Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Ddddddddddddd

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
                                                    Giriş

Tarixi şəxsiyyətlərlə bağlı müxtəlif tədqiqatlar göstərir ki, onların fəaliyyəti hərəkətverici və icraçı funksiyalar daşıyır. Yəni tarixi şəxsiyyət həm hadisələrin yaradıcısı, həm də hadisələrin məhsuludur. Bir sıra tədqiqatçıların fikrincə ictimai-siyasi xadimlər, mədəniyyət dühaları, filosoflar, sərkərdələr hadisələrin cərəyanının nəticəsidirlər. Lakin zamanın uyğunluğu və hadisənin yetişməsi, ictimai-siyasi xadimin mövcudluğunun nəticəsi olduğunu da unutmaq olmaz. Çünki zamanın hökmü ilə bərabər şəxsiyyətin fəaliyyəti də tarixin gedişatını dəyişir.

Azərbaycan tarixi zəngin dövlətçilik ənənələrini, mədəni yüksəklişləri özündə birləşdirdiyindən istər Qədim dövr, Orta əsrlər dövrü, istərsə də Yeni dövr və müasir zamanımızda siyasi liderlik məktəbini yaşatmaqdadır. Yaxın 60 ildə Vətən tariximizdə ümummilli lider Heydər Əliyev dühasının fəaliyyəti və müasir zamanımızda onun davamçısı İlham Əliyevin siyasi lider və məğrur sərkərdəlik qabiliyyəti siyasi xadim və liderlik fəlsəfəsinin kuliminasiya nöqtəsidir.

Qədim dövlətlərimizdə İranzu, Atropat, Orta əsrlərdə Cavanşir kimi hökmdarların fəaliyyətinə nəzər saldıqda dövlətçilik ənənələri ilə bərabər siyasi liderlik qabiliyyətinin də xalqımızda yetərli səviyyədə olduğunu görürük. Qaraqoyunlu Yusif xanın, Ağqoyunlu Həsən padşah Bayandurun siyasi liderlik keyfiyyətlərinə nəzər salaraq müqayisə etdikdə dünyanın ən qabaqcıl ölkələrinin xadimlərindən geri qalmadıqlarının şahidi oluruq.

Şah İsmayıl Səfəvinin XVI əsrin əvvəllərində ölkənin ən ağır vaxtında mərkəzləşmiş dövlət yaratması, yaxın orta Şərqdə Azərbaycan dövlətçiliyini yaymaq təşəbbüsü də tarixi şəxsiyyət baxımından xalqımızın bacarıq səviyyəsinin üstünlüyünü göstərən faktordur.

Orta əsrlər dövrünün sonlarını Azərbaycanda başlanmış feodal dağınıqlığı və son olaraq xanlıqlar dövrünü bu pərakəndəliyin ən yüksək mərhələsi hesab etmək olar. Bu dövrdə bir sıra feodal hakimlikləri Nadir şah Əfşar imperiyasının süqutundan istifadə edərək öz müstəqil xanlıqlarını yaratmışdılar. Həmin feodal hakimlərdən bir neçəsi hakimiyyətləri boyunca Azərbaycan torpalarını birləşdirməyə cəhd göstərmişdir. Şəkili Hacı Çələbi, Qubalı Fətəli xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağlı Pənahəli və İbrahim xanlar bu siyasət uğrunda çalışsalar da, istəklərinə nail ola bilmədilər. Yalnız Quba hakimi Fətəli xan Azərbaycanın şimal-şərq torpaqlarını birləşdirə bildi. Onun ölümündən sonra isə ələ keçirilən ərazilər yenidən müstəqillik qazandılar.

Xanlıqlar dövründə də bir sıra siyasi xadimlər tarixi şəxsiyyət olaraq xalqın yaddaşında5 qalmışlar. Şəki hakimi, Azərbaycanda ilk müstəqil xanlığı yaradan, ölkənin birləşdirilməsi uğrunda ilk mübarizəyə başlayan Hacı Çələbi Qurban oğlu həmin siyasi xadimlər sırasındadır. Hacı Çələbinin həyat yolu, onun məqsədləri, siyasi liderlik qabiliyyəti ilə bağlı bir sıra tədqiqatlar aparılsa da, tarixi şəxsiyyətin fəaliyyəti kompleks şəkildə aradırılmamışdır. Ümumiyyətlə, həmin dövrün tarixi şəxsiyyətinin öyrənilməsi üçün dövrün siyasi-iqtisadi hadisələrini öyrənmək olduqca vacibdir. Çünki həmin dövr tarixi gedişatlarına görə yetərincə zəngin və qarışıq dövrdür.

XVII əsrin ikinci yarısı-XVIII əsrin əvvəlləri Azərbaycanda, ümumiyyətlə Şərq ölkələrinin əksəriyyətində tənəzzül dövrü kimi xarakterizə edilir. Böyük coğrafi kəşflərdən sonra ticarət yollarının dəyişməsi, ticarətin qurudan və dənizlərdən əsasən okeanlara keçməsi, Şərq müsəlman aləmində mövcud olan dövlətlərdə bazar münasibətlərinin zəifləməsinə gətirib çıxardı. Bu XV əsrin sonlarından başlasa da, XVI əsrin sonları və XVII əsrin birinci yarısında özünü tam büruzə vermiş oldu. Bundan başqa Avropada vüsət alan reformasiya nəticəsində dini xurafatın get-gedə aradan qaldırılması, katolik kilsəsinin liderlik prinsiplərini milli dövlətlər prinsipləri əvəz etməsi Şərq ilə Qərb arasında dövlət idarəetmə formalarında ciddi fərqliliklərin yaranmasına gətirib çıxardı.

Azərbaycanda XVII əsrin birinci yarısında müharibələrin bitməsinə baxmayaraq, dərin iqtisadi tənəzzülü aradan qadırlmaq üçün göstərilən səylər əsaslı nəticələr vermədi. Belə ki, Şah Səfidən sonra hakimiyyətə gələn II Abbasın dövründə (1642-1666) müəyyən qədər dirçəlmə meylləri olsa da, feodal hakimlərin və iri ruhanilərin müqavimətini qırmaq mümkün olmadı. Şah ölkədə bir sıra islahatlar keçirməyə cəhd göstərsə də, yuxarıda göstərilən silklərin müqaviməti ilə rastlaşdı. Kəndli və sənətkarların yığılmış borclarının ləğv edilməsi üçün şahın verdiyi fərmanlar da əsaslı dəyişikliklər yarada bilmədi.

Şah Süleymanın (1666-1694) və Şah Sultan Hüseynin dövrlərində (1694-1722) ölkədə ictimai-siyasi gərginlik daha da artdı. Sultan Hüseynin 1699-1702-ci illərdə əhalini siyahıya alması, vergilərin artırılması müqavimət ilə nəticələndi. XVIII əsrin əvvəllərindən etibarən Səfəvilər imperiyasında üsyanlar dövrü başlandı. 1707-ci ildə Car-Balakəndə hərəkatın başlanması nəticəsində anti-feodal üsyanlara start verildi. Soyuqbulaq və Muğanda baş qaldıran üsyan nəticəsində bütün anti-feodal çıxışlarda olduğu kimi feodal malikanələri dağıdılırdı. Şah dəfələrlə cəza dəstələri göndərməsinə baxmayaraq, üsyanların kökünü kəsmək mümkün olmurdu. Şimalda başlanan üsyanlar Cənuba, Təbrizə də yayıldı. Üsyanların ən şiddətlisi Şirvanda baş verdi. 1711-ci ildə Car camaatı yenidən silaha əl atdı. Onlar Şamaxı şəhərinə hücum edib, Şirvan bəylərbəyinin malikanəsinə od vurmağı qərara aldılar. Əslində, Car camaatı sərhədləri qoruduqlarına görə vergilərdən azad idilər və şah xəzinəsindən maaş alırdılar. Lakin maaşların verilməməsi onların silaha sarılmalarına səbəb olmuşdu. Çar üsyançılarına Ərəş hakimi Əli sultan rəhbərlik edirdi. Üsyançı dəstələrə divan tutmağa ilk dəfə İrəvan bəylərbəyi Həsənəli xan cəhd göstərdi. O, üsyançıların gələcək hücumunun qarşısını almaq üçün on beş minlik qoşunla onların qarşısına çıxdı. Şəki mahalında baş vermiş toqquşmada Şirvan bəylərbəyinin qoşunu məğlub olub geri oturduldu. Döyüş meydanında bəylərbəyi Həsənəli xanın özü də qətlə yetirildi. Şəki hakimi Kiçik xan vuruşma zamanı həlak oldu. Üsyançıların hücumunun qarşısını ala bilməyən Gəncəli Uğurlu xan qalaya çəkilərək canını xilas edə bildi.

Ölkənin demək olar ki, hər yerini bürüyən üsyanların baş verdiyi bir dövrdə əfqan tayfaları Qəndəharı işğal etdilər və mərkəzi hakimiyyətə qarşı təhdidedici hərəkətlərə başladılar. Bu isə mərkəzi hakimiyyət tərəfindən üsyanların yatırılmasında böyük çətinliklər yaradırdı. Bundan başqa Osmanlı dövlətində dərin iqtisadi-siyasi böhran başa çatmış tarixdə “Lalə dövrü” kimi adlanan bir mərhələ başlanmışdı. Bu isə dövlətin müəyyən dərəcədə yaralarını sağaltmağa imkan verirdi. Lakin həmin dövrdə Osmanlı dövləti tərəfindən ciddi təhdid mövcud deyildi.

Qonşuluqda olan başqa bir dövlət Rusiyada isə durum tamamilə başqa idi. 1613-cü ildən hakimiyyətə gələn Romanovlar sülaləsi tərəfindən ölkənin genişləndirilməsi prossesləri gedirdi. Aleksey Mixayloviçin dövründə Xəzər dənizində donanmanın formalaşdırılması Şimali Qafqaza aktiv basqınların rus imperializminin bütün Qafqaza olan marağını göstərirdi. Rus çarları uzun müddət Qara dənizə çıxış əldə etmək uğrunda Osmanlı dövləti ilə müharibələr aparmasına baxmayaraq istənilən nəticəni əldə edə bilməmişdilər. Hələ Ryuriklər dövründə Livoniya müharibəsində Baltikyanı ərazilərin böyük əksəriyyətini itirən Rusiya Xəzər hövzəsində möhkəmlənməyə can atırdı. Bunun üçün ərazinin öyrənilməsi məqsədilə xüsusi adamlar göndərilərək bütün detallar qeydə alınırdı. I Pyotrun hakimiyyətə gəldiyi ilk dövrlərdən aktiv ekspansionist siyasət yeridildi. Həm Qara dənizə çıxış əldə etmək, həm Baltikyanı əraziləri geri qaytarmaq, həm də Xəzər hövzəsində möhkəmlənərək şərq ölkələrinə müdaxilə etmək məqsədilə hərəkətə keçdi. Çar 1715-ci ildən etibarən A.P. Volinski adlı yaxın adamını Səfəvilər dövləti ərazisinə elçi qismində göndərilməsi istiqamətində işlərə başladı. Volinski 1716-cı ildən Səfəvlilər dövlətinə doğru hərəkətə başladı. Həştərxandan başlanan ekspedisiya zamanı Volinski yol boyu bütün yaşayış məntəqələrini, logistik sistemləri dərindən öyrənir, xalqın güzəranı ilə maraqlanırdı. Volinski öz gündəliyində qeyd edirdi: “Burada (Azərbaycanda - məsul red.) nadir yerlər qalmışdır ki, üsyan baş verməmiş olsun". Bu qeydlərdə olanlar, əslində Pyotr üçün ən çox eşitmək istədiyi xəbərlər idi.

I Pyotrun Xəzəryanı bölgələrə, ümumiyyətlə cənubi Qafqaza önəm verməsi Fon Verdenin başçılığı ilə bölgənin topoqrafiyasını öyrənmək üçün üç gəmidən ibarət ekspedisiyanı göndərməyini göstərmək kifayətdir. Verden və komandası qısa bir müddətdə ərazini tam öyrənərək çara məruzə etməli idilər. I Pyotr isə şimal müharibəsini bitirdikdən sonra bölgəyə yürüş təşkil etməkdə tam qərarlı idi. Çar üçün feodal pərakəndəliyinin və mərkəzi hakimiyyətə qarşı üsyanların baş verdiyi əraziyə sahib olma şansı əlbəttə ki, göydəndüşmə bir hadisə idi.

