Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Ədəbiyyat:ŞƏKİXANOV HƏMİD AĞA ƏBDÜRRƏHMAN AĞA OĞLU

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Əd. ==ŞƏKİXANOV HƏMİD AĞA ƏBDÜRRƏHMAN AĞA OĞLU== (1886, Şəki-28.3.1938) 200px|thumb|left|Ə. Tahirzadə....' ilə yarat) tərəfindən edilmiş 20:57, 4 yanvar 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

ŞƏKİXANOV HƏMİD AĞA ƏBDÜRRƏHMAN AĞA OĞLU[HTML redaktə]

(1886, Şəki-28.3.1938)

Ə. Tahirzadə.

Ədalət TAHİRZADƏ

Tel.: [+99450] 612-68-13; E-mail: adalet_tahirzade@yahoo.com

YAZARDAN BİR NEÇƏ SÖZ[HTML redaktə]

Artıq neçə illərdir məndə vərdiş yaranıb – arxivlərdə hansı mövzu üzərində çalışsam da Şəkiylə bağlı qarşıma çıxanları da götürüb saxlayıram ki, haçansa gərək olacaq. MTN arxivində işləyəndə də «Şəkixanov» soyadı diqqətimi çəkdi. Budur, aradan az qala iki il keçəndən sonra Şəki xanlarının birbaşa varislərindən birinin faciəli taleyi haqqında həmin materialı dəyərli oxucularımıza çatdırıram. Mən çox çalışsam da Həmid ağanın Çələbi xan övladlarının hansı qolundan olduğunu müəyyənləşdirə bilmədim. 2005-də çıxmış «Şəkinin tarixi qaynaqlarda» adlı kitabımda Hacı Çələbi xan nəslinin dəqiq soykötüyünü (şəcərəsini) vermişəm. Orada Əbdürrəhman ağa’nın adı yoxdursa da Məhəmmədhəsən xanın oğlu Haşım ağanın oğlu Əbdülhəmid ağa’nın və Fətəli xanın oğlu Kərim ağa Fatehin oğlu Əbdülhəmid ağa’nın (bu, ünlü şair Mustafa ağa Şuxi’nin doğma qardaşıdır) adları yer alıb. Məncə, Həmid ağanın da əsl adı «Əbdülhəmid»dir və o, bu iki Əbdülhəmiddən birinin nəvəsidir. Yəqin ki, bu yazı çıxandan sonra şəkili soydaşlarımız məsələyə aydınlıq gətirər.

Aşağıda verəcəyimiz istintaq sənədində foto yoxdur. Çox istərdik ki, Həmid ağanın Şəkidə və Bakıda yaşadıqlarına inandığım qohumları onun fotosunu tapmaqda da bizə yardımçı olsunlar.

«BƏLİ, MƏNİM ƏCDADLARIM GERÇƏKDƏN DƏ NUXA NAHİYƏSİNİN NÜFUZLU XANLARI OLUB»

Qarşımda 67 vərəqlik istintaq işi durur. 16 fevral 1938-də başlanıb, tez-tələsik, vur-tut 6 gündən sonra – 22 fevralda bağlanıb. Azərb. SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Baş Siyasi İdarəsi (rusca: QPU) Nuxa şəhər şöbəsinin rəisi, dövlət təhlükəsizliyi leytenantı (bü rütbə hərbi leytenantdan qat-qat üstündü), türk qanı içməyə yerikləyən erməni Qaraxanovun təsdiqlədiyi «olduqca gizli» siyahıdan çıxarışda oxuyuruq: «38. ŞƏKİXANOV HƏMİD AĞA – 45 yaş, k[eçmiş] mülkədar, k[eçmiş] [səsvermə hüququndan] məhrum, SSRİ vət., partiyasız, müəyyən işi olmayan (kommunistlər millətimizin repressiya etmək istədikləri qaymaqlarını sinfi mənsubiyyətinə görə zorla işdən çıxarır, sonra da adını utanmadan «avara» qoyurdular! – Ə.T.), Nuxa şəh. sakini, keçmiş iri mülkədar – istismarçı. Şəki xanlarının törəməsidir. Müsavat çağında qəza polis rəisinin keçmiş köməkçisi. Həmişə yad ünsürlər içində dolaşır, çox tez-tez mövcud quruluşa qarşı sözlər işlədir. Düzəlməz ünsürdür. «Tezliklə Yaponiyayla müharibə olacaq və SSRİ yeniləcək» deyə düşməncəsinə fikirlər söyləyir».

