Dərvişməhəmməd xan

Dərvişməhəmməd xanŞəki hökmdarı (1524–1551). 1538-ci ildə Şirvanşahlar dövlətinə hərbi dəstək göstərərək Buğurt qalasını mühasirədə saxlayan qızılbaşlara gecə basqınları etmiş, Şirvanşahlar dövlətinin süqutundan az sonra isə Səfəvilər dövləti ilə münasibətləri yaxşılaşdırmağa nail olmuş və 1539-cu ildə I Şah Təhmasibin bacısı Pərixan xanım ilə evlənmışdir. Lakin bu evlililik cəmi 4 il çəkmiş, 1543-cü ildə Pərixan xanımın ölümü ilə başa çatmışdır.

Dərvişməhəmməd xan
Dərvişməhəmməd xan
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.
Şəki hökmdarı
may, 1524 — may, 1551
Tacqoyma may, 1524
Sələfi Həsən sultan
Xələfi Şəki hökmdarlığı Səfəvilər tərəfindən tutuldu
Şəxsi məlumatlar
Vəfat tarixi 1551
Sülalə Qara keşiş nəsli[qeyd 1]
Dini İslam
Atası Həsən sultan
Həyat yoldaşı Pərixan sultan

1551-ci ildə Şah Təhmasib böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərvişməhəmməd xanın sığındığı “Gələsən-Görəsən” qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə “Gələsən-Görəsən”dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərvişməhəmməd xanın özü həlak oldu.

Xronologiya (tarixi mənbələrdəki məlumatlar) Redaktə

Hakimiyyətə gəlməsi (1524) Redaktə

 
Qafqazın 1532-ci il üçün siyasi xəritəsində Şəki hakimliyi — Dərvişməhəmməd xanın hakimiyyətdə olduğu dövr.

Şah İsmayıl ölümündən (23 may 1524) bir neçə gün əvvəl Ərdəbildə ikən

«Gürcüstanın Kaxet hakimi Ləvənd xanın Şəkiyə gəlməsi və Şəki valisi Həsən bəyin öldürülməsi haqqında»[1].

məlumat almışdı və ona həm də bildirilmişdi ki,

«Şəki camaatı ondan (Həsən bəydən) sonra Dərvişməhəmməd bəyi hökumət taxtına əyləşdirdi...»[1].

Buğurt qalasında mühasirədə olan Şirvanşah Şahruxa köməyə getməsi (1538) Redaktə

Şah Təhmasibin 1538-ci ilin baharında başlatdığı Şirvana yürüşü zamanı qızılbaşlar Şirvanşah Şahruxun sığındığı Buğurt qalasını mühasirə edərkən,

«o əsnada Şəki hakimi Dərvişməhəmməd xan dağlıq yerlərin ləşgərini toplayıb Şahruxun köməyinə gəldi ki, qalanın yanında [qızılbaş] əmirlərin ordugahına şəbxun yetirsin. Bu məqsədlə ordunun yaxınlığına gəlib; nağara döyəcləndi və surlar çalındı. Məhəmməd bəy Şirbəxt oğlu Talış və bəzi qorçilər o “yolunu azmışın” dəfinə rəvan oldular və onları (şəkililəri) məğlub edib, onun (Dərvişməhəmməd xanın) əksər adamlarının həyat paltarından lüt-üryan etdilər. Elə ki şirvanlılar Dərvişməhəmməd xanın imdadından məyus oldular»[2], təslim olmaq qərarına gəldilər.

3 sentyabrda Şirvanşahların sonuncu müqavimət ocağı – Gülüstan qalası da müqaviməti dayandırdı və bununla da Şirvanın Səfəvilər tərəfindən işğalı başa çatdı, Şirvanşah Şahrux isə Təbrizə aparıldı və 1539-cu ildə orada gizlincə edam edildi.

Şah Təhmasibin bacısı ilə evlənməsi (1539) Redaktə

Şirvanşahlar dövlətinin süqutundan dərhal sonra Səfəvilərin Şəkiyə hücum etməsi gözlənilən idi. Lakin bu hadisə baş vermədi. Əvəzində isə tarixi mənbələr Dərvişməhəmməd xanın 1539-cu ildə Səfəvilər xanədanı ilə qohumlaşmasından xəbər verir; Dərvişməhəmməd xan Şah Təhmasibin dul bacısı ilə, yəni mərhum Şirvanşah II Xəlilullahın arvadı olmuş Pərixan xanımla evlənir[3]. Çox güman ki, məhz bu evlənmə sayəsində qızılbaşların Şəkiyə gözlənilən hücumlarının qarşısı alınmış olur.

Əlqas mirzə ilə birlikdə Şah Təhmasibin yanına getməsi (1541) Redaktə

Şirvanşahlar dövlətinin süqutundan sonra Şah Təhmasib Şirvanın idarə edilməsi işini öz qardaşı Əlqas mirzəyə tapşırmışdı. Hadisələrin gedişatını izləyərkən görmək olur ki, Dərvişməhəmməd xan Əlqas mirzənin Şirvan valiliyinin ilk illərindən, ta son gününədək, yəni 1547-ci ilə qədər onunla olduqca yaxşı münasibətlərə malik imiş. O cümlədən, 1541-ci ildə Şah Təhmasib Ucan və Səhənd yaylaqlarında olarkən, Dərvişməhəmməd xan məhz Əlqas mirzə ilə birlikdə şahın yanına getmişdi və şah tərəfindən

«nəvaziş qazanaraq, öz vilayətlərinə qayıtmaq icazəsi aldılar»[4].

Arvadı Pərixan xanımın vəfat etməsi (1543) Redaktə

Dərvişməhəmməd xanın arvadı Pərixan xanım 1543-cü ildə dünyasını dəyişdi. Tarixi mənbələrdə Pərixan xanımın Salyandakı Xosrovabad qəsəbəsində “Şahzadə bəyim nəhri”nin, düyü, taxıl, pambıq əkilən sahələrinin və s. daşınmaz əmlakının olması göstərilir və həm də qeyd edilir ki, bunlar onun ölümündən sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsinə vəqf verilmişdir. Şah Təhmasib isə sevimli bacısının adını yaşatmaq üçün 1548-ci ildə doğulmuş qızının adını “Pərixan” qoymuşdur[5].

Qardaşı Şahnəzərin Dağıstanda öldürülməsi (1547) Redaktə

Əlqas mirzənin 1547-ci ildə başlatdığı Dağıstan yürüşündə isə Dərvişməhəmməd xanın qardaşı Şahnəzər iştirak etmişdi. Həsən bəy Rumlunun yazdığına görə, Əlqas

«Şəki hakimi Dərviş Məhəmməd xanın qardaşı Şahnəzəri bir dəstə mülazimlə qicdavul[qeyd 2] [təyin] etdi. Çərkəz camaatından bir dəstə ona rast gəldi. Şahnəzər ayağını möhkəm tutub şiddətli döyüş etdi. [Lakin] axırda çərkəzlərin nizə zərbəsi ilə atdan yıxılıb öldürüldü.»[6].

Oğlunu Şah Təhmasibin yanına göndərməsi və qızılbaşlar tərəfindən Şəkinin talan edilməsi (1548) Redaktə

Yuxarıda qeyd edilən döyüşdən az müddət sonra Əlqas mirzə öz qardaşı Şah Təhmasibin qoşunlarının təqibinə də məruz qalmış və Şirvandan qovulmuşdu; çünki, o, mərkəzi hakimiyyətə qarşı çıxmış, öz adına sikkə vurdurub xütbə oxutmaqla müstəqil hökmdar olmağa cəhd etmişdi.

Əlqas mirzənin adamları hələ bir müddət Dərbənd və Gülüstan qalalarına sığınaraq müqavimət göstərməkdə ikən, o, özü Kəfədən dəniz yolu ilə İstanbula getdi və Sultan Süleyman tərəfindən hörmətlə qarşılanaraq 1548-ci ildə Osmanlı İmperiyasının Səfəvilər dövlətinə qarşı növbəti yürüşündə iştirak etdi. Göstərilən ilin may ayının sonunda Sultan Süleyman və Əlqas mirzə əsgəri sayı 100 mindən az olmayan ordu ilə Təbrizə girdilər, amma 3-4 gündən sonra şəhəri tərk edib geri çəkildilər. Osmanlıların Azərbaycanda qərar tuta bilməməsinin əsas səbəbi isə bu idi ki, onların hədsiz-hesabsız ordusunun orada qalmasını əngəlləmək üçün Şah Təhmasibin göstərişi ilə əvvəlcədən, planlı şəkildə tədbirlər görülmüşdür. Məsələn, Osmanlı sərhədindən Təbrizə qədər su, ərzaq mənbələri və otlaqlar məhv edilmişdi və s.

Aydındır ki Osmanlıların geri çəkilməsindən sonra həmin əngəlliklər bu dəfə yerli əhali, o cümlədən Səfəvilər dövləti üçün ərzaq və yem qıtlığı demək idi.

Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki,

«Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın? Ya Gürcüstan hakiminin?) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı[7].) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və otuz min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib...»[8].

Bundan sonra isə Şah Təhmasib təkrarən “təşrif buyurmuş” qardaşını dəf etmək üçün qışlamanı yarımçıq qoyub öz ordusunu Qarabağdan çıxartdı. Tezliklə, Əlqas mirzə yaxalandı, Qəhqəhə qalasına salınıb ömürlük dustaq edildi və sonra elə oradaca dünyasını dəyişdi.

Şah Təhmasibin fərmanında adının hörmətlə çəkilməsi (1550) Redaktə

 
I Şah Təhmasib (miniatür)

1548-ci ildə, Şirvanşahlar xanədanından olan Bürhan Osmanlıların köməyi ilə Şirvanda əcdadlarının taxt-tacına yiyələnə bilmiş və iki ilə qədər səltənət sürdükdən sonra qızılbaşlarla toqquşma ərəfəsində öz əcəli ilə dünyasını dəyişmişdi. Şirvan Səfəvilər tərəfindən təkrarən tutulmuş və Abdulla xan Ustaclı bura bəylərbəyi təyin edilmişdi. Güman olunur ki eyni zamanda Şəki hakimi “Dərvişməhəmməd xan da Səfəvilərə tabe olduğunu bildirmişdir”[9].

1550-ci ilin sentyabr ayında Şah Təhmasib Şirvan ölkəsinin dini işlər üzrə sədrinin səlahiyyətlərinin Şəkiyə də şamil olunması barədə fərman verdi. Fərmanda Dərvişməhəmməd xanın adı kifayət qədər hörmətlə çəkilərək qeyd olunur ki,

«Oranın hakimi, idarəçilik pənahı, hökumət büsatlı, kəramətli, hakimlərin dayağı, hakimiyyət və səadətin günəşi Dərvişməhəmməd xan yazılmış qaydada qərar verildiyini bilərək o nəqiblik pənahını qüdrətləndirməyə və etibarlandırmağa çalışsın»[10].

Səfəvilərə müqavimət göstərməsi və “Gələsən-Görəsən” qalası yaxınlığında baş verən döyüşdə həlak olması[qeyd 3] Redaktə

1551-ci ilin yazında Şah Təhmasib Şəkiyə yürüşə başladı və böyük bir ordu ilə gəlib Ərəşə düşdü. Burada Kaxetiya hakimi Levan da öz dəstəsi ilə qızılbaşlara qoşuldu. İlk toqquşma çox güman ki Şəki ölkəsinin sərhədində baş verdi və Bədr xan ilə Şahqulu sultan Ustaclının başçılıq etdiyi qızılbaş dəstələri "Dərvişməhəmməd xanın qarovullarını" məğlub edərək “Əmir Yusif”, yaxud “Cövşən ağa” adlı[qeyd 4] Şəki sərkərdəsini əsir götürdülər və onu Şah Təhmasibin yanına göndərdilər.

Dərvişməhəmməd xan Kiş qalasının mühafizəsini əsir düşmüş Şəki sərkərdəsinin qardaşı Mahmud bəyə tapşırıb özü “Gələsən-Görəsən” qalasına sığındı. Şəki əhalisinin bir qismi isə bir dağın başında – “Sığnaq” deyilən yerdə, qərar tutdu.

Sunduk bəy Qorçibaşı, Bədr xan və Şahqulu sultanın başçılıq etdiyi qızılbaş dəstələri Kiş qalasına, Şahqulu Xəlifə möhürdarla bəzi qızılbaş əmirlərin başçılıq etdiyi dəstələr Sığnağa və Abdulla xan ilə Kaxet hakimi Levan xanın tabeliyində olan dəstələr isə “Gələsən-Görəsən” qalasına hücum etdilər.

Şəkililər inadla müqavimət göstərirdilər. Məsələn, Şahqulu xəlifə Zülqədər öz dəstəsi ilə Sığnağın yerləşdiyi dağa qalxmaq istəyərkən, əks tərəfdən açılan tüfəng atəşləri ilə geri otuzdurdu.

 
“Gələsən-Görəsən” qalasının cənub qapısının sağ və solundakı iki bürcü, 2012-ci il.

Qızılbaşlar döyüşə-döyüşə “Gələsən-Görəsən” qalasına yaxınlaşdılar, qala divarları yanında “sib”lər (barrikadalar) qurdular, qala divarlarına yaxından atəş açmaq üçün bir “firəng topu”nu[qeyd 5]bir dəstə ilə qala divarlarının lap yaxınlığına – dağa, qaldırdılar. Lakin birdən, gözləmədikləri halda qalanın qapısı açıldı, müdafiəçilərdən bir dəstə bayıra çıxıb topu yuxarı qaldıran qızılbaş dəstəsinə hücüm etdi və onlardan bir-neçəsini qətlə yetirib, (“firəng topu”nu da özləri ilə götürərək [qeyd 6].) tez-tələsik qalaya çəkildilər.

Kiş qalası da ciddi müqavimət göstərirdi. Həsən bəy Pənk oğlunun[qeyd 7] 1000 nəfərlik tüfəngçi dəstəsi 20 gün ərzində qalanın qərb tərəfində mövqe tutaraq qalaya atəş açırdı. Qalanın bürcünün hansısa bir dişində bir qaraltı görünən kimi, ora yüz tüfəngdən güllə atılırdı. Qalaya doğru atılan topların zərbəsindən və qala divarlarına tətbiq olunan badlicin (partlayıcının) təsirindən qalanın bir bürcünün divarının aşağısında böyük bir oyuq əmələ gəlmişdi və qızılbaşlar ora çur-çubuq yığıb od vurdular. Nəticədə bürc uçdu və ( bundan sonra – 16 may tarixdə[qeyd 8]) qalabəyi Mahmud bəy qaladan bayıra çıxıb qalanın qapılarının açarlarını Şah Təhmasibin vəkillərinə təqdim etdi. Şah Təhmasibin əmri ilə bu “istehkamın bürc və barıları yerlə yeksan edildi”.

Kiş qalasının təslim olması nəticəsində Şah Təhmasibin daha böyük qüvvə ilə Sığnağa hücum etməsi üçün şərait yarandı və o, doğrudan da daha çox qoşunla Sığnaq tərəfə hərəkət etdi. Səfəvi tarixçisinin təbirincə,

«Sığnaq adamları Kiş qalasının fəthindən xəbərdar olan kimi, dəstə-dəstə Şah aləm pənahın dərgahına gəldilər»[11].

