Köməkçi səhifə:Axundzadə Rəşid bəy Mirzə Fətəli oğlu

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (Mammadov2 Köməkçi səhifə:Axundxadə Rəşid bəy Mirzə Fətəli oğlu səhifəsinin adını Köməkçi səhifə:Axundzadə Rəşid bəy Mirzə Fətəli oğlu olaraq dəyişdi.) tərəfindən edilmiş 23:01, 9 noyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

AXUNDZADƏ Rəşid bəy Mirzə Fətəli oğlu[HTML redaktə]

[9.02 (29.01).1854, Tiflis-01.1909, Tiflis]

  • Atası: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundzadə (1812-1878).
  • Anası: Tubu xanım Axund Hacı Əliəsgər qızı.

1863-cü ildə Tiflis 1-ci klassik gimnaziyasına daxil olaraq oranı 1872-ci ildə bitirib. Gimnaziyada oxuyarkən o, “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət tərtib edib. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər ana dilimizdə tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir. Atası onun tərbiyəsi və savadlanması ilə ciddi məşğul olub. Rəşid bəy erkən yaşlarından musiqini və şahmatı sevib. 16 yaşında ikən Reynanın fəlsəfi əsərlərini, Boklun “İngiltərədə sivilizasiyanın tarixi” və b. əsərləri oxuyub. 18 yaşındaykən “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib. Atası bu haqda yazırdı: “Rusca tərcüməsi çox gözəl və düzgün çıxdı... Bu yaxınlarda “Qafqaz” qəzetində çap ediləcəkdir”.

Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanınısa fransızcadan dilimizə çevirib.

1874-cü ildə ali təhsil almaq üçün Belçikanın paytaxtı Brüsselə gedib. O, Belçikaya Poti, Odessa, Krakov, Qleviç, Breslau və Berlindən keçərək gedib. Yolda başına gələnlər barəsində atasına yazır: “Odessadan Brüsselə 4 günlük səfərimiz ərzində vağzal və stansiyalarda demək olar ki, yatmadıq, çay və çörəkdən savayı heç nə yemədik. Nəhayət, yorulmuş və üzgün halda istədiyimiz yerə çatdıq. Bizi yaxşıca soyduqları (ifadəm üçün üzr istəyirəm) mehmanxanalardan birində gecələdikdən sonra səhəri nisbətən ucuz, universitetə yaxın bir mənzil axtarmağa getdim və həmən gün də tapdım”. Brüsselə çatdığının 2-ci günü o, Politexnik Məktəbə gedib, qəbul arzusunu məktəbin prezidentinə bildirib: “Mən artıq Belçika azad (liberal) universitetinin tələbələri sırasına daxil olmuş və ora 215 frank ödəmişəm. İmtahanlar isə oktyabrda başlanacaq, o vaxta qədər mənim universitetin kitabxanasından istifadə etmək, habelə ürəyimcə olan hər hansı mühazirəni (məsələn, fizikadan) dinləmək ixtiyarım vardır. Amma mən imtahanlara hazırlaşmalıyam və bu məqsədlə özümə yaxşı bir professor tapmalıyam. Universitet Politexnik Məktəbinin prezidenti onun ünvanını mənə verib”. Professor Byüssel qəbul imtahanlarını uğurla verən Rəşidin hazırlığını yüksək qiymətləndirib. İmtahanı isə ondan Politexnik Məktəbin prezidenti, ali təhsil professoru Şmidt, riyazi fizika professoru Russo və başqaları qəbul edib. Beləliklə, Rəşid həqiqi tələbələr sırasına götürülüb. Məktublarının birində yazırdı: “Necə olursa-olsun burada 6 il qalmaq lazım olsa belə, mən Rusiyaya mühəndis diplomu almadan qayıtmayacağam; bu, mənim qəti qərarımdır. […] mən bura hər şeydən əvvəl ona görə gəlmişəm ki, necə deyərlər, mühəndislik məharətinə (habelə riyaziyyata) hərtərəfli yiyələnim. Ona görə gəlməmişəm ki, necə olursa-olsun tezcə mühəndis adını alıb bu adla alver edim”.

Brüssel Universitetində çalışmaları və ümumən Brüsseldə yaşaması onu mənəvi cəhətdən tam təmin edirdi: “Brüssel olduqca gözəl şəhərdir. Buranın camaatı çox səmimi və incədir. Əsla məsxərəçi parislilərə oxşamırlar. Həmişə adama kömək etməyə hazırdırlar. Biclik və hiylə nədir bilmirlər. […] mən belə sakit və farağat (habelə azad) ölkə tanımıram. Hər kəs öz işi ilə məşğuldur; heç bir oğurluq, küçə yanğınsöndürənləri və s. bu kimi başqaları yoxdur, varsa da çox azdır. Quldurlar isə... heç yatsan yuxuna girməz”. Brüsseldə olarkən atası ilə, anası Tubu xanımla və bacısı Nisə xanımla da məktublaşıb. Bacısına təhsilin vacibliyini izah edərək yazır ki, “görürsənmi, mən bəs niyə vətəndən ayrı düşüb bu qədər əzabı boynuma alıram. Ondan ötrü ki, bilirəm dünyada oxumamış adamın qədri bir pulluqdur; nə vaxt ki adam oxumur, onun üçün dünyada ləzzət yoxdur”.