1886-da Şəkidə doğulmuş dəftərxana işçisi Həmid ağa Şəkixanovu bu sənədə əsasən 16 fevralda (bacısı bu tarixi 13 fevral göstərir) Nuxa «QPU»çusu Əbdürrəhimov həbs etdi. Axtarış zamanı Şəkidə Əzizbəyov küçəsində yaşadığı 3 saylı evdən (dədə-baba eviydi) 5 ədəd portret (yəqin ki, Şəki xanlarının, yaxud onların törəmələrinin şəkilləriymiş) və 64 ədəd «yazışma» (çox güman ki, qədim sənədlərmiş) götürülüb. Bahasına indi qiymət kəsilməsi mümkünsüz olan bu nadir tarixi sənədləri kommunist vandallar amansızcasına məhv etdilər!

Həbs edilən vaxt Həmid ağanın ailə üzvləri bunlardı:

  1. Şəkixanova Zöhrə – 80 yaş, anası, evdar; Bakıda yaşayır, ünvanı bilinmir.
  2. Şəkixanova Fanya Samuilovna – 35 yaş, arvadı, boşanıb, Azərittifaqda mühasib; ünvanı: Bakı, 3-cü Paralel (indiki M.Əbilov) küçəsi, 78.
  3. Şəkixanov Qutul – 18 yaş, oğlu, şagird; ünvanı: Bakı, 3-cü Paralel küçəsi, 78.
  4. Şəkixanov Cahangir – 12 yaş, oğlu, şagird;
  5. Şəkixanov Həsən – 50 yaş, qardaşı, Balakəndə aşağı orqanlarda işçi.
  6. Hacıyeva Sura – 40 yaş, bacısı, evdar; ünvanı: Şəki, 3-cü rayon.
  7. Şəkixanova Göysu – 33 yaş, bacısı, lal-karlar müəllimi; ünvanı: Bakı, Aşağı Məzarlıq (indiki Mehdi Hüseyn – Ə.T.) küçəsi, Çəp döngə, 3.
  8. Şəkixanova Gövhər – 30 yaş, bacısı, evdar; Bakıda yaşayır, ünvanı bilinmir.

XDİK Nuxa şəhər şöbəsinin əməliyyat müvəkkili Medvetski 17 fevral 1938-də Həmid ağanı ilk və son dəfə dindirdi. Tarixi sənəd kimi maraqlı olduğuna görə dindirmə protokolunu qısaltmadan veririk.

«S[ual]. 1918-də müsavat çağında Qubada qəza polis rəisinin köməkçisi vəzifəsində işləməyinizi istintaqa aydınlaşdırın.

C[avab]. 1918-in payızında (ayı xatırlamıram) atamın dostu olan Quba şəhəri qəza polis idarəsinin (sənədin rusca əslində vəzifənin adı belə yanlış yazılıb – Ə.T.) rəisi Əmirxan Cahangir oğlu (diqqət! Söhbət Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski’nin qardaşı oğlu, 1966-da İstanbulda vəfat etmiş Əmir xan Cahangir xan oğlu Xoyski’dən gedir. Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Əmir xan Cümhuriyyət çağında Qubada qəza polis rəisi, Bakıda general-qubernatorun müavini, Qazaxda general-qubernator işləmiş, əmisi Tiflisdə öldürüldükdən sonra ailəsiylə Türkiyəyə köçməli olmuşdu. Həmid ağa onun soyadını qəsdən gizlədərək kəmsavad müstəntiqi azdıra bilmişdi – Ə.T.) öz məiyyətiylə Nuxa şəhərindən keçərək Quba şəhərinə gedərkən atama təklif etdi ki, məni Qubaya onun yanına göndərsin, burada o, mənə yer verəcək. Onun təklifini mən həvəslə qəbul etdim, Qubaya getdim və orada həmin Əmirxan Cahangir oğlunun köməkçisi vəzifəsini tutdum. Orada 1919-un yazınadək işlədim, [sonra] Nuxaya qayıtdım, bizdə olan tərpənməz əmlakdan gələn gəlir hesabına yaşamağa başladım – 300 hektara yaxın əkilən torpağımız, həm iri, həm də xırda buynuzlu mal-qaramız vardı (haçansa xüsusi mülkiyyətin olması da «istismarçı»nı güllələməyə yaxınlaşdıran amillərdəndi – Ə.T.). Sovetləşmə çağında sovet müəssisələrində müxtəlif qeyri-məsul vəzifələrdə işləmişəm.

S. Nuxa şəhərində 1930-da baş vermiş üsyana nələrin səbəb olduğu Sizə bəlli deyil ki?

C. Üsyan vaxtı mən Nuxadaydım, səhiyyə şöbəsində işləyirdim; üsyana nəyin səbəb olduğunu deyə bilmərəm.

S. Bəylərdən kim Nuxa şəhərində üsyanın təşəbbüsçüsüydü?

C. Nuxa şəhərində üsyanın təşəbbüsçüsü Baş Şabalıd kəndindən olan Mustafa Şıx oğlu, Nuxa şəh. sakinləri Əlicanbəyovlar Mustafa və Bəhram idi. Onlardan birincisini mən qətiyyən tanımıram, ancaq Nuxadan olan sonuncu mənə yaxşı bəlli olsa da onunla heç bir əlaqəm yoxdur. Üsyana nəyin səbəb olduğu mənə bəlli deyil.

S. Sizin vət. Məhəmməd çələbi Çələbizadə’ylə münasibətləriniz necədir və o, ictimai mənşəcə kimdir?

C. Vət. Məhəmməd çələbi Çələbizadə ictimai mənşəcə molladır; onu Nuxa şəhərinin bir sakini kimi tanıyıram, görüşəndə baş əyirik, ancaq onun məclislərində heç vaxt olmamışam.

S. İndiki vaxtda o, dini mərasimlər icra edibmi?

C. Bəli, bildiyimə görə, Məhəmməd çələbi Çələbizadə indiki vaxtda dini mərasimlər icra edib – dəfn məraimlərinə və nikahkəsmələrə qatılıb. S. Şəxsən Siz sovet hakimiyyətinə necə yanaşırsınız?

C. Şəxsən mən sovet hakimiyyətinə tam yumşaq (loyal) yanaşıram – həmişə işləyirəm.

S. Yalan deyirsiniz! İstintaqa faktlar bəllidir ki, Siz əhali arasında şayiə yayırsınız ki, Yaponiya SSRİ ilə müharibə aparmaqçün Almaniya ilə ittifaqa girib və bu müharibədə SSRİ yeniləcək.

C. Yox, bu, doğru deyil, mən heç vaxt belə şayiələr yaymamışam.

S. Sizin qohumlarınızdan kim repressiya olunub?

C. Sovet hakimiyyəti mənim qohumlarım Şəkixanovlardan kimsəni repressiya etməyib.

S. Siz keçmişdə Nuxa xanı olmusunuzmu; bunu soyadınız da göstərir.

C. Bəli, mənim əcdadlarım gerçəkdən də Nuxa nahiyəsinin nüfuzlu xanları olub.

S. Siz indi çevrənizdəki hansı adamlarla əlaqə saxlayırsınız? (Bu, kimlərisə «NKVD» cənginə keçirməkçün verilən məkrli sorğuydu – Ə.T.).

C. Mən heç kəslə heç bir əlaqə saxlamıram, çünki bütünlüklə tənha yaşayıram.

S. Siz 7 aydır ki, işləmirsiniz, bəs nəylə dolanırsınız?

C. Mənə Bakı şəhərində müəllimə işləyən bacım yardım edir; bundan başqa, bir otağı 35 manata kirayəyə verirəm, bununla dolanıram.

Daha heç nə deyə bilmərəm».

Beləliklə, müstəntiq Medvetski Həmid ağanın dilindən özünə qarşı «xan olmuşuq»dan başqa, demək olar ki, heç bir ifadə qopara bilməyib. Kommunist olanda nə olar – adamı güllələməkçün qondarma da olsa bəhanə lazımdı. Qaraxanov bu bəhanəni tapmağı müstəntiqdən və yerli sovet orqanlarından tələb etdi.

Həmid ağaya qarşı saxta ittihamlar quraşdırmaqçün müstəntiq 18-20 fevralda 5 nəfəri dindirdi və Həmid ağanı onlardan üçüylə üzləşdirdi. (Q. Daşdəmirov, M. Kərimov, İ.Məmmədov, S.Hüseynov, M.Rzayevin özlərinin və atalarının adlarını burada qəsdən vermirik, çünki müstəntiq çox şeyi özünün istədiyi kimi yazaraq onlara qol çəkdirib). Üzləşdirmə zamanı İ.Məmmədov bu maraqlı faktı bildirdi ki, Həmid ağanın atası Əbdürrəhman ağa qazi olub.

Nuxa Şəhər Soveti rəhbərlərinin 22 fevral 1938-də imzaladıqları 280 saylı arayışı oxuyandasa adam bilmir ki, ağlasın, yoxsa gülsün: «Nuxa şəh. 6-cı rayonu sakini ŞƏKİXANOV HƏMİD AĞA ƏBDÜRRƏHİM AĞA OĞLU (bütün istintaq sənədlərində atasının adı «Əbdürrəhman» yerinə yanlış olaraq «Əbdürrəhim» yazılıb; bu yanlışlışlığın «NKVD»çilərçün heç bir önəmi yoxdu – o, adamı güllələməyə qətiyyən mane olmurdu! – Ə.T.) keçmişdə iri bəy, istismarçı mülkədardı. O, Nuxadə məşhur bəy və qoçu, eləcə də müsavat hökuməti çağında pristav olmuş MÜRSƏL BƏY SƏDRƏDDİNBƏYOV’un yaxın qohumudur. […] Onun adı seçki hüququndan məhrum edilmişlərin siyahısında necə olubsa yoxdur («səsi alınmışlar» 1937-38-də güllələmə maddəsinə dinməz-söyləməz düşürdülər – Ə.T.), ancaq onun doğma qardaşı HƏSƏN AĞA ŞƏKİXANOV’un adı 1929 siyahılarına rəis kimi düşüb. Ola bilsin ki, sovetlərə 1926, 27-ci illərdə keçirilən seçkilərdə o – Həmid ağa Şəkixanov seçki hüququndan məhrum edilmiş olsun».

Bütün bu «sübutlar» əsasında həmin Medvetski 22.02.1938-də ittihamnamə tərtib etdi (onu 23 fevralda Qaraxanov təsdiqlədi). İttihamnamədən kəsiklər: «[…] …Nuxa şəhərində rusların zorakılığı haqqında şayiələr yayaraq onları rədd etməyə çağırır.

[…] Müttəhim ŞƏKİXANOV özünü müqəssir saymayıb…

Yuxarıda deyilənlərə əsasən ŞƏKİXANOV HƏMİD BƏY ƏBDÜRRƏHİM OĞLU’na qarşı irəli sürülmüş ittiham sübuta yetirilmiş sayılsın…».

