Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəşid bəy Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:21, 24 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəşid bəy Əfəndiyev
Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu
Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyev
Doğum tarixi 24 may 1863(1863-05-24)
Doğum yeri Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfatı 31 avqust 1942 (79 yaşında)
Vəfat yeri [Nuxa]], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Nuxa qəza məktəbi, Zaqafqaziya Müəllimlər Seminariyası
Əsərlərinin dili azərbaycanca
Janr Dramaturgiya, həkayə
İlk əsəri “Qan ocağı” pyesi

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu d.  24 may 1863-cü il – ö.  31 avqust 1942-ci il) — azərbaycanlı etnoqraf, pedaqoq, yazıçı və dramaturq.

Haqqında məlumatlar

1863-cü ildə Nuxa şəhərində anadan olub.

Təhsili

1870-ci ildə mollaxanada təhsil almağa başlayıb.

1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində təhsilini rus dilində davam etdirib.

1878-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinə daxil olub.

1871-ci ildə – seminariyanın üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.

Tələbəlik illərində klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyil oyadıb.

İş yerləri

Qutqaşen ibtidai xalq məktəbində başlamışdı. O, burada müdir işlədiyi, həm də dərs dediyi səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanırdı. Məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrədir, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı.

O, Azərbaycan məktəblərində tədrisin dövrün tələblərinə uyğun olmasını istəyirdi. Bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxırdı. Rəşid bəy Əfəndiyev yazırdı: “...Mən anladım ki, köhnə məktəb dağılmalıdır. Bu isə yalnız Uşinskinin yeni üsulla olan dərs kitabları kimi öz məktəbimiz üçün ana dilində dərs kitabları tərtib etməklə mümkündür”. Şərəfli tarixi keçmişə, zəngin mədəni irsə, adət-ənənəyə malik olan xalqın cəhalət və dini xurafat məngənəsində ağır həyatı onu sıxırdı. O, çıxış yolunu elmi biliklərin, maarif və mədəniyyətin yayılmasında, xalqın özünü dərk etməsində, öz gücünə və gələcəyinə inamında görürdü.

Rəşid bəy Əfəndiyevin bütün bilik və bacarığını xalqın maariflənməsi işinə, elmi və ədəbi yaradıcılığa həsr etməsi məhz bu böyük vətəndaşlıq duyğuları ilə bağlı idi. Rəşid bəy Əfəndiyev müəllimlik fəaliyyətinə başladığı ilk illərdən ömrünün axırınadək xalqın tarixini, maddi-mənəvi dəyərlərini, adət-ənənəsini, mədəniyyətini öyrənir, dövri mətbuatda elmi məqalələrlə çıxış edirdi.

Rəşid bəy Əfəndiyev 1888-1890-cı illərdə Nuxa bölgəsi ətrafında — Xaçmaz kəndində yeni üsuli-cədid məktəbi yaradır, orada ana dilini və rus dilini tədris edir. 1892-ci ildə onu Tiflis şəhərindəki müsəlman məktəbinə müəllim vəzifəsinə göndərirlər. O, müəllimliklə yanaşı, həm də Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini və müftinin “Ömər məktəbi”ndə müəllim işləyir.

Tiflis ictimai mühiti onun dünyagörüşündə ciddi təbəddülat yaradır. O, burada M.F.Axundzadənin “təmsilatı”, A.Bakıxanovun, Mirzə Şəfinin ədəbi irsi ilə yaxından tanış olur.

Rəşid bəy Əfəndiyev Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsilini davam etdirir. Bundan sonra məktəblərdə dərs vəsaitinə olan ehtiyacı aradan qaldırmaq üçün ana dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyir. Artıq onun on il müəllimlik təcrübəsi və xeyli material toplanması buna imkan yaradırdı. Rəşid bəy Əfəndiyev öz tərcümeyi-halında yazırdı: “Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım”.

Böyük rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə dahi rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin milli məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratdı. Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etdi.