Bəhs edilən dövrdə Şəki əyalətində də feodal pərakəndəliyi, mərkəzi hakimiyyətə qarşı narazılıqlar hökm sürürdü. Uzun müddət müstəqil hakimlik olan və Oyrat sülaləsi tərəfindən idarə edilən Şəki hakimliyi 1551-ci ildə Səfəvi hökmdarı Şah I Təhmasib tərəfindən fəth edilərək mərkəzi hakimiyyətə birləşdirilmişdir. Bir sıra dövrlərdə Şəki Şirvan bəylərbəyliyinin tərkib hissəsi, müəyyən dövrlərdə isə müstəqil olaraq vahid Səfəvilər dövlətinin tərkib hissəsini təşkil etmişdir. Sonuncu Oyrat sülaləsinin nümayəndəsi Dərviş Məhəmməd qətlə yetirildikdən sonra mərkəzi hakimiyyət tərəfindən Toygün bəy Qacar Şəkiyə hakim təyin edildi. Onun bölgədə hakimliyi dövrü tam dəqiqliklə məlum olmasa da, bir sıra mənbələr mülahizə yürütməyə imkan verir ki, Toygün bəy 1554-cü ilə qədər hakimlik etmişdir. Bir sıra tarixi qaynaqlar 1554-cü ildə Şamxal bəy Çərkəzin Şəkiyə hakim təyin edildiyini deməyə imkan verir. (bax: Şəkinin Orta əsrlər tarixi . Tağı Musəvinin tədqiqatları üzrə, Elm və təhsil, 2023). Şamxal bəy Çərkəzin bacısı şahın həyat yoldaşı, Pərihan xanım və Süleyman mirzə adlı şahzadələrin anası idi. Yəni Şamxal bəy mərkəzi hakimiyyət üçün ən etibarlı şəxslərdən hesab edilirdi. Belə ki, Şəki hakimi Qəzvində mərkəzi saraydakı siyasətə də müdaxilə edə bilirdi. Hətta I Təhmasib öldüyü zaman (1576) bacısının dəvəti ilə paytaxta gələn Şamxal bəy taxt-taca birinci namizəd Heydər Mirzəni qətlə yetirmişdir. (bax: Şəkinin Orta əsrlər tarixi. Tağı Musəvinin tədqiqatları üzrə, Elm və təhsil, 2023). Nəticədə hakmiyyətə II İsmayıl gətirilmiş və o bir çox vəzifələrin icrasını, hətta şahlıq möhürlərini saxlamaq vəzifəsini Şamxal bəyə həvalə etmişdir.

II İsmayılın qətlindən sonrakı dövrdə Səfəvilər dövləti daxildən dərin iqtisadi-siyasi böhran, xaricdən isə böyük müdaxilə ilə üzləşmişdi. II Osmanlı-Səfəvi müharibəsi başlamışdı. Səfəvi taxtına sahib olan Məhəmməd Xudabəndənin dövründə Şəki hakimi vəzifəsinə İsa xan təyin edildi. Bu şəxs I Təhmasibin qardaşı Sam Mirzənin qızı ilə evlənmişdi. Gürcü əsilli olmasına baxmayaraq İslam dinini qəbul etmiş və sarayda müxtəlif vəzifələr tutmuşdu. Lakin İsa xanın xidmətlərinə baxmayaraq onu qardaşı Aleksandr osmanlımeyilli siyasət yeridərək Lələ Mustafa paşanın rəhbərliyi ilə Osmanlı ordusunun Şəkiyə hucumuna yardım etmişdir. Lələ Mustafa paşanın katibi Gelibolulu Əli özünün “Nüsrətnamə” əsərində göstərir ki, İsa xanın qardaşı Aleksandr 1578-ci ildə Osmanlılar tərəfindən Şəkinin işğal edilməsində iştirak etmişdir. Hətta bunun müqabilində Aleksandrın oğlu İrakli Şəkiyə hakim təyin edilmişdir. İsa xan isə qardaşı tərəfindən aldadılaraq Gürcüstanda qalmışdır. İsgəndər bəy Münşinin “Tarixi-Aləmi-Arayi-Abbas” əsərində göstərilir ki, İsa xan qardaşı tərəfindən 1580-cı ildə qətlə yetrilmişdir. Lakin İraklinin Şəkidə hakimiyyəti çox çəkmir və dərviş Məhəmmədin (Axırıncı Oyrat sülaləsindən olan Şəki hakimi) oğlu Ömər mirzənin başçılığı altında qoşun tərəfindən Şəkidən qovulur. “Nüsrətnamə” əsərində Ömər mirzənin adı çəkilsə də, başqa heç bir mənbədə sonrakı dövrlərdə onun adına rast gəlinmir. 1583-cü ilə aid sənədlərdə Şəkinin Osmanlılar tərəfindən təyin edilən hakimi-sancaqbəyi kimi (Osmanlılar işğal etdikləri əraziləri bəylərbəyliklərə və sancaqlıqlara bölmüşdülər) Şahmir xanın adı çəkilir.

Şah I Abbasın dövründə də Şahmir xan Şəki hakimi kimi təsdiqlənməsi ilə bağlı sənədlər mövcuddur. Hətta Tağı Musəvinin tədqiqatlarında Şahmir xanın Səfəvlilər tərəfdə Osmanlılara qarşı vuruşması qeyd edilir. Musəvi Ömər Mirzə kimi Şahmir xanın da köhnə Şəki hakimlərinin nəslindən olduğunu (Oyrat sülaləsindən) vurğulayır. Şahmir xan Şəki ordusunun başında dəfələrlə Osmanlıları məğlub etmiş, Şah I Abbasın əmri ilə gürcü şahzadəsi Konstantinin atası və qardaşını qətlə yetirərək hakimiyyət başına keçməsinə yardım etmişdir.

Mənbələrdən məlum olur ki, 1617-ci ildən etibarən Şəki vilayətinin hakimliyi Cəyirli tayfasından olan Məhəmməd sultana tapşırılmışdı. Şah I Abbasın hakimiyyətinin sonunadək (1629) Məhəmməd sultan bu vəzifəni icra etmişdir. I Şah Səfinin dövründə (1629-1642) Şəki vilayətinin idarə edilməsi Aslan sultan adlı şəxsə həvalə edilmişdir. Bu şəxsin hansı sülalədən olması, Oyratlarla qohumluğu ilə bağlı hər hansı fakta rast gəlinmir. Bircə həmin şəxslə bağlı əhalinin narazı olması və şah sarayına ondan şikayətlərin getməsi məlumdur. Belə ki, 1633-cü ildə verilmiş iki şah fərmanından məlum olur ki, Aslan sultan əhalini qarət etmiş, onlara məxsus qışlaqları mənimsəmişdi. Ümumiyyətlə, Şah Səfinin dövründə ölkədə feodal pərakəndəliyi artmış, əhalinin güzəranı müəyyən dərəcədə pisləşmişdi. Əlbəttə ki, bu dövrdə Osmanlılarla davam edən müharibənin də hadisələrə əsaslı təsir göstərməsi istisna edilməməlidir. Bu dövrdə feodalların əlavə vergilər alması aşağı təbəqənin güzəranını daha da pisləşdirirdi.

