Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ədəbiyyat:7 Şəki nağılı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:10, 27 iyul 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yeddi Şəki nağılı
1-ci səhifə
1-ci səhifə
Janr folklor
Orijinalın dili rus
Orijinalın nəşr ili 1905
Tərcüməçi S. Abdurrəhman,
Nəşr rus.: Сборник материалов для описания местностей и племен Кавказа
Cild 35
Səhifə 80-105
“Şəki nağılı” illüstrasiyası, Asim Abbasov.

Şahzadə

Biri vardı, biri yoxdu, bir padşah var idi. Onun cürbəcür üzüm növləri olan gözəl bir bağı var idi. Bir dəfə padşah bağda gəzirdi və üzümlərə baxıb fərəhlənirdi. Birdən, o gördü ki, orda-burda tənəklər sındırılıb və üzümlər də xarab edilib. O, bağbanını və öz nökərlərini çağırıb soruşdu: Padşahın bağını xarab etməyə kim cəsarət edib? Onlar hamısı cavab verdilər ki, bu barədə heç nə bilmirlər. Padşahın üç oğlu var idi. O, böyük oğlunu göndərdi bağa qarovula. Amma şahzadə özünü saxlaya bilməyib yatdı. Səhər məlum oldu ki, gözəgörünməz düşmən yenə də bağa girmiş, tənəkləri qırmış, üzümləri də xarab etmişdir. Padşah ortancıl oğlunu göndərdi, amma bu da heç nə bilmədi. Axırda, qarovula kiçik şahzadə gedir. Səhərə qədər ayıq-sayıq qalmaq üçün, gənc şahzadə barmağını kəsdi və ağrısı daha da çox olsun deyə, yarasının da üstünə duz səpdi.

Şahzadə əlində ox-kaman, oturub səbirlə düşməni gözləyir. Budur görür: nəhəng və əcaib div[1] gəlir. Bağın içi ilə gedir, tənəkləri qırır və üzüm yığır. Şahzadə yayı dartıb oxu buraxdı, amma dəymədi. Div bağda insan əməlini hiss edən kimi, qaçmağa başladı, şahzadə isə cumdu onun dalınca.

Onlar xeyli müddət qaçdılar, şəhərdən xeyli uzaqlaşdılar və bir səhraya yetişdilər. Nəhayət, div böyük bir daşa yetişib onu qaldırdı, düşdü quyuya və gözdən itdi. Şahzadə evə döndü, uzun kəndir götürdü, qardaşlarını çağırdı və onlarla birlikdə daşın yanına qayıtdı. Qardaşlardan heç biri daşı tərpədə bilmədi, amma kiçik şahzadə bir dəfə əlini vurmaqla onu götürüb kənara atdı. O, kəndiri belinə sarıdı və qardaşlarına göstəriş verdi ki, onu quyuya sallasınlar və gözləsinlər. Qardaşlar şahzadəni quyuya salladılar, orda oturub gözlədilər. Quyu çox dərin idi. Şahzadə elə ki onun dibinə çatdı, kəndiri özündən açdı və başladı irəliləməyə. O, yerin altında xeyli getdi. Nəhayət, gördü ki üç gözəl qız taxtda oturub. Şahzadəni görən kimi ona qışqırdılar:

– Ay bədbəxt! Bura necə gəlmisən? Bu saat div durar, o sənə rəhm etməz, səni öldürər.

Şahzadə isə onlara dedi:

– Mən eşitmişəm ki divlər canlarını şüşədə saxlayırlar. Siz mənə göstərin ki sizin divin həmin şüşəsi hardadı, mən isə onu öldürüm və sizi də azad edim.

Hamısından ən qəşəngi olan gənc qız, şahzadəyə istədiyi şüşəni göstərdi və yenə qaçdı öz yerinə. O, divin canı olan şüşəni götürdü. Div hiss eləyən kimi ki onun canı düşmənin –Adəm evladının əlindədir həmin dəqiqə nərə çəkdi və çıxdı döyüşə. O, şahzadənin üstünə atılıb onu parçalamaq istədi. Amma şahzadə şüşəni daşa çırpdı və nəhəng yıxılıb öldü. Bu işdən şad olan qızlar şahzadəni əhatəyə alıb, qalib gəldiyinə görə onu təbrik etdilər və azad olduqlarına görə minnətdarlıq etdilər. O, qızların hamısını düşdüyü yerdəki kəndirin yanına gətirdi və bunu əvvəlcə yaşca ən böyük qıza sarıyıb qardaşlarına qışqırdı ki dartsınlar. Onu dartıb çıxardılar. Sonra ikinci qız çıxarıldı. O zaman ki növbə kiçik qıza çatdı, bu, şahzadəyə dedi:

– Mən o biri qızlardan qəşəngəm. Əgər, sənin qardaşların məni görərlərsə, onda, səni burdan çıxarmazlar və sən quyunun dibində həlak olarsan. Qoy əvvəl səni çıxarsınlar, sonra isə məni.

Şahzadə cavab verdi ki:

– Yox! Birinci sən çıx, sonra isə mən çıxaram. Qardaşlarım məni burda qoymazlar!

Qız dedi:

–Yaxşı, amma yadında möhkəm saxla, əgər onlar səni çıxarmasalar, onda bu tərəfə get – əvvəlcə iki qoyunla rastlaşacaqsan, biri qara, biri ağ. Əgər sən ağ qoyunun belinə otura bilsən, o səni işıqlı dünyaya atacaq, əgər çaşıb qara qoyunun belinə otursan, o səni qaranlıq dünyaya atacaq. Qara qoyundan qaç və yalnız ağ qoyunun belinə min, onda, tezliklə bizə qovuşarsan!

Bundan sonra qızı quyudan çıxardılar. O vaxt ki növbə şahzadəyə çatdı, qardaşları onu quyunun ağzına azca qalana qədər qaldırıb, birdən kəndiri kəsdilər və bədbəxt şahzadə quyunun dibinə yuvarlandı. Özləri isə qızları evə apardılar və atalarına dedilər ki, guya, onların kiçik qardaşları quyuya birinci düşüb və divlə davada həlak olub. Bundan sonra isə özləri quyuya düşmüş, divi öldürmüş, həmin qızları azad etmiş və evə gətirmişlər. Padşah da kiçik oğlu haqqında böyük qardaşların danışdıqlarına inandı.

Kiçik şahzadə isə quyunun dibində özünə gəldikdən sonra durub, gözəl qızın göstərdiyi tərəfə getdi. O, orada qara və ağ qoyunu tapdı və istədi ağ qoyunun belinə minsin amma qara qoyun onu çaşdırdı və o, bunun belinə sıçrayaraq qaranlıq dünyaya düşdü. Həmin dünyada xeyli gəzib-dolaşdı. Nəhayət, gördü ki, bir qız əlində yemək aparır. O, qızdan soruşdu:

– Bu nədir?

Qız cavab verdi:

– Bu plovdur.

– Hara aparırsan onu?

– Orada bir əjdaha var. O, çayın başında oturub və bizə su vermir. Mən bu plovu aparıram ona. Əjdaha plovu yeyən vaxt, mən səhəngimi doldurub evə gətirəcəyəm. Bizdə hamı hər gün belə edir.

O, plovu qızın əlindən alıb yeyəndən sonra əjdahanın yanına getdi və onu öldürüb suyu buraxdı. Bunu görən qız əllərini əjdahanın qanına boyayıb şahzadənin kürəyinə basdı. Bundan bir neçə adam xəbərdar olub getdilər o yerin padşahına xəbər verməyə ki, guya, onlar imiş əjdahanı öldürənlər və onun camaatının canını qurtaranlar.

