hərbi alay tərəfindən təyyarəçi ixtisası üzrə ixtisaslaşmaq üçün Tehran Təyyarəçilik Məktəbinə göndərilib. 1942 – 1945-ci illərdə əvvəl Tehranda, sonra İsfahanda, daha sonra Kirmanşahda və sonra yenidən Tehranda İran Hərbi Hava Qüvvələrinin təyyarəçi-şturmanı olaraq xidmət edib. 1945-ci ildən 1946-cı ilədək gizli şəkildə partiya fəaliyyəti ilə məşğul olub və partizan dəstəsinə başçılıq edib. 1946-cı ilin aprel ayında Azərbaycan Milli Hökuməti tərəfindən Azərbaycan SSR-ə ezam olunub, 1947-ci ilə qədər Kirovabad Hərbi Təyyarəçilik Məktəbində orta bombardmançı təyyarə kapitanı ixtisası üzrə ixtisaslaşıb və işləyib. Sovet silahlı qüvvələrinin kapitanı hərbi rütbəsinə malik olub. Bəzi məlumatlara görə həm də Azərbaycan Milli Hökumətinin hərbi qüvvələrinin mayoru idi. 1947-ci ildə bir müddət Hacıkənddə 250 nəfərlik fədai dəstəsinə başçılıq edib. Bu dəstə şah qoşununa qarşı güman edilən partizan və müqavimət hərəkatı üçün hazırlanırdı.

T.Musəvi 1947 – 1951-ci illərdə Azərbaycan KP MK nəzdində Partiya Məktəbində təhsil alıb, sonra 1951 – 1952-ci illərdə Bakıda Azərbaycan Demokrat Partiyası MK-da təlimatçı vəzifəsində çalışıb. 1952 – 1956-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun marksizm-leninizm kafedrasının aspiranturasında təhsil alıb. 1956 – 1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsində radionun xarici verilişlər reaksiyasında redaktor və mütərcim, 1961 – 1980-cı illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışıb. O, ana dili və fars dili ilə yanaşı fransız və rus dillərini də bilirdi.

T.Musəvi 1979-cu ildə İranda islam inqilabının baş verməsindən sonra İrana qayıdıb. Amma ailəsini İrana aparmayıb, özü tək gedib. 1981-ci ildə, Bakıda qalmış 1929-cu il təvəllüdlü həyat yoldaşı Tuğra Məmməd qızı Musəvinin ölümcül xəstə olması xəbərini alıb və Bakıya geri dönüb. Tuğra Musəvi əslən Ərdəbildən idi və ixtisasca həkim olub. Onu ölümün pəncəsindən xilas etmək mümkün olmayıb, o, 52 yaşında Bakıda vəfat edib. T.Musəvi bundan sonra yenidən İrana qayıdıb. Lakin daha orada çox yaşaya bilməyib. Siyasi təqiblərə məruz qalıb. 1982-ci ildə dostlarının köməyi ilə Əfqanıstan tərəfdən SSRİ-yə qaçırılıb və bundan sonra yenidən Bakıda yaşamağa başlayıb. 1994-cü ildə insult keçirdikdən sonra isə İsveçin Lund şəhərində yaşayan qızı Azərin yanına gedib və ömrünün sonunadək onun yanında qalıb.

2000-ci ildə Hüseyn Yəhyayenin İranda Zaqros nəşriyyatında çap olunmuş “Azərbaycan tarixinin guşələri və Demokrat Firqəsi liderlərindən biri ilə söhbət” (گوشه هايی از تاريخ آذربايجان و گفتگويی با يکی از سران فرقه ی دمکرات) adlı farsca 392 səhifəlik kitabında, müəllif “Giriş”də bildirir ki, kitabın ikinci hissəsini Mir Tağı Musəvidən götürdüyü müsahibə əsasında yazmışdır. Müsahibəni Türkiyədə götürüb və həmin vaxt Tağı Musəvi yarımiflic vəziyyətində olub. Buna baxmayaraq onun bütün suallarına dəqiq cavab verib, yalnız bəzi hallarda, bəzi adamların adlarını xatırlaya bilməyib. Müəllif “Giriş”in sonunda Tağı Musəvi ilə bağlı əlavə edir ki, “Müsahibəni tərcümə edərkən mən bu nəticəyə gəldim ki, Azərbaycanın tarixinə qısa xülasə versəm, Demokrat Partiyasının siyasi fəaliyyətini müzakirə etsəm, onun güclü və zəif nöqtələrini göstərsəm yaxşı olar. Mən bu məsələləri birinci hissədə müzakirə edirəm. Mir Tağı Musəvi ilə müsahibə isə ikinci hissədədir. Musəvi İranın hava qüvvələrinin ilk olaraq Tudə partiyasına və sonra Azərbaycan Demokrat Partiyasına qoşulan ilk pilotu olmuşdur və uzun illər onun liderlərindən biri olmuşdur. Hərəkatdan sonra o, SSRİ-yə köçmüşdür. İslam İnqilabından sonra o, İrana qayıtdı. Lakin cari vəziyyətlər onu ölkəni tərk etməyə və sürgün həyatı yaşamağa məcbur etdi. O, indi mehriban qızı Azərlə İsveçin cənubunda yaşayır, yaşlanıb və qismən iflicdir. O, hələ də Azərbaycanı sevir və arzulayır ki, sivil dünyada öz yerini tutsun”.

T.Musəvi 30 iyul 2000-ci il tarixdə – 82 yaşında, İsveçin Lund şəhərində vəfat etdi. Vəsiyyətinə uyğun olaraq həmin şəhərdəki qəbiristanlığın müsəlmanlar üçün ayrılmış hissəsində dəfn olundu.

T.Musəvinin 1952-ci il təvəllüdlü oğlu Yusif ABŞ-da yaşayır (Rüstəm və Ziya adlı iki oğlu, Günel və Nəzrin adlı iki qızı var). 1954-cü il təvəllüdlü qızı Azər İsveçdə yaşayır (Zərdüşt və Kambiz adlı iki oğlu və Tuğra adlı bir qızı var). 1962-ci il təvəllüdlü oğlu Ruzbeh isə 30 il Almaniyada yaşayıb və 2022-ci ildə orada da vəfat edib (Mirtağı və Fillip adlı iki oğlu var).

Rahim Həsənov, AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin müdiri;
Aydın Məmmədov, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı.

İstinadlar

  1. Novruzoğlu R. Şah İsmayıl… (Şərur düzündən başlanan qələbə) // Respublika : qəzet. — Bakı: Azərbaycan, 2012. — В. 21 dekabr. — Səh. 8. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 may 2023.

Həmçinin, bax: