Şəki Dövlət Təbiət Yasaqlığı
Şəki Dövlət Təbiət Yasaqlığı – 26 fevral, 1964-cü il tarixində yaradılmışdır. Sahəsi 10350 hektardır. Əyriçayın hövzəsində Yevlax – Şəki və Şəki – Oğuz şosse yolları arasında yerləşir.
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Burada canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar da var.
Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, kolları keçilməz sahələr əmələ gətirir.