Ədəbiyyat:Dəniz
E.B.KARAŞ
D Ə N İ Z
(Povest)
Tərcümə edəni: Firəngiz Əsgərzadə
Yeddi Gəmi adası[HTML redaktə]
Deyirlər ki alova və suya uzun müddət tamaşa etmək mümkündür. Əgər bu yanğın deyil - ancaq evdəki buxarının, yaxud çöldə istirahət zamanı axşam toranlığında yandırılmış tonqallarda yavaş-yavaş alova qurbanlıq verilmiş odunların çırtıytıyla yanması, yaxud daşqın, sel deyil - hündürlükdən şırıltıyla tökülən şəlalələrin, təbiət tərəfdən ona ayrılmış məcralar daxilində, günəşin altında güzgü kimi parıldayan göllərdə sakit axan sulardısa, - doğru sözdür. Doğrudur heç kəs demir ki çox uzun müddət — nə qədər? Misal üçün mən hər tərəfdən məni əhatə edən suya düz iyirmi beş il baxmışam, hətta baxmaqdan cana da doymuşam. Düzdür məni gəmiçilər kimi dəniz qasırğası kimsəsiz adaya atmayıb və məni qatı cinayətkar kimi ağırlaşdırıcı şəraitdə adam öldürdüyümə görə dəniz sahəsinə sürgün etməyiblər. Sadəcə olaraq bu suyun adı – Xəzər dənizidir, mənim sənətim isə neft-qaz hasilatı məqsədilə buruq qazmaqdır. Bu asılılıq bizi uzun illər boyu birləşdirmiş, hətta dostlaşdırmışdı, hərçəndi bizim dostluğumuza xəyanət edən təbiətin sərt hərəkətləri, mənim taleyimin üzügülərliyinə baxmayaraq, bizi bəzən biri-birimizə düşmən də etməli olurdu.
Dəniz – ağ rəngli seyrək buludlu göylərə zillənmiş açıq mavi gözlərə malik, hərdən qalın dumanla pərdələnərək açıq boz rəngli, göz gördüyü qədər sərhədsiz səmaya çevrilən, canlı bir orqanizmdir. Ancaq daha çox o da, bütün canlılar kimi, həyəcanlı olur. Təqribən ilin üçdə ikisi qədər müddətdə Xəzər küləklərin tabeçiliyində olur – onda bu sahədə təcrübəsi olan insanlar onu adicə zəif dalğalanma, dalğalanma və güclü dalğalanma – fırtına, kimi qiymətləndirirlər. Onlar arasındakı fərq yarım metrdən dörd metrəyə qədər ölçülür, dənizin rəftarı isə - estakada dirəklərinə və üzən qurğuların özüllərinə astaca toxunmalardan, üzərində tələsən xırda motorlu qayıqları və iri yükdaşıyan gəmiləri dərin nəfəsilə bir qədər hündürlüyə qaldırmalara qədər, dəyişkən olur. Belə hallarda suyun rəngi də mavi rəngdən boz-yaşıl rəngə çevrilir, dalğaların üst hissəsində ağ rəngli qoyun qıvrımları kimi köpüklər qaynaşır.
Bunlar hamısı işlək dənizin adi iş günüdür. Ancaq onun da bayram günləri olmalıdır axı - o zaman o bütün genişliyini və dərinliyini açıb göstərməyə çalışır. Elə də olur. Onda küləklə dənizin tarixi savaşı başlayır - kim daha güclüdür, yaxud kim kimdən irəlidir. Onda dəniz kiçik dağlara, təpəciklərə. qayalara çevrilir, dalğalar birləşib iri zirvələrə çevrilərək qabağına çıxanı amansızlıqla dağıtmağa hazırlaşır. Bu zaman başa düşmək olmur ki ya sərxoşluqdan, yaxud dikbaşlığın sonsuz dərəcəsindən havayla suyun birləşməsi hamıya meydan oxuyaraq - kim bacarırsa duruş gətirə bilsin – deyə bağırırlar – mənim bəxtim gətirdi – mən bacardım.
İnsanın böyüməsi haradan başlayır? Boyunun, çəkisinin, savadının, dünyagörüşünün artmasından, özünə bənzərlərini dünyaya gətirmək qabiliyyətindən? Yox... Yox və yenə də yoox! Mənə həyatımda elə adamlara rast gəlmək qismət olub ki, bu keyfiyyətlərin hamısı olarkən, eyni zamanda həyatda fəal iştirak etməyə qarşıdakı ömürlərinin sonuna qədər hər şeyə qarşı biganə olaraq qalmışlar.
İnsanın böyüməyi onun müstəqil olaraq qərar qəbul etmək qabiliyyətindən, bu qərarların həyata keçirilməsində və gələcək hərəkətlərinin hamısına görə məsuliyyət hiss etməsindən başlayır. Bəzən bu “böyümə” uşaqlıqdan başlayır, səbəb də adətən taleyin vaxtından əvvəl ağır zərbələr endirməsi olur, o zaman qəbul edilən qərarlar da çox vaxtı dağıdıcı xüsusiyyətə malik olaraq – incidənlərdən qisas almag, öz üstünlüyünü yumruqlarla sübut etmək, əlindən nəyisə almaq, oğurlamaq... isti yuva şəraitində yaşamaq da o qədər xeyir vermir - bu zaman həyata uyğunlaşa bilməmək, kiminsə himayəsində olmaq, həmişə asılı olmaq xüsusiyyətləri yaradır. Belə adamlar özgə arzuların həyata keçirilməsində gözəl ifaçı olurlar, kiminsə qərarını həyata keçirərkən yaradıcı da ola bilirlər, ancaq zahiri şəraitin və mühitin zərrə qədər də dəyişilməsi onların həyat tərzinə təsir göstərir, və müəyyən dəyişiklik etmək qərarının əvəzinə, əksinə şüurlarda “tormozlama” – dayanıqlıq yaradır.
Allahın mənə rəhmi gəlmişdi - bu bir-birindən tam fərqli xüsusiyyətlər məndən uzaq idi, hərçəndi hələ orta məktəbdə oxuyarkən sinif yoldaşlarım mənim rəyimlə hesablaşdıqlarına baxmayaraq, ilk müstəqil ciddi qərarımı mən özümə sənət seçərkən vermişdim. Öz qərarımı qəbul edərkən mən valideynlərimə demişdim ki, Bakıda ya yaxşı neftçi, yaxud yaxşı alverçi olmaq mümkündür, çünki başqa sənətlər üçün lazımi səviyyədə hazırlıq əsası, təcrübə bazası yox idi, onlar da mənimlə razılaşmışdılar.
