Tünzalə Məmmədzadə
Tünzalə Məmmədzadə (Məmmədzadə Tünzalə Adışirin qızı; d. 3 may 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki təkəlduz sənəti tarixinin tədqiqatçısı, Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürmüş azərbaycanlı rəssam. VI çağırış Azərbaycan Respublikası Milli Məclis seçkilərində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.
Haqqında məlumatlar
1983-cü ildə Şəkidə anadan olub.
Təhsili
Şəkidə 18 saylı məktəbdə (1990 – 1998) və Bakıda 153 saylı məktəbdə (1998) oxuyub. Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili də alıb. Sonra təhsilini Bakı Pedaqoji Kollecində – ingilis dili müəllimi fakültəsində, davam etdirib (1998 – 2002). Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində bakalavr (2004 – 2008), Qərb Universitetinin Moda dizayn fakültəsində magistr (2008 – 2010), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında isə doktorluq (2011 – 2014) təhsili alıb. O cümlədən, 2014 – 2018-ci illərdə İstanbulda yaşayaraq Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunda ikinci doktorantura təhsilinə də yiyələnib.
Karyerası
2012-2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib. 2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə “memarlıq və dizayn” kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.
Yaradıcılığı
Qeyri adi dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib. Şablon:Yaxşı məqalə