Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Salman Mümtaz

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 05:03, 19 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Salman Mümtaz
Salman Məmmədəmin oğlu Əsgərov
Salman Mümtaz
Doğum tarixi 20 may 1884(1884-05-20)[1]
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 6 sentyabr 1941 (57 yaşında)[1]
Vəfat yeri Oryol yaxınlığındakı Medvedski meşəsi, Orlov vilayəti, SSRİ
Vəfat səbəbi Repressiya edilib
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi ədəbiyyatşünaslıq
İş yeri SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu
Tanınır şair, ədəbiyyatşünas, publisist, mətnşünas və biblioqraf; Azərbaycan klassik ədəbiyyatı əsərlərinin və Azərbaycan aşıq poeziyası nümunələrinin naşiri; orta əsr əlyazmalarının kolleksiyaçısı; bir sıra Azərbaycan klassiklərinin elmi-tənqidi mətnlərinin müəllifi
Commons-logo.svg Commonsda da Salman Mümtaz ilə əlaqəli mediafayllar var

Salman Mümtaz[qeyd 1] (az.: Əsgərov Salman Məmmədəmin oğlu ‎; d. 20 may 1884, Şəki, Yelizavetpol quberniyası, Rusiya İmperiyası; ö. 6 sentyabr 1941, Oryol, Orlov vilayəti, SSRİ) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı,[2] 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929 – 1932).

Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən “Molla Nəsrəddin” və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdır. 1927 – 1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdir. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdir[3].

Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir[2]. Salman Mümtaza ölümündən sonra 1956-cı il noyabr ayının 16-da SSRİ Ali Məhkəməsi tərəfindən bəraət verilib .

Həyatı

Erkən illəri

Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə[4] Nuxanın (indiki Şəki şəhəri) Gəncəli məhəlləsində anadan olub[5]. Salmanın atası Məmmədəmin tacir idi və ailəsi uzun müddət Orta Asiyada yaşamışdır.

Salmanın babası Ağaələsgər çox varlı idi. O, vəfat etdikdən bir müddət sonra həyat yoldaşı da dünyasını dəyişir, evi də yanır. Kimsəsiz qalmış oğlu Məmmədəmin var-dövlətlərinə yiyələnmiş əmisinə sığınır, zərgər yanında işləyir. O, Məşhədə ziyarətə gedir. Qayıdanda yolunu Aşqabaddan salır, çünki eşitmişdi ki, burada torpaqlar çox ucuz qiymətə satılır. Məşhədi Məmmədəmin Nuxadan gətirdiyi qızılla Aşqabaddan xeyli torpaq alır, özünə yurd salır. O, az vaxtda karvansara və dəzgah yiyəsi olur. Şəkidə yaşayan ailəsini Aşqabadda tiktirdiyi yeni mülkünə gətirməyə hazırlaşan Məmmədəmin, 1887-ci ildə 32 yaşında ağciyər iltihabından vəfat edir[5].

1900-cü ildə Məmmədəminin həyat yoldaşı Məşhədi Zəhra xanım (1865 — 1938) özünün kiçik qardaşı Kərbəlayi Əsgəri Bakıdan götürüb Aşqabada gedir, Məmmədəminin var-dövlətinə yiyələnir. Oğlanları Salmanla Əsgəri də Aşqabada gətirir. Sonra böyük qardaşı Kərbəlayi Mövsümü də yanına aparır. Mirzə Fətəli Axundov ilə qohumluq əlaqələri olan Zəhra xanım, düşüncəli və bacarıqlı qadın idi. O, iri bir sandıq alır, oğlanları böyüyənədək sandığı qızılla doldurur (Həmin qızılları bir qədər sonra Salman Mümtaz Azərbaycan əlyazma kitablarını almağa və xeyriyyə işlərinə xərclədi)[5].

Uşaqlıq illərindən Salman Mümtaz elmə böyük maraq göstərib; fars və ərəb dillərini mükəmməl öyrənib. O, Aşqabadda təhsil almış, fars və ərəb dillərini də orada öyrənmişdir[6]. Burada Mirzə Əsədulla adlı müəllimdən fars və ərəb dilləri ilə yanaşı urdu dili də öyrənib[7]. 1893-cü ildə 9 yaşlı Salmanın Aşqabadda Mirzə Ələkbər Sabir ilə görüşü olur. Bu görüşlə Mümtazda ədəbiyyata həvəs yaranır. 3 ay molla yanında dərs keçmiş Salman 22 yaşınadək gecə-gündüz öz üzərində ciddi çalışır, fars, ərəb, rus, urdu dillərinə yiyələnir, güclü hafizəsi sayəsində Şərq ədəbiyyatının incilərini mənimsəyə bilir[5]. Salmanın qüvvətli zəkası olduğu üçün, o, çox şeirləri əzbər bilirdi. Müsəlman xalqların dillərini bilməsi onda Şərq ədəbiyyatına qarşı maraq yaratmışdı[7].

Dayısı Kərbəlayi Mövsümün dəzgahında ticarətlə məşğul olan Salman, türk (azərbaycan) əlyazmalarını toplamağa başlayır[8].

“Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq

Aşqabad gimnaziyasını bitirmiş Mir Fəttah Musəvi və ona dərs deyən Salman Mümtaz. Gimnaziyanı bitirən gün, Aşqabad.

Türk ədəbi tənqidçisi Yavuz Akpınarın sözlərinə görə 1908 – 1909-cu illərdə Tiflisdə “Molla Nəsrəddin” jurnalı çıxdıqdan sonra Salman Mümtaz da bu satirik jurnalın müxbirləri sırasında idi. Eyni zamanda klassik tərzdə şeirlər də yazıb, Aşqabadda dostları ilə birlikdə ədəbi məclis də qurmuşdu[7]. 1908 – 1909-cu illərdə Mümtaz sonradan başda “Molla Nəsrəddin” jurnalı olmaqla, həmçinin azərbaycanca mətbuatın digər orqanlarında dərc edilmiş satirik şeirləri və məqalələri ilə oxucuların diqqətini çəkib. Yavuz Akpınarın yazdığına görə, "Mümtaz əsərlərində oxucuya öz ölkəsinə və millətinə sevgisini bildirir, ictimai həyatdakı çatışmazlıqları nümayiş və ifşa edirdi"[7].

Azərbaycan ədəbiyyatşünası və tarixçisi professor Ədalət Tahirzadə hesab edir ki, 1906-cı il Salman Mümtazın onun düşüncələrində dönüş yaradıb: Aşqabada gələn Mümtaz “Molla Nəsrəddin” məcmuəsi ilə yazışır, ona çoxlu xəbərlər, bəzən də şeirlər göndərir. Əbdürrəhim bəy Haqverdiyev və Qurbanəli Şərifzadə ilə birgə yazdığı, 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çıxan “Mozalan bəyin səyahətnaməsi” onun yaradıcılıq uğurlarından biri sayılır[9]. 1910-cu ildə Mirzə Ələkbər Sabirlə iki həftəlik ikinci görüşü onu ədəbiyyata daha da bağlayır: Sabirin Mümtazı həvəsləndirilməsindən sonra “Molla Nəsrəddin”də Salman Mümtazın “Xortdan bəy” imzası görünməyə başlayıb[8].

