Fətəli xan

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni '{{ilkin mənbələr}} {{Dövlət xadimi | adı = | orijinal adı = Fətəli xan | şəkil = Fətəli xan (...' ilə yarat) tərəfindən edilmiş 16:04, 19 iyun 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Şablon:İlkin mənbələr

Fətəli xan
Fətəli xan
Fayl:Fətəli xan (Şəki xanı).jpg
Şəki şəhəri, Şəki Xan qəbiristanlığı, Fətəli xanın qəbri üstündəki başdaşı
Şəki xanı
ən geci 28 yanvar 1805-ci il — ən geci 25 fevral 1805-ci il
Sələfi Məhəmmədhəsən xan
Xələfi Səlim xan
Şəxsi məlumatlar
Vəfat tarixi 12 may 1815(1815-05-12)
Vəfat yeri Nuxa
Dəfn yeri Şəki xan qəbiristanlığı
Dini İslam, sünni
Atası Məhəmmədhüseyn xan
Həyat yoldaşı qubalı Xurşid xanım[1]
Uşağı Kərim ağa Şəkixanov

Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb.

Haqqında

1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir,

"yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür."[2].

Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur.

Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki,

"Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır. Ərəş sultanı Məlik Əlinin oğlanları o vaxtda Ərəşdə böyük və sikkəli və güclü bəylərmiş ki, Fətəli xanın anasının qardaşlarıdır; Məhəmmədhəsən xan , Fətəli xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın istəgi (istəkli) oğlu olmaq səbəbindən ehtiyat elər ki, bəlkə xarab eləyə, tutub Fətəli xanın gözlərin çıxarıb, özü də evində dustaq elər."[3].

1795-ci ilin sonunda isə İran şahı Ağa Məhəmməd şah Qacarın göstərişi ilə Məhəmmədhəsən xanın özünün gözləri çıxardılır, onun özünü dustaq edirlər və İrana göndərirlər. Bu fürsətdən isə Məhəmmədhəsən xan digər qardaşı Səlim xan yararlanır, necə ki o, xan olması üçün daha əvvəldən qardaşı ilə vuruşurdu, hadisədən xəbərdar olan kimi, bir dəstə ilə gəlib Şəkini tutur və özünü xan elan edir. Məhəmmədhəsən xan isə yalnız 2 ildən sonra İrandan qayıda bilir və xanlığı qardaşı Səlim xanın əlindən geri alır.

Bundan 8 il sonra - 1805-ci ildə, Səlim xan Şamaxı xanı Mustafa xanın köməyi ilə qardaşı Məhəmmədhəsən xanı devirmək və təkrarən Şəki xanı olmaq fikrinə düşür. Mustafa xan isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi. Rus polkovniki Karyagin tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raporta əsasən, raport yazılan vaxtdan bir müddət əvvəl,

Mustafa xan guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi, Şirvan ordusu ilə Şəki xanlığının sərhədlərinə doğru hərəkət edib. Məhəmmədhəsən xan da Şəki ordusunu götürüb vuruşmaq əzmiylə əvvəl Mustafa xanın qarşısına - vuruşmağa, gedib, lakin sonda, vuruşmaq fikrindən vaz keçib, ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan Məhəmmədhəsən xanı əsir kimi Şamaxıya göndərib, Səlim xana isə deyib ki ona inanmır, bu şərtlə onu Şəkidə xan edə bilər ki, oğlunu və qızını əvvəlcə "əmanət" kimi ona versin. Səlim xan o saat Mustafa xanın tələbini yerinə yetirib. Amma Mustafa xan ürəyində istəyirmiş ki Şəki xanlığını özü ələ keçirsin və buna görə də öz naiblərini gizlincə Nuxa şəhərinə göndəribmiş ki şəhəri idarə etsinlər və Məhəmmədhəsən xanın adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi, naiblərin göndərilməsi barədə Nuxadakı kor qardaşı Fətəli ağaya xəbər ötürə bilib. Nuxa adamları ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. Mustafa xan nuxalıların seçimi ilə razılaşmağa məcbur olub və yeni Şəki xanı seçilmiş Fətəli xana məktub yazıb oğlunu "əmanət" kimi Şamaxıya göndərəcəyi təqdirdə onu Şəki xanı kimi tanıyacağını bildirib. Fətəli xan həmin saat oğlunu Mustafa xanın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu Şəkidə xan edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki əvəzində ona Şirvanda yaxşı bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin Mustafa xanın yanından ayrılan kimi, birbaşa Nuxaya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən Şəki xanı kimi qəbul olunub[4][5].