Bundan sonra şahzadə yoluna davam etdi və qollu-budaqlı böyük bir ağac gördü. O, dincəlmək üçün ağacın kölgəsində yatdı. Birdən yuvada olan quş balaları, elə haray-həşir saldılar ki, şahzadə diksinib yuxudan ayıldı. O gördü ki uzun və əcaib bir ilan quş balalarını yemək üçün ağaca dırmaşır. Onlar isə vahiməyə düşüb hay-küy salıblar. O, ilanı öldürüb atdı, qayıtdı öz yerinə və yenə yatdı. Şahzadə yatan zaman, yuvaya böyük bir quş – quşcuğazların anası qondu. Şahzadəni görən kimi: «deməli, budur hər gün balalarımı bir-bir yeyən düşmən!» deyə, fikirləşib şahzadənin üstünə şığıdı. İstədi ki qanadı ilə onu vursun, o saat balaları yuvadan qışqırdılar:

– Anaaa, ona dəymə! O, bizim düşmənimizi – ilanı öldürdü və bizi xilas etdi!

Onda, quş böyük qanadlarını şahzadənin başının üstündə geniş açdı və onu günəş şüasından mühafizə etdi. O vaxt ki şahzadə yuxudan doydu və ayağa qalxdı, quş ondan soruşdu ki balalarını ilandan xilas etməsinin əvəzində nə istəyir? Şahzadə isə heç nə istəmədi, bircə, xahiş etdi ki onu işıqlı dünyaya çıxarsın. Quş göstəriş verdi ki, bir qoyun və bir bardaq süd gətirsin. Şahzadə o yerin padşahının yanına yollandı və bildirdi ki o, əjdahanı öldürüb və onun təbəələrinə su verib. Padşah ona inanmadı. Onda, şahzadə dedi ki bunu filan qız görüb. Qız isə şahzadənin sözünü təsdiq etdi. Onda, padşah qıza sual verdi ki bunu necə sübut edə bilər? Qız şahzadənin kürəyindəki qanlı işarəni göstərib dedi ki bunu öz əli ilə vurmuşdur. Hamı inandı və soruşdular ki öz zəhmətinin müqabilində nə istəyir? «Bir qoyundan və bir bardaq süddən başqa heç nə!» deyə, şahzadə cavab verdi. Həmin saat tələb olunan şeyləri ona verdilər. O, qoyunu kəsdi, ətinin və bir bardaq südün hamısını gətirdi quşun qabağına. Quş ona dedi ki, nə vaxt «qağ» deyə, qışqırarsa, onda, ona bir tikə ət verməlidir, «çağ» deyə, qışqırdıqda isə süd. Şahzadə əti və südü götürüb quşun belində oturdu. Quş öz yükünü qaldırdı yuxarı və yuxarıda öz «qağ» və «çağ» larını qışqıran vaxt, elə, şahzadədən ət və süd alır. Onlar artıq xeyli yüksəyə qalxmışkən, işıqlı dünyaya çatmağa azca qalmışkən isə ət qurtardı. Amma quş qışqırdı «qağ!». Nə etməli? Şahzadə belə etdi: bıçağını çıxarıb öz ayağından bir tikə ət kəsdi və verdi quşa. Quş o saat başa düşdü ki bu, insan ətidir və onu udmayıb dilinin altında saxladı. O, son gücünü toplayıb işıqlı dünyaya çıxdı. Quş şahzadəni yerə qoydu və ona təklif etdi ki, ayağa durub getsin. Amma şahzadə ağrısını quşdan gizlətmək üçün, guya, yorulub və dincəlməlidir, deyə getməkdən imtina etdi. Quş dayanıb xeyli gözlədi. Şahzadə isə ayağa duran kimi o saat yıxıldı, səhhəti hərəkət etməyə imkan vermədi. Quş dilinin altından əti çıxardıb onu şahzadənin yarasına qoydu və öz qanadları ilə bunu sıxdı. Ondan sonra onun ayağı tamamilə sağaldı.

Şahzadə ayağa durdu və öz ölkəsini axtarmağa getdi. Xeyli axtardıqdan sonra nəhayət öz vətənini tapdı. Getdi atasının yanına və öz qardaşlarının etdikləri haqda ona danışdı. Ata –padşah, öz böyük oğlanlarını çağırıb onları edam etdirdi. Kiçik oğlunu isə vəliəhd təyin etdi və onu kiçik qızla evləndirdi.

Xeyirxah və Alçaq

Biri vardı, biri yoxdu. Allahdan başqa, əvvəl kimsə yox idi.

Vardı bir xeyirxah və bir alçaq adam. Onlar öz aralarında dostluq edirdilər. Bir dəfə, onlar yol ilə gedirdilər, hər birinin zənbilində bir çörək vardı. Yolda onlar acdılar və Alçaq, Xeyirxaha dedi:

– Gəl birinci sənin çörəyini yeyək, bir də nə vaxt acdıq, belə yeyərik mənim çörəyimi.

Bu minvalla, o, Xeyirxahı aldatdı və onun çörəyi yeyilmiş oldu. Bir xeyli vaxt keçəndən sonra Xeyirxah acdı və Alçağa dedi:

– Gəl qardaş, indi sənin çörəyini yeyək!

– Bağışla əzizim, bacarmaram! Əgər biz indi mənim çörəyimi yesək, onda, sonra mən acından ölərəm ki, – deyə o biri cavab verdi.

Öz yoldaşının bu hərəkətindən inciyən xeyirxah adam, ondan ayrıldı və başqa yolla getdi.

Ac-acına xeyli yol getdi və nəhayət, köhnə bir xaraba dəyirmana rast gəldi. O girdi dəyirmana, qalxdı dəyirman təknəsinə və orada uzanıb gecələdi. Gecə, bir də gördü ki, dəyirmana Ayı girdi, dalınca da Qurd və Tülkü. Üç yoldaşın üçü də dəyirmanın içində əyləşdi. Ayı və Tülkünün kefi saz idi, əylənir və gülürdülər, amma Qurd acıqlı və bikef idi və lal-dinməz oturmuşdu. Birdən, ayı tülküyə üz tutub dedi:

– Tülkücan, de görüm nə səbəbdən kefin bu qədər sazdır?

– Niyə də kefim saz olmasın? –deyə tülkü cavab verdi, – bax, o kənd yaxınlığında çox hündür, qollu-budaqlı bir ağac durur. Onun altında xeyli xəzinə gizlədilib. Oradan mən pul götürürəm və onları xərcləyirəm və Allaha şükür, çox yaxşı yaşayıram.

– Bəs sən niyə şənsən? –deyə Tülkü müraciət etdi ayıya.

– O meşə ki yerləşir odur ha, o dağın üstündə, kənarında bir qocaman ağac var, – cavab verir ayı, –onun bütün yekə koğuşları balla doludur: hər gün mən qalxıram o ağaca və bal yeyirəm. Nə dərdim ola bilər ki?

– Qardaş, bəs sən niyə belə qəmgin və bikefsən? – deyə onlar qurddan soruşdular.

– Niyə bikef olmayım? –deyə qurd mırıldadı, –üç gündən artıqdır ki, mən acam. Kəndin ətrafında naxır durur; amma orda yekə bir köpək var, hansı ki, səhərə qədər gözünü qırpmır və hamı naxırdan yan keçir, belə ki, nə qədər cəhd etsəm də, heç cürə ordan qoyun gətirmək və yemək mənə müyəssər olmur. Və qəribə işdir, heç kim bu köpəyi öldürmür, öz aramızda qalsın, kim etsə idi bunu, bu onun üçün çox xeyirli ola bilərdi. Bu yerin padşahının qızı xəstələnib və onu heç bir həkim sağalda bilmir. Ona görə padşah vəd edib ki, kim sağaltsa onun qızını, qızını ona ərə verəcək. Əgər bu köpəyin beynini o naxırdakı bir qara qoyunun beyni ilə qarışdırsan və bu qarışığı padşah qızına yeməyə versən, onda, qız sağalar. Amma mənim bədbəxtliyimdən, bir adam tapılmır, kim bilsəydi bu barədə, sağaldardı gözəl şahzadəni və alardı onu özünə, məni də bu lənətə gəlmiş köpəkdən xilas edərdi!

