Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məhəmmədhüseyn xan

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:17, 4 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Haqqında məlumatlar

Hacı Çələbi xanın nəvəsidir. Atası Həsən ağa isə hələ Hacı Çələbi xanın sağlığında, bir döyüşdə həlak olmuşdur.

1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəkidə hakimiyyətə keçdi. Lakin 4 il sonra o, Ərəşdə Qazıqumuxlu Məhəmməd xan tərəfindən sui-qəsdlə öldürüldü. Bundan sonra Məhəmməd xan Nuxanı da tutdu. Lakin bu hadisələr vaxtı Nuxanı tərk etmiş Məhəmmədhüseyn xan, Məhəmməd xanın Nuxaya daxil olmasının 40-cı günü qonşu xanların hərbi yardımı ilə Nuxanı Məhəmməd xandan geri aldı və özünü Şəki xanı elan etdi.

Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldütdürdü. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza qaçdı (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbarahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün...

1780-cı ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gizlincə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki Şəkixanovların evi olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərir; oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Amma sonda yaralanaraq təslim olmağa məcbur olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir.

Digər

Məhəmmədhüseyn xanın sifarişi ilə 1765/1766-сı ildə (hicri 1179) indiki Şəkixanovların evi, 1769/1770-ci ildə (hicri 1183) indiki Xan məscidi tikilmişdir.

Məhəmmədhüseyn xan “Müşaqi” ədəbi təxəllüsü ilə şeirlər yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır.

Məhəmmədhüseyn xanın ölümü münasibəti ilə Molla Vəli Vidadi “Müsibətnamə” adlı məşhur müxəmməsini qələmə almışdır.

Salman Mümtaz Məhəmmədhüseyn xanın özü tikdirdiyi məscidin – Xan məscidinin mehrabı içində dəfn edildiyini göstərib;

2021-ci il iyul ayının 3-də həmin yerdə onun qəbri açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.

Ədəbiyyat

  1. Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
  2. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  3. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
  4. Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti. http://www.tarix.shaki.info. Şəki tarixi. Arxivləşdirilib (12 may 2021).