Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Məmməd Cuvarlinski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmməd Cuvarlinski
Cuvarlinski Məmməd İsmayıl oğlu
Məmməd Cuvarlinski.png
Məmməd Cuvarlinski.
bayraqAzərbaycan KP Nuxa şəhər Komitəsinin birinci katibibayraq
1935 — 1937
bayraqAzərbaycan SSR-nin maarif komissarıbayraq
1934 — 1935
Xələfi Müseyib Şahbazov
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1902(1902-04-08)
Doğum yeri Cuvarlı, Karyagin qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 13 oktyabr 1937 (35 yaşında)

Məmməd Cuvarlinski (1902–1937) — Azərbaycan sovet partiya və dövlət xadimi və pedaqoq. Müxtəlif illərdə Azərbaycan SSR Maarif komissarı, Azərbaycan KP Nuxa şəhər Komitəsinin birinci katibi və s. digər məsul vəzifələrdə çalışmışdır. 1937-ci ildə Stalin repressiyasına məruz qalmış və güllələnmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında onun barəsində 1937-ci ildə verilmiş hökm ləğv edilib və cinayət tərkibi olmadığı üçün həmin iş xətm olunub.

Haqqında məlumatlar

8 aprel 1902-ci il tarixdə Karyagin qəzasının Cuvarlı kəndində, kasıb bir ailədə anadan olub.

Təhsili

1911-ci ildə ikisinifli Cuvarlı kənd məktəbində,

1916-cı ildə isə Yelizavetpol (indiki Gəncə) əmək məktəbində təhsil almağa başlasa da, hər ikisində az müddətdən sonra təhsilini yarımçıq buraxıb.

1921-ci ildən sonra əvvəl Bakıda – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin sovet partiya məktəbini, sonra pedaqoji texnikumu və Moskvada – ÜK(b)P MK yanındakı partiya işçiləri hazırlayan kursu bitirib.

Əmək fəaliyyəti

1916-cı ildən sonra bir müddət əvvəlcə Yelizavetpol şəhər idarəsində, sonra isə Yelizavetpol quberniya komissarlığında gözətçi,

1920-ci ildə əvvəl Karyagin Qəza İnqilab Komitəsində təlimatçı, daha sonra təbliğat-təşviqat şöbəsinin rəhbəri,

1926 – 1929-cu illərdə əvvəl Azərbaycan KP Gəncə qəza komitəsində, sonra isə Azərbaycan KP Quba dairə komitəsində təşkilat şöbəsinin müdiri,

1930-cu ildən Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin məsul katibi, sonra Azərbaycan KP Sabirabad Rayon Partiya Komitəsinin katibi, daha sonra Azərbaycan SSR Dövlət Plan Komitəsinin bölmə rəisi, Azərbaycan K(b)P MK-nın sovet ticarəti şöbəsi müdirinin müavini,

1934 – 1935-ci illərdə Azərbaycan SSR maarif komissarı,

1935 – 1937-ci illərdə Azərbaycan K(b)P MK Nuxa şəhər komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti

1932 – 1934-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun sosialist təsərrüfatı nəzəriyyəsi kafedrasının müdiri olub.

Həbsi və güllələnməsi

1937-ci il martın 19-da Azərbaycan K(b)P MK-nın plenumu Mircəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, martın 20-də isə partiya işindən xaric edib. Məmməd Cuvarlinski şikayət üçün Moskvaya gedib, lakın iyunun 25-də Moskvada həbs edilərək Azərbaycana gətirilib.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası bağlı məhkəmə iclası keçirərək Məmməd Cuvarlinskini ən ağır cəzaya – güllələnmə cəzasına məhkum edib. 1937-ci il oktyabrın 13-də ölüm hökmü yerinə yetirilib.

Bəraət alması

17 iyun 1955-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına Məmməd İsmayıl oğlu Cuvarlinskinin işi üzrə verilən hökmün dəyişdirilməsi barədə qərar təqdim edilmişdir. Qərarda deyilirdi ki, M.Cuvarlinskinin həbsi tamamilə əsassız olmuş, onun haqqında qaldırılan iş uydurma materiallardan düzəldilmişdir. Həmin il avqustun 3-də kollegiya 1937-ci il oktyabrın 12-də verilmiş hökmü ləğv etmiş və cinayət tərkibi olmadığı üçün iş xətm olunmuşdur.

Ədəbiyyat

  1. Azərbaycanın təhsil nazirləri : [arx. 18.09.2017] // Azərbaycan müəllimi. — 2011. — 29 iyul. — Müraciət tarixi: 13.10.2021.
  2. Əliyeva İ. Uydurulmuş cinayətin amansız cəzası // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2012. — В. 16 sentyabr. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 14 avqust 2020.
  3. Джуварлинский Мамед Исмаил огли : [arx. 13.10.2021] : [rus.] // Сталинские расстрельные списки. — Müraciət tarixi: 13.10.2021.