Xeyirxah adam bu söhbətin hamısına qulaq asdı. O, səhər ayağa qalxdı və qızı xəstə olan padşahı axtarmağa getdi. Padşahı soraqlaşıb, o, yola düşdü onun paytaxtına və söz buraxdı ki, padşah qızını sağalda bilər. O saat bu barədə padşaha xəbər çatdırdılar. O, xeyirxah adamı yanına çağırdı və dərdinə əlac istədi, söz verdi ki, öz vədini həmin saat yerinə yetirəcək. Onda xeyirxah adam göstəriş verdi ki, o sürüdən qara qoyunu və yekə köpəyi gətirsinlər, onları kəsdi, onların beynini çıxarıb qarışdırdı və verdi şahzadəyə yeməyə, ona görə də qız sağaldı. Padşah, qızını verdi Xeyirxah adama, çox böyük təmtəraqlı toy çaldırdı. O öz kürəkənini adam elədi və onu var-dövlət içində üzdürdü. Xeyirxah adam hündür ağacın altındakı bütün xəzinələri və balı da axtarıb tapdı və götürdü özünə və naz-nemət və cah-cəlal içində yaşamağa başladı.

Neçə vaxtdan sonra Xeyirxah adama onun sabiq dostu – kasıb və lüt halda olan Alçaq adam rast gəldi, onu belə var dövlət və cah-cəlal içində görüb soruşdu:

– Qardaş, sən necə çatdın bu mərtəbəyə?

O biri dedi:

– Filan yerdə, filan tərəfdə bir dəyirman var. Get ora, gir təknənin içinə və gecələ, onda sən bilərsən mən necə qazandım bütün bunları.

Alçaq adam getdi, axtarıb tapdı dəyirmanı, girdi təknənin içinə və gözlədi. Gecə dəyirmana yenə gəlib çıxdı: Tülkü, Qurd və Ayı. Bu dəfə Qurd şən idi, o biri ikisi isə bikef. Ayı Tülküdən soruşur ki, –«nə üçün o kefsizləşib?»; Tülkü də cavab verir ki, –«onun xəzinəsini talan ediblər, indi daha necə yaşasın». Ayı bildirdi ki, ağacı kəsiblər və balı aparıblar. Qurd isə dedi:

– Lənətə gəlmiş köpəyi öldürüblər və beynini padşaha aparıblar. Artıq, indi mənim düşmənim yoxdur. Hər gün mən bir qoyun aparıram və yeyirəm!

– Yəqin ki kimsə bizə qulaq asır, –deyə Tülkü barmağını dişlədi.

– Yoxsa, kim bilə bilərdi bizim sirrimizi? –qeyd elədi Ayı.

– Gəl, axtaraq onu, bəlkə indi də burdadır.

Onlar başladılar dəyirmanı axtarmağa, təknənin içindən Alçaq adamı tapdılar və parçalayıb tikə-tikə etdilər.

Alçaq adamın aqibəti, bax, belə oldu.


Oğlanın əhvalatı

Bir qadının bir oğlu və bir dayçası var idi. Oğlu dayçanı çox sevərdi; o nə vaxt dərsdən qayıdardı, o saat dayçanın yanına gedər, onu oxşadar və öpərdi, yedirib-içirər, həmişə vaxtını onunla keçirərdi və diqqət yetirməzdi nə oxumağa, nə işə. Anası fikirləşdi ki, bu uşağı üçün ziyandır –o, savadsız qalacaq və tənbəl olacaq. Buna görə ana istədi necə olursa olsun, oğlunun həmin məşğuliyyətini tərgitdirsin. Bir dəfə ana xəstələndi, həkim çağırdı və ona dedi:

– Mən yalanmışdan xəstələnmişəm və səni ona görə çağırmışam ki, sən mənə dərman kimi dayça əti məsləhət görəsən. Mənim ərimə de ki, mənim xəstəliyim sağalmayacaq – əgər o, Dayçanı kəsməsə və onun ətini mənə yeməyə verməsə!

Həkim elə də etdi və əri dayçanı kəsmək qərarına gəldi.

Oğlan bildi ki, onun dayçasını kəsmək istəyirlər –o getdi dayçanın yanına, başladı ağlamağa və ona başa salmağa işlər nə yerdədir. Düzdür, Dayça da insan kimi danışa bilmirdi, amma o, yaxşı başa düşürdü qarşısında nə danışırlar və özü bütün işarələrlə başa sala bilirdi. O, oğlanı belə başa saldı:

– Sən get dərsə! Nə vaxt onlar məni aparacaqlar kəsməyə, mən kişnəyərəm, onda sən qaç yanıma və atandan istə ki, o heç olmasa qoysun bir-neçə dəqiqə məni minib gəzməyə. Amma sən mənim üstümdə oturanda möhkəm dur və qamçı ilə mənə elə bərk vur ki, mənim dərimin bir parçası qopsun, sonrası isə artıq mənim işimdir.

Oğlan belə də etdi. O vaxt ki oturdu dayçanın üstündə, onu elə qüvvətlə vurdu ki, dərisinin bir parçası bir tərəfə uçdu. O, külək kimi əsdi və oğlanı apardı. Heyrətə gəlmiş ata öz oğlunu yalnız görə bildi.

Oğlan öz dayçasının üstündə xeyli getdi və yetişdi bir meşənin yanına. Burada onun qulağına hansısa vəhşi heyvanın səsini dəydi. Daha da yaxınlaşdıqda isə görür ki, bir pələng maral udub, amma onun buynuzu ilişib dişinə və beləcə qalıb, buna görə də pələng qışqırır və az qalıbdır ki, ölə. O saat o, dayçadan düşdü və maralın buynuzunu kəsdi. Onda, pələng maralı uddu və həlak olmaqdan qurtuldu. Pələng oğlana dedi:

– Sən mənə belə yaxşılıq elədin! Bunun əvəzini necə çıxım? Bax, mənim bir balam var, onu mən verəcəm sənə və o, çətin hadisələrdə səni qoruyacaq.

Oğlan, pələng balasını götürdü və yoluna davam etdi. Çatdı başqa bir meşənin yanına, yenə də vəhşi heyvan nəriltisi eşitdi. Yaxınlaşıb gördü ki, şir maral udub – bütün gövdəsi artıq udulub, amma buynuzu xirtdəyindən keçmir, buna görə də şir qışqırır. Oğlan maralın buynuzunu kəsdi, şir öz ovunu uddu və xilas oldu. Şir də pələng kimi, bu xidmətinin əvəzində mükafat olaraq öz balasını ona verdi. O, hər iki vəhşi heyvanı götürdü və yoluna davam etdi.

Nəhayət, o gəlib çatdı bir şəhərin yanına. Şir balası və pələng balası ona dedilər:

– Öz dayçanı ver bizə –biz onu qoruyacağıq, sən özün isə gir şəhərə və özünə iş axtar. Nə vaxt təhlükədə olsan əllərini bir-birinə vur və biz sənə köməyə gələk.

Oğlan öz dayçasını verdi onlara və yollandı şəhərə. O getdi padşahın bağbanının yanına və ona muzdurluq etdi. Bir dəfə bağban tərəvəz səpmək üçün ona yer qazmağı tapşırdı və özü harasa getdi. Gənc əllərini bir-birinə vurdu, vəhşi heyvanlar dayça ilə birlikdə gəldilər –onun göstərişi ilə onlar yeri qazdılar və səpinə hazırladılar. Sonra o, padşah kimi geyindi, mindi öz dayçasına və başladı sürməyə, gəzintidən sonra isə yenə öz bağban paltarını geydi, vəhşi heyvanlarını sığalladı və buraxdı.

Bütün bunları padşahın kiçik qızı gördü. Bu qeyri-adi işlərə təəccübləndi və qəribə vəhşi heyvanları özünə tabe etmiş gənc oğlana vuruldu. Qız getdi iki böyük bacısına belə deyir:

– Nə vaxta qədər biz qız qalacağıq? Gəlin atamıza üç yemiş göndərək: lalıxlamış, dəymiş və kal.

Onlar belə də etdilər. Öz qızlarının hədiyyəsini görən padşah-ata, öz vəzirlərini yığdı və onlardan soruşdu: «bu hədiyyələr nə deməkdir?» Onlar izah etdilər ki, lalıxlamış yemiş –böyük qız, dəymiş –ortancıl, kal isə kiçik qızdır ki, onlar bu hədiyyələrlə ona işarə edirlər ki, onların gəncliyi keçir və onların, daha, ərə getmək vaxtlarıdır. Onda padşah əmr elədi şəhərin bütün cavan oğlanlarını toplasınlar ki, onlara göstərsin qızlarını. Qızların isə hər birinə bir alma versinlər – kim xoşlarına gəldi, onu da şahzadə qızlar alma ilə vurmalıdır. Buna görə, qız kimi vurarsa, ona ərə verilmiş olacaq. O vaxt ki, gənc adamlar yığılmış oldu, böyük qız öz alması ilə vurdu baş vəzirin oğlunu, ortancıl qız vurdu digər bir baş əyanın oğlunu, kiçik qız isə heç kimi vurmadı. Onda padşah soruşdu, «yoxmu şəhərdə başqa cavan oğlan?», axtarıb tapdılar və gətirdilər padşah bağbanının muzdurunu, hansı ki, daha əvvəl baxışda yox idi. O gəlib yanından keçən kimi, kiçik qız öz alması ilə onu vurdu. Padşah öz qızına hirsləndi və dedi ki, qızın ağlı qaçıb və təzədən seçməyini əmr etdi. Gənc oğlanlar kiçik şahzadənin yanından bir də keçdilər və qız heç kimə diqqət yetirmədi. Amma keçəl muzdur keçən kimi qız o saat almanı atdı ona.

– Qoy belə olsun! –dedi padşah.

Qızlar verildilər ərə. Bağbanın qulluqçusu da öz arvadını götürdü, qoydu onu bağda özü üçün ayrılmış daxmaya.

Bir dəfə, padşah xəstələndi və həkim məsləhət gördü ona maral əti yeməyi. Padşahın hər iki sevimli kürəkəni maral dalınca ova yollandı. Bağbanın muzduru, öz arvadını padşahın yanına göndərdi onun üçün bir at istəməyə ki, o da, onlar kimi getsin ova. Qız getdi, amma padşah qəzəbləndi ona və qovdu onu öz yanından. Pərt olmuş arvad qayıtdı ərinin yanına və dedi ki, atası at vermədi. Gənc o saat əllərini bir-birinə vurdu: onun atı ilə birlikdə şiri və pələngi qaça-qaça onun yanına gəldi. O paltarını dəyişdi, mindi qaçağanına, götürdü öz vəhşi heyvanlarını və getdi ova. O, şir və pələngə tapşırdı ki, meşədə və dağda olan bütün heyvanları bir dərəyə qovsunlar, özü isə durdu bu dərənin ağzında. Birdən o görür ki, onun bacanaqları ona tərəf gəlir. Amma onlar ondan onlara diri maral yox, yalnız maral əti satmağını istədilər. O razı oldu. Amma bacanaqlarına maral əti satmaq üçün maral kəsən vaxt dodağında belə zümzümə etdi:

– Keçsin bütün dadı ayağına və başına!

Bacanaqlar maral ətini ondan satın aldılar və apardılar özləri ilə evə. Ət o saat bişirildi və təqdim edildi xəstə padşaha. Padşah əti yedi, amma ət tamamilə dadsız idi və onun xəstəliyini sağaltmadı. Padşahın kiçik kürəkəni ki, gətirmişdi evə maralın baş və ayağını, onun arvadı onlardan baş-ayaq bişirdi və apardı atasına. Padşah istədi atsın onun xörəyini və rədd etsin onun təklifini, amma onun arvadı yalvardı:

– Mənim xətrimə, bir az ye! Əgər sən bu xörəkdən yeməsən, heç olmasa bir balaca, onda qızın qəlbini qırarsan.

Nə etsin… Padşah baş-ayaqdan bir az yedi və möcüzə – yox oldu padşahın xəstəliyi!

– Yoxmu yenə bu xörəkdən? – deyə padşah soruşur öz qızından.

– Yalnız, bir balaca kişim üçün saxlamışam, –cavab verdi qız.

– Nə olar, gətir onu da! – deyə yalvarır qızına, xəstə padşah.

Qız xörəyin qalanını da gətirdi. Padşah yedi və tamamilə sağaldı.

Bir müddət keçəndən sonra padşahın yanına çapar gəlir, xəbərlə ki, qonşu padşah onun üstünə müharibəyə gəlir. Padşah öz ordusunu toplayır və gedir düşməni qarşılamağa. Amma düşmənin gücü daha çox idi və bunu görəndə, padşah qorxdu ki onlara qalib gələ bilməyəcək. O vaxt ki onlar çıxdılar döyüş meydanına və düzdülər öz qoşunlarını, padşah gördü ki, uzaqdan gözəl və güclü bir atın üstündə bir cavan oğlan çapa-çapa gəlir. Onun yanında isə qorxulu vəhşilər –şir və pələng. Budur, yaxınlaşdı o öz heyvanları ilə və şığıdı rəqib ordusunun üstünə, qırdı və dağıtdı onu. Buna təəccüblənən və sevinən padşah da fikirləşir: «kim ola bilər bu?». Amma birdən o gördü ki, onun tanımadığı dostu düşmən oxuna tuş gəlib və qanı damır. Padşah tez ona yaxınlaşdı və gördü ki, ox onun qolunu yaralayıb. O çıxardı öz yaylığını və sarıdı onun qolunu və öz ordusu ilə qayıtdı evə.

Sabahı gün padşah böyük qonaqlıq düzəltdi, necə ki, bütün şəhəri çağırmışdı. Padşah öz qonaqları arasında gəzdi və diqqət yetirdi ki, qolu sarıqlı cavan oğlan yoxdur.

– Qalmadımı şəhərdə başqa kimsə? –deyə o soruşur.

Bütün şəhəri gəzdilər və padşahın bağında bağbanın nökərini tapdılar və gətirdilər ziyafətə. O vaxt ki qonaqlar yeməkdən əvvəl başlayırdılar əllərini yumağa, onda, padşah gördü ki, bağbanın köməkçisi bir əli ilə sarğını açdı və yudu qanını. Padşah öz yaylığını tanıdı, yaxınlaşdı ona, götürdü onu əlinə və söylədi bütün camaata dünənki davanı, o sonra öz qızını, seçdiyi ərə görə təriflədi, öz kürəkənini əzizlədi və mükafatlandırdı və onu öz vəliəhdi təyin etdi.

