Seyid Əli Orlat
Seyid Əli | |||||
---|---|---|---|---|---|
Orlat Seyid Əli | |||||
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür. | |||||
|
|||||
Xələfi | Seyid Əhməd Orlat | ||||
Vəfat tarixi | yanvar 1399 | ||||
Vəfat yeri | Əlincə | ||||
Dini | islam | ||||
Uşağı | Seyid Əhməd Orlat |
Seyid Əli Orlat — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxet hökmdarı II Axsartandan (1104) və 1017-ci ildə Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat və Şot qardaşlarından sonra tarixi mənbələrdə adı çəkilən ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı “seyid” titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən “orlat” kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin təsvirində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu Əbubəkr mirzə ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun təsadüfən dəbilqəsini deşərək boynuna sancılması nəticəsində həlak olmuşdur.
Tarixi mənbələrdə 1384-cü ildən 1396-cı ilin payız mövsümünədək — Seyid Əli Orlatın adının ilk dəfə çəkilməsinədək, Şəki hökmdarlığına dair məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Əmir Teymurun İran yürüşlərinə başlaması və bir məktubunda 1384-cü il hadisələrindən bəhs edərkən “Şəki əmiri” ifadəsini işlətməsi[Vizual/Mobil redaktə | HTML redaktə]
XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir[1]. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır. Onun təxminən 1386-cı ilin 2-ci yarısında Mazandaran hakimi Seyid Əli Kiyaya göndərdiyi məktubunun əvvəlində hər iki yürüşün bəzi təfərrüatı xatırlanır və buna əsasən də məlum olur ki Əmir Teymur ikinci İran yürüşünə 1385-ci ildə başlamamışdan öncə, həmin istiqamətdəki, o cümlədən Cənubi Qafqazdakı hakimlərlə əlaqə yaratmış, onları tərəfdaşlığa dəvət etmiş, əvəzində isə, bir çoxundan, o cümlədən hansısa “Şəki əmiri”ndən, yaxud “Şəki əmirləri”ndən rədd cavabı almışdır. Heç şübhəsiz ki bu Əmir Teymurun 1384-cü ildəki birinci İran yürüşü zamanı baş vermişdi. Məktubda adları sadalanan, Əmir Teymura qarşı şərti koalisiya yaratmış yerli hakimlərin idarəçiliyindəki ərazilərin nəyə görə 1384-cü il yürüşündən kənarda qaldığının və nəyə görə Əmir Teymurun o vaxt Zəncandan irəliyə gedə bilmədiyinin səbəbi isə həmin sənəd əsasında aydınlaşır: Əmir Teymurun 1-ci İran yürüşü zamanı da Kiçik Lor hakimi Məlik İzzəddin, Cəlair padşahı Sultan Əhməd (1382–1393; 1405–1412), “Kürdüstan məlikləri”, Gürcü çarı V Baqtrat (1360–1393), Şirvanşah İbrahim (1382–1417) və Şəki hökmdarı (yaxud: əmir(lər)i) Əmir Teymura qarşı birgə mübarizə apara bilərdilər. Bəli, sonralar Əmir Teymur öz xatirələrində etiraf edir ki:
Bu zaman ağlıma belə bir fikir gəldi ki, əgər həmin məmləkətlərin padşahları ittifaq bağlayaraq mənə qarşı birləşsələr necə olacaq? Özüm belə qərara gəldim ki, həmin məmləkətlərin padşahlarını ayrı-ayrılıqda tabe etmək, itaətə gəlməyənləri isə cəzalandırmaq lazımdır.[2] |
Lakin müttəfiqlərə qarşı Qızıl Orda xanı Toxtamışın (1380-1396) timsalında ikinci bir fövqəldüşmənin də peyda olması ilə bu “koalisiya” dağıldı. Onların ərazilərinin isə Əmir Teymur tərəfindən tezliklə və asanlıqla işğal edilməsi üçün şərait yarandı.