Mən sənədlərimi Sənaye İnstitutunun neft-mədən fakültəsinə vermişdim, ancaq iki gündən sonra birdən-birə göydən düşmüş xəbər məni hədsiz dərəcədə sevindirmişdi. Mən çaşmamışam. Mənim sevincim onunla əlaqədar idi ki, mən ümumittifaq yarışlarına getmək üçün respublikanın voleybol üzrə yığma komandasına daxil edilmişdim və yola ayrılmış hər başa üç gün daxil olmaqla ikihəftəliyə Moskvadan keçməklə Kazan şəhərinə səyahət instituta qəbul imtahanları başlayan gün, avqustun 1-də başlayırdı. Təbiidir ki belə maraqlı səyahətdən mən imtina edə bilməzdim, ona görə Azərbaycanın İdman Komitəsinin rəhbərliyindən mənim üçün imtahanların müddətini avqustun 15-dən 20-və qədər salınacağı barədə institut rəhbərliyilə danışacaqları barədə zəmanət aldıqdan sonra, mən yola düşdüm. Bu beş günün ərzində səkkiz imtahan vermək lazım idi, mən məktəbdəki qiymətlərimə görə arxayın idim, (kimyadan və azərbaycan dilindən başqa hamısı əla idi). 1949-cu il idi, o vaxtlar heç bir əlavə məşğul olma barədə söhbət belə gedə bilməzdi, ona görə mən heç bir rəqibdən ehtiyatlanmırdım və qəbul olunacağıma şübhə də etmirdim.
Kazanda biz tarixdə nə ondan əvvəl, nə sonralar görünməmiş qələbəli 3-cü yeri tutub Bakıya qəhrəman kimi qayıtmışdıq. Ertəsi gün ayın 15-də mən artıq institutun koridorlarında imtahan verəcəyim auditoriyaları axtarırdım. Səfərə gedərkən, əlbəttə, özümlə dərsliklər götürmüşdüm, ancaq onlar heç üzü açılmamış çemodanın dibində lazımsız yük kimi qalmışdı, ona görə qəbul imtahanların nəticəsi məni çox pərt etmişdi - yeddisindən kafi, bircə dənə azad mövzu üzrə inşadan “yaxşı” qiymət almışdım. Qəbul olunanların siyahısında mənim familiyam olmadı, evə getməyə utandım - İdman Komitəsinə üz tutdum. İdman Komitəsi sədrinin zəngindən sonra mən fakültə dekanı professor Bağdasarovun qarşısında dayanmışdım.
- Qulaq as, cavan oğlan - deyirlər sən yaxşı voleybol oynaya bilirsən, bu doğrudur?
Üzdən baxanda onun 60 yaşı olardı, öz həmkarlarından fərqli olaraq o, hamıya “siz” deyə müraciət etmirdi. Hər tərəfə yayılmış ağ saçları par-par parıldayan daz başını dörd yandan əhatə edirdi, yumru sifətindəki iti qara gözlərinin üstündəki tüklü qalın qaşları və qabağa çıxmış alt dodağı onun deyingən xasiyyətli olmasına dəlalət edirdi. Sonralar mən tələbələr arasında ona verilmiş “Bobik” ləqəbini də lazımınca qiymətləndirdim:
- Bir az bacarıram, Veniamin Gerasimoviç.
- Gör necə təvazökardır, mənə Mitrofanov səni dağ qartalı kimi təqdim edib, biz gərək energetikləri və inşaatçıları udaq, bacararsan?
- Başqa cavab vermək üçün çıxış yolum olmadığından və bir-iki nəfər tanış idmançı uşaqlardan həmin fakültəyə daxil olduqları barədə məlumatım olduğundan, bütün şübhələri kənara qoyaraq:
- Narahat olmayın, Veniamin Gerasimoviç, hər şey qaydasında olacaq!
- Nu, nu, bax haa, qışda özüm gələcəm sizə azarkeşlik etməyə. Sözünə xələf çıxma! - Sofoçka - deyə səslədi, qəbul otağından həmin an əlli yaşlarında iri döşlü və ondan geri qalmayan çox inkişaf etmiş iri gövdəli, saçları İran xınasılə qip-qırmızı rəngə boyanmış, toppuş əllərində açıq qovluq olan katibə kabinetə daxil oldu.
- Sofoçka bu cavan oğlanı keçməyənlərdən keçənlərin siyahısına keçir, qazmaçıların 238-ci qrupuna, o söz verir ki energetikləri də inşaatçıları da udacaq.
- Hə, Veniamin Gerasimoviç? Nədə udacaq?
- Əlbəttə preferansda yox ki, Sofoçka, voleybolda.
Veniamin Gerasimoviçlə Sofiya Abelevna uzun illər boyu birlikdə çox mehriban xoşməramlı şəraitdə fəaliyyət göstərərək tələbələrin dayağına çevrilmişdilər, energetiklərlə inşaatçıları isə biz əlbəttə udmuşduq.
Mənim dənizlə əlaqədar birinci və müstəqil addımım belə olmuşdu və mən bu barədə heç vaxt peşmançılıq çəkməmişdim.
Beş il təhsildən əlavə müxtəlif maraqlı, şəxsi və ictimai hadisələrlə dolu illər başa çatdıqdan sonra, mən öz xahişimlə coşqun inkişaf dövrünə qədəm basmış, Bakıdan yüz qırx kilometr aralı, açıq dənizdə yerləşən və hansısa romantik ruhlu jurnalist tərəfindən “Yeddi Gəmi Adası” adlandırılmış “Neft Daşları” Neft-Mədən idarəsinə qədəm basdım.
Bura öz istismar dövrünü başa vuraraq neftçilərin müvəqqəti yaşamalarıyçün onların istifadəsinə verilmiş gəmilərin (əvvəl onların sayı yeddi olub), dənizdən çıxan iri qayaların arasındakı məsafə daima iri daş parçaları və qumla doldurulan, dirəklər üzərində quraşdırılmış, daxilində yaşayış və inzibati təşkilatların fəaliyyət göstərdiyi iki mərtəbəli yığma konstruksiyalardan quraşdırılmış evciklərdən ibarət qəsəbə, sərnişin və yük gəmilərinin yan almasıyçün kiçik limanlar, çox vaxt kinoteatr kimi istifadə edilən klub, yay estrada teatrı, kitab və qalantereya mağazası və iri hörümçək toruna bənzər bütün dəniz sahəsinə on kilometrlərlə yayılmış estakadaların məkanı idi. Bu estakadalara sonradan qazma buruqlarının, bir neçə istismar quyularının istismarında istifadə edilən neft-mədən avadanlıqlarının, çıxarılan neftin yığılmasıyçün iri rezervuarların yerləşdirilməsi və neftin daşınması üçün neftdaşıyan tankerlərin yan almasıyçün limanların və bir sıra başqa obyektlərin yerləşdirilməsinə imkan yaradan estakadayanı meydançalar calaşdırılırdı. Qumla, torpaqla doldurulmuş sahələrdə isə sosial və bir sıra sənaye xidmətləri- çörəkbişirmə sexləri, qazmanın və neft-qaz çıxarmanın yardımçı sexləri yerləşdirilirdi. İlk neftçıxaranların xatirəsini həmişəlik olaraq əbədiləşdirmək məqsədilə qayaların birinin üzərində 1 №-li vışka və yanında Mixail Kaveroçkinin və onun briqadasının dirəklər üzərində quraşdırılmış balaca evi ucalırdı. Sonralar burada bir neçə möhkəm fundamental beş mərtəbəli binalar inşa edilmişdi ki, onların daxilində yataqxanalar, idarələr və dəniz neftçilərinin fədakar əməyini əks etdirən Əmək şərəfi muzeyi yerləşdirilmişdi. Qayalar arasındakı boşluqları doldurmaqçün iri dalğakəsən daşları xüsusi yükdaşıyan barjalarla Neft Daşlarından 25 km-lik məsafədə yerləşən Çilov adasından daşıyırdılar. Bu ada əsrin əvvəllərindən başlayaraq qatı cinayətkarların sürgün məskəni olduğuna baxmayaraq, sonralar tam normal, qeyri-kriminal insanların məskunlaşdığı bir məkana çevrilmişdi və burada vaxta üzrə işləyən neftçi ailələri yaşayaraq “Neft Daşlarında” çalışan həmkarlarına içkisiz “suxoy zakon” deyilən qanunu pozmaqda hərdənbir yardımçı olurdular.
