Köməkçi səhifə:Ştabs-kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi

Şəki Ensiklopediyası materialı

4.V-1853-cü il, Tiflis

M.F.Axundov.

Qafqaz təhsil dairəsinin hamisi, Qafqaz ölkəsi baş idarəsi Sovetinin üzvü, Cənab həqiqi statski sovetnik, həzrət-əşrəf kamerger və kavaler baron Aleksandr Pavloviç Nikolaiyə

Tatar (azərbaycanlı — red.) tayfalarının sayca burada yaşayan başqa tayfalardan çox olduğu Zaqafqaziya ölkəsi, bu yerlər Rusiyaya ilhaq edilənə qədər, ya İran şahları, ya da Türkiyə sultanlarının hakimiyyəti altında idi. İran şahları hakim olduqları zamanlarda buradakı tatarların yazı işləri fars dilində, türklər hakim olduqları zamanlarda isə Zaqafqaziyada yaşayan tatarların dilindən, kökündən fərqli olan türk dilində aparılırdı. Bunun nəticəsində də tatarlar indiyə qədər xalis tatar (Azərbaycan — H.M.) dilində ədəbiyyatdan məhrumdurlar və bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmir, əgər tatar dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışlar. Beləliklə də bu əsərlər, daha doğrusu, bu tərcümələr əsasında tatar dilinin ruhunu anlamaq və bu dilin xalqın işlətdiyi vəziyyətində öyrənilməsi mümkün olmadığı kimi, həmin əsərlərə əsaslanaraq, bu dilin qrammatik qayda və qanunlarını, hətta belə bir qayda-qanunu öyrənmək üçün göstərici ədəbiyyat tərtib etmək də mümkün deyildir.

Əlbəttə, mənim bu sözlərim dövlət başçılarının məlumatlı adamlar vasitəsilə tatar dilini öyrənmək üçün tərtib etdikləri və tərtib etməkdə olduqları göstəricilərə aid deyildir.

Bu ölkəni abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar dilində ədəbiyyatın yaradılmasına diqqət vermişdir. Buna görə də birinci dəfə general Yermolov bu ölkənin hakimi olduğu zaman, tatarlar yaşayan yerlərə göndərdiyi əmrlərlə, əhalinin farsca yazmasını qadağan edərək, öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdür. Bundan sonra hər yerdə, müxtəlif qaydalarda olsa da, yazı işləri tatar dilində aparılmağa başladı. Daha sonra hər yerdə qəza məktəbləri açıldığı zaman, hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı. Mənə məlum olduğuna görə, bu çətinliklər hələ də aradan qaldırılmamış və bu dil hələ indiyə qədər, demək olar ki, ancaq təcrübi qayda ilə öyrənilir.

Tiflisdə teatr təsis olunduğu zaman bir çox adamlarda ədəbiyyata, xüsusilə dram sənətinə böyük həvəs oyanmışdı. O zaman məndə tatar dilində komediyalar yazmaq fikri oyandı. Mən yazdığım əsərləri həm tatar ləhcəsində, həm də özümün tərcümə etdiyim rus dilində onun mübarək, şöhrətli adına ithaf etdim. Hal-hazırda mən onları nəşr etməyə hazırlaşıram və birinci olaraq Sizin zati-alilərinizə müraciətlə Sizə tabe olan təhsil dairəsində bu əsərlər əsasında dərs keçilməsinin faydalı iş olduğunu təsdiq etmənizi xahiş edirəm.

Əgər siz bu işi faydalı hesab etsəniz, öz adamlarınızdan birinə həmin əsərləri çap etməyə dair mənimlə əlaqəyə girməyi və litoqrafiya vasitəsilə onlardan neçə nüsxə çap etməyin lazım gəldiyini və hər bir nüsxənin qiymətini təyin etməyi, habelə bu pyesləri çap etdirmək üçün mənə lazım olan müəyyən bir məbləği borc olaraq verməyi tapşırmağınızı acizanə xahiş edirəm.

Pyeslərin sayı beşdir və onlar bunlardır: “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö (ordan həkimi-nəbatat”, “Hekayəti- xırsi quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Sərabi” və “Sərgüzəşti- mərdi-xəsis”.

Əsərlərin məzmunu rusca tərcüməsindən məlumdur. Ancaq mən bunu əlavə edirəm ki, tatar dilini öyrənmək arzusunda olan şagirdlər üçün tatar dilində yeganə orijinal əsərlər sayılan bu pyeslər çox faydalı vəsaitdir. Yalnız onların vasitəsilə tatar dilinin ruhunu, xüsusiyyətini, cümlələrin, ifadələrin quruluşunu, fellərin və sözlərin müxtəlif hallara düşməsini və sairəni öyrənmək olar. Orfoqrafiya məsələlərinə gəlincə, hələlik bu sahədə sabit bir qayda-qanun olmadığına görə mən indiyə qədər öz həmyerlilərimin yazı işlərində tətbiq etdikləri və tatarların tələffüzü ilə daban-dabana zidd olan və əslində fars və türk dilləri orfoqrafiyası prinsipində qurulan mövcud qaydalardan kənara çıxaraq, tatarların öz tələffüzlərində işlətdikləri əlamətləri, vurğuları və sairəni əsas qəbul etmişəm.

Ştabs-kapitan Mirzə Fətəli Axundzadə

Mənbə: Mirzə Fətəli Axundzadə Ştabs-kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi // Əsərləri. — Bakı: Şərq-Qərb, 2005. — III  cild. — Səh.: 30 – 32. — 25.000 nüsx. — ISBN 9952-418-75-X.