Tülkü və Armudanbəy

Biri var idi, biri yox idi. Bir Armudanbəy var idi. O, tamamilə fağır idi və əlindən bir iş gəlmirdi. Bu Armudanbəy vurulmuşdu padşahın qızına və ondan ötrü ölürdü. Bir dəfə, onun yanına Tülkü gəldi və dedi:

– Armudanbəy, gəl qardaş olaq və mən sənün üçün şahzadə qızı düzüb-qoşaram!

– Yaxşı, –dedi Armudanbəy və onlar qardaş oldular.

Tülkü getdi padşahın yanına və Armudanbəyin adından ölçü istədi, hansı ki, padşah bir qəpiklik sikkələri öz xəzinəsində ölçür. Padşah əmr elədi versinlər ona ölçünü. Tülkü gətirdi ölçünü Armudanbəyə, hardansa birqəpiklik tapdı, qoydu onun içinə və onu qaytardı geriyə. Padşah baxdı ölçüyə, gördü onun içində qəpiyi və fikirləşdi: «görünür onlar pul ölçüblər. Yəqin ki varlı adamdır bu Armudanbəy!» Bir neçə gündən sonra, Tülkü padşahın yanına yollandı və Armudanbəyin adından ölçü istədi, hansı ki, padşah öz xəzinəsində ölçür iyirmi qəpiklik sikkələri. Padşah verdi. Tülkü ölçünü özü ilə apardı, tapdı hardansa iyirmiqəpiklik sikkə, soxdu onu ölçünün içinə və onu qaytardı dala. Padşah ölçünün içində sikkəni gördü və daha çox heyrətləndi Armudanbəyin varlılılığına. Bundan sonra o, padşahın yanına ölçü istəməyə getdi, hansı ki, o qızıl pulları ölçür. Ona ölçünü verdilər. O istədi kimdənsə qızıl pul, yerləşdirdi ölçünün içində və qaytardı onu dala. İndi padşah tamamilə əmin oldu ki, Armudanbəy elə varlı adamdır, necə o özü.

Bir neçə gün keçir və Tülkü gedir padşahın yanına onun qızını Armudanbəy üçün istəməyə. Padşah razı olur. Qırx gün, qırx gecə o, qızına toy çaldırdı və verdi onu Armudanbəyə. Gəlini adaxlısının evinə aparmaq vaxtı çatanda, Tülkü qaçdı padşahın yanına və ondan istədi bir at versin ona, belə ki, dedi o, Armudanbəyin ilxısı uzaq dağlarda otlayır və ona çətindir oradan özünə at götürmək. Padşah ona çox qaçağan bir at verdi, o oturdu atın üstündə və çapa-çapa çıxdı hamıdan qabağa. Bütün sürü və ilxıların çobanlarına, hansılar ki, o, yol boyu rast gəldi, o dedi ki, onun ardınca padşah ordusu gəlir və əgər padşahın nökər və əyanlarının «bu sürü, yaxud ilxı kimindir?», sualına onlar deməsələr ki bütün bunlar Armudanbəyə məxsusdur, onda, ordu aparacaq həmin sürünü özü ilə və onlara heç nə saxlamayacaq. O vaxt ki, Tülkünün keçməsindən sonra, həmin yol ilə, şahzadə qızı Armudanbəyin evinə qoymaq üçün padşah ordusu gəlirdi və rastlaşırdılar sürü və ilxılarla, soruşdular: «kimindir onlar?», onda, bütün çobanlar cavab verdilər ki, bunlar Armudanbəyə məxsusdur. Heyrətləndi padşahın əyanları Armudanbəyin saysız-hesabsız sürülərinə və tükənməz sərvətinə və ona qibtə etdilər ki, o alıb özünə gözəl şahzadə qızı. Bu arada, Tülkü çapa-çapa bir qəşəng evin yanına gəldi, Hansı ki məxsusdur üç qardaş divə və onlara dedi ki, padşah sayı hesabı bilinməyən ordu ilə onların üstünə davaya gəlir və əgər onlar saman tayasının içində gizlənməsələr, qəfildən ordu gəlib onları tutar və öldürər, belə ki, onlar artıq bura çox yaxındır. Divlər qorxdular və həyəcanlandılar. Nə etsinlər –saman tayasının içinə girdilər və gizləndilər. Gəlib çatdı ordu, nökər və əyanlar və gətirdilər şahzadə qızı. Qonaqlar Armudanbəyin evinin gözəlliyinə baxmaqdan doymur, Tülkü isə onlara deyir:

– Hörmətli qonaqların şərəfinə atəşfəşanlıq düzəltmək lazımdır, –və tayanı yandırdı. Alov buludlara qədər qalxdı və bütün divlər onun içində məhv oldu. Beləliklə, bu yoxsul və lüt Armudanbəy padşah kürəkəni və var-dövlət sahibi oldu.

Bir dəfə, Tülkü Armudanbəyin ona qarşı sədaqətini yoxlamaq istədi və ona belə dedi:

– Armudanbəy, mən sənin üçün nə qədər yaxşılıq etdim, sən də mənim üçün heç olmasa, birini et!

– Necə? –soruşdu Armudanbəy.

– Bax belə: nə vaxt mən öldüm, məni layiqincə dəfn et və mənim şərəfimə möhtəşəm təziyyə mərasimi düzəlt! –dedi Tülkü.

Armudan bəy söz verdi. Bir dəfə, Tülkü həyətdə uzandı və özünü yalandan ölülüyə qoydu. Gəlib çıxdı Armudanbəy, gördü ölü Tülkünü, çağırdı nökəri və onlara göstəriş verdi ki, Tülkünün quyruğundan tutub həyətdən kənara atsınlar. Tülkünü atdılar. O çox əzildi, amma ayağa durdu və axsaya-axsaya gəldi Armudanbəyin yanına və onu alçaqlıq etdiyinə və vədinə xilaf çıxdığına görə məzəmmət etdi. Armudanbəy öz hərəkətindən utandı, amma o vaxt ki, növbəti dəfə Tülkü doğrudan öldü, onda o qorxdu ki yenə də yalandandır, molla çağırıb, onu təmtəraqla dəfn etdi və onun şərəfinə ehsan verib hamını heyrətə saldı.

Yuxu

Keçmiş zamanlarda bir padşah yaşayırdı. Bir dəfə, o, yuxuda gördü ki hansısa düşmən onun üstünə gəlir, onun bütün ordusunu dağıdır və onun bütün gəmilərini məhv edir. Padşah belə bir yuxudan qorxdu və qorxudan elə qışqırdı ki, ayıldı. O görəndə ki bu yuxudur, özünə gəldi və təzədən yatdı; amma o, ikinci dəfə də, belə yuxu gördü. Bundan sonra, padşah bir xeyli müddət yata bilmədi. O vaxt ki üçüncü dəfə, onlar yenə də yuxusuna girdi, onda, onun yuxusu tamam qaçdı: o, səhərə qədər gözünü yuma bilmədi, bütün gecəni fikirləşdi ki, demək, bu olacaqdır. Səhər o, öz arvadına qorxulu yuxusu barədə danışdı. O əmin idi ki onun yuxusu mütləq çin çıxacaqdır: o, qorxulu düşmənə məğlub olacaq, öz səltənət və sərvətini itirəcək və dünyanın gözü qarşısında bədnam olacaqdır. «Yox, lazımdır qaçmaq» fikirləşdi o, «belə biabırçılıqdan qaçmaq və hardasa uzaqlarda ölmək! Onda, heç olmasa, mən bədnamçılıqdan xilas olaram». O öz arvadını və iki oğlunu da götürüb qaçdı.

Padşah və onun ailəsi az getdi, çox getdi və nəhayət, gəlib çatdılar, bir meşənin yanına. Axşam idi. Padşah, taqətdən düşmüş uşaqlarının və arvadının dincəlməsi üçün, istədi meşədə gecələsin.

