Acınohur perspektivli rayonu

Acınohur perspektivli rayonu — Azərbaycan Respublikası ərazisində neftli-qazlı sahə. Orta Kür çökəkliyinin şimal-qərb yamacında Acınohur Acınohur öndağlığındadır. Acınohur perspektivli rayonu qərbdə Qanıx çayı, şərqdə Girdiman çayı, şimalda Qanıx-Əyriçay vadisi, cənubda Mingəçevir su anbarı və Şirvan düzü ilə əhatələnir. Geoloji quruluşunda Dördüncü dövr də daxil olmaqla Kaynozoyun gilli-qumdaşılı-karbonatlı dəniz və kontinental çöküntü kompleksi iştirak edir. Ümumi qalınlığı 7000-dən çox olan çöküntülərin 3000-5000 m-ni Pliosen və Dördüncü dövrün kontinental çöküntüləri təşkil edir.

Acınohur perspektivli rayonunda tektonik cəhətdən 31 antiklinal qalxmaları əhatə edən və ümumi Qafqaz istiqamətində (şimaldan cənuba) uzanan 5 qırışıqlıq zona ayırırlar: Daşüz, Qudbərəkdağ, Acınohur-Xocavənd, Qocaşen-Göyçay, Qaraca-Qaraməryəm. Burada nadir hallarda neft pərdəciklərinə, qaz qabarcıqları və minerallaşmış sulardan ibarət zəif təbii neft-qaz çıxışlarına təsadüf olunur (Şərqi Qocaşen antiklinalı). Belə neft-qaz əlamətləri bir neçə axtarış-kəşfiyyat quyularında da qeydə alınmışdır. Yanar qazların təbii çıxışları Qərbi Qocaşen, Gəmiqaya-Acıbulaq və s. antiklinallarda müəyyən edilmişdir. Neftin xüsusi çəkisi 0.907-dir. Acınohur perspektivli rayonunun geotektonik və paleocoğrafi inkişafının, çöküntülərin litofasial və struktur xüsusiyyətlərinin qonşu neftli-qazlı rayonlar ilə (Kür-Qabırrı çaylararası, Aşağı Küryanı, Gəncə-Naftalan, Şamaxı-Qobustan) eyni olduğunu nəzərə alaraq onun neftlilik-qazlılıq baxımından Cənub qırışlıq zonasında Alt Pliosen (məhsuldar qat), Göyçay rayonunun qərb hissəsində Ağçagil və Sarmat, rayonun cənub-şərq hissəsində isə Eosen və Maykop çöküntüləri perspektivli hesab olunur.

Həmçinin, bax:

Ədəbiyyat

  1. Acınohur perspektivli rayonu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 69. — ISBN 978-9952-441-02-4.