Rəşid bəy Əfəndiyev “Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirir. O, ikinci dərsliyin “Bəsirət-ül-Ətfal” ədəbiyyat dərsliyinin üzərində böyük həvəslə çalışmağa başlayır.

“Bəsirət-ül-Ətfal” məktəblilər üçün ədəbiyyat kitabı olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya və sairə məsələlər onu məktəb uşaqlarının ensiklopedik məlumat kitabı kimi səciyyələndirir.

Rəşid bəy Əfəndiyevin pedaqoji fikirlərində ana dili təlimi, qadın təhsili, ailə-məişət problemi, əmək vərdişi, vətənpərvərlik ilə yanaşı, elmi biliklərin təlqini başlıca yer tuturdu. Rəşid bəy Əfəndiyev “Elm tükənməz xəzinədir” məqaləsində elmin böyük fəzilətindən, qüdrətindən danışır. O yazır: “...bizim əsrimizdə elmin qədir və qiyməti hər şeydən alidir. Çünki əvvəldən elm bu halda puldan və parçadan zəngin, topdan və tüfəngdən ötgün, xəncərdən və qılıncdan kəskindir”. O, həmkarlarına kamil insan tərbiyə etmək üçün uşağın fiziki, əqli və əxlaqi tərbiyəsinə diqqət yetirməyi məsləhət gördü.

Nəhayət, “Bəsirət-ül-Ətfal” ədəbi qiraət kitabı 1901-ci ildə Bakıda iki min nüsxə nəşr edilir, İrəvan Quberniyasında, bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris olunur.

1900-1916-cı illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında müəllim işləyən Rəşid bəy Əfəndiyev çoxcəhətli fəaliyyəti ilə diqqəti cəlb edir. Onun dərsdənkənar təşkil etdiyi ədəbiyyat dərnəyi və teatr truppası seminariyada canlanma yaradır.

Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilir, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunurdu. Azərbaycan və rus dillərində teatr tamaşaları göstərilirdi. Bütün bu tədbirlər Rəşid bəy Əfəndiyevin ədəbi yaradıcılığının yeni mərhələsinə təsadüf edir.

O, gənclərin zamanla ayaqlaşması, açıq fikirli və mübariz olması üçün yazdığı didaktik, nəsihətamiz hekayələrində vətənə, ana dilinə, təbiətə məhəbbət, işgüzarlıq, xeyirxahlıq, dostluq duyğuları aşılayırdı. Bu dövrdə Rəşid bəy Əfəndiyev M.F.Axundovun komediyalarının təsiri altında yazdığı dram əsərlərinə (“Qan ocağı”, “Tiflis səfərləri”, “Saqqalın kəraməti”, “Qonşu qonşu olsa kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telinin qiyməti”, “Qızıl gül”) kütləvi tərbiyə məktəbi mövqeyindən yanaşırdı. O, feodal cəmiyyəti təsisatının dağılması şəraitində hələ də hökm sürən ətalət, cəhalət və fanatizmin “qaranlığını” yox etməyin, xalqı qəflətdən ayıltmağın yolunu maarifçilik məşəlinin gur şəfəqlərinin aləmi nura qərq etməsində görürdü. Ona görə də elm və maarif xadimi kimi ölkədə məktəb və teatr şəbəkələrinin yaranması, tədris-tərbiyə işinin dövrün tələbinə uyğun təşkili, həmvətənlərinin maariflənməsi qayğısına qalırdı.

Rəşid bəy Əfəndiyev Bakı və Tiflis dövri mətbuatında vaxtaşırı yazdığı məqalələrdə məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil və məktəb məsələləri barədə tənqidi münasibətini bildirir, ictimaiyyətin diqqətini ümumxalq işinə yönəldirdi. O yazırdı: “Qəza və kəndlərdə məktəblərimiz kütlə ilə sıx əlaqə yaratmayınca, müəllimlərimiz ictimai həyatda fəal iştirak etməyincə, məktəblilərimizin ruhunda əsaslı və dərin bir dəyişiklik əmələ gətirmək çətindir. Bu dəyişikliklərin olmasını həyat bizdən tələb edir. Bu da müəllimlərimizin peşəkar məfkurəyə malik olmalarından, ictimai, siyasi, pedaqoji və digər sahələrə yiyələnməklə fədakarcasına çalışmalarından ibarətdir”.

Rəşid bəy ölkəmizin tarixi keçmişi, folkloru, etnoqrafiyası ilə də ciddi maraqlanmışdır. Qədim abidələr, şifahi xalq ədəbiyyatı, el adətləri, arxeoloji qazıntılar onun diqqət mərkəzində olmuşdur. Tiflisdə rus alimləri ilə sıx yaradıcılıq əlaqələri saxlamışdır. Onların köməyi ilə mötəbər elmi məcmuələrdə məqalələrini dərc etdirmişdir. “Qutqaşın kəndi haqqında bir neçə məlumat”, “Nuxa qəzasındakı xalq səhiyyəsi haqqında material”, “Qəbələ mahalı”, “El ədəbiyyatı” və sairə araşdırmalar Rəşid bəy Əfəndiyevin milli etnoqrafiya elminin yaradılmasında xidmətləri haqqında dolğun təsəvvür yaradır.

Rəşid bəy Əfəndiyev seminariyada xidmətlərinə görə Qafqaz Təhsil Dairəsi tərəfindən medalla təltif olunur. 1915-ci ildə isə onu İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edirlər. O, burada qəza və üsuli-cədid məktəblərində təlim-tərbiyə işlərinin təşkilinə və tədrisin keyfiyyətinə nəzarət edir. Eyni zamanda qısamüddətli ixtisasartırma kursları təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinə dəvət alır, xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işinə cəlb edilir. Rəşid bəy Əfəndiyev Bakı Kişi Seminariyasının direktoru işləməklə yanaşı, “Maarif Nazirliyi yanında əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edir”.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Rəşid bəy Əfəndiyev pedaqoji fəaliyyətini dayandırıb doğma Nuxa şəhərinə köçməyə məcbur olur. Burada öz sevimli işindən ayrılmır. Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil edir, bir müddət Pedaqoji Məktəbin direktoru vəzifəsində çalışır. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirir. O, Azərbaycan el ədəbiyyatı nümunələrini toplayır, “Azəri türkləri”nin ədəbiyyatı barədə düşünür, Seyid Əzim Şirvani irsini, L.N.Tolstoyun müdrik bəşəri fikirlərini təbliğ edir.

Nuxa, Qəbələ mahalında elin adət-ənənəsini, məişətini, maddi mədəniyyətini araşdırması, dövri mətbuatda coğrafiya, təbabət, xalq sənəti barədə dərc etdirdiyi elmi məqalələri onun ilk etnoqraf alim kimi milli etnoqrafiya elminin yaradılmasında xidmətlərini aydın təsəvvür etməyə imkan verir. O, 61 yaşında Azərbaycanın I Ölkəşünaslıq Qurultayının nümuyəndəsi və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilir.

Rəşid bəy Əfəndiyev 1942-ci il avqust ayının 31-də, 79 yaşında Şəkidə vəfat etmiş, orada dəfn olunmuşdur. Rəşid bəy Əfəndiyevin çoxcəhətli fəaliyyəti, xalq maarifi, dramaturgiya, ədəbiyyatşünaslıq, etnoqrafiya və tərcüməçilik xidmətləri həmişə diqqətlə öyrənilmişdir. Ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır. Təntənəli yubileyləri (60, 70, 100) keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur. Rəşid bəy Əfəndiyev Azərbaycan xalqının ictimai fikir tarixində pedaqoq nasir, dramaturq, tərcüməçi və etnoqraf kimi xatirələrdə əbədi yaşayacaqdır.