Tələt Qasımov
Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).
Haqqında məlumatlar
1939-cu ildə Bakıda anadan olub.
1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib.
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı işləyib.
1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib.
1965 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına qəbul olunub, bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub.
1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri vəzifəsini tutub.
1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.
1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.
1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991 – 1992) səhiyyə naziri olub.
1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində çalışıb.
1999-cu ildə Bakıda vəfat edib.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
- “Şərəf nişanı” ordeni.
Ailəsi
- Atası: Əli Qasımov, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, müharibədə həlak olub, Nuxada anadan olmuşdur;
- Anası: Səidə Qasımova (Əbdürəhmanova), həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur;
- Bacısı: Rəna;
- Həyat yoldaşı: Yuliya Qasımova;
- Övladları: Nərminə və Əli Qasımov.
Ədəbiyyat
- Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).
İstinadlar
- ↑ "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).