1386-cü ilin payız-qış mövsümündə Əmir Teymur tərəfindən Şəkinin talan edilməsi[Vizual/Mobil redaktə | HTML redaktə]
1385-ci ilin əvvəllərində Toxtamış xanın 90 minlik ordusu Şirvandan keçərək[3] Azərbaycana soxuldu. Qızıl Ordalılar Təbrizi 8 gün mühasirədə saxlayıb son nəhayətdə onu hiylə ilə ələ keçirə bildilər. Əmir Teymur isə eyni vaxtda Kiçik Lor və Kürdüstana yürüş etdi[4]. Az müddətdən sonra Qızıl Ordalılar Azərbaycan vilayətindən əsir götürdükləri 200 min nəfərlə birlikdə geri döndülər. Bu zaman Əmir Teymur əvvəlcə, öz adamlarından bir qrupunu, hələ ilk İran yürüşü zamanı onun tərəfinə keçmiş olan Cəlair əmirlərindən Adil ağa ilə Təbrizə göndərdi. Onlara qarşı heç bir ciddi müqavimətin baş vermədiyini gördükdən sonra isə özü də ordusunun əsas hissələri ilə birlikdə bura gəldi.
1385-ci ildə Təbrizdə üzərində Cağatay ulusunun xanı – Soyurqatmışın (1370–1388) və baş əmir – Əmir Teymurun adları həkk olunmuş sikkələr zərb edildi[5]. O ki qaldı həmin vilayəti təslimə hazırlamış yerli əmir Adil Ağanın aqibətinə, bu iş çox acınacaqlı qurtardı; onu Əmir Teymurun göstərişinə əsasən yaxın adamları ilə birlikdə işgəncə ilə öldürdülər. Beləliklə, Əmir Teymur Azərbaycan vilayətini çox asanlıqla ələ keçirdi. 1386-cı ilin payız fəslinin əvvəllərində isə ətrafdakı digər əraziləri də istila etmək üçün öz ordusu ilə Təbrizdən çıxıb şimal-qərb istiqamətində hərəkətə başladı. Tezliklə Gürcüstana çatdı, oradan da Şəkiyə keçdi. O, özü bütün bunlar barədə elə həmin – yuxarıda qeyd olunan, məktubunda yazır və “Şəki əmir(lər)i” ifadəsini bir daha işlədir:
Şirvan və Şəki vilayətinin əmirləri, hamısı ki qarşıdurma göstərirdilər, əzilmiş oldular və onlar ki Aləm Pənahın (Ə. T.-un) dərgahına iltica gətirdilər, vilayət və nahiyələri onlara tapşırılmış oldu.[6] |
Nizaməddin Şami və Şərafəddin Əli Yəzdinin eyniadlı əsərlərinə – “Zəfərnamələr”ə, görə Əmir Teymur Tiflisi fəth etməsindən və Gürcü çarı Baqratı əsir götürməsindən sonra Şəki ölkəsininin ərazisi ilə hərəkət edərək “Qəbələ məkanına” çatmış, sonra Sorxab qalasını tutmuş və Kür çayını keçərək Qarabağa qışlamağa getmişdir. “Zəfərnamələr”ə görə Əmir Teymur Şəki ölkəsi ərazisindən keçərkən, “lakzi”lərə (ləzgilər) hücum etmiş, bu ölkənin hər yerinə, o cümlədən Ağcəb, Səkğut vilayətlərinə talançı dəstələr göndərmişdir.
Əmir Teymur 1387-ci ilin yaz fəslinin əvvəllərinə qədər Qarabağda qaldı. və Burada Şirvanşah Şeyx İbrahim layiqli hədiyyələrlə onun yanına gəldi və hörmətlə qarşılandı. Əsir düşmüş Gürcü çarı V Baqrat isə hiylə işlədərək qaçdı.
Əmir Teymur yayda Göyçə gölü ətrafına yaylamamağa qalxır. Daha sonra isə həmin tərəflərdə Cəlairlərin yeganə müqavimət ocağı olan Alıncaq qalasının mühasirəsində şəxsən iştirak edir. Lakin heç bir müvəffəqiyyət qazana bilmir. O, qışı Rey yaxınlığında keçirməyi planlaşdırdığı vaxt xəbər gəlir ki, Toxtamış xanın qoşunları Buxara və Səmərqəndə yürüş edibdir. Buna görə də Əmir Teymur öz ordusu ilə təcili surətdə geri qayıtmağa məcbur olur.
Əmir Teymurun Orta Asiyaya dönməsindən sonra isə düz 6 il ərzində Azərbaycan və İraq-i Əcəm vilayətlərində anarxiya mövcud oldu. Belə ki bu müddət ərzində, Cəlair sultanı Bağdaddan kənara çıxmadı və sözgedən vilayətlərin idarəsini yerli əyanların öhdəsinə buraxdı.