Bolşeviklərçün cinayəti sübuta yetirməkdən asan heç nə yoxmuş! Bu «danılmaz sübutlar»a əsasən Azərb. SSR XDİK Üçlüyü 7 mart 1938-də qərara aldı: «ŞƏKİXANOV Həmid bəy Əbdürrəhim oğlunu, 1886 təvəllüdlü, əksinqilabi təşviqat üstündə GÜLLƏLƏMƏLİ, əmlakını müsadirə etməli». İstintaq sənədlərinin içindəki bir aktdan görünür ki, hökm 1938-də martın 27-sindən 28-inə keçən gecə yerinə yetirilib.

26 MART 1956

Azərbaycanda on minlərcə Həmid ağalar artıq çoxdan güllələnmiş, onların taleyindən xəbərsiz, evləri əllərindən alınaraq özləri küçələrə atılmış, işdən və məktəblərdən qovulmuş, cəhənnəmi bu dünyada görmüş yüz minlərcə ailə üzvlərininsə göz yaşları qurumuşdu. Bu total terrorun müəllifi – kommunist diktator Stalin 3 il 11 gündü ki, gorbagor olmuşdu. Sürgünə göndərilənlər yavaş-yavaş qayıdır, güllələnənlərin artıq bir daha geri dönməyəcəyi bildirilirdi. «NKVD» cəhənnəmini gözləriylə görmüş minlərcə insan hələ səsini çıxarmağa ürək etməsə də bir çoxları haqsızlığa etirazını dayandırmamışdı. Onlardan biri də Həmid ağanın bacısı Sura xanım’dı. Şəki şəhərinin 20-ci rayonunda, Engels küçəsindəki 11 saylı evdə yaşayan MƏMMƏDOVA SURA ƏBDÜRRƏHMAN QIZI 26 mart 1956-da Azərb. SSR prokuroruna belə bir ərizə yazdı: «13 fevral 1938-də yeganə qardaşım, 1889 təvəllüdlü Həmid Əbdürrəhman oğlu Şəkixanovu Azərb. SSR XDİK orqanları həbs edib. Nə üstündə tutulduğunu bilmirəm.

XDİK Nuxa rayon şöbəsinə müraciətlərimə cavab veriblər ki, o, xalq düşməni kimi həbs edilib. Harada olduğunu, necə olduğunu müəyyənləşdirə bilməmişəm. Xahiş edirəm ki, işə qarışaraq onun indi harada olduğunu, yaşayıb-yaşamadığını aydınlaşdıraraq mənə xəbər verəsiniz». Göründüyü kimi, Sura xanım yalnız bunu bilmək istəyir ki, qardaşı sağdır, ya yox. Ancaq qaniçən bolşeviklər hətta bunu öyrənməyi də ona çox gördülər. İl yarımdan sonra – 31 avqust 1957-də respublika prokurorunun müavini Melkumyan bu ərizəyə rədd cavabı hazırladı.

Beləliklə, 1955-56-da çoxları bəraət alsa da Həmid ağanın ailəsinə bu, Kommunist Partiyası dağılanadək nəsib olmadı. Ona yalnız 29 aprel 1989-da bəraət verildi. Niyə bu qədər gec? İstintaq sənədləri arasında saxlanan, keçmiş partiya tarixi arxivinin direktoru Şəkəryan’ın imzaladığı bu arayış ona qarşı xüsusi qəddarlığın səbəbini aydınlaşdırır: «Azərbaycanda əksinqilabi müsavat hökumətinin Daxili İşlər Nazirliyi» və «Bakı qubernatorunun idarəsi» fondlarının arxiv sənədlərində Şəkixanov Həmid xanın adı 1918-in oktyabrından 1919-un oktyabrınadək Quba qəza polis idarəsində kiçik köməkçi kimi qeyd olunub. Başqa bilgilər yoxdur». Başqa sözlə, kommunist barışmazlığının səbəbi Həmid ağanın müstəqil Azərbaycan Cümhuriyyətinə xidmət etməsindəymiş! Müqəddəs Cümhuriyyətimizə qulluq üstündə kommunist terroruna uğramış bütün Həmid ağalarımıza Ulu Tanrıdan rəhmət diləyirəm!

10 mart 2008.