Şah II Abbasın dövründə (1642-1666)1648-ci ildə Abbasqulu sultan Şəki vilayətinə hakim təyin edildi. O da Aslan sultan kimi əhalini soyub talamaqla məşğul olduğundan dəfələrlə mərkəzi saraya şikayət məzmunlu məktublar getmişdi. Hətta vilayətin kəndliləri və sənətkarları ilə bərabər, kəndxudalar da İsfahana öz narazılıqlarını bildirirdilər. Lakin ümumi arxiv sənədlərindən məlum olur ki, mərkəzi hakimiyyət Abasqulu sultanın etdiyi haqsızlıqlara o qədər də lazımi cavab verməmişdir. Mənbələrə əsasən deyə bilərik ki, 1650-ci ildə İsfahandakı sarayda mühüm vəzifə daşıyan, hətta bir sıra tarixçilərin qənaətinə görə dövlətdə ikinci adam sayılan şəkili Davud bəyin qardaşı Səfiqulu bəy bütün Şəki vilayətinə məlik təyin edilmişdir. Hətta ona çox yüksək maaş, ildə 14 tümən təyin edilibmiş. Nəzərinizə çatdıraq ki, tümən çox böyük pul vahidi idi, həmin dövrdə digər şəhər hakimləri ildə 1 tümən alırdılar. Məlik Səfiqulu vilayət hakimi olaraq II Abbasın hakimiyyət illərində saray tərəfindən hər növ dəstəklə təmin edilmişdir. Mənbələrdə əvvəlki vilayət hakimləri kimi onun qarətçiliyi ilə bağlı faktlara rast gəlinmir. Lakin Şəki vilayəti Şirvan bəylərbəyisinin nəzarətində olduğundan məlik Səfiqulunun avtoriteti bəylərbəyi Xosrov xan tərəfindən həzm edilmirdi. II Abbasın hakimiyyətinin son dövrlərinə yaxın, Davud bəy öldükdən sonra məlik Səfiqulu Şirvan bəylərbəyisinin müxtəlif təkidləri ilə vəzifədən uzaqladırılmış, hətta onun bütün əmlakı müsadirə edilmişdir. Lakin II Səfi (Şah Süleyman) hakimiyyətə gələn kimi (1666-1694) məlik Səfiqulunun təqsirsiz olduğunu bildirərək onun əmlakını özünə qaytarmış və Şəki vilayətinin məliyi vəzifəsinə bərpa etmişdir. Hətta Səfiqulunun oğlu Məmmədbağırı İsfahana, şah sarayına apararaq rikabdarlıq vəzifəsi vermişdir. Şah Süleyman daha sonra Şəki vilayətinə yeni bir hakim Allahqulu sultanı təyin edir.

Bəhs edilən dövrdə Səfəvilər dövləti dərin siyasi böhran keçirdiyindən vilayətlərdə vəzifəli şəxslərin rüşvətxorluq halları, kəndlilərin istismarının gücləməsi, bütün zəhmətkeş əhaliyə qarşı ədalətsiz tədbirlər baş alıb getmişdi. Şəki vilayətində də Allahqulu sultandan sonra təyin edilən Məlik Həsən əhaliyə qarşı olduqca amansız davranırdı. Əhalinin dəstəyi ilə İsfahan sarayında xidmət edən Şəki məliyi Səfiqulunun oğlu Məmmdəbağırın əli ilə kiçik qardaşı Səfərqulu Həsəni devirərək Şəki hakimi olmağa cəhd edir. 1691-ci il o şah fərmanı ilə Şəkiyə hakim təyin edilir. Lakin 8 il sonra Səfərqulu ölür və məlik Həsən saray məmurlarına rüşvət verməklə yenidən vəzifəsinə qayıdır. Hətta hakimiyyətə gəlmiş Şah Sultan Hüseynin dövründə (1694-1722) məlik Həsən Şəki əhalisinə divan tutaraq üç min tümən pul toplamışdı. İş o yerə gəlib çatmışdır ki, əhali öz doğma yurdlarından didərgin düşərək Qarabağ və Gürcüstan ərazisinə köç etmişdilər. Əhalinin dəfələrlə İsfahana məktub göndərməsinə baxmayaraq heç bir adekvat addım atılmamışdır. Yalnız bundan sonra şah Şəki əhalisindən peşkəş almaqla Məlik Həsəni vəzifədən uzaqlaşdırdı və Məmmədxan bəy Şəki hakimi təyin edildi. Əhali arasında nüfuza malik olduğundan o öldükdən sonra oğlu Əlimərdan bəy vilayətə məlik təyin edildi. O II Təhmasibin dövrünədək bu vəzifəni icra etmişdi. Əlimərdan bəyin Şəkiyə məlikliyi zamanı Səfəvi dövlətində üsyanların böyük vüsət aldığı bir dövrdür. Yuxarıda göstərildiyi kimi 1707-ci il Car-Balakəndən başlanan üsyan dalğası dövlətin demək olar, bütün bölgələrinə yayılmışdı. Belə bir zamanda bütün vilayət hakimlərinin özbaşınalığı artmışdı. Ərəş hakimi Əli Sultan 1712-ci ildə Şəkiyə hücum edərək ərazini talanlara məruz qoymuşdu.

XVIII əsrin ikinci onilliyindən başlayaraq ölkədəki üsyanlar xarici dövlətləri daha çox maraqlandırmağa başladı. Qeyd etdiyimiz kimi, Osmanlı dövləti və Rusiya bölgədə üstünlüyü qazanmaq üçün bir sıra tədbirlər görməyə başladılar. Doğrudur, Osmanlı imperiyasında həmin dövrdə müəyyən dirçəliş meyilləri başlamış, vəziri-əzəm İbrahim paşanın islahatları öz nəticəsini vermişdi. Ancaq həmin dövrdə Rusiyanın bölgəyə maraqları daha üstün səciyyə daşıyırdı. Şirvan üsyanı və Dağıstandan bölgəyə müxtəlif tayfa başçılarının hücumları, I Pyotrun əraziyə hücum aqressivliyini artırırdı. Çünki istər, Şirvan üsyançıları istərsə də Dağıstan feodalları özlərinin din və təriqət (Şirvan əhalisinin və Dağıstanın böyük bir hissəsi sünni təriqətinə mənsub idi) qardaşlarını daha üstün tuturdular. Doğrudur, Şirvan üsyanının lideri müstəsna addımlar ataraq rus çarına məktub göndərərək onu Şirvan hökmdarı kimi tanınmasını istədi. Çarın rədd cavabı verməsi Hacı Davudun da Osmanlı dövlətinə meyl etməsinə səbəb oldu. A.P.Volınski I Pyotra yazmışdı: "Belə olduqda üsyan etmiş knyazlar kömək almaq üçün mütləq Türkiyəyə müraciət edəcəklər... Bu, heç də Rusiyanın xeyrinə olmayacaqdır. Yaxşısı budur ki, özümüz işə fəal müdaxilə edək. Həmin dövrdə Şəki vilayətinə də şimaldan təzyiqlər çoxalırdı. Əsasən də Suxrab xanın əsrin ikinci və üçüncü onilliyində bölgəyə aktiv təsirini görmüş oluruq.

İsveçlə müharibəni bitirən I Pyotr 1722-c ildə Qafqaza hücum planlarını realaşdırmaq qərarına gəldi. Həmin ilin yay aylarından etibarən Həştərxandan böyük yürüşə start verildi. Əslində çarın niyyəti Qafqaz ekspedisiyasına 1723-cü ildə başlamaq idi. Lakin 1722-ci ilin mart ayından əfqan qəbilələrinin İsfahanı tutması çarı təşvişə saldı. Buna görə də I Pyotr öz yürüşünü doğrultmaq məqsədilə Azərbaycan dilində “Manifest” yazdırdı. Əvvəlcə Dərbənd sonra isə növbə ilə Xəzəryanı bölgələrin böyük hissəsi rus ordusunun nəzarəti altına keçdi. Rus donanması Rəşti tutduqdan sonra Bakı limanına üz tutdu. 1723-cü ildə Bakı işğal edildi. Yenicə hakimiyyət başına gəlmiş Şah II Təhmasib səriştəsiz olduğundan hadisələrə fəal müdaxilə edə bilmədi. 1723-cü ildə Peterburqda Rusiya ilə Səfəvi dövləti arasında müqavilə imzalandı. Xəzəryanı bölgələrin Rusiyanın nəzarəti altına keçməsi rəsmiləşdi.

1723-cü ildən başlanan Osmanlı müdaxiləsi isə bir il sonra İstanbulda Rusiya ilə müqavilə bağlanmaqla başa çatdı. Xəzəryanı bölgələr istisna olmaqla Səfəvi imperiyasının böyük bir hissəsi, Azərbaycanın əksəriyyət torpaqları Osmanlı nəzarətinə keçmiş oldu. Şirvan isə xüsusi statusa malik idi. Burada Hacı Davudun rəhbərliyi ilə yarımmüstəqil xanlıq formalaşdırıldı. Şəki vilayəti bu qurumun tərkibinə daxil olsa da, müəyyən vaxtlar birbaşa Osmanlının səlahiyyətli nümayəndələrinə tabe idi. Yəni əlahiddə səciyyə daşıyırdı. 1733-cü ilə aid sənədlərdə isə Şəkinin Dağıstanlı Suxrab xan tərəfindən tutulması göstərilir. Sənəddə göstərilir ki, Əlimərdan bəy və qardaşı Səfiqulu Şəkidə onunla görüşmüşdülər. Sənədin ümumi məğzindən belə məlum olur ki, Suxrab xan Şəkini hərb yolu ilə əldə etmişdir.

Nadir xan Əfşarın Səfəvi ordusuna rəhbərliyi dövründə Azərbaycan torpaqları əvvəlcə əfqanlardan sonra rus və osmanlılardan azad edildi. 1736-cı ildə Nadir Suqovuşanda özünü şah elan edərək 236 illik Səfəvi xanədanına son qoydu. Nadirin şah elan edilməsindən sonra məlik Əlimərdan Şəki vilayətinə yenidən hakim təyin edildi. 1737-ci ildə məlik Əlimərdanın ölümündən sonra Şirvan hakimi Sərdar xanın tövsiyəsi ilə Əlimərdanın qardaşı oğlu Nəcəfqulu şahın əmri ilə Şəkinin məliyi təyin edildi. Hacı Çələbi Qurban oğlunun üsyanına qədər məlik Nəcəfqulu vilayəti təkbaşına idarə etdi.

Göstərilən dövrlərə Şəki hakimlərinin adları və müəyyən qədər fəaliyyəti təqdim edildikdən sonra Hacı Çələbi xan və onun hakimiyyəti dövründə xanlığın siyası, iqtisadi və sosial durumu ilə bağlı tarixşünaslıqda bir sıra məsələlərə toxunmaq vacibdir. İlk olaraq Kərim ağa Şəkixanovun “Şəki xanlarının tarixi” əsəri üzərində dayansaq, yanlışlığa yol vermərik. Çünki bu kitab sırf Şəki xanlığı ilə bağlı yazılan ilk kompleks əsərdir və birbaşa mənbə sayılır. Kərim ağa Şəki xanlarının nəslindən bir şəxs olduğundan əsər əsasən şəcərə cədvəli üzərində formalaşan əsər səciyyəsi daşıyır. Müəllifin atası Hacı Çələbi nəslindən olan kor Fətəli xandır. Fətəli xanın hakimiyyəti xanlığın zəiflədiyi dövrdə yalnız 6 ay çəkmişdir. Kərim ağanın gəncliyi dövründə 1819-cu ildə xanlıq ləğv edilərək əyalətə çevrilmişdir. Kərim ağanın əsəri qısa olmasına baxmayaraq olduqca dolğundur. Lakin bu danılmaz faktdır ki, müəllif nə salnaməçi nə də elm adamı idi. Buna görə də, əsərdə müəyyən dərəcədə uyğunsuzluqlar mövcuddur. Buna baxmayaraq əsər XIX əsrdə yazılan əsərlər içərisində ən dolğun mənbələrdən biridir. Əsər Şəki aristokratiyasının şəcərə tarixi ilə başlayır. Burada bır sıra yanlışlıqlara yol verilsə də, Kərim ağa şəcərə xətti ilə bağlı əsaslı məlumatlar verir. Əsər XIV əsr Şəkisinin tarixindən müxtəsər şəkildə başlayaraq Səfəvilər dövrü Şah İsmayıl, I Təhmasib və sonrakı hökmdarlar zamanında baş verən hadisələrin təsviri xətti ilə inkişaf edir. Əsərdə XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəllərinə aid məlumatlar İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbas” əsərindən götürülmüşdür. Əsərdə Səfəvilərin təyin etdikləri məliklərlə bağlı qeyri-dəqiqlik mövcuddur. Belə ki, görkəmli tədqiqatçı Tağı Musəvi Şəkiyə aid demək olar ki, mövcud bütün şah fərmanlarını tərcümə etmişdir və bu tərcümələr əsasında biz Şəki hakimlərinin sırasını yuxarıda göstərmişik.

“Şəki xanlarının tarixi” əsəri ilk dəfə 1926-cı ildə rus dilində akademik P. Dorn tərəfindən çap edilmişdir. Lakin müəllif kimi səhv olaraq Əbdullətif əfəndi göstərilmişdir. Lakin əsərin özünü oxuduqda tam məlum olur ki, müəllif axırıncı Hacı Çələbi nəslindən taxta çıxmış xanın oğlu Kərim ağa Şəkixanovdur. Kərim ağanın əsərində daha dəqiq məlumatlar Şəki xanlığının yaranması ərəfəsindən başlayır. Məlik Nəcəfqulunun xalqı incitməsi, Hacı Çələbinin xalq tərəfindən vəkil təyin edilməsi yəqin ki, ilk dəfə Kərim ağa tərəfindən işıqlandırılıb. Əsərdə Hacı Çələbinin şəxsiyyəti, bölgədəki nüfuzu, Nadir şaha qarşı apardığı mübarizə işıqlandırılıb. Doğrudur, XIX əsrin ortalarında akademik P. Dorn bu barədə öz əsərində məlumat versə də, Kərim ağanın yazılarından istifadə etməsi istisna edilməməlidir. Mənbədə təqdim edilən hadisələr olduqca qısa və konkret təsvir edilmişdir. Bu isə prosesin dərindən öyrənilməsində əlavə mənbələrə yetərincə ehtiyac yaratmış olur. Lakin onu da demək lazımdır ki, Kərim ağa əsərində hadisələrə qısa konkret toxunsa da, Hacı Çələbi Qurban oğlunun şəxsiyyəti, bacarığı ümumiyyətlə, onun portretini çəkəcək dərəcədə təsvir etməyi bacarmışdır.

