Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Tağı Musəvi

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 00:43, 21 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tağı Musəvi
Musəvi Tağı Məmmədəli oğlu
Tağı Musəvi
Tağı Musəvi (1985).
Doğum tarixi 1 may 1918(1918-05-01)
Doğum yeri Təbriz, State flag of Persia (1907–1933).svg  İran
Vəfat tarixi 30 iyul 2000 (82 yaşında)
Vəfat yeri Lund, Flag of Sweden.svg  İsveç
Dəfn yeri Lund, Flag of Sweden.svg  İsveç
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri namizədi
Təhsili

 • Tehran Ali Hərbi Məktəbi, şturman ixtisası (1939–1941)

 • Tehran Təyyarəçilik Məktəbi, təyyarəçi-şturman ixtisası (1941–1942)

 • Kirovabad Təyyarəçilik Məktəbi, orta bombardmançı təyyarə kapitanı ixtisası (1946–1947)

 • Azərbaycan KP MK nəzdində Partiya Məktəbi (1947–1951)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun marksizm-leninizm kafedrası, aspirantura (1952–1956)
Həyat yoldaşı Tuğra Məmməd qızı
Uşaqları Yusif, Azər və Ruzbeh
Tanınır Mir Tağı Musəvi
Mükafatları Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970
Adının digər versiyaları Tağı Musevi, Taqı Musevi, Tagi Musevi, Таги Мусеви, Таги Мусави, Тағы Мусәви, تقی موسوی

Tağı Musəvi (1918–2000) — tarix elmləri namizədi, tərcüməçi, Azərbaycan Demokrat Partiyasının (İran) liderlərindən biri və keçmiş hərbi təyyarəçi.

Haqqında məlumatlar

1 may 1918-ci il tarixdə Təbrizdə kəndli ailəsində anadan olub. Atası keçmiş silah alverçisi idi, lakin sonradan sənətini dəyişmiş və ömrünün sonunadək bağçılıqla məşğul olmuşdur. Anası isə əvvəlcədən sadə bir kəndçi qızı olub.

Təhsili

1923 – 1930-cu illərdə Təbrizdə “Gülzar” adlı yeddiillik məktəbdə,

1934 – 1936-cı illərdə Təbrizdə “Ədəb” adlı orta məktəbdə, sonra hərbi məktəbdə,

1939 – 1941-ci illərdə Tehran Ali Hərbi Məktəbində,

1941 – 1942-ci illərdə Tehran Təyyarəçilik Məktəbində,

1946 – 1947-ci illərdə Kirovabad Təyyarəçilik Məktəbində,

1947 – 1951-ci illərdə Azərbaycan KP MK nəzdində Partiya Məktəbində,

1952 – 1956-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun marksizm-leninizm kafedrasının aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1930 – 1934-cü illərdə Təbrizdə xalça fabrikində fəhlə,

1941 – 1942-ci illərdə İran Hərbi Hava Qüvvələrinin birinci alayında şturman,

1942 – 1945-ci illərdə İran Hərbi Hava Qüvvələrində (əvvəl Tehranda, sonra İsfahanda, daha sonra Kirmanşahda və sonra yenidən Tehranda) təyyarəçi-şturman,

1951 – 1952-ci illərdə Azərbaycan Demokrat Partiyası MK-də təlimatçı,

1956 – 1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsində radionun xarici verilişlər reaksiyasında redaktor və mütərcim,

1961 – 1980-cı illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışıb.

Təltif və mükafatları

Elmi fəaliyyəti

Azərbaycan SSR EA Nəşriyyatında və dövrü-mətbuatda çap olunan bir sıra monoqrafiya və məqalələrin müəllifidir.

1960-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

1962 – 1964-cü illərdə rəhbərliyi və iştirakı ilə S.C.Pişəvərinin seçilmiş əsərləri toplanmış, tərcümə edilmiş, nəşrə hazırlanmış və geniş müqəddimə ilə 1965-ci ildə ərəb əlifbası ilə Bakıda kitab şəklidə çap edilmişdir.

1965-ci ildə “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər” adlı kitabı,

1967-ci ildə “Bakı tarixinə dair orta əsr sənədləri” adlı kitabı çap olunub.

1968-ci ildə çapdan çıxmış “1951 – 1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı” adlı kitabın iki elmi redaktorundan biri olub (kitabın müəllifi S.M.Onullahi idi).

1969-cu ildə “Şəki fəhləsi” qəzetində “Şəkinin Orta əsrlər tarixi” adlı böyük məqaləsi hissə-hissə çap olunub.

1971-ci ildə İran kommunist partiyasının tarixi mövzusunda kollektiv əsərin yazılmasında iştirak edib.

“F.Rəşidəddinin «Vəqfnameyi Rəbi-Rəşidi» əsərində Azərbaycan tarixinin ictimai-iqtisadi, mülki və hüquqi məsələlərinə dair” çoxcildlik üçün geniş məqalə yazıb.

1977-ci ildə “Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər” adlı kitabı çap olunub. O, bu kitabını 1968-ci ildə müzakirələrə təqdim etmişdi. 1971-ci ildə isə Azərbaycanın Orta əsr tarixinə dair sənədləri mövzusunda sayca 4-cü kitabını müzakirələrə təqdim etsə də, həmin kitab heç vaxt çap olunmayıb.

Siyasi aktivliyi

Azərbaycan Demokrat Firqəsinin fəalları (1960-cı illər); sağdan sola oturanlardan: Cəfər Əxgəri, İsmayıl Pişnamazi, Sultan Babazadə, Əbülhəsən Rəhmani, Sadıq Padeqan, Səməd Həkimi, Məhəmməd Cəlili, Zeynalabdin Qiyami, Qulamyəhya Daneşyan, Məcid Məhəmmədivənd, Cəfər Kavyan, Əli Nəğdəli; ayaq üstə duranlardan 1-ci sırada sağdan sola: Hüseyn Qurbanəlizadə, Məhərrəm Danai, Şükür Qafari, Cəfər Müciri, Mirvahab Əfxəmi, Yədulla Fərzanə, Zəbulla Şərifi, Məmi Dehqan, Muxtar Didekonan, Qulu Xəyyami, Sultanəli Qulami, Hüseyn Əlborzi, Əsədulla Nikxah, Adil Adiliyan, Şaban Derəxşannur; ikinci sırada ayaq üstə duranlardan sağdan sola: Səməd Afiyət, (tanınmadı... ...), Sabir Əmirov, Fərəc Dəstgüşadə, Bayrış Fuladi, İsmayıl Cəfərpur, Tağı Musəvi, Hüseyn Ciddi, Əhməd Əminzadə, Martik Qriqoryan, Lütfəli Ərdəbiliyan (Fələki).

1942-ci ildən İran Xalq Partiyasının (Tudə), sonra isə Azərbaycan Demokrat Firqəsinin üzvü olub.

4 fevral 1946-cı il tarixdə Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetində (№ 117) “Milli şüurun nümunələri: fədailərə hədiyyələr” adlı məqaləsi çap edilib.

1945-ci ildən 1946-cı ilədək gizli partiya işində çalışıb və partizan dəstəsinə başçılıq edib.

1947-ci ildə bir müddət Hacıkənddə 250 nəfərlik fədai dəstəsinə başçılıq edib. Bu dəstə şah qoşununa qarşı güman edilən partizan və müqavimət hərəkatı üçün hazırlanırdı.

Həyatının son illərində Azərbaycan Demokrat Partiyasının liderlərindən biri hesab edilib.

Həyatının son illəri

Tağı Musəvi 1992-ci ildə.

1979-cu ildə İranda islam inqilabının baş verməsindən sonra İrana qayıdıb. Amma ailəsini İrana aparmayıb, özü tək gedib.

1981-ci ildə, Bakıda qalmış həyat yoldaşı Tuğra Məmməd qızı Musəvinin ölümcül xəstə olması xəbərini alıb və Bakıya geri dönüb. Həyat yoldaşı vəfat edib. Bundan sonra yenidən İrana qayıdıb. Lakin daha orada çox yaşaya bilməyib. Siyasi təqiblərə məruz qalıb.

1982-ci ildə dostlarının köməyi ilə Əfqanıstan tərəfdən SSRİ-yə qaçırılıb və bundan sonra yenidən Bakıda yaşamağa başlayıb.

1994-cü ildə insult keçirdikdən sonra isə İsveçin Lund şəhərində yaşayan qızı Azərin yanına gedib və ömrünün sonunadək onun yanında qalıb.

2000-ci ildə Hüseyn Yəhyayenin İranda Zaqros nəşriyyatında çap olunmuş “Azərbaycan tarixinin guşələri və Demokrat Firqəsi liderlərindən biri ilə söhbət” (fa.: گوشه هايی از تاريخ آذربايجان و گفتگويی با يکی از سران فرقه ی دمکرات) adlı farsca 392 səhifəlik kitabında, müəllif Girişdə bildirir ki, kitabın ikinci hissəsini Mir Tağı Musəvidən götürdüyü müsahibə əsasında yazmışdır. Müsahibəni Türkiyədə götürüb və həmin vaxt Tağı Musəvi yarımiflic vəziyyətində olub. Buna baxmayaraq onun bütün suallarına dəqiq cavab verib, yalnız bəzi hallarda, bəzi adamların adlarını xatırlaya bilməyib. Müəllif Girişin sonunda Tağı Musəvi ilə bağlı əlavə edir ki,

" Müsahibəni tərcümə edərkən mən bu nəticəyə gəldim ki, Azərbaycanın tarixinə qısa xülasə versəm, Demokrat Partiyasının siyasi fəaliyyətini müzakirə etsəm, onun güclü və zəif nöqtələrini göstərsəm yaxşı olar. Mən bu məsələləri birinci hissədə müzakirə edirəm. Mir Tağı Musəvi ilə müsahibə isə ikinci hissədədir.