Kiş qalası ilə Sığnaq müdafiəçiləri təslim olandan sonra isə Dərvişməhəmməd xan gecə 400 nəfərlə “Gələsən-Görəsən” qalasından çıxıb qalanı mühasirə edənlərlə vuruşmağa başladı. Bu “Gələsən-Görəsən” qalasından edilən növbəti şəbxun idimi? Ya Dərvişməhəmməd xan qızılbaşların tezliklə daha böyük qüvvə ilə “Gələsən-Görəsən”ə hücum edəcəyini və bu halda da qalanın müdafiəsinin daha da çətin olacağını nəzərə alıb, gecəliklə mühasirəni yararaq qalanı vaxtında tərk etmək istəmişdi? Qızılbaş mənbəsində birmənalı olaraq Dərvişməhəmməd xanın 400 nəfərlə qaladan qaçmağa cəhd etməsi vurğulanır və həm də qeyd edilir ki həmin 400 nəfərdən 250-i qızılbaşlar tərəfindən qətlə yetirilmiş, o cümlədən, Çərəndab sultanın mülazimi Kosa Pirqulu Dərvişməhəmməd xanı öldürərək, başını kəsib Şah Təhmasibin yanına gətirmişdi. Eyni mənbədə Şah Təhmasibin öz yanında saxladığı Kiş qalasının sabiq qalabəyisi Mahmud bəyin “əsassız şübhəyə düşərək” qaçması da göstərilir və mümkündür ki “Gələsən-Görəsən”dən edilən son hücum zamanı qızılbaş ordusunda qarma-qarışıqlıq yaranmış, məhz bu zaman isə Mahmud bəy fürsətdən istifadə edərək aradan çıxa bilmişdir.

Ölümündən sonra Redaktə

Həsən bəy Rumlu yazır ki, Dərvişməhəmməd xanın öldürülməsindən sonra Şah Təhmasib Şəkidə öz adına sikkə vurdurub[qeyd 9] xütbə oxutdurdu, Şəki ölkəsi Səfəvilər dövlətinin bir subyekti oldu və buranın idarə edilməsi Toygün bəy Qacara tapşırıldı[12].

19-cu əsrə aid Şəkinin yerli mənbəsinə görə Dərvişməhəmməd xanın öldürülməsindən sonra

«Şəki xəlayiqi də istiman (aman istəmək) edib. Şah əfv eləyib, buyruq veribdir, hər kəsə gəlib məqamında sakin olublar. Dərvişməhəmməd xanın oğlu Baği bəy də şah hüzuruna gəlib, şah öldürməyibsə də, xanlıq hökumətini də Bağı bəyə verməyib»[13].

Şah Təhmasib Sultan Süleymana göndərdiyi bir fəthnamədə isə bu qələbəsini belə şərh etmişdi:

«Cümlə fəthlərin təzəsi Şəkinin istilasıdır ki o yerin valisi ki... Xeybər qalaları kimi qalalara sığınmış idi, qala topunun ... badlic və tüfəng zərbəsinə onların qalasını yerlə yeksan etdirdik ... (və Dərvişməhəmməd xan) iti qılınc zərbəsi ilə qətlə yetirildi»[qeyd 10].

İstinadlar Redaktə

Qeydlər Redaktə

  1. Digər bir mənbədə, Dərvişməhəmməd xanın atasından bəhs edilərkən göstərilir ki, «Həsən bəy ki özünün ata-babası o yerdə (Şəkidə) hakim idi və şirvanşah şəcərəsindəndir»; bax: (اسکندر بیگ ترکمان, ١٣٣٣, s. 82).
  2. Qicdavul – ordunun arxasını mühafizə edən dəstə mənasındadır.
  3. Burada yazılanlar, əsasən, Həsən Rumlunun “Əhsənüt-təvarix”indəki “...Şah din pənahın Şəki tərəfə üz tutması və Dərvişməhəmməd xanın öldürülməsi” adlı bəhsin xülasəsidir; bax: (Hasan-i-Rumlu, 1931, s. 348-351).
  4.  
     
