Zaman Qarayev
Zaman Qarayev | |
---|---|
Qarayev Zaman Sadıq oğlu | |
Zaman Qarayev | |
Doğum tarixi | 5 yanvar 1931 |
Doğum yeri | Böyük Dəhnə, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 24 may 2004[1] |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Zaman Qarayev — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri namizədi (1976). Azərbaycan Yazıçılar Birliyinin üzvü (1961).
Haqqında məlumatlar
5 yanvar 1931-ci il tarixdə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində oxuyub.
1947 – 1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1952-ci ildə təyinatla Qasım İsmayılov rayonuna göndərilmiş, Qasım İsmayılov kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir.
1954 – 1954-ci illərdə Nuxa rayonunun 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində,
1955 – 1961-ci illərdə isə Böyük Dəhnə kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
1961-ci ilin yanvar ayında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlayıb.
1967-ci ildən “Gənclik” nəşriyyatında,
1971-ci ildən “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışıb.
1971 – 1991-cı illərdə əmək fəaliyyətini Azərbaycan radiosinda davam etdirmiş, əvvəl məktublar şöbəsinin müdiri, 1980-cı ildən isə radionun İnformasiya Baş Redaksiyasının əməkdaşı olmuşdur.
1991-ci ildən sonra “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri vəzifəsində işləyib.
Yaradıcılığı
Bədii yaradıcılığa gənc yaşlarından başlamış, 20 yaşında “İnqilab və mədəniyyət” jurnalında “Təşəbbüs” adlı hekayəsi çap olunmuşdur. 1954-cü ildən “Nuxa fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi dərnəyinin üzvü olub. 1959-cu ildə "Kürən", 1961-ci ildə isə "Qonağım olun" adlı kitabları işıq üzü görüb. Bundan başqa “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi romanların, onlarla povestin, hekayələrin müəllifidir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür və döyüş yoluna “Xarqo” romanını və “Mənim atam” hekayəsini yazmışdır. Daha sonra bu əsərlər ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərinə daxil edilib.
O, yüzdən artıq elmi, bədii, ictimai-siyasi kitabın redaktoru olmuş, radio dalğalarda səslənən bir sıra verilişlərin, o cümlədən “Nina”, “Şirinnaz”, “Boran”, “Kazaklar”, “Ölü canlar”, “Sakit Don”, “Saçlı”, Medalyon”, “Ağbulaq dağlarında”, “Polkovnik Şaber”, “Dəyirman mühasirəsi”, “Bahar suları” kimi səhnələşdirilmiş radiopyeslərin müəllifidir.
Vəfatı
Zaman Qarayev 2004-cü il may ayının 24-də Bakıda vəfat edib.
Kitabları
- Kürən (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1959, 30 s.
- Qonağım olun (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 42 s.
- Göy çəmənlər (povest və hekayələr). Bakı: Azərnəşr, 1965, 134 s.
- Xarqo (povest). Bakı: “Gənclik” nəşriyyatı, 1967, 110 s.
- Gəlinaparan (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1969, 165 s.
- Ayrılıqdan sonra (povest və hekayələr). Bakı: “Yazıçı” nəşriyyatı, 1981, 145 s.
- Əlincə qalası (tarixi roman). Bakı: “Yazıçı” nəşriyyatı, 1988, 183 s.
- Amansız vəzir (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1998, 72 s.
- Xarqo (roman). Bakı: Şirvannəşr, 1998, 122 s.
- Dəhnə ziyalıları (oçerklər, məqalələr, hekayələr). Bakı: “Şuşa” nəşriyyatı, 2000
İstinadlar
Ədəbiyyat
- Teymur Əhmədov Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. — Bakı: Nurlar nəşriyyatı, 2011. — Səhifələrin sayı: 1056. — Səh.: 1016 – 1017.
- Kamil Adışirinov (10 iyun 2019). "Sözə ömürlük bağlılıq" (azərb.). 525.az. 19 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2020.
- MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ". www.azkurs.org (azərb.). www.azkurs.org. 4, 9. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.