Şirməmməd Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:02, 19 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şirməmməd Hüseynov
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
Şirməmməd Hüseynov
Doğum tarixi 17 dekabr 1924(1924-12-17)
Doğum yeri Nuxa
Vəfat tarixi 24 iyun 2019 (94 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Mətbuat tarixi, publisistika
İş yeri Azərbaycan/Bakı Dövlət Universiteti (1954 – 2019)
Elmi dərəcəsi elmlər namizədi (1954)
Elmi adı professor
Təhsili
  • Nuxa Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1941–1943);
    * Azərbaycan Dövlət Universiteti, filologiya-jurnalistika şöbəsi (1945–1950);
    * Mixail Lomonosov adına Moskva Dövlət Universiteti, jurnalistika fakültəsinin aspirantura şöbəsi (1950–1954).
Elmi rəhbəri A.Portyanski
Mükafatları "Şərəf" ordeni

Şirməmməd Hüseynov — görkəmli Azərbaycan alimi və mətbuat tədqiqatçısı. Azərbaycan/Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının professoru (1988 – 2019) və Prezident təqaüdçüsü (2005 – 2019) idi.

Həyat və fəaliyyəti

1924-cü ildə Nuxada anadan olmuşdur. Üç yaşı olarkən atası vəfat edib. 1940-cı ildə orta məktəbi bitirmiş, 1941–1943-cü illərdə Nuxa Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində birinci ali təhsilini almışdır. Sonra – 1943-cü ilin mart ayından 1944-cü ilin iyun ayınadək Zaqatala rayonunun Varxian, Şəki rayonunun Aşağı Göynük və Oxud kəndlərinin orta məktəblərində fizika-riyaziyyat müəllimi işləyib. 1944-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər “Nuxa fəhləsi” qəzetində ədəbi işçi olub. Bundan sonra, 1945–1950-ci illərdə, Azərbaycan Dövlət Universiteti filologiya-jurnalistika şöbəsində ikinci ali təhsil alır. Eyni vaxtda – həm 1947-ci ilin aprel ayından 1950-ci ilin sentyabr ayına qədər universitetin “Lenin tərbiyəsi uğrunda” qəzetində redaktor müavini, həm də 1948-1950-ci illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri olur. 1950–1954-cü illərdə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsilini artırır. Elə orada – 1954-cü ildə, namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmişdir; mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan klassik jurnalistikasının görkəmli simaları olan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.

Azərbaycan/Bakı Dövlət Universitetində tutduğu vəzifələr

  • 1954–1961-ci illərdə Filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent;
  • 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini;
  • 1961-1971-ci illərdə Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti;
  • 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı;
  • 1971-1988-ci illərdə Mətbuat tarixi kafedrasının dosenti;
  • 1976-1988-ci illərdə Mətbuat tarixi kafedrasının müdiri;
  • 1988-ci ildən isə Mətbuat tarixi kafedrasının professoru.

Mükafatları

  • 1948 — “Nizami təqaüdü”;
  • 1966 — “Qızıl qələm” mükafatı;
  • 1972 — “Qızıl qələm” mükafatı;
  • 1988 — “Əməkdar jurnalist” fəxri adı;
  • 1991 — Zərdabi adına mükafat;
  • 1992 — Yusif Məmmədəliyev adına mükafat;
  • 1998 — Məmmədəmin Rəsulzadə adına mükafat;
  • 2014 — “Şərəf” ordeni.

Kitabları

  1. Milli haqq və ədalət axtarışında. Bakı, 2004;
  2. Mənəvi irsimiz və gerçəklik. Adiloğlu. Bakı, 2004;
  3. Mənəvi irs və müasirlik. Bakı, 2007;
  4. Publisistikanın irsi və müasirliyi. Bakı, 2007;
  5. Mətbu irsimizdən səhifələr. Bakı, 2007;
  6. Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr. «Elm» nəşriyyatı, 33 ç.v., Bakı, 2009;
  7. M. Ə. Rəsulzadə-Azərbaycanda milli hərəkat. (Təqdim edəni və ön sözün müəllifi). «Elm» nəşriyyatı, Bakı, 2009;
  8. Ü. Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri. I hissə, «Elm», Bakı, 2009;
  9. Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş və ixtisar edilmiş əsərləri. II hissə, Bakı, 2010;
  10. Müsavat Partiyası-100. Azərbaycan istiqlalının bayraqdarı. «Adiloğlu» nəşriyyatı, Bakı, 2011;
  11. M.Ə.Rəsulzadənin əsərləri, IV cild. Bakı, 2013;
  12. M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərləri, "Qanun" nəşriyyatı, Bakı, 2013;
  13. Ö.F.Nemanzadə. Nəşri asarə dəvət. "Qanun" nəşriyyatı, Bakı, 2013;
  14. Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) II cild. "Qanun", Bakı, 560 səh., 35 ç/v., Bakı, 2016;
  15. Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) III cild. "Qanun", Bakı, 552 səh., 34 ç/v., Bakı, 2017;

Vəfatı

Şirməmməd Hüseynovla vida mərasimi, - mərkəzdə: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev.

24 iyun 2019-cu il tarıxadə Bakıda dünyasını dəyişmiş, Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Vəfatı ilə bağlı KİV-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının digər yüksək vəzifəli dövlət xadimlərinin imzaladıqları rəsmi nekroloq dərc olunmuş, Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının digər yüksək vəzifəli dövlət xadimləri mərhumla vida mərasimində şəxsən iştirak etmişdirlər.

Ailəsi

Həyat yoldaşı: Ülkər Hüseynova, 1966-cı ildən «Elm və həyat» jurnalında işləyir, 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssisdir.

Uşaqları: Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin rektoru idi, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.[1] Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının Elmi İşlər üzrə prorektorudur.[2]

İstinadlar

  1. "F.Ş.Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 11 may 2018.
  2. "Hüseynova Lalə". konservatoriya.az.

İstifadə edilmiş əsas mənbələr

Xarici keçidlər