Nəsib Muxtarov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:34, 6 iyun 2021 tarixli redaktə
Nəsib Muxtarov
Muxtarov Nəsib Mirsaleh oğlu
Nəsib Muxtarov
Nəsib Muxtarov
Doğum tarixi 3 oktyabr 1951(1951-10-03)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 yanvar 2019 (67 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
İş yeri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupu, baş elmi işçi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi 1974 – 1979

Nəsib Muxtarov (1951–2019) — tanınmış arxeoloq, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisi. Şəki rayonun Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, Azərbaycan şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub.

Haqqında məlumatlar

3 oktyabr 1951-ci il tarixdə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

1968-ci ildə Nuxa şəhər 11 saylı orta məktəbini bitirib.

1968-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub, lakin sonradan təhsilini davam etdirməyib.

1974 – 1979-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əyani təhsil alıb.

Əmək fəaliyyəti

1971 – 1974-cü illərdə Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə,

1979-cu ildən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində əvvəl baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru,

1982-ci ildən Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi,

1990-cı ildən isə Azərbaycan SSR EA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya və folklor qrupunun baş elmi işçisi vəzifəsində çalışıb.

Elmi-arxeoloji fəaliyyəti

1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edib.

Azərbaycanın şimal-şərq bölgəsində aparılmış arxeoloji tədqiqatlar barədə çoxsaylı elmi məqalələrin, “Qalayeri-daş” monoqrafiyasının müəllifidir.

Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar etmiş, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır.

Digər

1970 – 1971-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.

Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradıb. Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilib. Nəsib Muxtarov “Ocaq” ədəbi-ictimai birliyinin yaradıcılarından biri olmaqla yanaşı, 1984-cü ildən həmin birliyin sədri olub.

1990-cı ildə 328 nömrəli Aşağı Göynük seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

2015-ci il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs – 2015” mükafatının təqdimat mərasimində xüsusi diplomla təltif edilmişdir[1].

Vəfatı

25 yanvar 2019-cu il tarixdə – 68 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

İstinadlar

  1. ""Milli irs-2015" mükafatının təqdimat mərasimi olub". http://azertag.az (azərb.). AZƏRTAC. 17.04.2015 [21:48]. 19 Apr 2015 - 16 Sep 2020 tarixində arxivləşdirilib.

İstifadə edilmiş mənbələr

Xarici keçidlər

  • Şəkillər: 1, 2,3.

Şablon:Yaxşı məqalə