Adadan torpağı və daşları uzun müddət olaraq həmişə daşıyırdılar, ancaq bir dəfə inşaatçıların və nəqliyyatçıların fəaliyyətini yoxlayan yüksək komissiya müşkül məsələylə rastlaşmışdı - torpaq işlərinin aparılması üzrə tərtib olunmuş sənədləri cəmləşdirdikdə belə çıxırdı ki, Cilov adası artıq iki ildir ki Xəzər dənizi hövzəsi xəritəsindən silinibmiş. Bu işin nəticələrinə sonradan Xalg Nəzarəti Komitəsi baxmağa məcbur olmuşdu. Burada işləməyin əsas xüsusiyyəti bir də ondan ibarət idi ki, iş cədvəli “vaxta” üsulu ilə tənzimlənirdi, bu da 10,5- 12 saat uzadılmış 9-10 gün ərzində iş günü hesabına, sahildə ailə daxilində, yaxud başqa məkanda istirahət etmək üçün 5-6 gün istirahət - “otqul” günlərinin toplanmasına imkan yaradılırdı... Əlbəttə bu özü əlavə psixoloji gərginliyin yaranmasına səbəb olurdu, ancaq bu təsdiq olunmuş qanun şəklini almışdı, kiməsə bu belə lazım idi...
Sentyabr, 1955[HTML redaktə]
Tam quduzlaşmış dəniz qasırğasıyla mənim ilk görüşüm birdən-birə, gözlənilmədən baş vermişdi. O gündən təxminən yarıməsrlik bir dövr keçdiyinə baxmayaraq, o nadir hadisənin hər saniyəsi mənim beynimdə bütün təfərrüatıyla, foto lentində çap olunduğu kimi, həkk olunmuşdur.
Ən kiçik rütbədən başlayaraq bir neçə fəhləlik pillələrindən keçəndən sonra məni texniki şöbənin mühəndisi vəzifəsinə təyin etdilər ki, burada mən maili quyuların qazımasına nəzarət etməliydim. Bu zaman ən vacib və məsuliyyətli əməliyyat maililiyi yığan cihazın birinci dəfə lazımi istiqamət götürməsiylə yanaşı, quyuya sallanması hesab olunurdu. Bu əməliyyat işçi briqadasına etibar olunmur və gündüz, yaxud gecə olmasından asılı olmayaraq, texniki şöbənin işçiləri tərəfindən həyata keçirilirdi. Sentyabr günü günəşli olmasına baxmayaraq çox da isti deyildi, səhər ertəsinin 5-6 ballıq cənub küləyi lazımi qədər sərinlik və təmizlik gətirirdi. Şöbənin texniki bu yaxınlarda institutu bitirmiş Əli Həsənovla birlikdə biz estakadaya yollandıq. Estakada yolları bir tərəfli olaraq hər 100-120 metrlikdə qarşıdan gələn maşına yol verməkdən ötrü xüsusi olaraq estakadanın bir böyründən “genişlənmə - meydançalar” qoyulur, qəbul edilmiş qaydalara əsasən yol birinci olaraq həmin genişlənmələrdən birinci ayrılmış maşına verilir. Ancaq tez-tez estakadanın üzərində məşhur nağıllarda iki qoyunun rastlaşdığı kimi, iki maşın üzbəüz görüşərək bir-birinə məhz özünün irəliyə doğru getmək haqqı olduğunu sübut etməyə çalışır, heç birisi güzəştə getmək istəmir. Bu zaman onlar uzun müddət bir-birlərinə öz haqlarını sübut etməyə çalışır, yaxud ikisi də sakitcə dayanıb siqaret çəkməklə qalib gəlməyə çalışırdılar. Adətən kim tərəfdən arxada başqa maşın gəlirdisə, bir də əgər həmin üçüncü maşında rəhbərlikdən kimsə oturmuş olurdusa - o qalib hesab olunur - qarşısına yol açılırdı.
Qazma quyusuna on kilometrə qədər yol var idi, biz 30 dəqiqə ərzində, elə cihazın quyuya salınması ərəfəsində çatdıq. Mən buruq vışkasını dörd tərəfdən əhatə edən dar pilləkənlərlə yuxarı- vışkanın zirvəsinə 36 metr hündürlüyə qalxıb, yuxarıda işləyən “verxovoy” fəhlənin dörd tərəfdən taxtayla tikilmiş “kabinetinə” qalxdım, burada o boru kəmərinin hər borusunu elevatorla tutub boruları bir-birinə fırlatmaqla calaşdırmaqla məşğul olur, aşağıdakılar isə həmin borunu quyudakı borularla calaşdırırdılar. Mənim və Əlinin vəzifəmiz həmin əməliyyatlar zamanı boru kəmərinə xüsusi cihazlar - qurğularla lazımi maililik vermək üçün onu istiqamətləndirmək idi.
İşimizin qurtarmağına lap az qalmışdı, quyuya sallanası bir neçə boru qalmışdı ki, mən növbəti boru dalınca əyilərkən o sanki hansısa bir qüvvənin təsiri altında birdən məndən uzaqlaşmağa başladı. Həmin an mən elə güclü fit səsi eşitdim ki, bunun külək səsi olduğunu əvvəl heç başa düşmədim. Aşağı baxanda mən buruqdan qaçan və əlləri ilə bizə işarə edən adamları gördüm. Bir yerdən balkonun bir neçə taxtaları qoparaq, bəxtimdən mənə toxunmadan aşağı yuvarlandı. “Verxovoy” fəhlə mənə nə isə qışqırıb budkasının qapısına doğru getdi, mən də vaxt itirmədən pillələrə ayağımı möhkəm basaraq onun dalınca aşağı enməyə yollandım. Güclü qasırğalı külək məni pilləkənin elə ilk pilləsindən qoparıb atmağa çalışırdı, ancaq mən başıma geydiyim “cəillik” kepkasından və dəmir dəbilqədən fərqli olaraq sol qolumu pilləkənin məhəccərinin altına salıb, sağ əlimlə vışkanın diagonal xəttindən möhkəm yapışmışdım. Mən başa düşdüm ki pilləkənlə düşə bilməyəcəm, ona görə gözlərimi açdım.
Həmin an gözlərimin önündə yaranmış hadisə o qədər təəccüblüydü ki, əgər əllərim həyatımı xilas etmək məsuliyyətindən azad olsaydı, yəqin ki onlarla gözlərimi ovuşduracaqdım - məndən 30-40 metr aralıqda estakadaya parallel olaraq asta-asta, dəhşətli vıyıltıyla zümrüd rəngli, hündürlüyü təxminən 30 metr, diametri 10-12 metr olan su sütunu fırlana-fırlana irəliləyirdi. Xırda su tozu kimi damcılar sifətimə çırpıldı. Düşüncəmdə həmin an Bakının simvolu olan Qız qalasının görünüşü canlandı. Bu dəhşətli görünüşün üst hissəsində, dəniz suyunun yaratdığı qıfın konusvari hissəsində, sanki ağ rəngli əski, yaxud qəzet parçaları suyun gücünün təsiri ilə fırlanmaqdaydılar. Sonradan mən başa düşmüşdüm ki, bu ağ rəngli qağayılar imiş, açıq dənizdə ağ əski yaxud qəzet parçaları hardan əmələ gələ bilərdi ki?