Brüsseldə oxuduğu illərdə o, atasının komediyalarını şəhər teatrlarında səhnəyə qoymağa çalışıb, ancaq rejissorlar ona bildirib ki, bizim tamaşaçılar belə ciddi əsərləri deyil, əyləncəli əsərləri sevir, ona görə də atanın pyeslərini burada səhnələşdirmək mümkün deyil. Bundan sonra Rəşid bəy həmin komediyaları fransızcaya çevirərək Brüsseldə nəşr etdirmək qərarına gəlib və bunun üçün ciddi təşəbbüs göstərib. 1878-ci ildə atasının vəfatı onu sarsıdıb, çünki ata-bala arasında həddən artıq səmimi bir ünsiyyət vardı. Onlar eyni düşüncənin daşıyıcıları idilər və çox vaxt əməllərində bir-birini tamamlayırdılar. Bu ölüm sanki Rəşidin həyatda dayağını itirməsinə səbəb olub. O, xiffətindən xəstələnib. Atasının yoxluğu onun maddi durumunu da pisləşdirib. 1882-ci ildə ali təhsilini yarımçıq qoyaraq Tiflisə qayıdıb. O, təhsilini bitirmədiyinə görə təəssüflənib, ancaq onu davam etdirmək fikrindən də əl çəkməyib. Bu dəfə isə oxumaq üçün Avropaya deyil, Peterburqa gedib. Onu maddi baxımdan dayısı Mirzə Mustafa öz himayəsinə alıb. Mirzə Mustafa ona məsləhət görüb ki, Mühəndislik İnstitutunun 3-cü kursuna daxil olmağa çalışsın. Dayısına yazdığı məktubda belə bir nigaranlığını bildirib ki, camaat məni Peterburqa gəzməyə gəldiyimi düşünə bilər. Dayısı isə təskinlik verib ki, sən oradan sənətinlə məşğul olmağa icazə verən şəhadətnamə ilə qayıtsan belə vəziyyət heç kimə qəribə görünməyəcək. Peterburq dönəmi Rəşidin həyatında və dünyagörüşündə önəmli rol oynayıb. O, burada qabaqcıl aydınlarla tanış olub, maarifçilik işi aparıb. 1884-cü ildə Yol Mühəndisləri İnstitutunu bitirərək yol mühəndisi diplomu ilə vətənə dönüb. Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işə başlayıb. 1895-ci ildə o, Tiflisdə mühəndis işləyirdi. 9 avqust 1905-ci il tarixli sənəddə Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamında olan 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı, valilik (quberniya) katibi Rəşid bəydən söz açılır. 1899-cu ildə Rəşid bəy Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axundzadənin “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib. M.F.Axundzadənin sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazışısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir. Bu əsər fransız dilindən doğma türk dilimizə ilk birbaşa bədii tərcümə kimi dəyərlidir. 11 dekabr 1908-ci ildə Axundzadəni Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü kimi görürük. O, burada 1906-cı ildən çalışırdı. Rəşid bəy ruhi sarsıntı keçirərək 1909-cu ildə tapanca ilə özünə qəsd edib. Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870-1927) ilə ailə qurmuşdu. Oğluna atası Fətəlinin adını qoymuşdu.

Rəşid bəyin xidmətlərindən biri də budur ki, atasının irsini o qoruyaraq gələcək nəsillərə sağ-salamat çatdırıb. Atasının tərcümeyi-halı ilə bağlı özü ayrıca bir yazı yazmasa da Mirzə Fətəlinin həyatını qələmə alan alimlərin çoxu Rəşid bəyin verdiyi bilgi və bəlgələrdən yararlanıb. Məsələn, böyük ədəbiyyatşunas Firidun bəy Köçərli özünün “Azərbaycan türklərinin ədəbiyyatı” əsərində və 1911-ci ildə Mirzə Fətənin 100 illiyi ilə bağlı Tiflisdə buraxdığı kitabçasında məhz Rəşid bəyin məlumatlarından faydalandığını qeyd edib.

  • Qaynaqlar: Rəşid bəy Axundov (məktublar, sənədlər, tərcümələr, məqalələr). Toplayanlar, tərtib edənlər və Rəşid bəy Axundov haqqında tədqiqatların müəllifləri: Həsən Həsənov, Məmməd Adilov. Bakı: “Nurlan”, 2003; Переписка Мирзы Фатали и Рашид-бека Ахундовых. Баку: «Гянджлик», 1991.

Ailə fotoşəkilləri[HTML redaktə]