1913-cü ildə Tiflisdə ilk kitabı “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Mirzə Cəlil Məmmədquluzadənin “Qeyrət” mətbəəsində çap etdirir. 3 ay Tiflisdə qalan Salman Əsgərzadə, ədəbiyyat, tarix və incəsənəti dərindən bilən Abbas Səhhət ilə də tanış olur, 2 il öncə dünyasını dəyişmiş Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabını nəşr etdirməsində ona önəmli yardım göstərir. Tiflisdə Mirzə Cəlil ilə dostlaşan Mümtaz, “Molla Nəsrəddin” jurnalını hərtərəfli maliyyələşdirir[8]. 1915-ci ildə “İqbal” qəzeti Qafqazda dövrünün 11 müasir şairlərindən biri olan Salman Əsgərov haqqında yazırdı: “Salman Əsgərov “Molla Nəsrəddin” jurnalında özünün 12 pürməna şeiri ilə millətin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmi ilə xidmət edir”. Salman Mümtaz 1916-cı ildə Aşqabadda Mirzə Cəlilin “Ölülər” əsərinin səhnəyə qoyulması üçün çox çalışsa da, yerli hakimiyyət orqanları buna icazə verməyib[8].

Salman Mümtaz 1918-ci ilə qədər Aşqabadda “Molla Nəsrəddin” jurnalında şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, “Molla Nəsrəddin” jurnalının Orta Asiya və digər bölgələrdə yayılmasında da öz köməyini göstərib[6].

Azərbaycana qayıdışı

Salman Mümtaz 1917-ci ildə

Salman Mümtaz 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdaraq “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Artıq bu dövrdə o, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanırdı. Bu dövrdə Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı[10].

Salman Mümtaz Bakıya köçdükdən sonra bir müddət Krasnokrestovski (indiki — Şeyx Şamil küçəsi) küçəsindəki 3-cü binada, həyat yoldaşının qardaşı Ağarzanın mülkündə yaşayıb. Baryatinski (əvvəllər Fioletov, indi — Əbdülkərim Əlizadə küçəsi) küçəsindəki 6/23-cü binada şəxsi dükan açıb. 1919-cu ildən “Yaşıl qələm” cəmiyyətinin üzvü olan Salman Mümtaz, cəmiyyətin uğurla fəaliyyət göstərməsinə xeyli pul xərcləyib[10].

Azərbaycan müstəqilliyinin milli xəzinə olduğunu anlayan Salman Mümtaz, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı və Osmanlı dövlətinin hərbi naziri, siyasi xadim Ənvər paşanı yüksək qiymətləndirirdi. 1918-ci ildə Salman Mümtaz Nuru paşa ilə görüşərək ona həsr etdiyi “Öyün millət!” qəzəlini söyləyib. Ənvər paşaya isə “Ənvəriyyə” müxəmməsini həsr edib.

Azərbaycanlı aktyor və rejissor Rza Təhmasib Təbriz mehmanxasında Hüseyn Cavidin ədəbi yığıncaqlarını xatırladaraq qeyd etmişdi ki,

" Salman Mümtaz fars və azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə şeirlər oxuyardı. Onun çox yaxşı yaddaşı var idi.[11] "

Salman Mümtaz tədqiqata daha çox üstünlük verirdi. O, bütün gücünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiqinə, müəyyənləşdirilməsinə, nəşrinə və yayılmasına yönəltmişdi.[12]

1924-cü ildə Salman Əsgərzadə “Azərneft təchizat” idarəsinin Nuxa, Qutqaşen, Zaqatala, Qax və Laqodexidə anbarları olan rayon agentliyinin müvəkkili idi. O, həmçinin Xalq Maarif Komissarlığında da çalışmışdır[10].

Elmi fəaliyyəti

Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov və Əliqulu Qəmküsar

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra klassik ədəbi irsin toplanması, nəşri və tədqiqi sahəsində fəaliyyət göstərmiş, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır.[6] 1920-ci ildən 1925-ci ilə qədər Azərbaycan ədəbiyyat və incəsənət nümayəndələrindən təxminən 200 kitab, məqalə və müxtəlif yazıçıların əlyazmalarını toplaya bilmişdir. “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” başlığı altında Azərbaycan ədəbiyyatına dair məqalələrini dərc etdirib[6]. 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədri olub[13]. Həmçinin Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərin, Məhəmməd Füzuli əsərlərinin üç cildinin, “250 şair” yığmasının, “Xətai” divanının, “Səid Əhməd Xətif”, “Əli Bakuvi”, “Şəki savları” və s. digər nəşrlərin redaktoru olub[13].

