Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ədəbiyyat:Abdulla bəy Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 05:28, 6 fevral 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Abdulla bəy Əfəndiyev

Maarifimizin tarixindən

Abdulla bəy Əfəndiyev

1873-cü ildə Nuxada anadan olmuş, ibtidai təhsilini mollaxanada almış Abdulla bəy Əfəndiyevin Nuxa maarifinin inkişafında böyük xidmətləri olmuşdur. Hələ 12 yaşında ikən Gəncədə bağban məktəbinə daxil olub 5 il təhsil aldıqdan sonra o, Tbilisiyə, qardaşı Rəşid bəyin yanına gedir.

Rəşid bəy onu ali pedaqoji instituta vermək istəyir. Lakin o zaman azərbaycanlı uşaqların ali məktəbə daxil olması çox müşkül idi. Rəşid bəy institut rektorunun yanına gedir və çox çətinlik və minnətdən sonra Abdullanı 1892-ci ildə instituta qəbul etdirə bilir. Abdulla bəy 6 il təhsil alır və şəhər məktəblərində müəllimlik etmək hüququ qazanır. Bakıdakı 2 nömrəli şəhər məktəbinə müəllim təyin olunur.

Bu vaxt həmin məktəbin direktoru Sultanməcid Qənizadə idi. Abdulla bəy ali təhsilli olduğu üçün qabaqcıl müəllimlərdən idi. Buna görə də 1904-cü ildə Bakının 4 nömrəli ibtidai rus-müsəlman məktəbinə inspektor (müdir) təyin olunur. Bu məktəb «İkinci paralel» küçəsində, münasib olmayan yerdə idi. Buna görə də «Yuxarı dağlıq» ilə «Çadrovı» küçəsinin küncündə bir bina tutub məktəbi oraya köçürdü. Hal-hazırda bu binada 25 nömrəli məktəb yerləşir.

Həmin məktəbin ikinci müəllimi əli Terequlov idi. Burada axşamlar yaşı çox olan savadsızlar üçün kurs da təşkil edilmişdi. O zaman ibtidai məktəblərdə müəllimlərin dərsi az olduğundan Abdulla bəy asudə vaxtlarında bədii yaradıcılıqla da məşğul olar, şeir yazar, rus şairlərinin əsərlərindən tərcümələr də edərdi. Krılovdan, Lermantovdan elədiyi tərcümələri «Dəbidtan», «Molla Nəsrəddin» jurnallarında çap etdirərdi.

Abdulla bəy 1907-ci ildə Nuxanın şəhər məktəbinə inspektor (müdir) təyin olunur. Bundan sonra o, ədəbiyyatla məşğul olmağa vaxt tapmır. Çünki şəhər məktəbi böyük idi. 9 nəfərdən artıq müəllimin pedaqoji işinə nəzarət etmək Abdulla bəyə tapşırılmışdı. Qışlaqda məktəbə məxsus böyük bağ vardı. Abdulla bəy tez-tez tələbələri bura gətirib ağacları calamağı öyrədərdi.

Şəhər məktəbinin binası Ermənikəndə yaxın olduğundan yuxarı hissənin camaatı uşaqlarına şapka örtüb məktəbə getmələrinə mane olurdu. Buna görə də həmin məktəbdə 250 nəfər erməni uşağı oxuduğu halda azərbaycanlılar 8 – 10 nəfərdən artıq deyildi.

Bu məsələ Abdulla bəyi həddindən artıq narahat edirdi. Buna görə də məktəbi şəhərin mərkəzinə köçürülməyi qarşısına məqsəd qoydu. Xəzinədən (dövlət bankından) yuxarı Qurcanaçayın o biri kənarında usta Əbdürrəhman Hacımahmud oğlunun özü üçün tikdirdiyi binanı on ilə icarə edib məktəbi ora köçürtdü.

Mollaların və başqa qəbildən olan dindar adamların təsiri həddindən artıq idi. Buna görə də neçə il azəri uşaqları evdən çıxanda papaqla gedir, məktəbə çatanda isə dükanlarda papaqlarını qoyur, şapka örtüb gedirdilər. Evə qayıdanda da şapkanı soyunub dükana qoyur, papaqlarını başlarına örtürdülər.

Məktəb şəhərin mərkəzinə köçdükdən sonra azərbaycanlı tələbələrin sayı əvvəlkinə nisbətən 10 – 20 dəfə artdı. Təkcə şəhərdən deyil, ətraf kəndlərdən, Göynükdən, Zəyziddən, hətta Cəlutdan, Qutqaşendən də uşaqlar oxumaq üçün gəlirdilər.

Məktəbi bitirən varlı balalarını ataları dərhal Tbilisidə və Bakıda gimnaziyalara verirdilər. Xırda alverçi və sənətkarlar isə qulluğa girib vəzifə daşıyır, yaxud kəndlərdə mirzəliyə gedirdilər. Bəzi tələbələr isə möhkəm hazırlaşır, məktəbdə imtahan verib müəllimlik şəhadətnaməsi alır, ibtidai məktəblərdə işə gedirdilər. Məsələn, Məmə Əhmədov, Şükür Haşımov, Veysəl Mustafayev, Əhmədağa Qazıyev Abdulla bəyin müdir olduğu məktəbin yetirmələri idilər.

O zaman Nuxa kimi böyük şəhərdə qız məktəbi yox idi. Abdulla bəy rayon inspektoru Yemelyanova müraciət edib 1913-cü ildə 7 nömrəli ibtidai qız məktəbi açılmasına müvəffəq oldu. Sonra kasıb balaları orta savad almaq üçün şəhərdə gimnaziya açmaq arzusunda olduqlarını bildirdilər. Abdulla bəy Qafqaz canişini Voronsov-Daşkova və Qafqaz əyalət naziri Rudolfa ərizə göndərib, Nuxada gimnaziya açılmasına icazə istədi. Rudolf buna o şərtlə razılıq verdi ki, gimnaziya binası camaat tərəfindən plan üzrə tikilsin, amma hökumətə təhvil verilsin. Bu ağır təklifə şəkililər razı oldular. Dübarə ərizə verib xahiş elədilər ki, bina tikilib qurtarınca camaatın xüsusi gimnaziya açmasına icazə verilsin. Canişin yenə razılıq verdi. 1914-cü il sentyabrın əvvəlində bu gimnaziyanın təntənəli açılışı oldu. Gimnaziya 1920-ci ilə qədər davam etdi. O zaman çar hökuməti bu gimnaziyaya ancaq müəllim təyin edərdi. Məktəbin bütün xərcləri isə camaat tərəfindən ödənilirdi.

Müəllim Abdulla bəy Əfəndiyev 1919-cu ildə «Son türk əlifbası» adı ilə latın əlifbasında 34 səhifədən ibarət bir dərslik nəşr etdirmişdi. O, 1922-ci ildən Bakıda yeni açılmış ali pedaqoji institutda məntiqdən dərs deyirdi. Abdulla bəy Əfəndiyev 4 il sonra, yəni 1926-cı ilin yayında Nuxada bərk yağışa düşüb, xəstələnərək vəfat edir.

Əhməd Nəbiyev, pensiyaçı

Bakı

Mənbə

Nəbiyev Ə. Maarifimizin tarixindən : Abdulla bəy Əfəndiyev // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1968. — В. 20 yanvar. — № 8 (7.191). — Səh. 4.