Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Hacı Çələbi xan

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:06, 15 iyun 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Nadir şaha qarşı üsyan (1743/1744–1746)

Hicri 1156-cı il (25.02.1743–14.02.1744) tarixdə Hacı Çələbinin Şəkidə Nadir şaha qarşı üsyan başlatması barədə Kərim ağa Şəkixanovun yazdıqları o dövrün bir sıra mənbələrində və arxiv materiallarında da öz təsdiqini tapır. Lakin bu üsyanı həmin müəllifin yazdığı kimi Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası hesab etmək də düzgün olmaz. Belə ki 1743-cü ildə Türk – İran müharibəsi başlamışdı və bu müharibə 3 il davam etdi, 4 sentyabr 1746-cı il tarixdə Qəzvin yaxınlığındakı Kordan adlı yerdə tərəflər arasında bağlanmış sülh müqaviləsi ilə başa çatdı.

Əgər Nadir şahın osmanlılara qarşı vuruşan öz böyük ordusunu saxlamaq üçün vergiləri artırması yerlərdə üsyanlara səbəb olurdusa, osmanlılar da Nadiri zəiflətmək üçün həmin üsyanları müxtəlif yollarla dəstəkləyirdilər...

1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu[1]. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin tuta bilmədi[2]. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü[3], mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi[4] və tərəflər arasında ümumi atəşkəsin qüvvəyə minməsi ilə başa çatdı[5].

Nadir şahın ordusu Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, şaha Şirvanda üsyan baş verməsi və Şirvan valisi Heydər xanın öldürülməsi haqqında məlumat gəldi[6]. Üsyançıların başında Məhəmməd və Sam mirzə dururdu. Adı çəkilənlərdən birincisi Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. İkincisi – Sam mirzə isə bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Nadir şah Şirvan valisi Heydər xanı Sam mirzəyə qarşı göndərəndə isə Surxay xanın oğlu Məhəmməd bəy Sam mirzənini müdafiəsinə qalxdı və ikisi qüvvələrini birləşdirərək Şabran yaxınlığında Heydər xanın ordusuna qalib gəldilər. Heydər xanın özü isə bu döyüşdə həlak oldu. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar canişinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular[7].

Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanması üçün tutduğu əraziləri 1743-cü ilin sonunda geri qaytardı. Nəticədə 1743-cü ildə imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları, 1744-cü ildə bir-bir yatırmağa imkan tapdı. Lakin həmin ilin sonunda Dağıstan və Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyan hələ davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi[8]. Üç həftədən sonra Cavad körpüsündən Dağıstana 4 cəza dəstəsi göndərdi. Bu dəstələr Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, ləzgiləri təslim olmağa məcbur etdilər və ləzgilərdən qənimət götürülmüş çoxlu mal-qara və quyun-keçi ilə Bərdəyə geri döndülər. Bu hadisədən 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 3 ay – mart-iyun aylarında Şəki ərazisində qaldı[5]



“Car salnaməsi”ndə göstərilir ki,

" (1744-cü ilin payızında Nadir şah) Babaratmaya gəlir, burada yerləşir. Ordusunun bir hissəsini Şəki[qeyd 1] üzərinə göndərir. Şəkililər Şirvanla birlikdə Çələbi xan Nuxalının başçılığı ilə onun (Nadir şahın) tabeliyindən çıxmışdılar. Döyüşlər bir aydan çox davam edir. Təhməz (Nadir şah) ordusu ilə Göynüyə gəlir, lakin onun əlinə bir şey keçmir, sonra Nuxanın səngərinə hücum edir. Çox vuruşur, lakin onu ala bilmir. Ancaq Şəkini yandırır. Bəziləri öldürülür, bəziləri əsir alınır, bəziləri qarət olunur, lakin onlar ac olsalar da səngərlərində qalırlar. Bundan sonra Təhməz ordusu ilə Muğana gedir...[9]. "

Qeydlər

  1. Şəki – “Car salnəməsi”ndə “Şəki” sözü əsasən ölkə, vilayət adı mənasında işlədilir və burada isə çox güman ki, Nuxa nəzərdə tutulmuşdur. Belə ki bəhs edilən dövr mənbələrində və daha sonrakı dövrün mənbələrində Nuxanın Şəki adlandırılması hallarına tez-tez rast gəlmək mümkündür... Ənənəvi olaraq hesab edilir ki, Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağılmış, sağ qalmış əhalisi isə Nuxa kəndinə köçmüşdür. Amma bu iddianı əsaslandırmaq üçün istinad edilən 1846-cı ilin “Kafkaz” qəzetində ümumiyyətlə Şəki şəhərinin adı çəkilmir, yalnız 1772-ci ildə Nuxanın bir hissəsinin sel altında qalmasından söhbət gedir (Кавказ, 1846, с. 95). Əski Şəki şəhəri haqqında məlumat verən mənbələrdə isə onun Kiş çayından xeyli uzaqda olduğu göstərilir (Əhməd Zəki Vəlidi, 2009, s. 95).

İstinadlar

Ədəbiyyat

  1. Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 228.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 229.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 231.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 235.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 236.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 238.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 239.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 248.
  2. : Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 116.
  3. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
  4. Нуха (rus.) // Кавказ : газета. — 1846. — № 24. — С. 95 – 95.
  5. Əhməd Zəki Vəlidi. IV. Bakı — Ərəş — Şəki — Zaqatala (keçən mətnin davamı) // Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — Səh.: 53 – 55. — 500 nüsx.
  6. Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 94 – 95.


1 2 3