Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

İpək kombinatı (Şəki)

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Rəhbərlik) tərəfindən edilmiş 12:48, 18 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şəki ipək kombinatının idarə binası.

Şəki ipək kombinatı — Şəki şəhərində 1931-ci ildə fəaliyyətə başlamış və 2018-ci ildən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsinin – “Azəripək” MMC-nin, idarəçiliyində olan sənaye müəssisəsi. Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici, xalçaçılıq istehsal sahələri var[qeyd 1].

Haqqında məlulatlar[redaktə | HTML redaktə]

Tarixi[redaktə | HTML redaktə]

Kombinatın tikintisinə 1926-cı ildən başlanılıb. Tikinti üçün 1854-cü ildə Nuxada fəaliyyətə başlamış fransız ipək kompaniyasının yeri – “kompaniya” adlanan ərazi[qeyd 2] seçilib. Tikinti vaxtı işçi çatışmazlığı olduğu üçün tikintiyə başçılıq edən mühəndis Kibizov Şimali Qafqaza ezam olunub və oradan kombinatın tikintisinə 360 nəfər yeni işçi gətirib.

Kombinat 5 noyabr 1931-ci il tarixdə – Böyük Oktyabr sosialist inqilabının 14-cü ildönümü ərəfəsində təntənəli şəkildə fəaliyyətə başlayıb. İstifadəyə verilərkən əyirici sexində 162 dəzgah olub. Bir il sonra işə düşmüş toxucu sexində isə 126 dəzgah olub və həmin sex gündə 6 min 400 metr parça toxumaq gücünə malik idi.

1933-cü ildən kombinatın çoxtirajlı “İpəkçi” qəzeti nəşrə başlayıb.

1954-cü ildə boyaq-bəzək istehsalatı,

1968-ci ildə 754 dəzgahlı yeni toxucu istehsalatı istifadəyə verilib.

1975-ci ildə Şəki şəhərindəki ipək fabrikləri kombinatın tabeliyinə verilərək İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi təsis olunub və bundan sonra kombinat baş müəssisə, əvvəlki fabriklər isə filial adlanıb.

1981-ci ildə baş müəssisədə yeni boyaq-bəzək istehsalatı istifadəyə verilib.

1985-ci ildə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin partiya komitəsi Azərbaycan KP Şəki şəhər partiya komitəsinin tabeliyindən çıxarılaraq birbaşa Azərbaycan KP-yə tabe edilib.

1986-cı ildə Şəki İstehsal İpək Birliyində 37,2 milyon metr parça istehsal edilib və SSRİ-də istehsal olunan ipək parçanın 19 %-ni bu müəssisə verib.

1990-cı illərin əvvəllərində Şəki İstehsal İpək Birliyində 7 min nəfərə yaxın, baş müəssisədə – ipək kombinatında, isə 3 min nəfərdən çox işçi çalışıb.

1990-cı illərin sonunda keçmiş Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi və filiallar ayrı-ayrılıqda özəlləşyməyə çıxarılıb.

Özəlləşmədən sonra Şəki ipək kombinatı “Şəki-İpək” ASC adı ilə əvvəl Azərbaycan Beynəlxalq Bankının, sonra isə “Azəripək” MMC adı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyinə keçib.

2020-ci ildə kombinatda əsasən xam ipək istehsal edilib və bütün işçilərin sayı 200 nəfərdən çox olmayıb.

Rəsmi adları[redaktə | HTML redaktə]

  1. Nuxa Lenin adına İpək Kombinatı, yaxud, V.İ.Lenin adına Nuxa İpək Kombinatı (1931 – 1968);
  2. V.İ.Lenin adına Şəki İpək Kombinatı (1968 – 1975);
  3. V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəsi (1975 – 1985);
  4. V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi (1985 – 1991);
  5. Şəki “İpək” şirkətinin baş müəssisəsi (1991 – 1999);
  6. “Şəki-İpək” ASC (1999 – 2018);
  7. “Azəripək” MMC (2018-ci ildən).

Rəhbərlik[redaktə | HTML redaktə]

1931-ci ildə kombinatın ilk direktoru Labarkao olub. 1933-cü ildə Labarkao kombinatda işləyirdi, lakin direktor F.Məhəmmədov idi. 1937-ci ilin əvvəllərində isə direktor Ələşrəf İsmayılov olub, lakin o, həmin ilin ortalarında həbs edilib. 1950-ci illərdə əvvəl Əjdərov, 1955 – 1957-ci illərdə Mustafa Qədimov, 1957 – 1960-cı illərdə Mehdi Hacıyev, 1960 – 1981-ci illərdə Tacəddin Əfəndiyev, 1981–1984-cü illərdə Yusif Abdurrahmanov, 1984 –1989-cu illərdə İbrahim Mustafayev müəssisəyə rəhbərlik ediblər. 1990 – 1999-cu illər arasında, müxtəlif vaxtlarda Çingiz Əfəndiyev, Xalid Əliyev, İsmayıl Nəbiyev baş direktor olublar. Özəlləşmə illərində – 1999 – 2003-cü illərdə idarə heyəti sədri vəzifəsini əvvəl Teymurxan Şamilov, sonra Əlövsət Bəkirov, daha sonra Sabiq İmanov icra edib. Özəlləşmədən sonra Elman Qarayev (2003), Marat Əkbərov (2003 – 2011), Azad Şıxəliyev (2011 – 2015), Nizami Qəribov (2014 – 2018) “Şəki-İpək” ASC İdarə Heyətinin sədri olublar. 2018 – 2020-ci illərdə Nizami Qəribov “Azəripək” MMC İdarə Heyətinin sədri kimi kombinata rəhbərlik edib. 2020-ci ildən isə Zaur Yaqubov “Azəripək” MMC İdarə Heyətinin sədri kimi kombinata rəhbərlik edir.

Qeydlər[redaktə | HTML redaktə]

  1. 2020-ci ildə yalnız baramaaçan istehsalatı fəaliyyət göstərmişdir.
  2. Münkündür ki, həmin ərazi, əslində, 1841-ci ildə Nuxa şəhəri yaxınlığında salınmış və rus koloniyasının məskunlaşdırıldığı ipəkçilər məhəllələsinin – Çarabadın yeri olsun.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // Nuxa fəhləsi : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr  c. — № 104 (5560). — Səh. 2.
  2. Şəki İpək İstehsal Birliyi // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 501. — 80.000 nüsx.