Bu su stalaqmiti yolunu davam edərək təxminən əlli metrəyədək gedib özü-özünə söndü, yatdı- bilmirəm necə oldu, sonra mən birdən birə küləyin kəskin surətdə əvvəlki 5-6 balla qədər dayandığını hiss etdim, ancaq indi onun istiqaməti dəyişərək cənub küləyindən şimal küləyinə çevrilmişdi. Dənizdə artıq qeyri-adi heç bir şey yox idi, ancaq uzaqda kiçik kater və onun yollandığı üzən qazma qurğusu görünürdü.
Məni təəcübləndirən bu iki istiqamətli küləyin gözümün qabağında bir-birilə savaşmasıydı – bu savaşın gücü bir qədər də artıq olmuş olsaydı, indi nə buruq var idi, nə estakada var idi, nə mən öz gözümlə bu “rahat” nöqtədən təbiətin bu nadir hadisəsini gözümlə görə biləcəkdim.
Külək yatandan sonra mən də bir qədər sakitləşdim, pillələrin üstündə oturub özümə gəlməyə çalışdım, sonra yavaş-yavaş aşağı enməyə başladım. Qasırğanın təsiri burada da özünü göstərmişdi: elektrik stansiyasının damı qopub uçmuşdu, divarları əyilmişdi, metaldan hazırlanmış “kultbudka” yerindən sürüşüb içərisindəki adamlarla birlikdə dənizin üzərində sallanmışdı. Bəxtimiz gətirmişdi. Hamı mənə təəccüblə baxırdı. Əli isə sevincək məni qucaqlamağa başladı:
- Sən dirisən, biz elə fikirləşirdik ki... sən artıq... – onların nə fikirləşdiyini mən dəqiqləşdirmək istəmədim.
Ahıl yaşlı qazmaçı Əhməd isə: Yoldaş injener, sən cox yaşayacaqsan, – dedi.
Hələ ki yaşayıram, çox sağ ol Əhməd.
Noyabr, 1957[HTML redaktə]
Usta Kaveroçkinin kəşfiyyat qazma buruğu ayrıca dirəklər üzərində kiçik adanın üstündə, hazırcavablar tərəfindən – Sərxoş Döngə adlandırılmış dəniz sahəsində yerləşirdi. Bu sahə Neft Daşlarıyla Çilov adası arasındakı məsafənin təqribən ortasında yerləşirdi və burada Palçıq Pilləsi adlanan yatağın kəşfiyyatı aparılırdı. Bermud üçbucağından fərqli olaraq, burada heç vaxt heç nə itib-batmırdı, ancaq bu Döngənin həm girişinə, həm çıxışına qədər heç yerdə olmayan küləyin istiqamətindən asılı olmayaraq bir yellənmə, titrəyiş döngənin daxilində həmişə mövcud idi, ona görə bu “Sərxoşluq” damğası ona son dərəcə uyğun gəlirdi.
Qazma kontorunun rəhbərliyi bu qazma buruğunda işləməyi usta Kaveroçkinə etibar etməkdə tək Mixail Pavloviçin təcrübəli və bacarıqlı olmasına görə deyil, həm də “Xəzərdənizneftdonanma” dənizçilərinin bu gülərüz, xoşxasiyyətli insana olan münasibətin təzahürü idi. Bu o demək idi ki, kiçik və böyük gəmilərin kapitanları bu mürəkkəb məkanda, hətta şıltaq xasiyyətli Xəzərin etibar olunması mümkün olmayan hava şəraitində belə, bütün lazımi avadanlıqları, azuqə və cihazları vaxtında çatdırıb buruğun boşdayanmalarına yol verməyəcəklər.
Bizim ilk tanışlığımız 1955-ci ilin əvvəllərində baş vermişdi. Mən onda yenicə buruq ustası vəzifəsində işləməyə başlamışdım, təsadüfən bizim buruqlarımız bir-birinə yaxın məsafədə – təxminən 200 m aralıda yerləşirdi. O vaxt onun əllidən bir qədər artıq yaşı olardı, briqada da onu ancaq “dyadya Mişa” deyə çağırırdılar. Orta boylu, enli sümüklü-şaqqalı, yumru, bir balaca uzadılmış sifətində kartofa bənzər burnu, dolu - həmişə gülümsəməyə hazır dodaqları və mavi rəngli gözləri ilk baxışdan bu adamın xoşxasiyyətli, insanlarla ünsiyyəti sevən, sadə zəhmətkeş ailəısindən törəmə olduğunu biruzə verirdi.
Bütün təcrübəli, uzun həyat və iş fəaliyyətində bütün pillələrdən keçərək usta adını qazanmış bu insanı, onun səviyyəsində olan başqa təcrübə sahibləri kimi cavan, təcrübəsiz “injenerlərin” belə tezliklə “usta” təyin edilmələri onun da bir növ heysiyyətinə toxunur, müəyyən maraq doğururdu. Ancaq Mixail Pavloviç öz marağını çox da qabarıq surətdə büruzə verməməyə çalışır, rəftarıyla heç kəsin ürəyini sındırmamağa çalışırdı.
O tez-tez mənim kultbudkama qonaq gəlməyə başlamışdı. Heç vaxt, əyər mən özüm sual vermirdimsə, iş barədə söhbət açmırdı, ancaq, əyər o bizim buruğa daxil olurdusa – onda gözüylə bütün təsərrüfata – cihazların göstəricilərindən başlamış iri çəkic – kuvaldanın harada yerləşdirilməsinə qədər, diqqət yetirirdi. Və əyər hansısa bir məsləhət vermək istəyirdisə onu özünəməxsus şəkilə salırdı:
- Bilirsən, mənim çilingərim Vasya Smetanin – maraqlı kişidir. O başqaları kimi heç vaxt gözləmir ki nasosların qapaqları, yaxud tıxacları qazma vaxtı sıradan çıxsın, sadəcə boru kəməri quyudan çıxarılan zaman hamısını açıb yoxlayır. Lazım gəldikdə, vaxtında onları dəyişir. Düzdür, bununla o özü üçün artıq iş açır – amma qazma vaxtı əngəllər olmur, iş prosesi dayanmır. Axı bizlərə məvacibi metraja görə verirlər – bunu başa düşür də... Bütün briqada da razı qalır... – belə söhbətlərdən istər-istəməz özün üçün nəticə çıxarırsan...
Uaxuddaki:
- Bilirsən, mən uşaq olanda anam kənddəki evimizin döşəməsini elə təmiz yuyurdu ki- hətta təmizlik ətri gəlirdi. Elə buruqda da mən təmizliyi sevirəm, yoxsa birdə gördün sürüşüb yıxıldın, qolun-qıçın sındı, xəstəxana, bülleten və s. nəyinə gərəkdir.. Guya ki özündən danışırdı, ancaq görünür hardasa yerə dağılmış gil məhlulunu görmüşdü...