     
    Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan XVI əsrin ikinci yarısına aid əlyazma nüsxəsi – Şah Təhmasibin Şəkiyə yürüşü haqqında bəhsin ilk səhifələri. “Yusif” və “Cövşən” adları Şəki Ensiklopediyası tərəfindən əlyazmanın mətni üzərində qırmızı oxla işarələnmişdir; həmçinin, sağ tərəfdə – alt-alta, hər iki adın mətndəki yazılış forması böyüdülmüş şəkildə göstərilir.
    • Mənbədə “Əmir Yusif” kimi yazılıb, lakın bir qədər sonra həm də qeyd olunub ki, «Dərvişməhəmməd xan Cövşən ağanın qardaşı Mahmud bəyi Kiş qalasının mühafizətinə qoydu»; sual ortaya çıxır, hansı Cövşən ağanı? Axı mətndə Cövşən ağanın adı daha əvvəl heç çəkilməyib?! Lakin diqqət yetirdikdə ki ərəb əlifbası ilə “Cövşən” və “Yusif” adlarının yazılışı bir birinə çox bənzəyir, o zaman nəticə çıxara bilərik ki, mümkündür ki mətndə texniki səhvə yol verilib və mənbədə “Cövşən” və “Yusif” adı ilə təqdim olunan iki ayrı-ayrı şəxs əslində eyni adamdır.
  5. Şah Təhmasib 1549-cu ildə Portuqaliyadan 20 top alınmışdı (Bax: (Fərzəlibəyli Ş., 1995, s. 135)).
  6. Bu mətndə yoxdur, Şəki Ensiklopediyası tərəfindən əlavə edilib. Mətndə şəkililərin tələsik qalaya dönməsindən sonra «qazilər top da yuxarı sürüyüb aparmış idilər» yazılır. Hara qaldırırlar, axı top yuxarıda idi? Mətndə: «وشجاعت پیشگان سربازى از سرگرفتند و ازجانب فراز ونشيب توب وتفنگ صاعد وهابط گرديد فوجى از مخالفان بيرون آمدند و ݼند نفر ازملازمان امرا بقتل آوردند و بتعجيل تمام باز گشته بحصار شتافتند وغازيان توب نيز بلا برده بودند واز قازقانهاى كوه سيما وسنگهاى توب از بلاى ان قلهه آسمان سا بمقتضاى وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ (surə:16, ayə: 74 ) .ظاهر مى شد» Namiq Musalının tərcüməsində: «Peşəsi şücaət olanlar fədakarlıq göstərdilər. Aşağıdan və yuxarıdan top və tüfəng atıldı. Müxaliflərin bir dəstəsi [Kiş qalasından] çıxaraq əmirlərin mülazimlərindən bir neçə nəfəri qətlə yetirdilər və tam təcili şəkildə geri dönüb qalaya tələsdilər. Qazilər topu yuxarı çəkib aparmışdılar və “Üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq” [ayəsinin] zərurətinə uyğun olaraq, o asimana bənzər qalanın başında dağ görkəmli qazanlar və top daşları (mərmiləri) zahir olurdu ((Həsən bəy Rumlu, 2017, s. 552-553))». Uyğunsuzluq isə budur: Şəkililər bir neçə qızılbaşı qətlə yetirib qalaya dönən kimi, yazılır «qızılbaşlar topu yuxarı sürüyüb aparmış idilər». Nəyə görə keçmiş zamanda? “Budənd” sözünü işlətməyə nə ehtiyac vardı? Mümkündür ki mətndə «قازقان» əvəzinə səhvən, «غازيان» gedib, ya da «غازيان» və «توب» sözlərinin yeri dəyişik düşüb. Başqa sözlə, «قازقان» sözünü «غازيان» kimi oxusaq məna «top qazanlarını da yuxarı sürüyüb aparmış idilər» şəklində, «غازيان» və «توب» sözlərinin yerini dəyişsək, məna «qazilərin topunu da yuxarı sürüyüb aparmış idilər» şəklində dəyişəcək və hər iki halda məntiqsizlik tam aradan qalxa bilər. Bunun ardınca mənbədə «o qaladan dağ boyda qazanlar və top daşları» ilə atəş açılmasından bəhs edilir, heç bir şübhə qalmır ki qızılbaşların firəng topu şəkililərin əlinə keçmiş, sonra onların özlərinə qarşı istifadə olunmuşdu. Və heç bir şübhə yoxdur ki, qaladan bayıra çıxan dəstənin missiyası qızılbaşların firəng topunu ələ keçirmək olub və istədiklərini əldə edə biliblər, istədiklərini əldə edən kimi də “tamam təcili” qalaya qayıdıblar.
  7. “Xülasətül təvarix”də “Həsən bəy Fəth oğlu Ustaclı”; bax: (Şükufə Məmmədova, 1991, s. 82).
  8. Bu tarix yalnız Qazi Əhməd Quminin “Xülasətül-Təvarix”ində qeyd olunur, amma istinad edilən mənbədə həmin məqamda Kiş qalası əvəzinə “Gələsən-Görəsən” qalasının adı çəkilmişdir; bax: (Şükufə Məmmədova, 1991, s. 82).
  9. Amma numizmatikada hələlik, nəinki Şah Təhmasıbın adından, hətta hansısa bir Səfəvi şahının adından Şəkidə kəsilmiş bircə nümumunə belə məlum deyil.
  10. Amma məktubun sonunda yazılma tarixi hicri 957-ci ilin səfər ayı (1550-ci ilin fevral ayı) kimi göstərilir. Elmi-tənqidi mətni nəşrə hazırlayan Ə.Nəvainin fikrincə bu tarix səhih deyil, o, güman edir ki daha doğru tarix hicri 961-ci ilin səfər (miladi 1554-cü ilin yanvar) ayı ola bilər; bax: (Shāh Ṭahmāsb Ṣafavī, 1971 (١٣٥٠), s. 237; qeyd 4).

