Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; 15 oktyabr 1887-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı alim və pedaqoq, professor, Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934 – 1936), Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965).
Məmməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Məmməd Rəşid bəy oğlu | |
Məmməd Əfəndiyev, 1911-ci il | |
Doğum tarixi | 5 oktyabr 1887 |
Doğum yeri |
Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 iyun 1977 (89 yaşında) |
Vəfat yeri |
Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Atası | Rəşid bəy Əfəndiyev |
Mükafatları |
Haqqında məlumatlar
1887-ci ildə Nuxada anadan olub.
1908-ci ildə Tiflis giminaziyasını bitirib.
1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsinə təhsil alıb.
1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,
1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.
1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.
1921 − 1926-cı illərdə fəaliyyət göstərmiş Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.
1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,
1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.
1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Bakıda adına küçə vardır.
Elmi-pedaqoji fəaliyyəti
1933-cü ildə dosent,
1944-cü ildə professor elmi adını alıb.
1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.
Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Riyazi təhlil haqqında mühazirələr oxumuş, azərbaycan dilində “Sadə diferensial tənliklər” dərsliyini yazmışdır. Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Məmməd Əfəndiyev işlədib. Əfəndiyev “Cəbrə aid proqram və tapşırıq ”, “Adi deferensial tənliklər” (1950) və.s. əsərlərin müəllifidir.
Mükafatları
- “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
- “Lenin” ordeni;
- “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
- “Böyük vətən müharibəsində şanlı əməyə görə” medalı;
- “Qafqazın müdafiəsinə görə” medalı