Rəşid bəy Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:48, 24 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəşid bəy Əfəndiyev
Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu
Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyev
Doğum tarixi 24 may 1863(1863-05-24)
Doğum yeri Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfatı 31 avqust 1942 (79 yaşında)
Vəfat yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Nuxa qəza məktəbi, Zaqafqaziya Müəllimlər Seminariyası
Əsərlərinin dili azərbaycanca
Janr Dramaturgiya, həkayə
İlk əsəri “Qan ocağı” pyesi

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu d.  24 may 1863-cü il – ö.  31 avqust 1942-ci il) — azərbaycanlı pedaqoq, dramaturq, tərcüməçi və etnoqraf.

Haqqında məlumatlar

1863-cü ildə Nuxa şəhərində, ruhani məmur ailəsində anadan olub.

Təhsili

1870 – 1873-cü illərdə molla məktəbində,

1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində (rus dilində),

1878 – 1882-ci illərdə Qori Seminariyasında,

1892 – 1895-ci illərdə isə Tiflis Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb.

İş yerləri

1882 – 1888-cı illərdə Nuxa qəzasının Qutqaşen kənd məktəbində,

1890 – 1892-cı illərdə Nuxa qəzasının Xaçmaz kənd məktəbində müdir və müəllim,

1892-ci ildə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyib.

1916-cı ildə İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilib.

1918-ci ildə Bakı kişi seminariyasının direktoru təyin olunub.

1920-ci ildən sonra pedoqoji fəaliyyətini Nuxada davam etdirmiş, Nuxa pedaqoji məktəbində müəllim işləmiş, eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi olmuşdur.

Elmi, pedoqoji və ədəbi yaradıcılığı

1871-ci ildə – Qori seminariyasının üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.

Qori seminariyasında təhsil alarkən klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyil oyadıb.

Qutqaşen məktəbində işlədiyi dövrdə səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanmış, məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrətmiş, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı. O, azərbaycanlıların təhsil aldığı məktəblərdə tədrisin dövrün tələblərinə uyğun olmasına çalışmış, bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxmışdır.

1890 – 1892-ci illərdə Nuxa qəzasının Xaçmaz kəndində yeni üsuli-cədid məktəbi yaradıb və orada azərbaycan dilini və rus dilini tədris edib.

Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil aldıqdan sonra məktəblərdə dərs vəsaitlərinə olan ehtiyacı aradan qaldırmaq üçün azərbaycan dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyib. Artıq onun on il müəllimlik təcrübəsi və xeyli material toplanması buna imkan verirdi. Öz tərcümeyi-halında göstərirdi ki,

" Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım. "

Rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin azərbaycanca məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratmış, Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etmişdir.

“Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirdikdən sonra ikinci dərsliyin – “Bəsirət-ül-Ətfal” ədəbiyyat dərsliyinin, üzərində böyük həvəslə çalışmağa başlayıb.

“Bəsirət-ül-Ətfal” məktəblilər üçün metodik vəsait olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya və sairə məsələlər bu dərsliyi məktəb uşaqlarının ensiklopedik məlumat kitabı kimi səciyyələndirirdi.

1901-ci ildə “Bəsirət-ül-Ətfal” ədəbi qiraət kitabı Bakıda iki min nüsxə tirajla çap olunmuş, azərbaycan dili tədris olunan bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris vəsaiti kimi istifadə edilmişdir.

1900 – 1916-cı illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında müəllim işləyəyərkən dərsdənkənar ədəbiyyat dərnəkləri və teatr truppası təşkil etmişdir.

Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilmiş, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunmuş, teatr truppası isə azərbaycan və rus dillərində teatr tamaşaları göstərmişdir.

Bakı və Tiflis dövri mətbuatında vaxtaşırı çap etdirdiyi məqalələrində məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil və məktəb məsələləri barədə tənqidi münasibətini bildirmişdir.

Azərbaycanın tarixi keçmişi, folkloru, etnoqrafiyası ilə də ciddi maraqlanmış, qədim abidələr, şifahi xalq ədəbiyyatı, el adətləri, arxeoloji qazıntılar onun diqqət mərkəzində olmuşdur. Tiflisdə rus alimləri ilə sıx yaradıcılıq əlaqələri saxlamış, onların köməyi ilə mötəbər elmi məcmuələrdə məqalələrini dərc etdirmişdir. “Qutqaşın kəndi haqqında bir neçə məlumat”, “Nuxa qəzasındakı xalq səhiyyəsi haqqında material”, “Qəbələ mahalı”, “El ədəbiyyatı” və sairə araşdırmalar onun Azərbyan etnoqrafiya elminin yaradılması istiqamətdə gördüyü əhəmiyyətli işlərdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 − 1920) Bakı kişi seminariyasının direktoru vəzifəsində işləyərkən xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işlərində, o cümlədən, Maarif Nazirliyi yanında təşkil olunmuş əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.

1924-cü ildə Azərbaycanın I Ölkəşünaslıq Qurultayına nümuyəndə və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilib.

Ailəsi

Oğlu Məmməd Əfəndiyev (1887 – 1977) Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965) və proffessor olub.

Vəfatı

1942-ci il avqust ayının 31-də – 79 yaşında Nuxada vəfat etmiş, Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn edilmişdir.

Xatirəsi

Şəkidə Ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır.

60, 70, 100 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur.