Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Abdulla Yusifov

Şəki Ensiklopediyası səhifəsi
Nukha (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:01, 24 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abdulla Yusifov
Abdulla Əhməd oğlu Yusifov
Doğum tarixi 09.04.1962
Doğum yeri Şəki, Baş Layısqı Azərbaycan SSR, SSRİ

Abdulla Əhməd oğlu Yusifov — Ədliyyə Nazirliyinin Şəki regional idarəsinin rəisi, baş ədliyyə müşaviri.[1]


Həyatı

Abdulla Əhməd oğlu 9 aprel 1962-ci ildə Şəki rayonunun Baş Layısqı kəndində anadan olmuşdur. 1979-cu ildə Baş Layısqı kənd orta məktəbini bitirmiş, 1980—1982-ci illərdə Uzaq Şərqdə ordu sıralarında xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, bu ali təhsil ocağını 1988-ci ildə uğurla bitirmişdir.

Abdulla Yusifov 1988-ci ilin avqust ayından prokurorluq orqanlarında çalışmağa başlamışdır. Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunda stajyor(1988-1989), Gəncə Nəqliyyat prokurorunun köməkçisi(1989-1993), Gəncə Nəqliyyat prokurorunun müavini(1993—1994), Zaqatala rayon prokurorunun köməkçisi(1994—2000), Zaqatala rayon prokurorunun müavini (2000), Zaqatala rayon prokuroru(2000—2004), Baş Prokurorluğun təşkilat-analitik idarəsinin prokuroru(2004), Baş Prokurorluğun DİO istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini (2004—2005), Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi (2005—2010), Bakı şəhər Dövlət İttihamının rəisi(2010—2019), Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru (2019—2020) vəzifələrində çalışmışdır. Abdulla Əhməd oğlu prokurorluq sahəsində səmərəli fəaliyyətinə və prinsipal mövqeyinə görə dəfələrlə mükafatlandırılmış, ona növbədənkənar rütbələr verilmişdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə Abdulla Yusifov "Dövlət qulluğunda fərqlənməyə görə" (2008) medalı[2] və Azərbaycan Respublikasının Baş Prokurorunun əmri ilə "Prokurorluğun fəxri işçisi" (2012) döş nişanı[3] ilə təltif edilmişdir. 2020-ci il mart ayından Ədliyyə Nazirliyinin Şəki regional idarəsinin rəisidir.[4] İdarənin ərazi yurisdiksiyasına Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki rayonları daxildir.

Abdulla Yusifov prokurorluq orqanlarında işlədiyi vaxtdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən "Məhkumların islah edilməsində və Penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən ictimai komitəni formalaşdıran" seçki komissiyasının, Məhkəmə Hüquq şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi sektorunun üzvüdür.[5]

Prokurorluq fəaliyyətinin müəyyən dövrlərində çətinliklərlə üzləşmiş, ədalətin bərqərar olması üçün çalışmış, Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətləri olmuşdur. Gəncədə işlədiyi dövr ərzində Surət Hüseynovun cinayətkar dəstəsinin, Zaqatalada işlədiyi dövrdə isə "meşə qardaşları" adı ilə tanınan və Azərbycan Respublikası hüdudları çərçivəsində yeni dövlət qurmaq xülyası ilə yaşıyan terrorist qruplaşmasının zərərsizləşdirilməsində birbaşa iştirak etmişdir.[6]

Dövlət ittihamçısı kimi bir çox mühüm işlərdə dövlətin maraqlarını müdafiə etmişdir. 2006-cı ildə DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi kriminal dəstənin işi üzrə layiqli və ədalətli cəzanın verilməsi, 2009-cu il aprelin 30-da isə Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş kütləvi qətl haqqında işi üzrə[7] cinayətkarların məsuliyyətə cəlb olunmasında iştirak etmiş, dövlətin maraqlarının müdafiəçisi qismində çıxış etmişdir.

Abdulla Yusifov hazırda baş ədliyyə müşaviridir.

Ailəlidir,4 övladı var.

İstinadlar