Onlar yer elədilər meşənin qalın yerində, ocaq qaladılar və oturub dinclərini aldılar.

Gecə, qəflətən, onların yanına bir adam gəlib belə dedi:

– Bizim karvan buradan bir az uzaqda dayanıb; orda doğası qadın var. Sən öz arvadını qoyarsanmı, biz duran yerə getsin və həmin arvada, doğan vaxt kömək etsin.

– Yaxşı, – dedi padşah və göndərdi öz arvadını. Xeyli gözlədi uşaqlar öz analarını, amma ana, bir də, qayıtmadı. Nəhayət, onlar atalarına dedilər:

– Ata, bizim anamız qayıtmır; get gör o hardadır.

– Yaxşı! – dedi ata və getdi.

Padşah karvanı nə qədər axtarsa da, heç nə tapmadı: karvan artıq çoxdan getmiş və padşahın arvadını aparmış. Padşah döndü öz uşaqlarının yanına və onlara danışdı bu barədə; uşaqlar analarından ötrü xeyli ağladılar və nəhayət, yatdılar. Onlar səhər durub yollarına davam etdilər. Oğlanlardan biri, yolda qaldı; meşədən çıxmış ac qurd, onu tutub apardı. Bədbəxt ata, qaçdı qurdun dalınca, amma ona çata bilmədi. Bir kəndli, oğlanı aparan qurdu görüb onu öldürdü, oğlanı isə gətirdi öz evinə. O, sağaltdı onun yaralarını və qoydu öz yanında yaşasın.

Bu arada, padşah özünün o biri oğlu ilə yollarına davam etməkdə idilər və gəlib çıxmışdılar bir çayın kənarına. Onu keçəndə oğlan yıxıldı suya və su onu apardı. Padşah nə qədər cəhd etsə də, oğlunu xilas edə bilmədi. Su oğlanı apardı bir dəyirman navalçasına. Burada, təsadüfən dəyirmançı eşitdi çarxın altından oğlanın çığırtısını, o saat boşaltdı suyu bir tərəfə və xilas etdi onu. Dəyirmançı bu hadisəyə sevindi və oğlanı övladlığa götürdü, belə ki, öz uşağı yox idi. Onun zavallı atası ki, itirdi hər şeyi: padşahlığı, sərvəti, arvadını və uşaqlarını, sözlə demək olmayan öz dərdi ilə dünyanı səyahətə çıxdı.

O, sərgərdan dolaşdı işıqlı dünyanı yaxşı-yaxşı, oldu hər yerdə və hər tərəfdə və nəhayət, tale gətirdi onu bir ölkəyə, hansı ki, orada o, yoxsulluq içində və tək tənha yaşamağa başladı. Təsadüfdəndir ki bu ölkənin padşahı öldü və camaat özlərinə yeni padşah seçməli oldu. Bu xalqda belə bir ənənə var idi ki, padşah seçiləndə hamısı kiçikdən böyüyə qədər, yığılardılar meydana, qəfəsdən buraxardılar „Dövlət-Quşu“nu və o kimin başına qonsa idi, onu da padşah seçərdilər. Bütün xalq yığıldı meydana və buraxdılar „Dövlət-Quşu“nu. Quş uçdu, uçdu və oturdu, elə, bədbəxt padşahın başına.

–Yox, o dilənçidir, onun işi sədəqə dilənməkdir, o, padşah işini görə bilməz! –deyə camaat haray-həşir saldı.

Buraxdılar „Dövlət-Quşu“nu ikinci dəfə, sonra isə bir də üçüncü dəfə və o yalnız dilənçi-padşahın başına qondu. Camaat təəccübləndi buna və dedilər:

– Onu sınaqdan keçirək: əgər o edə bilsə, onda, onu padşah seçərik.

Həmin şəhərin yanında dəniz var idi; nə qədər gəmi düzəltsələr də, nə qədər əziyyət çəksələr də, heç cürə dənizdə üzə bilmirdilər: gəmilər yerindən tərpənmirdi. Beləliklə, camaat zavallıdan soruşdu ki, onlar dənizdə hərəkət etmək üçün nə etməlidirlər? Bir vaxtlar gəmiləri az olmamış və özü isə bir dəfə də dənizində üzməmiş sabiq padşah, onlara gəmiqayırma və dənizçilik sənətini öyrətdi və padşah seçildi.

Bir müddət keçdi. Bir dəfə, padşah ovdan evə qayıdırdı və gördü ki, yolla kəndli gedir, yanında da köməkçisi: gənc, qədd-qamətli və yaraşıqlı oğlan. «Qoy alım bu oğlanı: o mənə xidmət edə bilər», fikirləşdi padşah, aldı kəndlidən gənc oğlanı və gətirdi evə. Bir müddət sonra, o getdi öz ölkəsini gəzməyə. Bir dəyirmanın yanından keçəndə, padşah görür ki, orada dəyirmançı bir cavanla oturub, lap oxşayır onun quluna. «Qoy alım onu dəyirmançıdan: o mənim qonaqlarıma qulluq edə bilər», deyə fikirləşdi padşah və aldı onu. Hər iki qul ona xidmət etməyə başladı.

Bir dəfə padşahın paytaxtına bir karvan daxil olur. Bu karvanın sahibi, varlı tacir, sərbəst ticarətə icazə almaq üçün, öz mallarından ən qiymətli şeyləri padşaha aparır və şəxsən girir padşahın yanına. Padşah ona təklif edir öz yanında şam etsin və gecələsin. Onda, tacir dedi ki, o qorxur öz karvanının qarət olunmasından və padşahdan istədi ora qarovul göndərsin. Padşah öz iki cavan qulunu göndərdi ora. Gecə qullardan birinin bərk yuxusu gəldi və o yoldaşına dedi:

– Mənim yuxumun qaçması üçün mənə nəsə bir şey danış, mənim bərk yuxum gəlir!

Yoldaşı başladı ona söhbət etməyə ki, bir vaxtlar, onun atası padşah idi. Bir dəfə o, qorxulu yuxu gördü, uşaqlarını və arvadını götürüb öz paytaxtından qaçdı; onlar dayandılar meşədə; gecə onların yanına, yaxınlıqdan keçən karvandan bir adam gəldi və onların atalarını aldadıb, analarını apardı… O vaxt ki yoldaşı söylədi bunu, birinci qul ayağa qalxdı, qucaqladı onu və ağladı, bildirdi ki, o onun qardaşıdır. Bu vaxt, tacirin çadırından, onların söhbətinə qulaq asmış qadın çıxdı, onların hər ikisini qucaqladı və ağladı, bildirdi ki onlar onun uşaqlarıdır və o, onların anasıdır. Qadın öz oğlanlarını saldı çadırın içinə və onlar xeyli söhbət edəndən sonra orda yatdılar. Səhər tezdən, tacir geri döndü və görür ki, padşahın nökərləri onun çadırının içində yatır; o qayıtdı və onlardan padşaha şikayət etdi. Padşah əmr elədi qulları və qadını onun yanına gətirsinlər. Qadın, padşaha hər şeyi söylədi. Onun birinci sözündən, padşah məsələdən hali oldu, qucaqladı öz arvadını və uşaqlarını və onları duz kimi yaladı. Şad olmuş padşah, bundan sonra əmr elədi ki, onun ölkəsindən tacirin qovsunlar və öz arvadı və uşaqları ilə və firavan yaşamağa başladı.


