Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəşid Axundov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:47, 27 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəşid Axundov
Axundov Rəşid Mirzə Fətəli oğlu
Rəşid Axundov
Doğum tarixi 29 yanvar 1854(1854-01-29) (10 fevral)
Doğum yeri Tiflis, Tislis quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi yanvar yanvar 1909(1909-01-00)
Atası Mirzə Fətəli Axundov
Anası Tubu Axund Hacı Ələsgər qızı
İxtisası yol mühəndisi
Təhsili Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu ( – 1884)

Rəşid Fətəli oğlu (1854 – 1909) — yol mühəndisi, poliqlot və tərcüməçi, Mirzə Fətəli Axundovun oğlu.

Haqqında məlumatlar

29 yanvar (10 fevral) 1854-cü ildə Tiflisdə anadan olub.

Təhsili

1863 – 1872-ci illərdə Tiflis 1-ci klassik gimnaziyasında təhsil alıb.

1874-cü ildə Belçika Liberal Universitetinə daxil olub, lakin 1882-ci ildə təhsilini yarımçıq buraxaraq Tiflisə qayıdıb.

1884-cü ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1884-cü ildə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb.

1895-ci ildə Tiflisdə mühəndis işləyirdi.

1905-ci ildə Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamında olan 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı, quberniya katibi idi.

Ədəbi yaradıcılığı

1872-ci ildə – 18 yaşında, “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib. Atası bu haqda yazırdı: “Rusca tərcüməsi çox gözəl və düzgün çıxdı... Bu yaxınlarda “Qafqaz” qəzetində çap ediləcəkdir”.

Həmçinin, hələ Tiflisdə gimnaziyada oxuyarkən “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət də tərtib etmişdir. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər azərbaycan dilində tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir.

1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib.

Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib[qeyd 1]. Bu əsər fransız dilindən doğma türk dilimizə ilk birbaşa bədii tərcümə kimi dəyərlidir.

İctimai aktivliyi

1906-cı ildən Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub.

Vəfatı

1909-cu ilin yanvar ayında – 55 yaşında, ruhi sarsıntı keçirərək tapanca ilə özünə qəsd edib.

Ailəsi

Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870 – 1927) ilə ailə qurmuşdu.

Fətəli adlı bir oğlu olub.

Qeydlər

  1. M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazışısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.

Ədəbiyyat

  • Mərdanov M.C., Tahirzadə Ə.Ş. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 386 – 391.

Şablon:Yaxşı məqalə