XIX əsrin birinci yarısına aid əsərlərdən biri də Şəki xanlarının nəslindən olan Hacı Seyid Əbdülhəmidin qələmə aldığı “Şəki xanları və onların nəsilləri” əsəridir. Bu əsər Kərim ağanın əsərindən həcm cəhətdən kiçik olsa da, XVIII əsr Şəki tarixinin araşdırılmasında mənbə rolunu oynayır. Müəllif çar Rusiyası zamanında şəriət məhkəmələrində vəzifə tutmuş, hökumət tərəfindən bir sıra təltiflərə layiq görülmüşdür. İşlədiyi müddətcə XV əsrdən başlayaraq Şəki hakimlərinin şəcərəsinin hazırlanması ilə məşğul olan müəllif öz əsərini müxtəsər şəkildə təqdim edir. Əsərdə orta əsrlərə aid hadisələr olduqca qısa verilsə də, XVIII əsrin birinci yarısından Şəkidə baş verən siyasi proseslərə müəyyən aydınlıqlar gətirilir. Müəllif əsərinin yazılmasında əcdadlarının dildən dilə öturdükləri hadisələri qələmə aldığını söyləyir.

Şəki xanlığı və onun banisinin fəaliyyəti ilə bağlı ən dəyərli mənbələrdən biri Abbasqulu Ağa Bakıxanovun qələmə aldığı “Gülüstani-irəm” əsərindir. Bu əsər ümumiyyətlə, Azərbaycan tarixinin kompleks şəklində araşdırıldığı ilk mənbə rolunu oynayır. Bakıxanovun əsərində olan məlumatlar “Şəki xanlarının tarixi” əsərindəkindən daha elmi səciyyə daşıyır. Əsərdə müəyyən qədər ziddiyyətlər olmasına baxmayaraq vətən tariximizin qədimdən 1813-cü il Gülüstan müqaviləsinə qədərki, dövrünün araşdırlmasında ən dəyərli mənbələrdən hesab edilir. Əsərdə Hacı Çələbinin Nadir şah Əfşara qarşı mübarizəsi, müstəqil xanlığın yaradılması, Azərbaycan torpaqlarının birşlədirilməsi uğrunda mübarizə ilə bağlı məsələlərə toxunulur. Doğrudur, Şəki xanlığının başqa Azərbaycan feodal hakimləri ilə mübarizəsi ilə bağlı məsələlərə toxunularkən, müəllifin fikirlərində ziddiyyətli nüanslara rast gəlmək mümkündür. Məsələn, “Qızılqaya xəyanəti” adı altında baş verən hadisədə hansı xanların iştiraki ilə bağlı başqa mənbələrlə üst-üstə düşməyən faktlar mövcuddur. Lakin Kərim ağadan fərqli olaraq, həmin hadisə daha təfərrüatlı şəkildə təsvir edilir.

“Gülüstani-irəm” əsərində Bakıxanov Azərbaycan xanlıqlarının fəaliyyətinin xülasəsini vermiş, Hacı Çələbinin ölkəni birləşdirmə siyasəti ilə bağlı yazısında xanın Car-Balakən uğrunda gürcü çarını məğlubiyyətə uğratması, Şamaxı xanlığına yürüşlə bağlı dəyərli məlumatlar verilmişdir. Lakin mənbə sırf Şəki bölgəsinə həsr edilmədiyindən Hacı Çələbi xanın bütöv fəaliyyəti burada da yetərli dərəcədə işıqlandırılmamışdır. Əsərdə hadisələrin Kərim ağanın salnaməsi ilə müqayisə edərkən müəyyən ziddiyyətli məqamlara rast gəlinir. Təqdim etdiyimiz tədqiqat işində ziddiyyətli məsələlərə aydınlıq gətirilmişdir. Hacı Çələbi xanla bağlı dövrün mənbələrindən biri də Məhəmməd əl Cari tərəfindən qələmə alınmış “Car salnaməsi” əsəridir. Əsər məzmun cəhətdən XVIII əsr Şimal-qərbi Azərbaycan tarixinin bir sıra nüanslarını özündə əks etdirsə də, burada hadisələrin təsvirində bir sıra ziddiyyətli məqamlar mövcuddur. Şəki xanlığı və onun xarici siyasəti bu mənbədə daha qabarıq verilsə də, ərazi məsələləri, Hacı Çələbi xanın gürcü çarı ilə mübarizəsi ilə bağlı məsələlərin təsvirində bir sıra məntiqə uyğun olmayan təsvirlər yer almışdır. Əslində bu əsər salnamə xarakterli olduğundan burada dərin elmiliyin olması da mümkün deyil. “Car salnaməsi”-də Hacı Çələbi xanın Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsini öncə göstərdiyimiz əsərlərdən daha çox görmək olur. Müəllifin təsvirləri daha geniş olduğundan hadisələrin təsvirini dərindən izləmək mümkündür. Lakin yuxarıda göstərildiyi kimi əsərdə bir sıra ziddiyyətlər olduğundan ümumi mətni oxuduqdan sonra başqa mənbələrlə müqayisə edilərək ümumi, nəticənin çıxarılması məqsədəuyğundur.

“Qızılqaya xəyanəti” adı ilə məşhur olan hadisə ilə bağlı əl Cari Hacı Çələbi xana qarşı yaradılan ittifaqdan geniş bəhs edir. Hətta Bakıxanov və Kərim ağadan fərqli olaraq salnamədə göstərilən hadisədən öncəki siyasi durum təsvir edilmiş, Hacı Çələbi xanın başqa xanlara qarşı aqressiv münasibətinin səbəbi aydınlaşmışdır. Əsasən də, Gəncə Xanı Şahverdi xanla olan münaqişənin səbəbi göstərilmiş, Hacı Çələbi xanın məqsədinin birlik ideyaları olması öz təsdiqini tapmışdır. Doğrudur, mənbədə birbaşa Hacı Çələbinin vətən torpaqlarını birləşdirmək istəyi yazılmamışdır. Lakin hadisələrin təsvirində məqsədin ittifaq, koalisiya və vahid dövlət prinsipi olduğu öz təsdiqini tapmış olur.

Molla Məhəmməd əl Cari öz əsərində Hacı Çələbi xana qarşı yaradılan koalisiya üzvlərini sadalayarkən Naxçıvan və İrəvan xanlarının adlarını çəkmir. “Car salnaməsi”-dən fərqli olaraq Mirzə Adıgözəl bəy Hacı Çələbi xana qarşı çıxmaq istəyən və əsir götürülən xanlar arasında naxçıvanlı Heydərqulu xanın, Abbasqulu ağa Bakıxanov isə həm naxçıvanlı Heydərqulu xanın, həm də irəvanlı Hüseynəli xanın olduğunu qeyd edir. Hətta Rus arxiv sənədlərində İrəvan xanının əvvəlcədən İraklinin tərəfində vuruşduğu göstərilir. Bunları nəzərə alaraq həmin xanların hadisədə iştirak etməsi daha çox inandırıcıdır. Ümumiyyətlə, həmin koalisiyada iştirak edən feodal hakimlərin dəqiq siyahısının çxarılmasında bir sıra ziddiyyətlər mövcuddur. Məsələn, Hacı Çələbi xanın məktubunda Təbriz xanı Nəcəfqulu xanın da adı çəkilir.

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Qarabağlı salnaməçi Mirzə Adıgözəl bəyin “Qarabağnamələr” adlı əsərində XVIII əsr Qarabağın tarixi ilə bağlı məlumatlar içərisində Şəki xanı Hacı Çələbinin fəaliyyətinə də toxunulur. Qarabağlı Pənahəli xanın hakimiyyəti dövründə baş vermiş Bayat savaşı və burada Hacı Çələbinin məğlubiyyəti ilə bağlı məlumatlar verilmişdir. Doğrudur, Car salnaməsində və başqa rus arxiv materiallarından bu hadisə ilə bağlı müxtəlif fərqli yanaşmalar göstərilir. Hətta bir sıra mənbələrdə Bayat savaşının nəticəsi Qarabağnamələrdə göstərilənlərin əksini yazır. Təqdim etdiyimiz tədqiqat işində bu məsələyə də aydınlıq gətirilmişdir.

Mirzə Adıgözəl bəyin əsərində hadisələrə sırf siyasi nöqteyi-nəzərdən yanaşıldığından Hacı Çələbi xanın Qızılqaya əhvalatına da toxunulmuşdur. Doğrudur, hadisəyə Qarabağ xanlığının fəaliyyəti nöqteyi-nəzərindən yanaşılmış, Pənahəli xanın siyasi addımları daha qabarıq göstərilmşdir. Əsərdə yuxarıda göstərildiyi kimi Hacı Çələbiyə qarşı koalisiya üzvlərinin sayı fərqli şəkildə təqdim edilmişdir.

Hacı Çələbi xanın hakimiyyət dövrü ilə bağlı hadisələrdə “Qızılqaya xəyanəti” əhvalatı əsas məsələ olaraq yer alır. Rus arxiv sənədlərində yer alan naməlum gürcü müəllifinin əsərində bu hadisə təsvir edilmişdir. Hadisədən əvvəlki situasiyada isə başqa mənbələrdən yetərincə fərqli fikirlər mövcuddur. Mənbədə Azərbaycan feodal hakimlərinin Hacı Çələbi xanla barışmaq üçün yığıldıqları göstərilir. Bildiyimiz kimi başqa salnamələrdə hadisə bunun tam əksi kimi verlimişdir. Sözügedən mənbədə bu tipdə məntiqə uyğun olmayan təsvirlər olsa da, hadisənin gedişi demək olar ki, eynilik təşkil edir.

Hacı Çələbi xanın Nadir şaha qarşı mübarizəsi, onun xanlıq dövründəki fəaliyyəti haqqında P.Q.Butkov rus arxiv sənədləri əsasında tədqiqatlar aparmışdır. Onun tədqiqatları sırf Şəki xanlığı ilə bağlı olmasa da, müqayisəli təhlil üçün əhəmiyyətlidir. Həm də arxivşünaslığın həmin dövr üçün Rusiya imperiyasında daha yaxşı inkişaf etdiyini nəzərə alsaq, Butkovun tədqiqatlarını düzgün dəyərləndirmək olar. Doğrudur, sözügedən dövrdə Rusiya imperiyasının Qafqazla bağlı maraqları ekspansianist səciyyə daşıyırdı. Buna görə də ərazini tədqiq edib mərkəzə məlumat göndərən məmurların fikirlərində ziddiyyətlərin olması da istisna edilməməlidir. Bununla bərabər müəyyən statistik rəqəmlərdə rus arxiv səndələrində yanlışlıqlar mövcuddur. Belə ki, həmin məmurların topladıqları məlumatlar təktərəfli səciyyə daşıya bilərdi. Butkovun da əsərində həmin sənədlərdən istifadə edərək dövrün reallıqlarının tam mənimsənilməsi üçün yuxarıda göstərilən əsərlər kimi müqayisəli təhlillərə ehtiyac vardır.

Həsən Əlqədarinin XIX əsrin sonlarında (1891-1892-ci illər) qələmə aldığı “Asari-Dağıstan” əsəri də dövrün araşdırılması baxımından dəyərlidir. Müəllifin qeydlərinin əksəriyyəti Abbasqulu ağa Bakıxanovla eynilik təşkil etsə də, bir sıra dəyərli məlumatlar əldə etmək mümkündür. Doğrudur, müəllif bəzi məsələlərə təktərəfli yanaşmışdır və əsərdə ziddiyyətli məqamlara da rast gəlinir. Müəllif Şəki xanlığı ilə bağlı yalnız fraqmental məlumat versə də, Hacı Çələbi xanın xarici siyasətini və ümumiyyətlə, xanlıqlar dövründə qonşu Şimali Qafqazda, əsasən də Dağıstanda gedən siyasi prosesləri müəyyən dərəcədə işıqlandırmışdır. Yuxarıda göstərildiyi kimi müəllif Azərbaycanla bağlı məsələlərə toxunarkən əsasən A. A. Bakıxanovun “Gülüstani-İrəm” əsərindən istifadə etmişdir. Məsələn, əsərdə Qızılqaya xəyanəti ilə bağlı məlumatlar “Gülüstani-İrəm”lə eynilik təşkil edir. Ancaq Həsən Əlqədari Şəki xanlığını Nuxa qəzası kimi göstərməklə qeyri-peşəkarlığını nümayiş etdirmiş olur. Nadir şaha qarşı üsyan dövründən başlayaraq xanlığın mövcudluğu dövrünədək ərazinin qəza kimi təqdim edilməsi, müəllifin XIX əsrin ikinci rübündən etibarən Çar Rusiyasının inzibati vahidi Nuxa qəzasının olması aspektindən irəli gəlir. Lakin Nuxa adının qədim olmasına baxmayaraq xanlıq dövründə ərazi Şəki adlandırılırdı. Çünki müəllif gürcü çarını da qubernator kimi təqdim edir. Yəni həmin dövrün hakimiyyət vəzifələrinin və ərazi adlarını müəllif yaşadığı dövrə uyğunlaşdırmışdır ki, bu da əsərin tarixşünaslıq baxımından qeyri-peşəkarlığını göstərir. Lakin əsərdə vətənimizin işğalına qarşı Hacı Çələbinin mübarizəsi qısa da olsa, öz əksini tapmışdır. Gürcü çarının 1752-ci ildə Şəki xanlığının qoşunlarına məğlubiyyəti zamanı erməni dəstələrinin də gürcülərə yardım etməsi faktları kitabda yer almışdır. Əsərdə, ümumiyyətlə, Şəki xanlığında sonrakı dövrlərdə də baş verən proseslər haqqında qısa da olsa, məlumatlar verilmişdir.

Azərbaycanın XVIII əsr tarixinin araşdırlmasında sovet dövrü mütəxəssislərinin xüsusi önəmi vardır. Belə ki, müxtəlif dövrlərdə Vətən tariximizdə yetərincə saxtakarlıq edən sovet tarixşünaslığı XVIII əsr tarixini işləyərkən müəyyən həqiqətləri təhrifsiz təqdim etmişdir. Sovet dövrü tarixçiləri müəyyən qədər çar Rusiyası dövrünə aid məsələlərdə ekspansionizmi qabartmış, zəhmətkeş kütlə məsələsi üzərində araşdırma aparmışdır. XVIII əsr Azərbaycan tarixi əsasən də Şəki xanlığı və onun banisi haqqında V.N.Leviatovun “Очерки из истории Азербайджана в XVIII веке” əsəri olduqca dəyərlidir. Əsərin özəlliyi ondan ibarətdir ki, XVIII əsrin siyasi tarixi ilə bərabər sosial-iqtisadi durumu da tədqiq edilmişdir. Leviatov milli məsələlərə də obyektiv yanaşmağa çalışmış, hətta istifadə etdiyi mənbələrdəki yanlışlıqları xüsusi qeyd etmişdir. Məsələn, ingilis elçisinin öz ölkəsinə göndərdiyi məktubda Nadir şahın qardaşı İbrahim xana qarşı vuruşan ordunun ləzgilərdən ibarət olması məsələsinə ayıdınlıq gətirən Leviatov Car-Balakən ordusunda bir neçə xalqın qüvvələrinin vuruşduğunu dəlillərlə təqdim etmişdir.

Leviatovun sözügedən əsərində Nadir şaha qarşı üsyanlar, xüsusən Hacı Çələbinin fəaliyyəti, müstəqil Şəki xanlığının yaradılması ilə bağlı dərin tədqiqat aparılmışdır. Tədqiqat işində Rusiyanın Qafqazdakı nümayəndələri Butkov və Bratisevin məktublarından yetərincə istifadə edilmişdir. Nadir şahın Şəki ərazisindəki problemini Leviatov tarixçi peşəkarlığı ilə müxtəlif aspektlərdən araşdırmışdır. Şahın Şimali Azərbaycana ekspedisiyası Rusiyaya göndərilən məktublar və müxtəlif sənədlər əsasında işlənmişdir. Doğrudur, Leviatov da başqa rus müəllifləri kimi həm bilərəkdən, həm də birtərəfli yanaşmalardan müxtəlif ciddi səhvlərə yol vermişdir. Lakin Hacı Çələbi xanla bağlı tədqiqatın ətraflı aparılması, bizim üçün əsərin önəmini artırmış olur. Leviatov həmin əsərlə bərabər Hacı Çələbi ilə bağlı məqalə də dərc etdirmişdir.

Hacı Çələbi xanın fəaliyyəti ilə bağlı geniş məlumat verilən əsərlərdən biri də Şəfiqə Həmidovanın 1985-ci ildə qələmə aldığı XVIII əsrin ikinci yarısından “Azərbaycan - Gürcüstan münasibətlərindən” adlı tədqiqat işidir. Tədqiqat işində ölkəmizin qonşu Gürcüstan dövləti ilə münasibətlərindən geniş bəhs edən tədqiqatçı müəyyən qədər sov-realizmin qaydalarına uyğun beynəlmiləlçi aspektdən yanaşsa da, Şəki - Gürcüstan münasibətləri ətraflı tədqiq edilmişdir. Tədqiqat işində Həsənsu döyüşündən bəhs edilərkən Hacı Çələbinin qoşununun tərkibində erməni dəstələrinin də olması göstərilir. Məsələyə aydınlıq gətirmək üçün onu qeyd etmək lazimdır ki, Azərbaycan ərazisində ermənilərin kütləvi məskunlaşması 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqavilələri ilə baş vermişdir. Ondan əvvəlki dövrlərdə erməni keşişləri çox az sayda qədim Alban xristian məbədləri ətrafinda məskunlamışdılar. Şəfiqə Həmidovanın göstərdiyi ermənilər isə heç də erməni deyil, Qarabağın alban xristian məliklərinin dəstələri idi ki, Qarabağ xanına qarşı vuruşmuşdu. Həsənsu döyüşündən əvvəlki dövrdə Bayat savaşında da məliklər Hacı Çələbi ilə ittifaq şəklində idilər.

Şəki xanlığının xarici siyasəti, Hacı Çələbi xanın qonşu ölkələrlə münasibəti ilə bağlı az da olsa, tədqiqatlar aparılmışdır. AMEA Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Günay Talıbovanın “Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələrindən” adlı məqaləsi olduqca önəmlidir. Məqalədə əsasən Hacı Çələbi xanın Osmanlı dövlətinə göndərdiyi məktublar təhlil edilmişdir. Xanın Nadir şahın ordusunu dəfələrlə məğlub etməsi barədə sultana göndərdiyi məktub, gürcü çarı ilə döyüşü haqda məlumat məqalədə geniş təhlil edilmişdir.

Sovet dövrü tarixşünaslığında Vətən tarixinin araşdırılması SSRİ tarixinin tərkibində araşdırıldığından uzun müddət tarixi hadisələr, şəxsiyyətlərlə bağlı məsələlər kölgədə qalmışdır. Tarixçi alim Mahmud İsmayılın “Şəki” əsərindən başqa demək olar ki, bölgənin tarixi ilə bağlı araşdırmalar aparılmamışdır. Ümumiyyətlə, Azərbaycan xanlıqlarının tarixinin geniş tədqiqatı müstəqillik illərinə təsadüf edir. Bu dövrdən etibarən Quba, Şamaxı, Gəncə, İrəvan və Cənub xanlıqları ilə bağlı fundamental tədqiqatlar aparılmışdır. Qubalı Fətəli xan, Gəncəli Cavad xan kimi tarixi şəxsiyyətlər haqda monoqrafiyalar işıq üzü görmüşdür. Şəki xanlığı və banisi haqqında göstərilən əsərlərin bir hissəsində fraqmental bəhs olunsa da, xüsusi tədqiqat aparılmamışdır. Buna görə də, təqdim etdiyimiz əsər ümidvarıq ki, geniş oxucu kütləsi tərəfindən təqdirəlayiq hesab ediləcəkdir. Tədqiqat işində yerli və xarici əsərlərdən, XVIII – XIX əsrlərə aid mənbələrdən və müasir araşdırmalardan istifadə edilmişdir. Tədqiqat işində dövrün tarixi hadisələri fonunda Hacı Çələbi xanın dövlətçilik, Azərbaycançılıq uğrunda mübarizəsi ön plana çıxarılaraq bəhs edilir.