Ancaq sonralar mən onun başqa tərbiyə üsullarına malik olduğunun da şahidi oldum. Bir dəfə axşam vaxtı həmkarlar təşkilatının iclası gedən zaman birdən qapı açıldı, qapı ağzında dayanmış gecə növbətçisi uca səslə: Kaveroçkin, buruqda açıq fontandır, maşın meydançadadır – həmin an bir neçə nəfər yerindən sıçradı, - usta özü, qəza işləri üzrə mühəndis, gündüz növbəsində işləmiş qazmaçı bir də mən – həmin dövrdə qazma üzrə sahə rəisi işləyirdim. Dar, piyadalar üçün nəzərdə tutulmuş cığırla cəld maşına doğru qaçdıq. Bəzi alət və əhtaclar yığılan meydançada Kaveroçkin, sanki bir anlığa nə isə axtararaq, yubandı. Mən hətta onu tələsdirdim, o qaçıb maşının arxasına – kuzova qalxdı. Estakada boyu yanğınsöndürən və təcili yardım maşınları arası kəsilmədən yüksək sürətlə gedirdilər. Buruqda alov görsənmirdi, ancaq işıqları da yanmırdı: deməli, doğrudan da fontandır... Buruğa çatmağa bir kilometr qalmış məsafədən azadlığa çıxmış neft axınının cur səsi eşidilirdi, buruğa yaxınlaşdıqca, artıq buruğun kəlləsinə qədər yüksələn neft şırımının gurultuya çevrilən səsi ətrafa yayılmaqda idi.
Yaxınlıqdakı meydançada yanğınsöndürənlər hər ehtimala qarşı hazırlıqlarını görür – uzun şlanqlarını açaraq yanğına qarşı su borularının başlıqlarına taxır, kranları açmağa başlayırdılar. Bizim maşın axşam növbəsində işləmiş, başdan ayağa neftə bulaşmış və özlərini itirmiş fəhlələrin, qazmaçıyla birlikdə dəstəylə yığıldığı meydançaya daxil oldu. Birdən dyadya Mişanın bağırtılı səsi eşidildi:
- A nu ka nazad, hamınız geriyə, – deyə o əlindəki lingi (deməli buna görə o, bayaq yubanmışdı) yuxarı qaldırıb qaça-qaça dəstəyə yaxınlaşdı, – kim sizin yerinizə preventoru bağlayacaq? Bundan başqa o, burada yazılmağı lüzumsuz olan, başqa sözlərdən də istifadə edirdi. Onun adətən boğumtul, xırıltılı səsi indi fontanın səsini üstələyirdi.
Yoğun su şırımlarının yağışı altında biz Mixail Pavloviç başda olmaqla, Çapayevin əlində uzun əyri yatağan hücuma keçdiyi tövrdə, quyuya sarı hücuma keçdik. İnsanlardakı qorxu hisii keçdi. Təxminən, şəxsən mənə sonsuz görünən, on dəqiqədən sonra quyunun ağzı bağlanmışdı, sakitlik çökmüş, hər şey qaydasına düşmüşdü.
Hər tərəfə çökmüş sakitlik şəraitində ancaq qulaqlarımızda uğultu qalmışdı. “Yanğınçılar” Kaveroçkinin xahişilə buna icazə verilməsə də, buruğun döşəməsinə tökülmüş nefti və qumu yüksək təzyiqli su şırımıyla yumaqla məşğul idilər. Həkim və tibb bacılarıysa həmin əməliyyatı bizim sifətimiz üzərində aparırdılar...
Qazmaçı Sabir günahkar adamlar kimi ustanın üzünə baxaraq:
- Dydya Mişa, doğrudan da linglə kimisə vurardın?
- Bəs necə – düz kəlləsinə – mənim sualedici nəzərlərimə cavab olaraq qara neft cızıqları axan sifətində dişlərini ağardaraq - qoy gələn dəfə fontandan yox, məndən qorxsunlar, – deyə əlavə edib şaqqanaq çəkib güldü və məşhur rus misalını hamının yadına saldı: Ved protiv loma-net priyema (“Lingə qarşı qüvvə yoxdur” axı).
Bu hadisə 57-ci ilin yayında olmuşdu, payızda isə...
Xəzərin Azərbaycana məxsus hissəsində noyabr və fevral ayları başqa aylara nisbətən öz güclü küləklərilə daha əzazıl olurlar. Qörünür Qafgaz dağlarının ətəklərində və Xəzərin şimalında başlanan soyuqlama dənizin orta və cənub hissələrində toplanmış isti hava axınlarilə birləşərək, nisbətən soyuq hava axınına çevrilir - yüngül havanın toplandığı istiqamətə yönəlməsinə şərait yaradır. ona görə də bu dövrlərdə Bakı arxipelaqının əsas külək axınında şimal və şimal şərq küləkləri üstünlük təşkil edir.
1957-ci ilin 17 noyabr günü Azərbaycan dəniz neftqazçıxarmasının ən hüznlü, qüssəli günü kimi yaddaşlarda qalmışdır. Cədvələ müvafiq olaraq gündüz saatlarında Bakıdan növbəti qəmi gəlmişdi. Sərnişinlər arasında Kaveroçkinin, əlində balaca çemodan və qara rəngdə sumkayla dolu bədəni görsəndi. Onun arxasıyca trapdan onun sevimli çilingəri arıq, iyirmi beş yaşında, uşaq evinin yetişdirməsi, Dyadya Mişanın səyləri nəticəsində qazma avadanlıqlarının xidməti və təmiri üzrə yüksək səviyyəli mütəxəssisə çevrilmiş Vasya Smetanin düşürdü. Onun əlindəki toxunma tor “setkalarda” dəniz özüllərində işləyən qazmaçıların gündəlik vitamin sarıdan kasad yeməklərinə əlavə üçün on günlük ehtiyat kartof, soğan, göyərti və b. vitaminli azuqələr görsənirdi.
- Vasiliy, – deyə Kaveroçkin limana düşən kimi ona sarı döndü, – hava proqnozu yaxşı deyil, mən axşam növbəsini gözləyə bilmərəm, dənizə buraxmaya bilərlər, indi kater xahiş edəcəm, əvəzedicini sahilə göndərim, – qülümsündü, – yoxsa birdə gördün dənizdə fırtına başladı, onu evdə cavan arvadı gözləyir... Belə ki sən çox vaxt uzatma... mənimlə qedəcəksən... yarım saatdan sonra meyançada, limanın yanında səni gözləyirəm...
- Yest Dyadya Mişa, beş dəqiqəyə yataqxanaya dəyim, qəlirəm, – Vasyanın heç ağlına da qəlmədi ki qayda-qanuna əsasən öz iş vaxtını gözləsin, səhər işə getsin, gecə yatsın.
Payız fırtınası, xüsusən də onların Sərxoş Döngəsində, çox uzun çəkə bilər. Vaxtında hazırlıq işləırini görməsən briqadanı da yubandırarsan, məvacibini də itirərsən.
- Davay, cəld tərpən, bir ayağın burda, o birisi katerdə.
