Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ədəbiyyat:Nuxa poçta rəisinin macərası

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:46, 22 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Nuxa poçta rəisinin macərası

(Nuxa fəhləsi, 19 oktyabr 1954-cü il. № 191 (5140))

Şəki Ensiklopediyasının kiçik loqosu

Nuxada elə adam tapılmaz ki, 30-35 ildən bəri Nuxa rabitə kantorunda çalışan 4 nəfər ən köhnə məktub daşıyanı – N.D.Nağıyevi, S.V.Musabəyovu, H.H.Həsənovu və V.K.Məmmədovu tanımamış olsun. Qışda və yayda, isti və şaxtada onlara çiyinlərindəki iri sumkaları ilə şəhərin küçələrində rast gəlmək olurdu. İşlədikləri uzun illər müddətində onların Nuxa əhalisinə nə qədər məktub, qəzet, jurnal, pul baratları və təqaüd payladıqları heç hesaba gəlməz.

Onların gəlişinə hər evdə sevinilir və uzun illər namuslu əməkləri üçün həmin məktub daşıyanlar hamının hörmətini qazanmışdılar. Poçtalyonların xəyallarına belə gəlməzdi ki, bu qoca yaşlarında məhkəmə qarşısında dayanacaqlar...

Fəlakət qəfildən üz verdi. Keçən ilin iyun ayında Hacı Ələsgəroviç Abbasovu Nuxa rabitə kantorunun rəisi təyin etdilər. Yeni rəis kantoru təhvil götürüb ilk növbədə tələb etdi ki, hər bir poçtalyon gərək ayda ona 300 manatdan 500 manata qədər pul versin. Təəccübdə qalmış poçtalyonlara Abbasov izah etdi:

- Mən sizin rəisiniz olduğum üçün mənim qayğıma qalmaq sizin borcunuzdur. Ta ki mən də öz növbəmdə yuxarıda duran rəislərə qayğı göstərirəm. Bu pulları haradan alacağıq deyirsiniz? Qəribə adamlarsınız, siz ki pul baratları və təqaüd paylayırsınız, onlardan “faiz” tutmağı öyrənin.

Tabeliyindəki adamların şikayət etmək həvəsini dərhal qırmaq üçün Abbasov özündən böyük rəislərlə və yerli rəhbər işçilərlə olan dostluq münasibətlərini hər vasitə ilə gözə verirdi.

Hətta SSRİ Rabitə Nazirliyinin Azərbaycan müvəkkilliyi idarəsinin başçıları ilə telefonda danışanda Abbasov onları öz adları ilə – Teymur! yaxud Əli! Deyə ucadan çağırırdı ki, onun əlinin altındakı işçilər eşitsin və öz rəislərinin kimlərlə durub-oturduğunu, yaxın olduğunu bilsinlər.

Rayonun prokurorluq və milis işçilərilə tezliklə dostlaşan Abbasov tez-tez onlarla bir yerdə görüşür və birlikdə şəhərdən kənar gəzintilərdə iştirak edirdi. Çünki belə bir dostluq əlbəttə gələcəkdə ona lazım olacaqdı.

Hələlikdə isə o, poçtalyonları özünə “haqq” verməyə, ailəsi üçün müxtəlif şeylər almağa məcbur edir, onlardan “borc” alırdı. Bundan başqa öz müavini M.Nağıyevin köməyi ilə idarədə haqq-hesab işlərini dolaşdıran Abbasov, nəzarətsiz surətdə kassada istədiyini edir və oradan götürdüyü pulları da poçtalyonların üstünə keçirirdi. Çox keçmədən Hacı Ələsgəroviçin mərhəmətindən poçtalyonların borcu 12 min manatı aşdı.

Abbasovun dələduzcasına işlətdiyi fırıldaqlardan nə qədər qorxmuş olsalar da poçtalyonlar ən nəhayət şikayət etmək qərarına gəldilər.

Budur “Nuxa fəhləsi” qəzetində dərc olunmuş bir felyetonda Abbasovun cinayətkar əməlləri ifşa edildi. Nuxa rayon icraiyyə komitəsi öz növbəsində rabitə kantorunda aparılan yoxlama nəticəsini müzakirə etmiş və belə qərara gəlmişdi ki, Abbasov və onun müavini Nağıyev dövlət vəsaitinin mənimsənilməsi üçün qəsdən şərait yaratmışlar. Abbasovun məsələsi kommunist olduğuna görə şəhər partiya komitəsində müzakirə olunmalı idi. Rabitə kantorunun partiya təşkilatı katibi F.Hacıyeva yoldaşdan və başqa kommunistlərdən də bu barədə siqnallar daxil olmuşdu.

Bundan başqa işi axıra qədər çatdırmağı qərara alan poçtalyonlar rabitə nazirliyi müvəkkilliyinə məktub yazmış, hətta özləri Bakıya gedərək SSRİ Rabitə Nazirliyinin Azərbaycan SSR üzrə müvəkkili Hüseynov yoldaşın özünün yanında olmuşlar.

Güman etmək olardı ki artıq julikin bütün siması meydanda olduğundan o, daha məsuliyyətdən yaxasını qurtara bilməyəcəkdir. Lakin nə qədər təəccüblü olsa da hadisələr başqa cür inkişaf etdi.

Şəhər partiya komitəsinin bürosunda bir töhmətlə başını qurtaran Abbasov “itaətsizlik” edən poçtalyonlardan qisas almağa başladı. İyulun 31-də o, “12 min manatdan artıq pul mənimsədikləri üçün” poçtalyonları işdən çıxarıb cinayət məsuliyyətinə cəlb etmək haqqında əmr verdi. Avqustun 14-də SSRİ Rabitə Nazirliyinin Azərbaycan SSR üzrə müvəkkili Hüseynov yoldaş həmin əmri təsdiq etdi.

Beləliklə də 4 nəfər köhnə poçtalyon möhkəm havadarları olan təcrübəli dələduzun qurbanı oldular. Poçtalyonların “mənimsəmiş” olduqları pulları verməyə məcbur etdilər. Bunun üçün onlar öz ev əmlaklarını satmalı oldular, əl tutmaq üçün dost-aşnalarına müraciət etdilər. Bütün pullar ödənildisə də poçtalyonlardan biri, bu yaxınlarda analarını itirmiş 2 körpə uşağın atası Nəsib Nağıyevi prokuror Əli Quliyevin sərəncamı ilə həbsə aldılar. Qalan 3 nəfər poçtalyon da həbs olunmaq qorxusu altındadır. Bunun əvəzində isə Hacı Abbasov özünü çox yaxşı hiss edir. Əvvəlki kimi dostları ilə görüşür və hamının qabağında özünün cəzasızlığı ilə öyünür.

Həqiqətən də nə üçün də o, öyünməsin? Axı hələ 1945-ci ildə Yardımlı rayon rabitə kantorunda etdiyi cinayət üstündə 2 il cəzaya məhkum edilərkən o, nəinki yaxasını qurtara bilmiş, hətta lütfən rabitə nazirliyi müvəkkilliyində baş inspektor vəzifəsinə təyin olunmuşdu. İkicə ay keçməmiş öz rəislərinin iltifatı ilə Abbasov rayon rabitə kantoruna başçılıq etmək üçün Ağdama göndərildi. O, burada rabitə işçilərini sıxışdırıb pul alır, teleqrafçı və telefonçu qadınları ələ salıb, onları birgə yaşamağa məcbur edir, namuslu işçiləri zəhərləyir. O, naqan tapançadan tavana atəş açmaqla özünə tabe olan işçiləri qorxudur. Rayonun rəhbər işçilərinin telefon danışıqlarına gizli olaraq qulaq asmaqla çəkişmə və dedi-qodu ilə məşğul olur. Lakin Abbasovu mühakimə etmir, partiyadan çıxarmır, rabitə orqanlarından qovmurlar. Onu sadəcə olaraq Yevlağa və sonra da Puşkinə “dəyişirlər” ki, oralarda da öz “şücaətini” göstərir.

1951-ci ildə Abbasov öz rəislərinin xüsusi iltifatına layiq oldu. Onun “xidmətləri” vəzifəsinin artırmaqla qeyd olundu. Abbasovu Naxçıvan vilayət rabitə kantorunun rəhbəri təyin etdilər. Lakin o, burada radio nöqtələri üçün alınmış abunə haqlarına qurduğu bir kələklə dolaşır. Abbasovun harayına çataraq onu işin öhdəsindən gələ bilmədiyi kimi vəzifədən azad edir və Qazıməmməd rabitə kontoruna rəis göndərirlər. Lakin burada əl-qol açmaq çətin idi. Daha böyük maştablar lazım gəlir. Odur ki 7 aydan sonra Abbasov özünü Nuxaya saldı. Abbasovun Nuxadakı “şücaətləri” haqqında yuxarıda nəql etdik. Göründüyü kimi öz daimi havadarlarının diqqət və qayğısı ilə qanadlanaraq o, burada tam müvəffəqiyyətlə “işin öhdəsindən gəlir”.

M.MƏMMƏDOV

(“Bakinski raboçi” qəzetinin 6 oktyabr 1954-cü il tarixli nömrəsindən)

Ədəbiyyat

  1. Məmmədov.M. Nuxa poçta rəisinin macərası // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1954. — В. 19 oktyabr. — № 191 (5140). — Səh. 3.