Varaz-Peroj

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:37, 13 dekabr 2020 tarixli dəyişiklik

Varaz-Peroj (Varaz-Firuz) – Aranşahi sülaləsindən[1] olan knyaz[2], Qafqaz Albaniyası şahzadəsi, Albaniya hökmdarlarından Varaz-Qriqorun (h.o.  628 – 652[3]) böyük oğlu, Cavanşirin (h.o.  652 – 681) böyük qardaşı, Varaz-Tiridatın (h.o.  682 – 701) isə atası; mənbələrdə qeyd edilməsə də həm də Şəkinin knyazı olduğunu ehtimal etmək üçün ciddi əsaslar var. “Laknar[4] titulu da daşıyırmış və ailəsi ilə birlikdə Kiş kəndində yaşamışdır.

Varaz-Peroj
Aranşahi Varaz-Peroj
KishChurch 4314.jpg
Varaz-Perojun bərpa etməyə çalışdığı Kiş kilsəsi, 2019-cu il
bayraqŞəki knyazı
VII əsrin ortaları
Şəxsi məlumatlar
Sülalə Aranşahi, Mehranilər
Atası Varaz-Qriqor
Anası Huriduxt
Uşağı Varaz-Tiridat

Haqqında daha ətraflı

Çox güman ki iranlıların 638-ci ildə Bərdədə girov götürdükləri Mehrani xanədanının nümayəndələri arasında Varaz-Peroj da olmuşdur[5]. Bunun ardınca isə Varaz-Peroj qardaşı Cavanşirlə birlikdə, Bərdədə iranlılar tərəfindən girov götürülmüş atalarının azad edilməsi üçün Kürün sol sahilindən Bərdəyə müvəffəqiyyətli əks-hücum təşkil etmişdilər[6].

Osman ibn Əffanın xəlifəliyi dövründə (h.o.  644 – 656) Salman ibn Rəbiənin komandanlığı altında Qafqaz Albaniyası ərazisinə daxil olan ərəblər Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə “Şəkkən” və “Kəmibəran” hökmdarları ilə vergi ödəmələri şərti ilə sülh müqavilələri bağlamışdırlar[7].

Mənbədə “Şəkkən” və “Kəmibəran” hökmdarlarının adlarını çəkməsə də, onların Albaniya şahzədələri – birincinin Varaz-Peroj, ikincisinin isə Cavanşir olduğunu ehtimal etmək üçün kifayət qədər ciddi əsaslar var.

Varaz-Peroj Kişdə V əsrin birinci yarısında kənd əhalisi tərəfindən tanrının adına tikilmiş kilsəni təmir etməyə çalışmış, lakin günbəzinin üstünü sökə bilməmişdir[8].

Albaniya katolikosu Uxtanes (katalikosluq dövrü: 671 – 683) Varaz-Perojun baba, yaxud nənələri bir olan nikahlara yol vermiş ailə üzvlərini lənətləyərək həmin nikahları pozdurmuşdur[9].

Qeydlər və istinadlar

  1. Aranşahilər sülaləsi – “Albaniya tarixi”ndə bu sülalənin adı cəmi bir dəfə və o da Varaz-Perojun əsli-nəcabətini göstərmək üçün çəkilir (Мовсес Каланкатуаци 1985; книга I, глава XXVII, с. 62).
  2. “Albaniya tarixi”nin azərbaycancaya və ruscaya tərcüməsində «knyaz» sözü böyük ərazi – vilayət, yaxud mahal sahibi kimi, «Albaniya knyazı», «Albaniyanın böyük knyazı» ifadələri isə Albaniya hökmdarı kimi başa düşülür.
  3. Albaniya tarixi”ndə Cavanşirin hakimiyyəti 638-ci ildən hesablansa da (bax: Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 202, 293), həm də göstərilir ki, Cavanşirin atası Varaz-Qriqor 652-ci ildə hələ Albaniya hökmdarı olaraq qalırdı və Albaniya üçün həlledici qərarlar vermək səlahiyyəti yalnız ona aid idi (bax: Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 203).
  4. Laknar – “Albaniya tarixi”nin rusca 1861-ci il nəşrində bu söz «Лахнар» kimi çap edilib və aidiyyəti olan 3-cü haşiyədə sözün naməlum olması vurğulanmışdır (Мойсея Каганкатваци 1861, книга II, глава XXXII, c. 172). “Albaniya tarixi”nin rusca 1985-ci il Yerevan nəşrində isə söz «Лакнар» kimi verilsə də, haşiyədə mənası izah olunmayıb (Мовсес Каланкатуаци 1985; книга II, глава XXXII, с.: 113). “Albaniya tarixi”nin azərbaycanca 2006-ci il nəşrində bu sözün azərbaycanca qarşılığı «eşikağası» olaraq göstərilir (Moisey Kalankatuklu 2006, II kitabın XXXIV fəsli, səh.: 237). Eşikağası hökmdar saraylarındakı təsərrüfat müdirlərinin daşıdıqları tütuldur. Əgər «Laknar» sözünün azərbaycanca qarşılığı həqiqətən də «eşikağası»dırsa, onda deməli, Kiş kəndində Albaniya hökmdarlarının iqamətgahı varmış, yaxud, Albaniya hökmdarlarının yay paytaxtları Kiş kəndində imiş.
  5. Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 200. Bu hadisənin 638-ci ildə baş verməsi ilə bağlı bax: II kitab, haşiyə 134 və 135, səh.: 360.
  6. Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 202.
  7. əl-Bəlazuri 2005, səh.: 113. “Albaniya tarixi”ndə bu hadisənin 651/652-ci ildə, yaxud bu tarixdən az sonra baş verdiyi göstərilir (bax: Moisey Kalankatuklu 2006, II kitabın XIX fəsli, səh.: 202, 293 ).
  8. Moisey Kalankatuklu 2006, I kitabın XV fəsli, səh.: 52, 53.
  9. Moisey Kalankatuklu 2006, II kitabın XXXIV fəsli, səh.: 237.

Ədəbiyyat

  1. Мовсес Каланкатуаци Книга третья // История страны Алуанк. — Ереван, 1985.
  2. əl-Bəlazuri Kitəb futuhi-l-buldən; Ərməniyyənin fəthi // Orta əsr ərəb mənbələrindən Azərbaycan tarixinə aid materiallar. — Bakı: Nurlan, 2005. — 200 nüsxə.
  3. Moisey Kalankatuklu. Albaniya tarixi. — Bakı: Avrasiya–Press, 2006. — 10.000 nüsx. — ISBN 9952-421-52-2 ISBN 978-9952-421-52-1.
  4. Мойсея Каганкатваци Книга третья // История Агван. — Санктпетербург, 1861.