Elçin Məmmədov
Elçin Məmmədov | |
---|---|
Məmmədov Elçin Mehdi oğlu | |
Elçin Məmmədov | |
Doğum tarixi | 29 may 1946 |
Doğum yeri | Bakı], Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 18 fevral 2001 (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Atası | Mehdi Məmmədov |
Anası | Barat Şəkinskaya |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | rəssam, aktyor |
Fəaliyyət illəri | 1970 – 2001 |
Mükafatları | |
IMDb | ID 3608516 |
Elçin Məmmədov (29 may 1946 – 18 fevral 2001) — Azərbaycan rəssamı, aktyor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (22 may 1991).
Həyatı
Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskaya kimi sənətkarların ailəsində dünyaya göz açıb. Hələ anadan olmamışdan 3 gün qabaq Barat Şəkinskaya Mehdi Məmmədovun quruluşunda Vilyam Şekspirin "On İkinci Gecə" tamaşasının premyerasında iştirak edirdi. Kişi kostyumunda çıxış etdiyi üçün hamiləliyi o qədər də bilinmirdi. Premyeradan 3 gün sonra isə Elçin dünyaya göz açır. Valideynləri sənət adamı idi. Odur ki, səhər saat 10-da teatra gedər, günorta evə gəlib yemək yeyər, dincələr, axşamlar isə tamaşaları olduğu üçün yenidən teatra qayıdardılar. Ona görə də Elçini uşaqlıqdan özündən 14 yaş böyük bacısı Solmaz böyüdüb. 11-ci sinfi qurtardıqdan sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. İlk dəfə uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Sonralar isə daha çox atası ilə birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət Mükafatı laureatı adını alıb. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olub. Ömür vəfa etsəydi, "Hamlet" tamaşasında rəssam işlərini sona yetirəcəkdi. Ancaq qismət olmur. Son işi yarımçıq qalır. 2001-ci il fevralın 18-də Azərbaycan incəsənətinə böyük itki üz verir. Rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyişir.
Filmoqrafiya
- Yeddi oğul istərəm... (film, 1970).
- Xəzinə (film, 1970).
- Ağır şkaf (film, 1971).
- Toya dəvətnamə (film, 1973).
- Dədə Qorqud (film, 1975).
- Çətirimiz buludlardır (film, 1976).
- Dantenin yubileyi (film, 1978).
- Qəribə adam (film, 1979).
- Yarımçıq qalmış mahnı (film, 1979).
- Bağlı qapı (film, 1981).
- Bir dəfə (film, 1990).
- Ovsunçu (film, 2002).
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007).