Qazma meydançasındakı növbətçi dispetçer Kaveroçkini görcək sevindi:
- Necə istirahət elədin, Dyadya Mişa, - onlar sanki həmyaşıd idilər, ancaq ustaya belə müraciət etmək tək onun yaşına görə deyil, həm də xüsusi, hamı tərəfdən hörmət edilməsi əlaməti kimi qəbul edilmişdi, – əvəzedicin artıq əlaqə yaratmışdı, sənin gəlib-gəlmədiyinlə maraqlanırdı, mən də dedim ki, əyər söz veribsə-deməli mütləq gələcək.
- Çox sağ ol Melik Nikolayeviç, arvadın isti qanadının altında istirahət etmək həmişə xoşdur, hələ biz onunla bu dəfə qışa ehtiyat üçün xiyar da bağlamışıq, öz bağçamızın məhsulunu – qışda arağın “zakuska”sı da hazır olacaq, – dedi və həmin an səhvini başa düşüb dediyinə də peşiman oldu.
Melikin yanında içkidən danışmaq özünü asmış adamın yanında kəndir barədə danışmağa bənzəyirdi. Onun zəif yerini bilənlərin - hər dəfə onu Bakı bulvarında qarşılayan sevimli arvadı daxil olmaqla, hamısı, onun “damarının boş” yerini bildikləriyçün, nəinki onunla birlikdə içki içmək, hətta içki barədə hər növ söhbət aparmaqdan belə çəkinirdilər. Onun bu bədbəxt həvəsinin tarixçəsini bilənlərin çoxu yeganə olaraq təkcə ona hərdən bir baş verən belə zəiflik hallarını bağışlayırdılar ki, ayıldıqdan sonra o öz vəzifəsini dəqiqliklə, yüksək səviyyədə yerinə yetirməklə günahlarını yumağa çalışırdı. İş orasındaydı ki, o, uzun illər boyu, Mir Cəfər Bağırovun tutulmasına qədər, Daxili işlər sistemində fəaliyyət göstərərkən məşhur üçlük tərəfindən, yaxud “xozeinin” özünün verdiyi ölüm hökmünü icra etməklə məşğul olmuşdur. Möhkəm iradəyə malik olmadığından o, öz günahını içkiylə yumağa çalışaraq son nəticədə elə içki düşkününə çevrilmişdi, “suxoy zakon” hökm sürən dəniz mədənində işləmək isə ona bu bədbəxt vərdişdən yaxa qurtarmaq imkanını yaradırdı. Xasiyyətcə o çox yumşaq adam idi, bir çox bədbin söhbətləri ürəyinə yaxın qəbul edirdi, ancaq vaxtaşırı içki düşkünü partiya üzvünə, kitab oxumağı sevən, yüksək səviyyəli işçiyə üstün gəlirdi, və o heç ağıla sığmayan üsullardan istifadə edərək bu bədbəxt niyyətini həyata keçirməyə nail olurdu.
Bir dəfə, artıq baş mühəndis işlədiyim dövrdə mən, səhər saat altıda işə başlayan, daima qazma buruqlarıylə radio-əlaqədə olan, açıq dənizdə və estakadalardakı buruqlara briqadaları cəmləşdirib təşkil edərək, yəni daima iş başında, göz qabağında ola-ola, Melik Nikolayeviçin səhər saat səkkizdə, gərginlik bir qədər səngidikdə – artıq tam “hazır” vəziyyətdə necə olması məni son dərəcə maraqlandırırdı. Hətta boynuma günah götürüb gəmi kapitanlarının, necə deyərlər, “babalını yuyub” fikirləşmişdim ki, bəlkə onlar vaxta dəyişən zaman özlərinə rahat marşrut seçmək, 1 yaxud 1,5 saat əvəzinə cəmi 30-40 dəqiqə sərf edib Cilov adasına yanacaq doldurmaq məqsədiylə getmək üçün onu içirirlər? Onlardan soruşdum, - dəhşətli dəniz andıyla and içib bunu inkar etdilər. İki mühəndisdən xahiş etdim ki “I əməliyyat”ı keçirərək səhərlər Melikə göz qoyub hansı yolla içki qəbul etməsini öyrənsinlər. Xəbər verdilər ki – səhər ancaq işlə məşğul olub, dəqiqə yarımlığa ayaq yoluna gedib, dörd dəqiqə ərzində öz “bucağında” bir loxma çörəklə qatıq yeyib, sonra fincanını su ilə yuyub.
Dayan, möcüzə ola bilməz, ertəsi gün qatıqlı fincanı yoxladıq – burnumuza “troynoy odekolonun” güclü ətri doldu, aptek işçisini cəzalandırmalı olduq. Kaveroçkin başını qaldırıb qaralmış səmaya, limanda dalğaların üzərində rəqs edən katerlərə baxdı:
- Melik, indi Vaska gələcək, bizim üçün kater təşkil elə, elə “Transportnik” yaxşıdır, o daha möhkəmdir, dayanıqlıdır, beş-altı ehtiyat üçün balta - “doloto”, iki boçka sürtgü yağı, iki yeşik mal ətindən tuşonka, yüz paçka “prima” siqareti, – mən indi hamısını yazaram.
- Mişa, sən bilirsən axı, fırtına elan ediblər, axşam vaxtası olmayacaq, səhərə kimi gözlə, fırtına qurtarar sabah gedərsən. Mən sizinkilərlə danışmışam, hər şey normaldır, qazma davam edir, heç nə istəməyiblər. Gözlə də...
- Yox Melik, bu sabaha qədər qurtarmayacaq, səmaya bax gör necədir, mən fırtına başlamamış gedib çataram. Sən davay, dəniz dispetçerinə zəng elə. Mən isə gedim kapitanlardan xahiş etməyə, bu da tələbat qəbzi, mən onu imzalamışam. Vaska qələn kimi onu düz katerə göndər. Hələlik...
O buruğa çatmışdı, ancaq dörd saatdan sonra Xəzərin üzərinə elə dəhşətli qasırğa gəlmişdi ki, belə hadisələr yüz ildə bir dəfə olur. Ancaq vaxtilə dəniz hidrotexniki qurğularının davamlılığını hesablayanda hər cür qüvvələr nəzərə alınsa da, belə güclü qasırğaların gücü nəzərə alınmırdı və alına da bilməzdi...
Qazma qurğularının meydançaları dəniz səviyyəsindən səkkiz metrə hündürlükdə quraşdırılırdı, ancag Sərxoş Döngədə bu hündürlük kifayət etməmişdi. Gecə yarısı dalğalar artıq platformaların üst tikililərinin dirəklərini döyəcləyirdi, bu da o demək idi ki, dalğanın hündürlüyü on iki metrədən artıqdır. Bir də bu o demək idi ki... platforma bu qüvvəyə davam qətirməyə bilər.
Hər tərəfdən qayalarla əhatə olunduğundan küləkdən nisbətən qorunan mərkəzi radiostansiya otağına qazma, neft-qazçıxarma, inşaatçılar idarələrinin rəhbərləri, növbətçi həkim, yanğından mühafizə hissəsinin rəisi və başqaları doluşmuşdular. Hamı son dərəcə gərgin vəziyyətdə təbiətin bu vəhşi dəliliyi qarşısında acizliyini hiss edirdi. Ancaq ümidini də heç kəs itirmək fikrində deyildi.