Musəvi İranın hava qüvvələrinin ilk olaraq Tudə partiyasına və sonra Azərbaycan Demokrat Partiyasına qoşulan ilk pilotu olmuşdur və uzun illər onun liderlərindən biri olmuşdur. Hərəkatdan sonra o, SSRİ-yə köçmüşdür. İslam İnqilabından sonra o, İrana qayıtdı. Lakin cari vəziyyətlər onu ölkəni tərk etməyə və sürgün həyatı yaşamağa məcbur etdi. O, indi mehriban qızı Azərlə İsveçin cənubunda yaşayır, yaşlanıb və qismən iflicdir. O, hələ də Azərbaycanı sevir və arzulayır ki, sivil dünyada öz yerini tutsun.

"

Vəfatı

30 iyul 2000-ci il tarixdə – 82 yaşında, İsveçin Lund şəhərində vəfat edib. Vəsiyyətinə uyğun olaraq həmin şəhərdəki qəbiristanlığın müsəlmanlar üçün ayrılmış hissəsində dəfn olunub.

Digər

Azərbaycan və fars dilləri ilə yanaşı fransız və rus dillərini də bilirdi.

Sovet silahlı qüvvələrinin kapitanı hərbi rütbəsinə malik olub. Bəzi məlumatlara görə həm də Azərbaycan Milli Hökumətinin hərbi qüvvələrinin mayoru idi.

Ailəsi

Həyat yoldaşı – 1929-cu il təvəllüdlü Tuğra Məmməd qızı Musəvi, 1981-ci ildə Bakıda 52 yaşında vəfat edib və Bakıda da dəfn olunub. O, əslən Ərdəbildən idi və ixtisasca həkim olub.

1952-ci il təvəllüdlü oğlu Yusif ABŞ-da yaşayır (Rüstəm və Ziya adlı iki oğlu və Günel adlı bir qızı var).

1954-cü il təvəllüdlü qızı Azər İsveçdə yaşayır (Zərdüşt və Kambiz adlı iki oğlu və Tuğra adlı bir qızı var).

1962-ci il təvəllüdlü oğlu Ruzbeh isə 2022-ci ildə Almaniyada vəfat edib (Mirtağı və Fillip adlı iki oğlu var).

Ədəbiyyat

  1. Yəhyaye, H. Azərbaycan tarixinin guşələri və demokratik firqə liderlərindən biri ilə söhbət = گوشه هايی از تاريخ آذربايجان و گفتگويی با يکی از سران فرقه ی دمکرات. — İran: Zaqros, 2000. — Səhifələrin sayı:  392. — ISBN 9197395870.
  2. Rəhimli Ə. (Bije) Mübarizə burulğanlarında keçən ömür: Seyid Cəfər Pişəvəri. — AMEA-nın akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İn-tu. — Bakı: Nurlar, 2009. — Səhifələrin sayı:  399. — Səh.: 118, 183, 188, 190. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 Aug 2016 - 4 Dec 2022.
  3. “Azərbaycan” qəzetinin səhifələrində: Milli şüurun nümunələri: fədailərə hədiyyələr // Xalq cəbhəsi : qəzet. — Bakı, 2019. — В. 26 dekabr. — Səh. 14. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 aprel 2023.
  4. Həsənov R., Məmmədov A. Tarixçi, tərcüməçi və təyyarəçi : [arx. 01.05.2023] : [azərb.] // Mədəniyyət qəzeti. — 2023. — 1 may. — Müraciət tarixi: 01.05.2023.
    Həsənov R., Məmmədov A. Tarixçi, tərcüməçi və təyyarəçi // Mədəniyyət : qəzet. — Bakı: “Azərbaycan” nəşriyyatı, 2023. — В. 3 may. — № 33 (2002). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 may 2023.
  5. Həsənov R., Məmmədov A. Tarixçi, tərcüməçi, Azərbaycan Demokrat Partiyasının (İran) liderlərindən biri və keçmiş hərbi təyyarəçi : [arx. 20.05.2023] // Şəki Ensiklopediyası. — 2023. — 1 may. — Müraciət tarixi: 01.05.2023.