Tarixi mənbələrdə Seyid Əli Orlatın adı çəkilən bəhslər və məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Əmir Teymurun Şəkiyə II hücumu[Vizual/Mobil redaktə | HTML redaktə]
6 ildən sonra yenə – 3-cü dəfə, İran istiqamətində yürüş edən Əmir Teymur, 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı. 3-cü İran yürüşü də Şəkidən yan keçmir. Belə ki Əmir Teymur Gürcüstandan sonra 1394-cü ilin sentyabr ayında Şəki ölkəsinin ərazisinə girdi və ilk olaraq “vilayət-e Bərtaz”ı talan etdirdi. Daha sonra Şəki ölkəsinin dağlıq tərəflərinə – Seyid Əli Orlatın üstünə qoşun göndərdi. “Zəfərnamə”lərə görə bu zaman Seyid Əli Orlat “mülk və malını atıb qaçmaq yolunu tutdu”.
Əmir Teymur 1394-cü ilin sonunda – qış fəsli başlayanda, ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Yaz gələndə – 1395-ci il fevralın 28-də, ordunu şimal istiqamətində hərəkətə gətirib Toxtamış xan üzərinə yürüşə başladı. Bir daha 1396-cı ilin yazında oradan geri dönən Əmir Teymur, Dərbənd, Şabran, Aqtam səhrası (Muğanın şimalı), Ərdəbil və Sultaniyyədən keçməklə Həmədana gəldi, buradan isə iyulun 18-də Səmərqəndə yola düşdü.
Miranşahın yanına getməsi ehtimalı[Vizual/Mobil redaktə | HTML redaktə]
Əmir Teymur öz imperiyasının paytaxtında da çox qərar tutmur və 1398-ci ilin avqustunda Hindistana yürüş edir. O, bundan əvvəl, İrandan qayıdarkən Azərbaycan vilayətinin və onun ətrafındakı ərazilərin idarəsini öz oğlu Əmiranşahın ixtiyarına buraxmışdı. Şərafəddin Əli Yəzdiyə görə Əmirzadə Əmiranşah Azərbaycan taxtgahını və Hülaku xan ulusunu elə məharətlə idarə edirmiş ki, '“'ətarf və əknafın heç bir padşah zamanında itaət etməmiş sərdarları” onun yanına gəliblərmiş[7]. Həmin müəllifin bu sözlərinə və müvafiq hadisələrin sonrakı gedişatı barədə yenə onun və həm də, Nizaməddin Şaminin qələmə aldıqlarına əsasən güman etmək mümkündür ki, 1396-cı ilin payızına qədər, yəqin ki Şəki hökmdarı Seyid Əli Orlat da Əmirzadə Əmiranşahın yanına gedibmiş.
Miranşahın Şəkini talan etdirməsi[Vizual/Mobil redaktə | HTML redaktə]
“Zəfərnamə”lərə görə, 1396-cı ildə (payıza qədər) Əmirzadə Əmiranşah Xoy ətrafında ov edərkən atdan yıxılmış və beyni silkələnmişdir. Bu hadisədən sonra isə ağlı sürətlə azalma başlayır, nəticədə bir sıra qeyri-düzgün işlərə yol verir. O cümlədən, 1397, yaxud 1398-cü ilin payızında, atasının əsas ordusunun ondan çox-çox uzaqlarda olmasını nəzərə almayaraq Şəkiyə qoşun çəkmiş və bu ölkəni qarət etdirmişdi.
Naxçıvan yürüşü[Vizual/Mobil redaktə | HTML redaktə]
“Zəfərnamə”lərə görə məhz Əmirzadə Əmiranşah tərəfindən Şəkinin talan etdirilməsinə cavab olaraq Seyid Əli Orlat Sultan Tahiri teymurilərin mühasirəsində olan Alıncaq qalasından çıxartmaq üçün gürcülərlə birlikdə ora yürüş etmişdir.
Naxçıvan şəhəri yaxınlığındakı həmin istehkamda Cəlairlərin illər boyu topladıqları böyük bir xəzinə saxlanılırdı və qala neçə il idi ki, Sultan Əhmədin oğlu Sultan Tahir və Cəlair əmirlərindən Əmir Altunun başçılığı ilə Əmir Teymurun qoşunlarından müvəffəqiyyətlə müdafiə olunurdu. Teymuri əmirləri növbə ilə Alıncaq qalasını mühasirə etməkdə idilər və son nəhayətdə bu iş Əmir Teymur tərəfindən Hacı Seyfəddinin oğlu Sultan Səncərə və Əmirzadə Əmiranşahın məxsusi qoşunlarına tapşırılmışdı.