Qabiliyyətsiz oğul

Biri vardı, biri yoxdu. Bir varlı vardı. Onun da, vardı bir oğlu, hansı ki o çox sevərdi. Var-dövlətdən başqa, varlının qeyri-adi şeyləri də var idi: elə papağı var idi ki, əgər, kimsə qoysaydı onu başına, olardı gözəgörünməz; var idi tütəyi, hansı ki səsi ilə bütün adamlar yığılardılar onun yanına və təzim edib deyərdilər: „Nə əmr edirsən cənab? Biz sənin qulluğundayıq!“ Nəhayət, vardı kisəsi, hansı ki torpağı çevirərdi qızıla. Bu varlı, öləndə vəsiyyət etdi ki, onun oğlu sənət öyrənməsin, belə ki o çoxlu sərvət saxlayır ona: „olsun“ fikirləşdi o, „oğul yeyər, içər və yaşayar kefi istəyən kimi, zəhmətsiz və əziyyətsiz“.

Amma atasının ölümü ilə, oğul hər işdə qabiliyyətsizlik göstərdi və gününü kefdə və əyləncədə keçirdi.

Bu ölkədə bir padşah vardı, hansı ki onun çox yaxşı dama oynayan gözəl bir qızı vardı. O qız eşitdi ki onun ölkəsində bir kefcil cavan var, hansı ki sahibdir üç möcüzəli şeyə və xoşlayır dama oynamağı. Şahzadə qız, atasından istədi həmin cavanı onun yanına dəvət etsin. Cavan oğlan, gözəlçə-şahzadəni görən kimi, o saat ona vuruldu. Onlar başladılar dama oynamağa. Necə ki şahzadə yaxşı dama oynayırdı, elə də o uddu oğlanı– onun sehrli kisəsi və tütəyi ilə birlikdə bütün xəzinələrini; bunda yalnız qaldı bircə papaq. Sonra, qız göstəriş verdi ki yoxsullaşmış gənci evdən qovsunlar: guya, ədəbsizlikdir: yoxsul adamın padşah evində olması!

Bir dəfə, bu şəxs qoydu öz gözəgörünməzlik papağını və getdi padşah evinə, baxmağa gözəl şahzadəyə. O girdi otağa və gördü ki padşah, padşah arvadı və şahzadə qız oturub, üçü də plov yeyir; o da oturdu onların yanında və başladı yeməyə. Onlar gördülər ki onlar üçdülər, amma plovu yeyir dörd nəfər. Nə qədər hər ətrafa baxdılar, heç kimi görmədilər. O vaxt ki yeməkdən sonra padşah qızı qalxdı, onda, qız təsadüfən, toxundu cavan oğlana, bu səbəbdən də onun papağı düşdü və onlar gördülər onun özünü necə, elə də onun papağını. Onda, padşah qızı bir də dama oynamaq xahişi ilə yapışdı yaxasından; onlar oynadılar və padşah qızı papağı da uddu, bundan sonra, yenə göstərişi verdi onu evdən qovsunlar. Axırıncı sərvətini itirəndə, bədbəxt gənc başladı kədərlənməyə və ağlamağa.

O, yollandı səyahətə. Bir dəfə, o, başını aşağı salıb gedirdi, belə girdi bir bağa. O gördü ki alma ağacından gözəl, qırmızı almalar sallanır; ac gənc, əlini uzadıb bir alma dərdi və yedi. Və birdən onun başında iki uzun, haçalanmış buynuz bitdi! O başladı daha çox ağlamağa və kədərlənməyə: az idimi onun başıma gələn bəlalar? Və budur, daha bir bəla, bəli, özü də daha böyüyü! Hara gedəcək o, bu buynuzlarla? O, birtəhər aralandı ağacın yanından və davam etdi yoluna. Gördü öz qarşısında başqa bir ağac, hansı ki üstündə vardı qozalar. O dərdi bir qozanı və yedi. Və budur, qopdu onun əcaib buynuzları və düşdü onun ayağının altına. Gənc şad oldu bu hadisəyə. «İndi mən padşah və padşah qızından heyfimi çıxaram!» – düşündü o, çoxlu alma və qoza dərdi və gətirdi evə.

Evdə o seçdi ən yaxşı almaları və göndərdi padşah qızına hədiyyə. Padşah, xanımı və qızı ilə almaları yeyən kimi, onlardan hər birinin başında iki buynuz çıxdı! Padşah mat-məəttəl qaldı bu qəribə hadisəyə və bu biabırçı bəzəkdən qurtulmaq üçün yığdı bütün öz həkimlərini və cərrahlarını. Həkim və cərrahlar fikirləşdilər, fikirləşdilər və bir çarə tapa bilmədilər. Onda, gənc gəldi padşahın yanına və dedi ki o, onları sağaldar, bu şərtlə ki padşah öz qızını versin ona. Nə etməli. Padşah öz qızını verdi ona, o da verdi onların hərəsinə bir qoza; onlar yedilər bunları və qopdu onların buynuzları. Bundan sonra, gənc, padşah qızından tütəyi aldı və çaldı onu; onda, toplaşdı bütün adamlar, seçdilər onu padşah, bu yolla da, padşahın bütün dövlət və sərvəti keçdi xoşbəxt gəncin əlinə.


Kimi Allah saxlasa o məhv olmaz

Keçmiş zamanlarda bir yoxsul yaşayırdı. Onun bir arvadı və bir kiçik oğlu var idi. Hər gün, bu yoxsul gedərdi meşəyə, gətirərdi belində bir şələ çırpı, satardı onu və qazandığı pulla saxlayardı öz ailəsini. Bir dəfə, o, meşəyə gedəndə, bir adam onun yolunu kəsib soruşdu:

– Qoca, hansını götürmək istəyərsən: qanuni, halal qazanılmış bir manatı, ya qeyri-qanuni on manatı?

Qoca cavab verdi ki halal qazınılmış bir manat haram yolla əldə olunmuş on manatdan yaxşıdır. Onda, tanımadığı şəxs cibindən bir manat çıxardı və verdi qocaya. Şad olmuş yoxsul, döndü geri və üz tutdu bazara; burda o gördü ki bir quş satırlar, qoca öz manatına aldı onu və gətirdi evə ki, oğluna hədiyyə versin və onu sevindirsin. Həmin gün, onlar ac qaldılar, niyə ki qoca meşəyə getmədi və çır-çırpı satmadı; amma oğlan aclıq hiss etmirdi, niyə ki çox məşğul idi öz quşu ilə. O biri gün, səhər, onlar gördülər ki quş qanadlarını çırpdı və ağzından bir qızıl pul saldı. Yoxsul ailə bu xoşbəxtliyə sevindi, quş isə hər gün onlara bir qızıl pul bəxş etməkdə davam etdi. Beləliklə, məlum oldu ki bu quş «Dövlət-Quşu» – xoşbəxtlik və var-dövlət quşu imiş. Yoxsullar varlandılar və başladılar qayğısız yaşamağa.

Bir müddət keçdi, qoca öldü, qaldı arvadı və oğlu. Bir dəfə, ana bazarlıq etmək üçün getmişdi bazara; orada, o, cavan bir kişi ilə tapışıb ona ürəkdən vuruldu. O, cavan kişini öz evinə dəvət etdi və onunla evlənməsini təklif etdi. O, məşuquna, hətta, „Dövlət-quşu“nu göstərdi və başa saldı ki, bu quş hər gün onlara bir qızıl pul verir. Cavan kişi getdi öz dostunun, dərvişin, yanına və ona möcüzəvi quş barədə danışdı. Dərviş dedi ki kim yesə bu quşun başını, o, padşah olmalıdır. Aşiq qadın, gənc oğlanı öz yanına gətirmək üçün onun yanına bir də gedəndə, o, buna dedi ki onun yanına gəlməyəcək və onunla evlənməyəcək, ta o vaxta qədər ki o hələ quşu kəsməyib və ona yeməyə verməyib. Axmaq qadın quşu kəsdi və onu bişirib öz evində qonağını gözlədi. Oğlu məktəbdən qayıtdı, gördü ki onun quşunu kəsiblər, o dəqiqə başladı ağlamağa. Uşağın keçmiş dayəsi, bu səbəbdən onu çox sevən qonşu qarı, həmin vaxt, onlarda idi və anasından tələb etdi ki o, oğluna bir az quş əti versin ki, bu bəlkə uşağı sakitləşdirdi. Amma anası qəti surətdə imtina etdi və ona heç nə vermədi. Onda, qarı quşun kəsilmiş başını axtarıb tapdı, onu odda qızartdı və verdi uşağa. Uşaq başı yedi və sakitləşdi.