1925 – 1926-cı illərdə Salman Mümtaz “Kommunist” qəzeti nəşriyyatında Azərbaycan ədəbiyyatı seriyasından 24 şairin – İmadəddin Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Məhəmmədhüseyn xan Müştaq və başqalarının kitablarını çap etdirmişdir. Bunların bir çoxu həmin şairlərin əsərlərinin ilk toplu nəşri idi[6].

Aşıq poeziyası nümunələrindən isə “El şairləri” kitabını (1927 – 1928-ci illərdə 1-2 cild; 1935-ci ildə təkrar çapı) və Sarı Aşığın bayatılarını (1927, 1934) nəşr etdirib[6].

1926-cı ildə Mehmed Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və Salman Mümtaz Bakıda Birinci Türkoloji Qurultayda.

Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda iştirak etdi. Salman Mümtaz burada iştirakçılara "Nəsimi" adlı yeni kitabını tanıdaraq hədiyyə etdi. Salman Əsgərzadə burada fəaliyyətinə yaxından bələd olduğu akademik, professor Mehmed Fuad Köprülüzadə və "Füyuzat" jurnalının yaradıcısı, professor Əli bəy Hüseynzadə ilə görüşdü. (1950-ci ildə Mehmed Fuad Köprülüzadə yenidən Türkiyədən SSRİ-yə Türkiyə Xarici İşlər Naziri kimi gəldi. O, burada yenidən Salman Mümtazla görüşmək və rəsmi şəkildə onun barəsində məlumat almaq üçün müraciət etdi. Lakin onun bu müraciəti cavabsız qaldı. Çünki Salman Mümtaz repressiya qurbanı olmuşdu və artıq həyatda deyil idi. Qurultayda iştirak edənlər arasında tatar ədəbiyyatçı Əziz Qubaydullində var idi. Əziz Qubaydullin qurultayda çıxış edərək Salman Mümtazın azərbaycanlı şairlərin əsərlərini "Kommunist" qəzetində nəşr etdiyini bildirdi və hər bir nəşrdən əvvəl Salman Mümtaz tərəfindən şairlər haqqında yazılan bioqrafiya məlumatlarını "ən qiymətli bioqrafiya məlumatı" olduğunu bildirərək zəhmətini yüksək qiymətləndirdi.[14] Həmçinin 1926-cı ildə Mümtazın şəxs kitabxasına ("Kitabxaneyyi-Mümtaziyyə") nəzər salan akademiklər Vasili BartoldSergey Oldenburq kitabxananın elmi quruluşuna, çoxsaylı tərtibatına, buradakı əlyazmaların zənginliyinə heyran qalmışdılar.[10]

Salman Mümtazın fəaliyyəti və yaradıcılıq sahəsi 1925-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin ədəbiyyat və incəsənət sahələri üzrə fərmanları ilə müəyyən dərəcədə ilhamlanmışdır. Bu dövrdə Mümtaz müxtəlif əsərlər yazmış və yeni kitablar nəşr etdirmişdir. Mümtaz yaradıcılığının bu dövründə yazdığı "Sarı Aşıq" və "El şairləri" adlı əsərləri ilə bağlı professor, elmi tədqiqatçı və filologiya elmləri üzrə fəlsəfə doktoru A. M. Nəbiyev "Xalqımızın deyimləri və duyğuları" adlı kitabında bəhs etmişdir.[15]

Salman Mümtaz 1929-cu ildən 1932-ci ilə qədər Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr Azərbaycan ədəbiyyatı bölməsinin müdiri vəzifəsində çalışdı. 1932-ci ildən Azərbaycan Dövlət Muzeyində elmi işçisi idi. Salman Mümtaz eyni zamanda 1933-cü ildən 1936-cı ilədək "Azərnəşr" nəşriyyatının klassik irs şöbəsinə başçılıq edirdi. Müntaz 1933-cü ilin fevral ayından SSRİ EA Azərbaycan Filialı ədəbi irs bölməsinə elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ilin aprel ayından isə Azərbaycan filialının ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.[12] Həmçinin Mümtaz SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Dil və ədəbiyyat İnstitutunun ədəbiyyat şöbəsinin birinci kateqoriyalı əməkdaşı olmuşdur.[13]

Salman Mümtaz 1934-cü ildə Moskvada SSRİ yazıçılarının birinci qurultayında. Onun sağ tərəfində əyləşir: Maksim Qorki, Aleksey TolstoySəməd Vurğun; arxasında dayananlar: Mehdi HüseynCəfər Cabbarlı.

Salman Mümtaz 1934-cü ildə Moskvada SSRİ yazıçılarının birinci qurultayında iştirak etmişdir.[16] Qurultayda iştirak edən Məmməd Kazım Ələkbərli çıxış edərək məruzəsində şair Mirzə Şəfi Vazehin mirasının və onun Azərbaycan ədəbiyyatında misilsiz xidmətlərinin öyrənilməsində Salman Mümtazın böyük rolu olduğunu qeyd etdi.[17] Salman Mümtaz Maksim Qorki ilə də yaxın dost olub. SSRİ Yazıçılarının birinci qurultayında o, böyük yazıçı ilə görüşdu. Maksim Qorki Azərbaycan yazıçıları ilə görüşdü və bir neçə fotoşəkil də çəkdirdi. Fotoşəkillərdə Salman Mümtaz Maksim Qorkinin yanında əyləşmişdir. Alınan məlumatlara görə, Qorki Salman Mümtaz üçün Moskvada ev almışdır. Həmin ildə Firdovsinin 100 illiyində iştirak etmək üçün Azərbaycandan Moskvaya göndərilən heyətin daxilində Salman Mümtazın əvəzsiz xidmətləri olmuşdur.[12]

Salman Mümtazın ədəbi və tarixi mövzularda tədqiqatları mövcud idi. O həmçinin bu tədqiqatlarla maraqlanırdı və toponimikanı çox sevirdi. Mümtaz çoxlu sayda səyahətlər etmişdir və səyahətlər zamanı şəhərlərin və kəndlərin coğrafi adlarını mənimsəmişdir. Mümtaz bel çantası və özünün çarığı ilə sadə səyahət edirdi.

Salman Mümtaz həmçinin Azərbaycan ədəbiyyatı klassikləri əsərlərinin elmi və tənqidi əsərlərinin tərtibatı üzərində işləmişdir. Mümtaz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Həbibi, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, İsmayıl bəy Qutqaşınlının və başqalarının bioqrafiyasını və əsərlərini, Mirzə Ələkbər SabirinAbbas Səhhətin xatirələrini mənimsəmişdir.[6] Salman Mümtaz məşhur şair və tənqidçi Mirzə Ələkbər Sabir ilə yaxın dost idi. Salman Mümtazın ayrıca elmi sahəsi və maraq sahəsi Mirzə Ələkbərin Sabirin həyatı haqqında yazmaq və əsərlərini oxumaq idi.

Salman Mümtaza məxsus olan qələm. Azərbaycan Tarix Muzeyi, Bakı.

Salman Mümtaz "Molla Nəsrəddin" jurnalı, "Azərbaycan" və "Kommunist" qəzetlərinə əlavə olaraq "Zənbur", "Hacı Leylək", "Tutu", "Şeypur", 'Füqəra Füzuyatı", "Qurtuluş", "Qardaş köməyi", "Maarif və mədəniyyət", "Qızıl Şərq", "Şərq qadını" jurnalları ilə, həmçinin "Səda", "Günəş", "İnqilab", "Açıq söz", "Kommunist", "Tərəqqi, "Yeni iqbal", "İqbal", "Ədəbiyyat qəzetəsi" qəzetləri ilə əməkdaşlıq etmişdir. Bu qəzet və jurnallarda Salman Mümtaz "Aşqabadlı", "Vasvası", "Eşşəkarısı", "Mömin çinovnik", "Mümtaz" (ərəb dilindən tərcümədə bu söz "seçilmiş", "başqalarından seçilən" mənasını verir), "Sağsağan", "Sərçə", "Sərçəqulu", "S.M.", "S. Əsgərov", "Türkməndost", "Xortdanqulu bəy", "Xortdanbəyzadə", "Çalağan" və başqa imzalar altında satirik və lirik şeirlər, məqalə və felyetonlar, nəsr əsərləri yazmışdır.[16] Mümtazın bu əsərləri indiyə qədər toplanmayıb. Salman Mümtaz doğma azərbaycan dili ilə yanaşı, ərəb, fars, türk, urdurus dillərini mənimsəmişdir.[13]

Hamıdan öncə Mirzə Ələkbər Sabir və Mirzə Cəlil Məmmədquluzadə kimi şəxsiyyətlərdən mənəvi güc almış Salman Mümtazın bədii yaradıcılığı Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Sadiq (Seyid Hüseyn), Abdulla Şaiq, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi dostları ilə ünsiyyətdə ərsəyə gəlmişdi. Lev Tolstoy, Maksim Qorki, Rabindranat Taqor, Sədrəddin Ayni və başqa söz ustaları ilə yaxınlığı da onun dünyagörüşündə müəyyən izlər buraxıb.[16]

Repressiya edilməsi və ölümü

1937-ci ilin mart ayında ən yüksək nöqtəsinə çatan Stalin repressiyası Salman Mümtazdan da yan keçmədi. Buna səbəb kimi Hüseyn Cavid, Seyid HüseynAtababa Musaxanlı ilə yanaşı "Bakinskıy Raboçiy" qəzetində buraxdıqları “ideoloji səhvləri” göstərildi[18]. Eyni ilin 10 iyun tarixində Salman Mümtaz Azərbaycan Yazıçılar Birliyindən azad edildi. 1937-ci il 10 – 12 iyun tarixlərində o, “xalq düşməni” adlandırıldı. İyun ayının 19-da isə ona “burjua milliyətçisi” və “pantürkist” damğası vuraraq tutduğu vəzifələrdən də azad etdilər. Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Arxivində saxlanılan Salman Mümtazın şəxsi həyat məlumatında AzFAN Dil və Ədəbiyyat İnstitutunun rəhbəri A.Əhmədov tərəfindən 19 iyun 1937-ci il tarixli, № 26 prikazı saxlanılır. Prikazda qeyd edilir:

" Əsgərov Salman Mümtaz ədəbiyyat şöbəsinin kiçik tədqiqatçısı vəzifəsindən azad olunmuşdur. 20 iyun 1937-ci il tarixindən etibarən isə burjua milliyətçisi olmağa məruz qalmışdır[13]. "

Buna baxmayaraq, Salman Mümtaz nadir əl əlyazmaları və kitabları toplamağa və tədqiq etməyə davam etmişdir. Salman Mümtaz uzun illər boyu əldə etdiyi qiymətli əlyazmaları “Kitabxaneyi-Mümtaziyyə” adlandırdığı öz şəxsi kitabxasına toplayırdı. Vaxtının əsas hissəsini də bu kitabxanada keçirirdi.

Salman Mümtaz 8 oktyabr 1937-ci il tarixində, axşam saat 11-də Bakıdakı evində – Buynakski küçəsi № 25 ünvanında (indiki – Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu. Bir həftə sonra Azərbaycan SSR Cinayət Məcəlləsinin 69, 70, 72, 73 maddələri ilə təqsirli bilinərək ittiham olundu[13]. Salman Mümtaza Sinman, Qalstyan, Avanesyan və Borşşev tərəfindən üç aylıq dəhşətli işgəncələr verildi[12]. 1937-ci il oktyabr ayının 10-da baş tutan ilk istintaqda Dövlət Təhlükəsizliyi İdarəsinin leytenantı Qalstyan Mümtaza məlumat vermişdir: “Bildirmək istəyirəm ki, sizin həbs olunma səbəblərinizdə qeyd edilir ki, Sovet İttifaqı Kommunist Partiyasına və Sovet hökümətinə qarşı əks-inqilabçı millətçi mövqedə dayanmısınız və əks-inqilabçı millətçi təşkilatının üzvüsünüz. Siz – Əsgərov Salman Mümtaz Məmmədəmin oğlu əksinqilabçı millətçi təşkilatın üzvü olduğunuzu və əks-inqilabi millətçi mövqedə dayandığınızı etiraf edirsinizmi?” Mümtaz cavabında demişdir: “Xeyr. Mən əks-inqilabçı millətçi təşkilatın üzvü deyiləm və əks-inqilabi millətçi mövqedə dayanmıram!” Qalstyan bu cavabdan sonra Mümtaza mövzu ilə əlaqədar olaraq xəbərdarlıq etmişdir: “Siz əks-inqilabçı millətçi təşkilatın üzvü olmağınız və əks-inqilabi millətçi mövqedə dayanmağınız kimi qarşıdurmalara məruz qalacaqsınız[13].

Salman Mümtaz bundan əvvəl AzFAN-ın direktor müavini Ruhulla Axundov tərəfindən polis nəzarətinə alınmışdır. Daha sonra 4 aprel 1937-ci ildə istintaqa cəlb olunmuşdur. Salman Mümtaz burada respublikada və Azərbaycan SSR Elmlər Akademiyasında əks-inqilabi burjua millətçi təşkilatının “üzvü olduğunu” etiraf etmişdir. Həmçinin, Bəkir Çobanzadə, Yusif Vəzirov, Seyid Hüseyn, Üzeyir Hacıbəyov, Sanılı, Səməd Vurğun, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Əmin Abid, Müznib, Sultan Məcid, Vəlixanov, Səfikürdski, Aşurbəyov, Musaxanovla “təşkilata alındığını” etiraf etmişdir. Ruhulla Axundov, Ələkbər Məmmədkazımov, Çobanzadə və Əziz Qubaydullinlə yaranan qarşıdurmalar zamanı (10 oktyabr 1937) Salman Mümtaz ona aid olan, əleyhinə deyilən ifadələri qətiyyətlə təkzib etmişdir. Salman Mümtaz 1925-ci və ya 1926-cı illərdə heç bir təşkilata qəbul edilmədiyini və əks-inqilabi millətçi mövqedə dayanmadığını bildirmişdir[13].

Ədəbiyyat sahəsində araşdırmaları

Azərbaycan klassiklərinin həyatı və yaradıcılığının öyrənilməsi

1933-cü ildə yeni yaradılan SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında kiçik elmi işləyən Salmaz Mümtaz 483 Azərbaycan şairinin siyahısını tutur, onların həyat və yaradıcılıqlarının öyrənilməsinin vacibliyini vurğulayır. 104 şairin haqqında isə özünün geniş araşdırma apardığını göstərir.

Folklor araşdırmaları

Salman Mümtaz ədəbiyyatı iki hissəyə bölürdü: klassik və xalq (söz sənəti, folklor). O, Azərbaycan folklorunu və nəşrlərini toplamağa çalışırdı.

Xatirəsi

Filologiya elmləri namizədi Rasim Tağıyev 1986-cı ildə Salman Mümtazın məqalələrindən ibarət maraqlı bir kitab nəşr etdirmişdir. "Salman Mümtaz. Azərbaycan ədəbiyyatının mənşəyi." adlı bu kitabın redaktoru filologiya elmləri doktoru, professor Əkbər Ağayev, kitabın rəyçisi isə – akademik Məmməd Arif Dadaşzadə (Məmməd Arif) olmuşdur[19].

17 sentyabr 1996-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Salman Mümtazın adını daşıyır[20].

İstinadlar

  1. 1,0 1,1 Немецкая национальная библиотека, Берлинская государственная библиотека, Баварская государственная библиотека и др. Record #130564753 // Общий нормативный контроль (GND) — 2012—2016.
  2. 2,0 2,1 Васильков Я. В., Гришина А. М., Перченок Ф. Ф. (1990). Репрессированное востоковедение. Востоковеды, подвергнувшиеся репрессиям в 20 — 50-е годы (PDF). 96–106. (#parameter_ignored)
  3. Мумтаз Салман Мамедаминоглы // Энциклопедический словарь псевдонимов / Под ред. С. Колосова. — 2009.
  4. "Салман Мумтаз". Официальный сайт Союза писателей Азербайджана. İstifadə tarixi: 2015-01-15.
  5. 5,0 5,1 5,2 5,3 Tahirzadə, 2002, p. 3.
  6. 6,0 6,1 6,2 6,3 6,4 6,5 6,6 Салман Мүмтаз. — Азербайджанская советская энциклопедия, 1983. — VII  cild. — Səh.: 274.
  7. 7,0 7,1 7,2 7,3 Yavuz Akpınar Azeri edebiyatı araştırmaları. — Dergâh Yayınları. — İstanbul, 1994. — С. 478. — 512 səh с. (türk.)
  8. 8,0 8,1 8,2 8,3 Tahirzadə, 2002, p. 4.
  9. Tahirzadə, 2002, p. 8.
  10. 10,0 10,1 10,2 10,3 Tahirzadə, 2002, p. 5.
  11. Hüseyn Cavidə düşbərə qonaqlığı verən kimdi?  (azərb.) // Milli.Az. — 2014. — 27 mart.
  12. 12,0 12,1 12,2 12,3 Tahirzadə, 2002, p. 6.
  13. 13,0 13,1 13,2 13,3 13,4 13,5 13,6 13,7 Буниятов З. М. Следственное дело № 12493 // Элм : газета. — 1988. — В. 13 августа.
  14. Первый Всесоюзный тюркологический съезд. 26 февраля — 5 марта 1926 г. Стенографический отчёт. — Бакинский рабочий, 1926. — Səh.: 68.
  15. Халгымызын дејимләри вә дујғулары. — Маариф, 1986. — Səhifələrin sayı:  392. — Səh.: 3.
  16. 16,0 16,1 16,2 Tahirzadə, 2002, p. 7.
  17. Первый всесоюзный съезд советских писателей. Стенографический отчёт. — Государственное издательство художественной литературы, 1934. — Səhifələrin sayı:  718. — Səh.: 116.
  18. Altstadt L. The Azerbaijani Turks: power and identity under Russian rule. — Hoover Press, 1992. — Səhifələrin sayı:  331. — (Studies of nationalities). — ISBN 0-8179-9182-4, ISBN 978-0-8179-9182-1.
  19. Салман Мүмтаз. Азәрбајҹан әдәбијјатынын гајнаглары = Тәртиб едәни филолоҝија елмләри намизәди Расим Тағыјев, рәјчи академик Мәммәд Ариф, редактору филолоҝија елмләри доктору, профессор Әкбәр Ағајев. — Јазычы, 1986. — Səhifələrin sayı:  445. — Səh.: 4. (azərb.)
  20. Azərbaycan Respublikasının Prezidenti (13 sentyabr 1996). "Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı" (PDF)(azərb.)). anl.az. İstifadə tarixi: 2019-07-15.

Qeydlər

  1. "Mümtaz" sözü ərəbcədən tərcümədə (ərəb. ممتاز) “seçilmiş”, “digərlərindən fərqlənən” mənasını verir.

Xarici keçidlər

Vikianbarda Salman Mümtaz ilə əlaqəli mediafayllar var.

Vikikitabda Salman Mümtaz ilə əlaqəli kitablar var.

Vikimənbədə Salman Mümtaz ilə əlaqəli məlumatlar var.

Şablon:Yaxşı məqalə