O dövrlərdə Alıncaq qalasını görmüş İspaniya səfiri Klavixo (vəfatı:1412) onu belə təsvir edib:
O dağın başında yerləşib, divar və bürclərlə əhatə olunub, divarlardan içəridə isə çoxlu üzümlüklər, bağlar, becərilmiş sahələr, çoxlu su və otlaqlar; dağın lap başında isə qəsr durur”[8]. |
Bu ərəfələrdə, Alıncaq qalası daxilində nizam-intizam xeyli zəifləmişdi. Qalanın müdafiəsinə məsul olan şəxslər bir-birləri ilə yola gedə bilmirdilər. İbn Ərəbşahın yazdığına görə, hətta iş o yerə gəlib çatmışdı ki, qalanı müvəqqəti tərk etmiş Əmir Altun geri döndükdə onu içəri buraxmamışdılar[9].
Həmin illərdə Sultan Əhməd Cəlayırin əlində yalnız Bağdad və İraq-i Ərəbin bir hissəsi qalmaqda idi. Lakin Gürcü çarı Georgi hələ də Cəlairlərin ali hakimiyyətini tanıyırdı və Tiflisdə kəsdirdiyi sikkələr üzərində Sultan Əhmədin adını öz adından əvvəl vurdururdu. Yəqin ki 1399-cu ilin başlanğıcında gürcülərlə Şəki hökmdarının Alıncaq qalasına birlikdə etdikləri hücumun sifarişçisi də Sultan Əhməd idi və bu işdə əsas məqsəd isə Əmir Teymurun gözlənilən növbəti İran yürüşünə qədər, xəzinənin oradan çıxarılması imiş.
Gürcülərlə Şəki hökmdarının qoşunları Alıncaq istehkamına yaxınlaşanda o vaxta qədər qalanı mühasirədə saxlayan teymurilər qalanın ətrafından çəkilməyə məcbur olurlar və Sultan Tahir xəzinəni də götürüb qaladan çıxır[10].
Sultan Səncər isə Təbrizə gedir və hadisə barədə Əmiranşaha məruzə edir.
Həmin saat Əmirzadə Əmiranşah Əmirzadə Əbubəkrə, hazır ləşgərlərlə ilğar (çevik hücum), buyurub, Seyid Əlinin dəfinə göndərdi. |
Həlak olması[Vizual/Mobil redaktə | HTML redaktə]
Müttəfiqlər geri qayıtmaqda ikən yolda Miranşahın oğlu Əbubəkr mirzənin başçılığı altında Təbrizdən “ilğar” edən ordu arxadan onlara çatır. Müttəfiqlər bunu görən kimi geri dönüb teymurilərin üstünə gedirlər. Seyid Əli Orlat isə mərkəzdən irəli çıxıb intiqam almaq üçün gənc Əbubəkr mirzəni üstünə şığıyır. Lakin bu zaman, təsadüfən, Əbubəkr mirzənin atdığı oxlardan biri Seyid Əlinin dəbilqəsinin zireh ətəyini deşərək boynuna sancıldı və
...həmən bir yaraya minik heyvanının (–atının?) belindən yıxıldı və həlak oldu.[11] |
Bu uğursuzluğa baxmayaraq, müttəfiqlər hücumu davam etdirirlər və Əbubəkr mirzənin ordusunu qaçmağa məcbur edirlər[12].
Əbubəkr mirzə özü sağ-salamat Təbrizə – Əmiranşahın yanına, qayıdır və bundan sonra onlar bir adamı Əmir Teymurun yanına yollayırlar ki, onu da son hadisələrdən xəbərdar etsinlər.
Həlak olduğu vaxtın müəyyənləşdirilməsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Əmir Teymuru Hindistan yürüşü boyu müşayiət etmiş Qiyasəddin Əlinin yazdığına görə onlar geri dönərkən – 1399-cu il mart ayının 3-də, Cənavə çayı yaxınlığında Əmiranşahın yolladığı nökərlərlə qarşılaşıblar. Bu adamlar, təlimatlarına uyğun olaraq, öz tərəflərində baş vermiş son hadisələr, o cümlədən Alıncaq qalası ilə bağlı son xəbərləri Əmir Teymura çatdırıblar. Onların Təbrizdən Hindistandakı Cənavə çayı yaxınlığına qədər təxminən 3 min km-lik yolu neçə günə qət etdiklərini bilsəydik, həm də Alıncaq qalası ətrafında baş vermiş məlum hadisənin, o cümlədən Şəki hökmdarı Seyid Əli Orlatın həlak olduğu vaxtı da dəqiqləşdirmiş olardıq. Amma istənilən halda, sözgedən Alıncaq qalası hadisəsinin vaxtı ilə Seyid Əli Orlatın hakimiyyətinin başa çatması, yəni onun həlak olma tarixini 1399-cu ilin yanvar ayı hesab etmək mümkündür.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ Zeynəddin bin Həmdullah Qəzvini. Bakı, 1990, səh.: 48.