Qonaq gəlir; qadın quşu süfrəyə qoyur.

– Bəs başı hanı? – deyə qonaq soruşur.

– Başını oğluma verdilər, çünki, o quşdan ötrü ağlayırdı, – deyə cavab verdi qadın.

Bu sözləri eşidəndə, cavan kişi durdu ayağa və getdi evə, dedi ki onunla evlənmək istəmir. O biri gün, qadın yollandı onun yanına ki öyrənsin niyə imtina etdi. Cavan kişi dedi ki, əgər arvad quşun başını yeyən uşağın başını kəsməsə və ona verməsə, onda, o heç vaxt onunla evlənməyəcək. Cavan kişiyə bəslədiyi məhəbbətin təsirindən ağlı qaçmış ana, şeytanın təhrikinə qulaq asdı və qərara gəldi öz bircə balasının başını kəssin... Bunu dayə bilir; o, oğlanı oğurlayır və onunla qaçır başqa ölkəyə. Səfeh qadın, məhrum olur öz oğlundan da, öz məşuqundan da, öz qiymətli quşundan da.

Bu arada, qarı ilə uşaq gəlib çatdılar bir şəhərə və orada qarı bir bağbanın yanında işə düzəldi. Onlar uşaq böyüyənə, güclü və ağıllı gənc olana qədər orda yaşadılar. Bir dəfə, bu şəhərə çox yaxşı ox atan bir bahadır gəldi; amma onun yayı o qədər möhkəm idi ki, onun özündən başqa, heç kim onu darta bilmirdi. Bu bahadır, o yerin padşahına müraciət edib belə dedi:

– Kim çəksə mənim yayımı, mən ona min manat verəcəyəm; amma, əgər, heç kim onu darta bilməsə, onda, mən şəhərdən on min manat tələb edəcəyəm.

Onda, padşah yığdı şəhərin bütün güclülərini, lakin onlardan heç biri, yayı çəkə bilmədi. Bu zaman, bağbanın köməkçisi padşaha xəbər göndərdi ki o, bahadırın yayını çəkə bilər. Padşah baxdı oğlana və inanmadı ona, çünki o hələ çox gənc idi. Amma gənc ona dedi ki o, yayı çəkə bilər və bunu edəcək əvəzində nəsə almaq üçün yox, edəcək uzun müddət çörəyini yediyi şəhər üçün, bir də, onun üçün ki, lovğa yadellinin təkəbbürünü azaltsın. Padşah onun yarışa çıxmasına razılıq verdi. Bütün şəhər yığıldı meydana. Bahadır öz yayını və oxunu verdi gəncə; gənc onu elə möhkəm dartdı ki, yay da, ox da parça-parça oldu; pəhləvan pərt oldu və çıxıb getdi. Bundan sonra, bağbanın nökəri padşahın sevimlisi oldu: padşah gətirdi onu öz yanına və o, sarayda yaşamağa başladı.

Bir müddət keçdi. Bir gün padşaha xəbər verirlər ki, onun ölkəsində əjdaha peyda olub və o yolu üzərində hər şeyi dağıdıb məhv edə-edə şəhərə tərəf gəlir. Bu xəbər padşahı sarsıtdı və buna görə o dedi ki, kim onun təbəələrini bu əjdahadan xilas etsə, öz qızını ona verəcək. Padşahın sevimlisi, bağbanın sabiq nökəri bildirdi ki o, əjdahanın qabağına çıxmaq istəyir. Amma padşah ona qıymadı və dedi ki o hələ çox gəncdir, nəhənglə bacarmaz və məhv olar və bu halda, onun doğmaları padşahdan narazı qalar. Amma gənc cavab verdi ki onun heç bir doğması yoxdur və əgər, o, əjdaha ilə mübarizədə təsadüfən həlak olsa, heç kim padşaha irad tutmayacaq, buna görə o, padşaha yazılı iltizam verdi. Əvəzində də, padşahın dilindən kağız aldı ki, əgər, o, əjdahaya qalib gəlsə, padşah öz qızını ona verəcək. Bundan sonra, o, padşahdan onun şəxsi kəhər atını və xəzinə saxlanılan yerdə saxlanılan zəhər hopdurulmuş şəxsi qılıncını istədi.

Padşah götürdü iyirmi minlik ordu, arvadını və qızını və getdi tamaşa etməyə, öz sevimlisinin əjdaha ilə vuruşmasına. Bir müddətdən sonra, onlar gördülər ki əjdaha onlar tərəfə gəlir; onda, gənc çıxdı onu qarşılamağa. O, əjdahaya yaxınlaşaraq ox atdı; əjdaha özünü itirdi. Gənc çapdı onun lap yanına və gördü ki ox girib onun sağ gözünə; o cəld atdan düşdü, üzdü əjdahanın başını və bunu, qorxudan ora yaxın gələ bilməyən orduya xəbər verdi. Qalib, əjdahanın başını dörd atın üstündə göndərdi padşaha; padşah onu görüb, dövlətinin böyük bəladan xilası üçün Allaha şükürlər etdi. O, yoxsullara çoxlu pul payladı və xeyli qurban kəsdirdi. Hamı gəncin igidlik və qorxmazlığını təriflədi, padşah isə ona xələt verdi. Bundan sonra, öz vəzirlərini və başqa əyanlarını yığdı və onlara dedi ki, vəd etdiyinə görə, o öz qızını verməlidir gəncə; hamı padşahın qərarından razı qaldı və hazırlaşdılar toya. O arada, padşahın münəccimi dedi ki, bu adam nə vaxtsa «Dövlət-Quşu» quşunun başını yeyib və padşah olacaqdır. Təmtəraqlı toy çaldılar və padşahın qızını verdilər gəncə. Bundan sonra padşah yığdı öz təbəələrini və onlara dedi:

– Mənim oğlum yoxdur; özüm də qocalmışam, öz işimin öhdəsindən gələ bilmirəm; bu gənc, mənim kürəkənim isə, əjdahanı öldürdü və sizi ondan xilas etdi, mən istəyirəm onu öz yerimə padşah qoyum; razılaşın buna!

Hamı razılaşdı və gənc, padşah oldu. Bir müddətdən sonra, yeni padşah, öz anasını və onun məşuqunu axtarıb tapdı. Öz oğlunu tanıyan ana, öz hərəkətindən xəcalət çəkdi və bağışlanmasını istədi, onun məşuqunu isə asdılar.


Nuxa rus – sünni-tatar uçilişinin müəllimi S. Abdurrəhman tərəfindən qələmə alınmışdır, 1905-ci il.


Rus dilındən tərcümə etdi: Aydın Məmmədov

  1. Yerli tatarlara (–şəkililərə, A.S.) görə insan şəklində olan div, yaxud dev – nəhəng boya və hədsiz gücə malikdir; amma onun buğa buynuzu və buğa quyruğu var; Adəm övladı ilə isə daima ədavət saxlayır, Cоб.