Buruqlarla əlaqəni radiostansiyanın rəisi Pavel Petroviç Knutov və onun arvadı Raisa yaradırdılar. Pavel burada ilk kəşfiyyat quyusu qazılan zaman Kaveroçkinin brigadasında radist işləmişdi, ona görə də, bəlkə də dənizin bu hövzəsinin nə dərəcədə qorxulu olduğunu bildiyinə görə, parolsuz-zadsız tez-tez çağırırdı:
- Dyadyaa Mişa, Dyadya Mişa, cavab verin, priyem...
- Yaxşıdır Pavlik, yaxşıdır, dalğalar artıq döşəmənin taxtalarını dağıtmağa başlayıb, mən uşaqları kultbudkaya yığmışam, hələlik dözürük, külək barədə nə məlumat verirlər? zəifləməyəcək? Süleymangildə necədir vəziyyət?
- Qonşularınız da sizin kimi budkadadırlar, zəifləmək isə... Siz axı onlarla əlaqə saxlamısız, Raya deyirdi, hamı buradadır. Bəlkə sizə bir şey lazımdır?
- Pavlik yaman zarafatçısan, külək güclənir, çıxıb özümüzü vışkaya bağlayacağıq. Bəlkə sağ qaldıg, heç olmasa bilərsiniz bizi harada axtarmaq lazımdır, – dinamiklərdə ancaq budka taxtalarının sınma-qırılma səsləri qaldı.
- Bir dəqiqə ərzində hamının radiostansiyayla əlaqədə olmasına baxmayaraq on altı qazma briqadasından heç biri sakitliyi pozmadı, əlaqəyə çıxmadı. Estakada yanındakı buruqdan Raya qazmaçı Nikolay Aurovun çağırışını qəbul etdi:
- Mərkəz! Bizim buruğun yanında siz tərəfdən estakadanın bir hissəsini su apardı, su və neft boruları sallanıb, ancaq hələlik qırılmayıb. Bir də cavan mühəndis Tofiq Məmmədovun ayağının üstünə taxta düşüb, deyəsən ayağını sındırıb. Mən zənn edirəm ki boruların üstüylə keçə bilərik, Dyadya Mişagil necədir? - Raya çevrilib ətrafdakıların üzünə baxdı, direktor dəstəyi götürdü:
- Nikolay? Diqqətlə mənə gqulaq as, siz Sərxoş Döngədə deyilsiniz, orada vəziyyət daha ağırdır. Sən qızışma, tələsmə səhərə iki saat qalıb, biz bu tərəfdən ehtiyat kəndirləriylə gələcəyik, boruların üstüylə sürünərsiniz, işıqlı havada görəcəksiniz – hansı dalğanı gözləmək lazımdır... hansında sürünmək olar. Bu əmrdir, başa düşdün? Tofiqdən soruş ki dözə biləcək?
- Bəli Həzrət Axmetoviç, o özünü möhkəm saxlayır, hələ zarafat da eləyir...
- Onda yaxşı, sağ ol, başqaları əlaqəni gözləyir, — Pavel, Kaveroçkini calamağa çalış.
Pavel neçə dəfə səsi batana qədər çığırmağa çalışsa da Kaveroçkindən də, Süleymandan da cavab ala bilmədi... Buradakılar artıgq göz yaşlarını gizlətmirdilər.
Səhərə yaxın Anurov Kolya öz ardına aldığı Tofiq Məmmədovla birlikdə 12 düyməlik borunun üzərindən təlatümlü dənizin üzərindən sürünə-sürünə estakadanın üstünə, onun arxasıyca isə başqa briqada üzvləri də, çıxa bilmişdilər.
Nə Mixail Kaveroçkin, nə Süleyman Bağırov öz iş yoldaşlarıyla birlikdə daha heç zaman radiodalğalarına çıxmamışdılar, hərçəndi onların yenilməz – qəhrəman, zəhmətkeş və əsl vətənpərvər ruhları indiki günə qədər Xəzərin mavi suları üzərində uçmaqdadır...
Qasırğa hələ bir sutka da öz gücünü göstərməkdə davam edəndən sonra dəniz sakitləşdi və sakitləşəndən sonra xilasedici gəmilər iki möhkəm polad özüllərin heç birindən əsər-əlamət qalmadığını görmüşdülər. Dalğıcların uzunmüddətli axtarışları isə həlak olmuş insanlardan heç birinin cəsədini tapa bilməmiş, heç biri nə xristian, nə müsəlman adətlərilə torpağa tapşırılmamışdı...
Hər il noyabrın 17-də Sərxoş Döngədə buradan ötən gəmilərdən və yükdaşıyan qurğulardan dənizə tər çiçək çələnglərinin salınması isə hüznlü ənənəyə çevrilmişdir. Dənizneft donanması isə iki yeni – “Mixail Kaveroçkin” və “Süleyman Bağırov” gəmiləriylə zənginləşmişdi, Bakıda tikilmiş yeni fəhlə qəsəbəsi də Mixail Kaveroçkinin adını daşıyır.
Noyabr, 1958[HTML redaktə]
O faciəli gecədəki hadisələr dənizin Neft Daşları hövzəsində hidrotexniki qurğuların layihələndiriciləri və inşaatçılarıyçün çox ağır və ciddi dərs olmuşdu.
Yeni dəniz özül platformaları artıq 8 metr deyil, dəniz səviyyəsindən on metr hündürlükdə quraşdırılır, onlara xidmət edən kran gəmilərinin qaldırıcı kran başlıqlarının konstruksiyaları müvafiq olaraq dəyişdirilmişdi, yeni tikilən estakadaların hündürlüyü də artıq on metrlik məsafəyə qaldırılmışdı. Ancaq köhnə parametrlərlə quraşdırılmış və illər boyu istismarda olmuş estakada yolları dəniz üzərində asılı vəziyyətdə olduqlarına baxmayaraq, öz vəzifəsini icra etməkdə davam edirdilər. Bir fikir hamını sakitləşdirirdi ki, həmin güclü qasırğa bir də yüz ildən sonra təkrar olunacaq, o vaxta qədər məşhur lətifədə deyildiyi kimi “Ya şah öləcək, ya eşşək”. Bir çoxları elə zənn edirdilər ki, orta statistik hesabatların həyat reallıqları ilə bir araya gəlməsi vacib deyil...
1958-ci ilə kimi estakadaların orta hissəsi dairə təşkil edərək birləşdirilmişdi, ona görə də mənim sahəmdə işləyən beş buruğun beşinə də dairənin hər iki istiqamətindən gedib çatmaq mümkün idi.
Noyabrın 17-də Bakı - Neft Daşları sərnişin reysi zamanı qəhrəmanların adlarının əbədiləşdirilməsi ənənəsinin təməli qoyulurdu – Dizel-elektroxodunun göyərtəsindən dənizə minlərlə tər qızıl güllər və qərənfillər, gül-çiçək çələnglərinin atilması başlanmışdı. Qadınlardan başqa, yüzlərlə gənc oğlanlardan başlamış, ahıl, yaşlı qocalara kimi hamı göz yaşlarını saxlamaqda çətinlik çəkirdilər...