Lakin raportda yazılanların əksinə olaraq, bu hadisələr heç də 1-2 gün ərzində baş verməmişdir. Belə ki Fətəli xanın oğlu Kərim ağa Şəkixanovun yazdığına görə onun atası "iki-üç ay" xanlıq etmişdir. Səlim xan isə Nuxaya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı Nuxa qalasını qoruyan bəylərin Fətəli xana xəyanəti nəticəsində xəlvəti qalaya daxil olmuşdu[6]!

Dəqiqi isə budur ki, Knyaz Sisianov, Səlim xana yazdığı 28 yanvar[7] 1805-ci il tarixli məktubunda Mustafa xanın Nuxaya öz naiblərini göndərməsi, Şəki xanlığını Səlim xana vermək istəməməsi, Fətəli xanın Şəkidə xan olması barədə yayılan şayiələrdən təəssüfləndiyini və bu şayiələrin doğru olmaması üçün dua etdiyini[8], növbəti - 25 fevral[9] 1805-ci il tarixli məktubunda isə Səlim xanın yenidən Şəkdə xan olmasına görə sevindiyini və bu münasibətlə onu təbrik etdiyini bildirmişdir[10]. Buna görə də güman etmək mümkündür ki, bu hadisələr, o cümlədən Fətəli xanın xanlıq etdiyi dövr, raportda təsvir edildiyi kimi heç də 1-2 günə başa çatmadığı kimi, bu, Kərim ağa Şəkixanovun yazdığı kimi 2-3 ay da yox, olsa-olsa, cəmi 1 ay davam etmişdir.

Fətəli xan Şəki xanlığının siyasi həyatında bir daha 1806-cı ilin noyabrında - amma yenə də cəmi 1 ay, əsas şəxslərdən biri olmuşdur. Belə ki 1806-cı ilin 4 noyabrında rus qoşunları Nuxanı tutduqdan sonra əhalinin xahişinə uyğun olaraq xanlığın idarəsi Fətəli xan ilə Məmməd adlı bir bəydən ibarət ikinəfərlik şuraya verilmişdi. Lakin Cənubi Qafqazdakı rus qoşunlarının Tiflisdə oturan baş komandanı Qraf Qudoviç dekabr ayında, keçmiş Xoy xanı Cəfərqulu xanı - hansı ki Tiflisdə elə öz yanında idi, məhz ona Şəki xanı olmağı təklif etmiş və onu Şəki xanı etmişdir[11].

Bəzi mənbələrə, o cümlədən, Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazdığına görə, 1806-cı ilin 4 noyabrında rus qoşunları Nuxanı tutduqdan sonra Cəfərqulu xanın Şəki xanı təyin edilməsinədək olan müddətdə, guya Fətəli xan Şəki xanı olmuşdur[12]?! - amma yuxarıda qeyd edildiyi kimi, bu doğru deyil, Fətəli xan 1806-cı ilin noyabr ayından həmin il dekabrın ortalarına qədər olsa-olsa yalnız idarə şurasının iki üzvündən biri idi. Hətta o vaxt Cənubi Qafqazdakı rus qoşunlarının Tiflisdə oturan baş komandanı Qraf Qudoviç Şəki xanlığındakı rus generalı Nebolsinə məsləhət görmüşdür ki, şuraya daha 2 bəyi əlavə etsin, lakin generalı Nebolsin cavabında buna ehtiyac olmadığını bildirmiş və həm də qeyd etmişdir ki, aparıcı bəylərin hamısı Səlim xanın qohumlarıdır, ona görə də onları şuraya yaxın buraxmaq olmaz. Fətəli xan isə həm Məhəmmədhəsən xanın və həm də Səlim xanın qardaşı olsa da, hər ikisindən zəhləsi gedir, - birincisi onu kor etdirmiş, ikincisi isə xan ola-ola onun gündəlik yeməyini belə könülsüz vermişdi, yəni heç vermək istəmirmiş[13].

İstinadlar

Şablon:İstinad stili

  1. Daha əvvəl Hacı Əbdülqadir xanın arvadı olub.
  2. Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.
  3. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 13.
  4. Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том IV, С.-Петербург, 1886, стр.: 426-427.
  5. Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 643, №1291.
  6. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 15..
  7. Məktubda tarix Yuli təqvimi ilə göstərilir: 16 yanvar.
  8. Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 642, 1288.
  9. Məktubda tarix Yuli təqvimi ilə göstərilir: 13 fevral.
  10. Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр. 642, 1289.
  11. Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том V, С.-Петербург, 1887, стр.: 90.
  12. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh. 15.
  13. Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том V, С.-Петербург, 1887, стр.: 88.

Həmçinin bax

Xarici keçidlər

Şablon:Azərbaycan xanları