Ədəbiyyat Redaktə

  1. Musalı N.S. “Cahangüşayi xaqan-i sahibqiran” əsərində Şəki tarixinə aid məlumatlar (azərb.) // “Şəkinin səsi” qəzeti. — Şəki, 2009. — № 3 (436).
  2. Hasan-i-Rumlu. Ahsanu’t-Tawarikh = حسن‌التواریخ / Oriental Institute. — A Chronicle of the early Safawis. — Baroda, 1931.
  3. ʿAbd al-Ḥusayn Navāʾī Shāh Ṭahmāsb Ṣafavī : majmūʿah-i asnād va mukātabāt-i tārīkhī hamrāh bā yādʹdāshtʹhā-yi tafz̤īlī = شاه طهماسب صفوی : مجموعه اسناد و مکاتبات تاريخی همراه با ياد‌داشتهای تفضيلی / به اهتمام عبد الحسين نوائی. — 1971 (١٣٥٠)
  4. Musəvi T. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. — Bakı, 1977.
  5. Hacı Seyid Əbdülhəmid Şəki xanlığının tarixindən. — Bakı, 1993.
  6. اسکندر بیگ ترکمان تاريخ عالم آراي عباسي. — تهران, ١٣٣٣. — I  cild.
  7. Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı İmperiyası. — Bakı, 1995.
  8. Həsən bəy Rumlu. Əhsənüt-təvarix. — Kasamonu, 2017. — Səhifələrin sayı:  661. — ISBN 978-605-030-641-5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 aprel 2023.
  9. Məmmədova Ş. Xülasət ət-təvarix Azərbaycan Tarixinin mənbəyi kimi. — Bakı, 1991.
  10. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi Təkmilətül-əxbar. — Bakı, 1996.
  11. .