Axşamüstü isə dəniz də öz coşqun hərarətli yubileyini qeyd etməyə başlamışdı. Sinoptiklərin verdiyi proqnoza görə səkkiz ball külək əvəzinə on ballıq külək bütün gecəni aləmi silkələməyə başlamışdı, səhərə yaxın isə sulu gar yağmağa başlamışdı. Mənim sahəmin üç dəstə işçiləri yolüstü estakadanın bir hissəsinin yuyulub uçması səbəbindən öz iş növbəsinə gedib çıxa bilməmişdi, iki başqa vaxta üzvləri isə öz buruqlarının dairənin sol istiqamətindəki yola yaxınlıqda olduğundan, həmin yolla gedib çatmışdılar.
Pis hava şəraitində dənizin dalğalı günlərində vaxtanı dəyişməmək arzuolunan hal olmasa da, mümkün olan hadisə idi – orada azuqə ehtiyatı, arada istirahət üçün şərait də var idi, ancaq eyni zamanda 12 iş saatından sonra insanları dəyişməmək fövqəladə hal hesab olunurdu. Ona görə də mən dairənin sol tərəfindəki yolu özüm yoxlamağı və əgər buruqda vəziyyətin pisliyə doğru dəyişməsi məlum olmasa, adamları o yolla buruğa yola salmağı qərara aldım. Qeyd etmək lazımdır ki, əgər hansısa bir səbəbdən avtobus suya düşərsə insanların qapalı şəraitdə qalmaması məqsədilə estakada boyu adamları avtobusda aparmaq təhlükəsizlik nöqteyi-nəzərindən qadağan olunmuşdu. Bu qərarın qəbul edilməsini həyat özü məcbur etmişdi – çox təəssüflər olsun ki, belə hadisələr də baş vermişdi... Yüngül maşınlar isə burada “İnturist” qonaqlarına yaradılan şərait kimi, ancaq yaxşı havada Nikita Xruşşov, Mikoyan, Suslov, Ulbrixt və başga bunlar kimi yüksək rütbəli qonaqların qəbul edilməsi məqsədilə gətirilirdi. Ona görə də vaxta nəqliyyatını üstü yarıya qədər taxtayla, yaxud brezentlə örtülü yük maşınları təşkil edirdi. Belə maşınlardan biri də mənə həvalə edilmişdi. Maşının arxasına örtük altına qazma ustaları, sahə mexaniki və energetiki, yolüstü bizə qoşulanlardan bir-iki nəfər qalxdılar, mən isə həmişəki kimi sürücü Aşotun yanına minib yola düzəldik.
Külək öz qəmgin mahnısını, hərdən hətta ciyilti səsinə qədər enərək, uzatmaqda idi, qar maşının qabaq şüşəsini örtürdü, hətta təmizləyici fırçalar onu silib çatdıra bilmirdilər, yan tərəfdəki pəncərələrdən hündür dalğaların qozbel başları görünür, onların aşağı enmələrilə yaranan gurultu səsləri aləmə yayılırdı. Aşot bütün bədəniylə irəliyə doğru əyilərək diqqətlə yola baxırdı.
Bizim maşın estakadanın sürüşkən döşəməsi üzərində piyada, yaxud az sürətli traktor sürətilə hərəkət edir, baxmayaraq ki başqa vaxtlar Aşot icazə verilmiş saatda 15 km əvəzinə 30 km-lə gedərdi.
Nədənsə məndə heç bir qorxu hissi yox idi- mən artıq tez-tez dənizdə həm estakada üzərində həm ayrı özül - platformalarda baş verən fırtınalara da öyrəşmişdim – məni ancaq bircə fikir narahat edirdi – nə üçün məhz bu gün, Dyadya Mişanın həlak olduğu gün?
Biz artıq yarım saat yol gedirdik, mən hətta bütün növbə fəhlələrini özümüzlə götürmədiyimə görə peşimançılıq çəkirdim. “İndi onlar vaxtında dəyişdirilə bilməyəcək, yeməkxanaya gecikəcəklər, rəisə zəng etmək lazımdır... lazımi qədər istirahət edə bilməyəklər, sonra yenə: Nə üçün məhz bu gün?”...
Maşın hansısa bir maili sahəyə dirəşib kəskin dayandı... Eyni zamanda, bəlkə də bir saniyə əvvəl yuxarıdan sürücünün kabinəsinə üstdən döyəcləməyə başladılar... Qabağı qarla dolu şüşədən mən maşının estakadanın sağ tərəfə əyildiyi hissəsində dayandığını gördüm. Maşının arxasından bizim sərnişinlər aşağı tullanıb geriyə qaçmağa başlamışdılar... Mən sürücünün üzünə baxdım – o, əyləci basaraq maşını arxaya verməyə çalışırdı – ancaq mühərrik yatmışdı. Hansısa özümə məlum olmayan qüvvə məni aşağı düşüb hamıyla birlikdə qaçmaqdan saxlamışdı.
- Sakit, Aşotik... bir də motoru işlətməyə çalış. Lap yaxşı, işə düşdü, indi ehmalca dala ver.
Biz iyirmi metrəyədək arxaya getməyə nail olmuşduq ki, bir dəqiqə bundan əvvəl biz dayandığımız 16 metrlik estakada parçası növbəti “doqquzuncu qayanın” güclü təsiri altında qoparaq dənizə yuvarlandı... Doğrudan da kim yanmalıdırsa – suda boğulmaz... Şükür olsun ki yanmadım da...
Dənizin hərəkətini əvvəlcədən bilmək mümkün deyil, bu onun günahı deyil – onun təbiəti belədir. Dəniz həm qayğıkeş, həm də qəzəbli ola bilər, o həm yedirir həm də öldürür, o öz sinəsində ən ucuz yollar sala bilir, həm də öz dərinliklərində misli görünməmiş lal-cavahirat gizlədə bilir, o öz dərinliklərindən kiminsə səhlənkarlığı ucbatından cilovlanmamış təbii qaz çıxıntılarıyla qəzəbindən kükrəyib qaynaya da bilir, acığından bu çıxıntıya yol verdiklərinə görə hər şeyi yolüstü udmağa da qadirdir... Dəniz utandığından üzərinə dağılmış neftə görə, onu qara tüstüyə bürüyərək yandırmağa da qadirdir, bu zaman insanlar onun köməyinə gəlir, canlarından keçərək balaca, iti hərəkətli qayıqlarla alova bürünmüş iri sahələri parçalayaraq, söndürülməsi daha asan olan kiçik hissələrə bölürlər.
Bunların hamısı əvvəllər də olub, indi də olmaqda davam edir.
Müəllif heç nəyi özündən icad etməyib, heç nəyi bəzəməyib – ancaq kiçik detalları daha qabarıq şəkildə göstərmişdir.
Məqsəd ancaq heç bir romantikanın boş yerdən əmələ gəlmədiyini, böyük bir ölkəni yoxsulluq və dilənçilik səfalət və xəstəlik quyusuna yuvarlanmasında – dənizdə və quruda, yerin altında və səmalarda, dəzgah arxasında və isti sobaların qarşısında çalışan insanların günahı olmadığını, ancaq həmin bəladan qurtarmaq da həmin insanların boynuna düşəcəyini insanlara göstərməkdir. Başqa yol yoxdur.
Bir də bu yazıda uydurma personajlar yoxdur.
Onların hamısına eşq olsun – indi yaşayanlara da , vaxtsız bu dünyanı tərk edənlərə də!
May 2001, Hyuston şəh.