İvan Parfyonov
İvan İvanoviç Parfyonov | |
---|---|
Иван Иванович Парфёнов | |
Doğum tarixi | 1778 |
Vəfat tarixi | 1816 |
Vətəndaşlıq | Rusiya İmperiyası |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1794-1816 |
Rütbə | polkovnik |
Hərbi hissə | 17-ci yeger alayı |
Vəzifəsi | polk komandiri |
Təltifləri | 3-cü dərəcəli Müqəddəs Anna Ordeni |
İvan İvanoviç Parfyonov – 17-ci yeger alayının komandiri (1810-1816).
Həyat və fəaliyyəti
16 yaşında Kuban Yeger korpusunun 4-cü batalyonunda kapral kimi hərbi xidmətə başlamışdır. 1797-ci ildə 18-ci Yeger polkunun unter-zabit heyətinə daxil olmuş, iki il sonra podporuçik rütbəsi almışdır. 1796-cı ildən hərbi əməliyyatlarda iştirak edib. Bambak ekspedisiyası zamanı podpruçik rütbəsi alıb. Gəncənin mühasirəsi zamanı rota komandiri idi. Gəncənin tutulmasına görə III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. 1805-ci ildə mayor, bundan cəmi iki il sonra isə podpolkovnik rütbəsi alıb. Bir müddət Gəncə qalasının komendantı da olmuşdur.
1805-ci ilin iyun ayında karyerasında uğursuzluq
Bu zaman Şəki xanlığı ərazisində - Səlim xanın iqamətgahı olan Nuxa qalasından 20 verst (təxm. 21 km.) kənardakı hərbi düşərgədə, 17-ci yeger (ovçular) alayının İvan Parfyonovun başçılıq etdiyi dəstəsi vardı. Dəstə Tiflis müşketyor alayından olan 285 nəfərdən ibarət idi və onların da istifadəsində 2 top vardı.
Rus hərb tarixçisi Nikolay Dubrovinin yazdığına görə,
Səlim xan İbrahim xanın öldürülməsindən xəbərdar olan kimi, mayor Parfyonovun yanına adam göndərib, təcili öz yanına gəlməsini istəyir. Səlim xanın göndərdiyi adam Parfyonova deyir ki, xan onunla təcili görüşmək istəyir, guya, iranlıların onun xanlığına yaxınlaşması barədə ciddi bir məlumat alıb və niyyəti də budur ki, rus dəstəsi ilə öz qoşununu birləşdirib sərhəddə doğru - düşməni qarşılamağa getsin. Parfyonov Səlim xanın dəvətini qəbul edir, bir adütant və 15 nəfər mühafizəçi kazak ilə birlikdə səhər tezdən düşərgəni tərk edir. Nuxaya 7 verst qalanda, Səlim xanın 3 min nəfərlik hərbi düşərgəsi ilə qarşılaşır. Qarşılaşdığı bu mənzərə onu iranlıların yaxınlaşması barədə şayiənin doğru olmasına daha da inandırır və heç nədən şübhələnmədən Səlim xanın hərbi düşərgəsinə gedir. Onu burada xanın məmurlarından biri qarşılayır, onunla müxtəlif məsələlər barədə 4 saat söhbət etdikdən sonra, adütantı ilə birlikdə öz çadırına dəvət edir, özü isə onların gəlişi barədə xana məlumat vermək adıyla çıxıb gedir. 1 saatdan sonra 100 nəfər silahlı şəkili onun mühafizəçi kazaklarına qəfildən hücum edirlər, bəzisini qılıncdan keçirirlər və bəzisini isə tərksilah edirlər. Şəkililər kazakların paltarlarını cırırlar, onları bir alt paltarında saxlayıb əllərini arxadan bağlayırlar və atlarını da götürürlər. Eyni vaxtda 6 nəfər əlində sıyrılmış xəncərlə Parfyonovun olduğu çadıra soxulur, onu da yerə yıxıb ağzını bağlayırlar, bütün qiymətli əşyalarını və pullarını götürürlər, əllərini arxadan bağlayıb, belə bir vəziyyətdə, piyada, qova-qova və güclü mühafizə altında Nuxa qalasına aparırlar. Lakin bir-neçə saat Nuxa qalasında zindanda saxladıqdan sonra yenidən həmin yerə - Səlim xanın düşərgəsinə, gətirirlər və burada axşam ona bildirirlər ki, onları azad edirlər, bu şərtlə ki, başçılıq etdiyi dəstəni Şəki xanlığı ərazisindən çıxartsın.
Parfyonov gecə vaxtı öz düşərgəsinə qayıdır, orada ona məlumat verirlər ki, gündüz Şəki qoşunları düşərgəyə yaxınlaşıbmış və düşərgədən atəş açılmasına baxmayaraq, şəkililər rusların düşərgə ətrafında otlayan atlarını qovub dağıdıblarmış.
Səhər rus hərbi düşərgəsi Şəki qoşunu tərəfindən mühasirəyə alınır və ruslardan tələb olunur ki, onlar həmin saat Şəki xanlığı ərazisini tərk etsinlər.
Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur edilir. Bu hadisə barədə Parfyonovun 24 iyun (Yuli təqvimi ilə: 12 iyun) tarixli raportunda məlumat verdiyini nəzərə alsaq, onun 23 iyun tarixində həbs edildiyini, rus qoşunlarının isə 1 gün sonra - 24 iyun tarixində, Şəki xanlığı ərazisini tərk etdiyini güman etmək olar.
Rus hərb tarixçisi bu hadisəni Cənubi Qafqazda qalibiyyətlə hərəkət edən rus ordusu üçün biabırçılıq kimi qiymətləndirmişdi.