Azər Tağıyev
Azər Cabir oğlu Tağıyev | |
---|---|
Anadan olub | 25 aprel 1948 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR |
Vəfat edib | 30 aprel 2018 (70 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Atası | Cabir Tağıyev |
Vətəndaşlıq | Azərbaycan |
Peşələri | Hüquqşünas, vəkil |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquqşünas |
Təhsili | Bakı Dövlət Universiteti Hüquq fakültəsı |
Fəaliyyəti | Vəkillik, Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Vəkillər Kollegiyası |
Fəaliyyət illəri | 1974-cü ildən |
Tanınır | Vəkil |
Mükafatları | Əməkdar hüquqşünas |
Azər Tağıyev (Azər Cabir oğlu Tağıyev; 25 aprel, 1948, Şəki, Azərbaycan SSR – 30 aprel 2018, Bakı, Azərbaycan) — Görkəmli vəkil, Azərbaycanın “Əməkdar hüquqşünas”ı, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri.[1][2][3]
Həyatı
Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur.[3]
Təhsili
Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.[1]
Karyerası
1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlamışdır. 1980-ci illərinin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir.
2004-cü ilin 3-4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və 2017-ci ilin sonuna qədər səriştəli təşkilatçı kimi Kollegiyaya rəhbərlik etmişdir.
26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir.
Ölümü
Tağıyev Azər Cabir oğlu uzun sürən xəstəlikdən sonra, 2018-ci il aprelin 30-da vəfat etmişdir.
Mükafatları
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Fərmanı”, “Fəxri Diplomu” ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Hüquq Doktoru” və “Fəxri Vəkil”i adları verilib, Azər Tağıyevin adı “Vəkillərin Şərəf Kitabı”na daxil edilib.[3]