- ↑ Əmir Teymurun vəsiyyətləri, Bakı, 1991, səh.: 36.
- ↑ 1482 –1483-cü illərdə Şirvan şəhərlərində Cəlair sultanı Qiyasəddin Əhmədin adından sikkə kəsilirdi (Bax: М. А. Сейфеддини. Монетное дело и денежное обращение в Азербайджане ХII-ХV вв. ч.2, Баку, 1981, стр.: 224). 1385-ci ildən ta h.1390-cı ilə qədər isə burada Qızıl Orda xanı Toxtamışdan qeyri, digər hökmdarın adından sikkə zərb edilməyib. Deməli, Şirvan 1385-ci ilə qədər rəsmən, Cəlairlərin, bundan sonra isə Qızıl Ordanın ərazisi imiş.
- ↑ F. Mestopskiyə görə, Teymurləng həmin vaxt Toxtamış xanla qarşılaşmaqdan çəkinmişdir; bax: Foma Mestopski. Teymurləngin və onun xələflərinin tarixi. Bakı, 1956, səh.: 11.
- ↑ М.А.Сейфеддини. 1981, səh.: 224.
- ↑ عبدالحسين نوائي، اسناد و مكاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل، تهران-١٣٤١و ۱۳۵۶ ,səh. 54 – 57
- ↑ (Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında saxlanılan əlyazmanın fasimelisinin 1972-ci il Daşkənd nəşri (Ə. Urunbayev tərəfindən nəşrə hazırlanıb)) səh.: 348a/b ،شرف الدين عل ىزدى ،١٩٧٢
- ↑ Путешественники об Азербайджане, вып. I, Баку, 1961, стр.: 50.
- ↑ səh.: 66 ابن عربشاه، زندگانى شگفت آور تيمور(ترجمهء كتاب عجايب المقدور فى اخبار تيمور، ترجمه: محمد على نجاتى)، طهران –١٢٣٩
- ↑ səh.: 66 ،ابن عربشاه، ١٢٣٩
- ↑ Nizamuddin Sami, Zafar-nama. — Histoire des conquetes de Tamer-Ian intitulee Zafaruama par Nizamuddin Sami. Edition critique par Felix Tauer, t. I: Texte persan du Zafarnama, Praha, 1937; t. II: Introduction, commentaire, index, Praha, 1956, səh.: 148.
- ↑ Sonda kimin qalib gəlməsi barədə Nizaməddin Şaminin yazdıqları ilə Şərəfəddin Əli Yəzdinin yazdıqlarında müəyyən fərqlər var; məsələn, Nizaməddin Şami yazır ki,
[Sultan Tahir] elə ki Seyid Əlini o vaqiə yıxdı, gürcülərlə birlikdə Gürcüstan tərəfə fərar etdi və ondan sonra Bağdada – atasının yanına getdi; və Əmirzadə Əbubəkr sabiq qayda üzrə yenə Alıncaq qalasının mühasirəsinə müqərrər buyurub və Seyid Əli Şəkinin başını bədənindən ayırtdırıb atasının yanına gətirdi və bu səbəbə bir nökəri Səmərqəndə (– əslində, Hindistana) göndərdilər; Nizamuddin Sami, Zafar-nama. — Histoire des conquetes de Tamer-Ian intitulee Zafaruama par Nizamuddin Sami. Edition critique par Felix Tauer, t. I: Texte persan du Zafarnama, Praha, 1937; t. II: Introduction, commentaire, index, Praha, 1956, səh.: 148.
Şərəfəddin Əli Yəzdi isə yazır ki, {{Sitat2| Amma elə ki gürcülər qalib olmuş idilər və Təbriz ləşgəri qovulub, şahzadə də geri qayıtdı və sağ-salamat bu təhlükəli yerdən kənara çıxdı; və gürcülər [də] öz məkanlarına qayıtdılar; 348b – 349b، شرف الدين على يزدى، ١٩٧٢
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |