Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Gəncə – Qazax arasındakı yolda baş vermiş döyüş (1752)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Gəncə – Qazax arasındakı yolda baş vermiş döyüş (1752)
Şəki xanlığının bayrağı (Hacı Çələbi xan dövrü).png
Şəki xanlığının Hacı Çələbi xan dövründəki bayraqlarından biri.
Tarix 8 aprel 1752
Yeri Gəncə – Qazax arasında
Səbəbi Gürcü çarları Teymuraz və İrakli tərəfindən Gəncədə Azərbaycan xanlarının həbs edilməsi
Nəticəsi Teymuraz və İrakli məğlub olur. Gəncə, Qazax, Şəmsəddil, Borçalı, İrəvan xanlıqları Teymurazın nəzarətindən çıxır və Hacı Çələbi xanın nəzarətinə keçir.
Komandan(lar)

İrakli (Kaxet), Teymuraz (Kartli), Sübhanverdi (Qazax), Hüseynəli (İrəvan), Şəmsəddil və Borçalı xanları

Hacı Çələbi xan, Ağarza (Ağarəzi) bəy

Tərəflərin qüvvəsi

14.000[1][2]

8.000[3]

İtkilər

öldürüldü, yaxud əsir götürüldü:

 • 6.000[4][5]

 • 1.000[1]

naməlum

Gəncə – Qazax arasındakı yolda baş vermiş döyüş (1752) — Şəki xanı Hacı Çələbi xan ilə gürcü çarları Teymuraz və İrakli arasında 8 aprel 1752-ci il tarixdə Gəncə – Qazax yolunda baş vermişdir. Elmi-tarixi ədəbiyyatda düzgün olmayan “Qızılqaya xəyanəti” adı ilə tanınır. Lakin “Qızılqaya xəyanəti” əslində gürcü çarları Teymuraz ilə İraklinin Gəncə yaxınlığında – Qızılqaya adlı yerdə, Azərbaycan xanlarına xəyanət etmələrinə və onları həbs etdirmələrinə verilən addır, bu döyüş adı deyil və “Gəncə – Qazax arasındakı yolda baş vermiş döyüş” isə həmin “Qızılqaya xəyanəti”nə cavabdır. Bu döyüşdə Teymuraz və İraklinin ordusu məğlubiyyətə uğradı. Nəticədə, Gəncə, Qazax, Şəmsəddil, Borçalı və İrəvan xanlıqları Teymurazın nəzarətindən çıxdı və Hacı Çələbi xanın nəzarətinə keçdi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

Döyüşün səbəbləri və baş verməsi istiqamətində hərəkətlər[redaktə | HTML redaktə]

12 iyun (Yuli təqvimi ilə 23 iyun) 1753-cü il tarixdə Həştərxandan Sankt-Peterburqa göndərilmiş məktubda, hansı ki əslən gürcü olan və həmin vaxt İrandan Rusiyaya gələrək Qusar polkunda poruçik rütbəsi ilə xidmətə başlayan şəxsin izahatı əsasında tərtib edilmişdi, gürcü çarları Teymuraz və İrakli ilə Şəki xanı Hacı Çələbi arasında 1752-ci ildə baş vermiş döyüşün səbəbi belə izah olunur:

" Gürcü şahzadəsi İrakli iki il əvvəl şəkili Hacı Çələbinin, həmçinin Şamaxının, Qəbələnin və Gəncənin xanlarının yanına adam göndərərək bildirmişdi ki, İranda şah yoxdur və o, İrakli, şahın birinci valisi və həm də gürcü çarı kimi İranda sülhü bərpa etmək üçün şahı özü seçməlidir və onlar da bununla razılaşsınlar[qeyd 1]. Lakin adı çəkilən xanlar hesab etdilər ki, İrakli onları aldatmaq və İran şahı olmaq istəyir və buna görə də ona söyüşlə və rişxəndlə cavab verdilər və o vaxtdan da aralarında qarşıdurma başladı[3]. "

Pyotr Butkov bunu kitabının 1-ci hissəsində öz sözləri ilə verməklə[qeyd 2] yanaşı, həm də əlavə edir ki,

" Beləliklə, 1752-ci ildə gəncəli Şahverdi xan çar Teymurazdan üz döndərdi və ona illik bac verməyi dayandırdı. Çar Teymuraz oğlu İrakli ilə birlikdə Şahverdi xanı cəzalandırmaq üçün Gəncəyə gəldi. Lakin şəkili Hacı Çələbi xan Şirvan və ləzgi ordusunu toplayıb onun köməyinə çatdı[6][2]. "

Molla Məhəmməd əl-Carinin “Car salnaməsi”nə görə isə 1751-ci ilin oktyabr ayının ortalarında Gəncə xanı Şahverdi xanın, Qarabağ xanı Pənahəli xanın, Qazıqumux hakimi Məhəmməd xanın və Car-Talanın nümayəndələri Şəki xanı Hacı Çələbinin yanına – Nuxaya, toplaşaraq Top-Qaraağacdan[qeyd 3] Gürcüstana yürüş etmək məsələsini müzakirə etmiş, lakin bir qərara gələ bilməyərək dağılışıblarmış[7]. Bundan sonra “Car salnaməsi”ndə göstərilir ki, oktyabr ayının ortalarında

" Şahverdi xan və Pənah xan, Hacı Çələbinin əmri ilə birləşərək erməni Xəmsəsinin bəzi yerlərinə hücum edirlər. Döyüş bitdikdən və Pənah xan ondan ayrıldıqdan sonra Hacı Çələbi və oğlu əsgərləri ilə birlikdə Şahverdi xanı öldürmək və ya onu tutmaq üçün Samuxa gedirlər[7]. "

Molla Məhəmməd əl-Cari, Xəmsə döyüşündə Hacı Çələbi xanın və oğlu Ağakişi bəyin iştirakını qeyd etməsə də, mətndəki ardıcıllığa və məzmuna əsasən belə görünür ki, hər ikisi həmin döyüşdə iştirak etmiş, Şahverdi xan isə əksinə – iştirak etməmişdir. Hacı Çələbi xan Samuxa çatdıqdan sonra Car-Talaya döyüş hazırlığı xəbərdarlığı göndərir və tələb edir ki, onlar üç günə özlərini Samuxa çatdırsınlar. Lakin car-talalılar cəmi bir neçə saata gəlib onun yanına çıxırlar. Hacı Çələbi xan onlara deyir ki, Şahverdi xan gürcülərə qarşı çıxmadığı üçün onu cəzalandırmağa gedir, amma onlar gərək Kür çayını keçməsinlər, əvəzində – vəd olunan vaxtda Top-Qaraağacda toplaşsınlar. Amma car-talalılar Gəncəyə yürüşdə iştirak etmək üçün inad göstərirlər və Hacı Çələbinin oğlu Ağakişi bəyin başçılıq etdiyi ordu ilə birlikdə Kürü keçib gecəynən Gəncəyə yola düşürlər. Onlar səhər tezdən Əhmədlini[qeyd 4] keçib Gəncəyə yaxınlaşanda Şahverdi xan onun üzərinə ordu gəlməsindən xəbər tutur və

" ... iki topu, qatırları, atları, otuz çadırı və əşyaları tərk edərək qalaya qaçır[7]. "

Car-talalıların qarətlə məşğul olduğunu görən Hacı Çələbi xan onları geri qaytarır və

" ...öz ordusu ilə Gəncə şəhərinin aşağı hissəsində qalır. Bundan sonra Şirvanın, Şamaxının, Muğan xanın və başqalarının yeddi minlik piyada və süvari qoşunu gəlir. ...Hacı Çələbi[qeyd 5] qalan qatır və on çadırı Şahverdi xana qaytararaq ondan sülh və barışıq istəyir və Gürcüstana (yürüşə) çıxmağı xahiş edir... O, razı olmur. Pənah xan da ona (Hacı Çələbiyə) etibar etmədiyi üçün gəlmir[8]. "

1751-ci il oktyabrın axırlarında Hacı Çələbi xan ordusu ilə Abruş buruna[qeyd 6] qayıdır. Qazıqumux hakimi Məhəmməd xan, Car-Tala və İlisu nümayəndələri də bura toplaşırlar. Qərara gəlirlər ki, qışın axırında Gürcüstana yürüş etsinlər. Lakin planlaşdırılmış vaxtda yürüşə onlar yox, gürcülər başlayırlar. “Car salnaməsi”nə görə, qışın axırında

" Teymuraz xan ilə İrakli xan Gəncəyə gəlirlər və Şahverdi xandan qardaşı Qoçu xanı, bacısı oğlu Xudada bəyi və Gəncənin digər başçılarını girov istəyirlər. Sonra Pənah xan və Kazım xan[qeyd 7] da həmin tələb ilə Gəncəyə gəlirlər. Hamısı bu qərara gəlirlər ki, Qarabağın rəiyyətini Hacı Çələbinin ixtiyarından çıxarsınlar. Hacı Çələbi Dərbənddən qoşun yığaraq Ərəş tərəfə Bilicikə[qeyd 8] gətirir. Vilayət[qeyd 9] onunla etibarlı ittifaqda idi. Bu vaxt iki vali ziyafətdə olarkən Şahverdi xanı, onun qardaşı Rzaqulu xanı, Pənah xanı, Kazım xanı və başqa rəisləri və onların təbəələrini etibarsız sayaraq həbs edir. Onların və əsgərlərinin mallarını, atlarını, yabılarını, eşşəklərini, qatırlarını, mal-qaralarını, hərbi sursatlardan silahlarını, tüfənglərini, nizələrini əllərindən alırlar. Onların arasında hərc-mərclik düşür. Məhbuslar hərə bir yana dağılışırlar. Bəziləri döyüşdə öldürülür, bəziləri qaçır.

Valilər qışın axırına təsadüf edən cümədəüləvvəl ayının 16-da (1752-ci il aprelin 1-i) şənbə günü Gəncə qalasına hücum etdilər. Valilər Gəncə qalasını tələb edəndə Gəncə əhalisi Hacı Çələbini, Şamaxının hakimi Məhəmmədəli xanı və Şirvanın digər rəislərini çağırırlar. Həmin ayın 17-si (1752-ci il aprelin 2-si), bazar günü Hacı Kür çayının üstündəki körpüdə dayanmışdı. O, körpüdən Qarabağ tərəfə keçir və bütün Şirvanın və digər yerlərin rəisləri ilə bazar ertəsi, ayın 18-də (1752-ci il aprelin 3-ü) gürcülərin üzərinə gedir. O, Gəncənin yanında dayanır. Gürcülər Gəncənin aşağı hissəsindən yuxarı hissəsinə keçirlər. Hacı Gəncə şəhərinə daxil olur və meydanda yerləşir[8].

"
Teymuraz.
İrakli.

“Hadisələrin təsviri” adlı anonim gürcü xronikasında isə göstərilir ki,

" 1752-ci ildə çar Teymuraz və çar İrakli ordu ilə Tiflisdən Gəncəyə gəldilər. Gəncə xanı Şahverdi xan çarları qarşılamaq üçün çoxsaylı hədiyyələrlə qaladan çıxdı və onlarla görüşdü. Qaradağlı kor Komuz (Kazım) xan və şuşalı Pənah xan da (hədiyyələrlə) çarları qarşıladı. Bu xanlar çarları Hacı Çələbi ilə barışdırmaq istəyirdilər. Çarlar başa düşdülər ki, adları çəkilən xanlar Hacı Çələbi ilə birləşmək qərarına gəliblər. Ona görə də (çarların göstərişi ilə) martın 21-də (Qriqori təqvimi ilə aprelin 1-i) bu xanlar həbs edilərək əlləri qandallandı və qarət edildilər[9]... Pənah xanın oğlu Hacı Çələbini yanına getdi və Gəncəyə ordu gətirdi[10]. "

Hacı Çələbi xanın 1754-cü ildə Osmanlı dövlətinin baş vəzirinə yazdığı məktubunda[11][12][13], Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində[14], Kərim ağa Şəkixanovun “Şəki xanlarının ixtisar üzrə tarixi”ndə[15] və Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ində[16] də bu hadisəyə toxunulur, amma ikincidə daha çox məlumat var və bir bəhs bu mövzuya həsr olunmuşdur. “Car salnaməsi”ndən fərqli olaraq Kərim ağa Şəkixanov, Hacı Çələbi xana qarşı çıxmaq istəyən və əsir götürülən xanlar arasında xoylu Əhməd xanın[15], Mirzə Adıgözəl bəy naxçıvanlı Heydərqulu xanın[17], Abbasqulu ağa Bakıxanov isə həm naxçıvanlı Heydərqulu xanın, həm də irəvanlı Hüseynəli xanın[16] olduğunu qeyd edir. Həmin vaxt Xoyun hakimi Əhməd xan yox, onun böyük qardaşı Şahbaz xan idi[18]. Əgər Kərim ağa Şəkixanov bu hadisədə Xoy xanlığının iştirakını yazmaqla səhvə yol vermirsə və qardaşların adlarını da qarışdırmırsa, o halda mümkündür ki, Əhməd xan qoşun başçısı kimi Gəncəyə gəlmişdi. Hüseynəli xan da hələ İrəvan xanı deyildi, amma Əhməd xandan fərqli olaraq dəqiq məlumdur ki, o, Gəncəyə qoşun başçısı kimi gəlmişdi[qeyd 10]. Belə ki onun adı Hacı Çələbi xanın məktubunda da var[11][12][13]. Hüseynəli xandan başqa Hacı Çələbi xanın məktubunda Təbriz xanı Nəcəfqulu xanın da adı çəkilir:

" Qaradağlı Kazım xan, Pənah xan Cavanşir, Haqverdi (Şahverdi?) xan, Hüseynəli xan, Nəcəfqulu xan.... və sairə xanlar birləşib... (İrakli) xanların hamısını öz çadırına topladı. Ziyafət əsnasında onları həbs etdi. Sonra Gəncə qalası üzərinə hərəkət etdi[11][12][13]. "

Kərim ağa Şəkixanov və Mirzə Adıgözəl bəy, İraklinin Cəncəyə heç də öz təşəbbüsü ilə gəlmədiyini, əslində onun Xoy (bu, Mirzə Adıgözəl bəydə yoxdur), Qaradağ, Qarabağ, Gəncə, və Naxçıvan (bu, Kərim ağa Şəkixanovda yoxdur) xanları tərəfindən ora dəvət edildiyini və məqsədlərinin isə Şəkiyə birlikdə hücum etmək olduğunu göstərirlər[15][14]. Mirzə Adıgözəl bəyə görə,

" Pənah xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi xan məsləhət məclisi qurdular. Onlar belə bir qərara gəldilər ki, bütün Şirvan ölkəsinin hakimi, azad və həmişəlik sahibi-ixtiyarı olan Hacı Çələbi onlarla hesablaşmır və dostluq yolunu düzlüklə getmir. Buna görə lazımdır ki, onu məğrurluq yuxusundan oyatmaq üçün tədbir görsünlər. Sonra ürəklərinin sözünü məktub vasitəsilə Gürcüstan valisi İrakli xana bildirdilər. Vali də özünün bu işdə və bu yolda onlarla yoldaş olduğunu izhar etdi. Onlara yazıb bildirdi ki, tezliklə hərəkət edərək fürsəti itirmədən buraya gəlsinlər.

Bu xanlar da səfər tədarükü görüb, qoşun və əsgər topladılar. Hamısı ittifaq edib, hərəkət bayrağını qaldıraraq yola düşdülər. Gəncə şəhərindən yuxarı, Qızılqaya adlı yerdə dayandılar. Çadırlarının zərli qübbələri Ayla Günəşin fövqünə yüksəldi.

Yuxarıda adı çəkilən Gürcüstan valisi bunların dördünü də əsarət kəməndilə tutdu. Şahverdi xanın nökərlərindən biri, iti yeriyən bir ata minib qaçdı. Bu zaman Hacı Çələbi də Şirvan qoşunlarının toplanması haqqında məktublar yazıb hədsiz tədarük və çoxlu qüvvə ilə gəldi. Mingəçevir keçidində düşərək hərbə müntəzir durdu. Bu əsnada qarşıdan bir atlı göründü. Hacı Çələbi əmr etdi ki, onu gəmi ilə Kür çayından keçirsinlər.

(O, çaydan) keçib, Hacı Çələbinin hüzuruna gəlincə: “Qoca baba, vali xanları tutdu” – dedi.

Hacı Çələbi ona: “Qoca baban onları xilas edər, onları qurtarmaq üçün müharibə və davaya girişər” – deyə cavab verdi.

Sonra o, öz dövlət ərkanı və yaxın adamları ilə məşvərət etdi. Onlar məsləhət görmək üçün bəhanə gətirdilər. Hacı Çələbi onların ürəyindəkini başa düşdü. Müşavirə məclisinə getdikləri zaman əmirlərə dedi: “Nə məsləhət görürsünüz (görün, ancaq) içində Kürü keçmək olsun”.

Onlar bu sözü eşitcək geri qayıtdılar. Hacı Çələbinin hüzuruna gəlib dedilər: “Biz müşavirə yığıncağını ona görə düzəldirdik ki, işin içində Kürü keçmək (məsələsi) olmasın; indi ki, siz buyurursunuz (ki, içində Kürü keçmək olsun, onda məşvərətin nə mənası var?) – əmr verin, qoşun hərəkət etsin”.

Bu zamandan Hacı Çələbinin sözü məsəl yerinə keçmişdir və indiyədək xas və avam camaatın ağzında söylənməkdədir.

Hacı Çələbi əmr etdi ki, ordu atlansın və təcili surətdə Kürdən keçsin. Onlar yol gedib mənzil keçdilər. Vali bu qəziyyəni eşitdi və bu hadisədən qorxuya düşdü; çünki o keçmişdə Hacı Çələbi qoşununun zərbəsini bir dəfə də görmüşdü[qeyd 11]. Çarəsiz qalıb onu qarşıladı[14]...

"

Döyüş[redaktə | HTML redaktə]

“Car salnaməsi”ə görə,

" Gürcülər şənbə günü, cümədəüləvvəl ayının 23-də (1752-ci il aprelin 8-i) yerlərindən tərpənib qaçmağa hazırlaşarkən Hacı onların getməsindən xəbər tutur və dallarınca düşərək yolda onlara çatır. Qarşıdurma və döyüş həmin şənbə günü günortadan axşamadək davam edir. Hər iki tərəf tüfənglərdən, oxlardan, nizələrdən istifadə edirdi. Kafirlər çətinə düşdüklərini görüb qaçırlar. Gürcü əsgərləri Allah talanın köməyi ilə darmadağın edilirlər, onların müttəfiqləri dağılışır. Bəziləri öldürülür, əsir düşür, həbs edilir, qalanları qaçır. (İrakli və Teymuraz tərəfindən) həbs olunan xanlar xilas olurlar. Valilər gürcü ordusunun başçıları ilə qaçırlar. Onların bütün malları, dəvələri, qatırları, eşşəkləri, çadırları, topu, heyvanları və başqa şeyləri islam ordusuna qalır...[qeyd 12][19]. "

“Hadisələrin təsviri” adlı anonim gürcü salnaməsinə görə,

" Döyüş oldu. Çarlar Nuxadan gələn ordunun qarşısında dura bilmədilər, nizamsız şəkildə döyüşə girdilər və məğlubiyyətə uğradılar. Çarların ordusu çarlarla birlikdə Tiflisə geri döndü, xanlar – keçmiş əsirlər isə Gəncəyə Hacı Çələbinin yanına getdilər. Şənbə günü və Pasxa idi. Tiflis mokalakiləri (gürcü tacirlər) alış-veriş üçün Gəncədə idilər, martın 28-də (8 apreldə) onlar da Hacı Çələbinin adamları tərəfindən qarət edildilər[20]. "

1752-ci ilin may (Qriqori təqvimi ilə may/iyun) ayında gürcü mitropoliti Romanın sözləri əsasında Kizlyarda tərtib edilmiş və Sankt-Peterburqa göndərilmiş məktubda göstərilir ki,

" Gürcülər və kaxetlər bir çox düşmənlərdən, xüsusi ilə də dağlılardan ziyan görürlər: İran vilayətinin beş xanı – Qazax, Borçalı, Şəmşəddil, İrəvan və Gəncə xanları, qismən gürcü çarına meylli idilər. Hansılar ki, gürcü çarı İraklinin yanında öz qoşunları ilə şəkili Hacı Çələbi ilə döyüşməyə getmişdilər. Amma Şəkili Hacı Çələbi İraklinin ordusundan 6.000 nəfəri öldürdü və ya əsir götürdü[21][2][qeyd 13]. "

11 iyul (Qriqori təqvimi ilə 22 iyul) 1752-ci il tarixdə Həştərxandan Sankt-Peterburqa göndərilmiş məktubda göstərilir ki,

" 1752-ci il aprelin 12-də (Qriqori təqvimi ilə 23 apreldə) gürcü knyazı İrakli və onunla birlikdə dörd xan gürcü və əfqanlardan 14.000 nəfər toplayaraq Kür çayı üzərində Şəki xanı Hacı Çələbi ilə döyüşməyə başladılar. Lakin eyni zamanda yuxarıda adı çəkilən dörd xan ilə əfqanlar birlikdə İrakliyə xəyanət etdilər, buna görə də onun piyadalarından 1.000 nəfər öldürüldü, yaxud əsir götürüldü. Lakin İrakli özü gürcü süvari ordusu ilə qaçdı və bununla da ordunun qalan hissəsi ilə birlikdə özünü xilas etdi[22][2]. "

Qusar polkunun gürcü əsilli poruçikinin izahatı əsasında tərtib edilmiş və 12 iyun (Yuli təqvimi ilə 23 iyun) 1753-cü il tarixdə Həştərxandan Sankt-Peterburqa göndərilmiş məktubda isə göstərilir ki,

" Ötən 1752-ci ildə bu xanlar (Şəki, Şamaxı, Qəbələ və Gəncə xanları) birlikdə razılığa gələrək və Qaraqaytaq və və Quba xanlarını da öz aralarına qataraq, 8.000 nəfərədək tatar və ermənidən ibarət qoşun topladılar və İrakli ilə döyüşə girdilər və o (İrakli), məğlub oldu və onun bütün düşərgəsi qarət edildi[3][2]. "

Hacı Çələbi xan 1754-cü ildə Osmanlı dövlətinə yazdığı məktubunda göstərir ki,

" Səhərdən günortanın sonlarına qədər ox-oxa, top-topa, misli görünməmiş döyüş oldu. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı[11][12][13]. "

Mirzə Adıgözəl bəyə görə,

" İlahi feyzlər mühiti və hədsiz işıqlıq mənbəyi olan mərhum, rəhmətlik cənab Şeyx Nizaminin nurani qəbri və pak məzarı yaxınlığında iki ordu bir-birinə yaxınlaşdı. Aralarında qətl və qarət odu alovlandı. Gürcüstan qoşunu biabırcasına sındı. Vali öz ordusuna qayıtmağa fürsət tapa bilməyib qaçdı. Bütün çadırları və ləvazimatı, xanlar ilə birlikdə, yerbəyer Qızılqayada qaldı. Hacı Çələbi Sınıqdan üç ağac (21 km) yuxarıyadək irəliləyib onları təqib etdi. Tiflisin beş ağaclığına (35 km) yetişdi. Qaçmaqda olan gürcü qoşununun qabağını Şəmkirdə, Şəmsəddinlidə və Qazaxda kəsib çox adam tələf etdi. Hacı Çələbi Baydar[qeyd 14] torpağında səngər qazdırdı. Oğlu Ağakişi bəyi Tiflisdən bəri yaşamaqda olan müsəlmanlara hakim və hökmran təyin etdi. Xanları da öz vətənlərinə göndərdi. Özü qayıdıb Şirvana gəldi[23]. "

Abbasqulu ağa Bakıxanova görə,

" Hacı Çələbi bu xəbəri (xanların həbs edilməsi xəbərini) eşidən kimi şücaət və igidliyi ilə Sərkar xanədanının hökmranlığına vasitə olan Ağa Rəzi bəylə ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin yarım ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin xanları xilas etdi. Sonra valini təqib edib, Qazax və Borçalı mahallarını ələ keçirdi[16]. "

Mənbələrdə döyüşün baş verdiyi yerlər[redaktə | HTML redaktə]

Mənbələrdə həlledici döyüşün Gəncə – Qazax arasındakı yolda (Molla Məhəmməd əl Cari)[19], Kür üzərində[1][24][2], Şəmkir tərəfdə (Kərim ağa Şəkixanov)[15], Gəncə şəhərindən yuxarı – Qızılqaya adlı yerdə, Şeyx Nizaminin qəbri yaxınlığında (Mirzə Adıgözəl bəy)[25], Gəncənin yarım ağaclığında (3,5 km) – Qızılqaya adlı yerdə (Abbasqulu ağa Bakıxanov)[16], yaxud Gəncə ətrafında[6] baş verdiyi göstərilir[qeyd 15].

Mənbələrdə döyüşün baş verdiyi tarixlər[redaktə | HTML redaktə]

Pyotr Butkov döyüşün 12 aprel (Qriqori təqvimi ilə 23 aprel) 1752-ci il tarixdə baş verdiyini göstərir[6][2]. O, bunu 11 iyul (Qriqori təqvimi ilə 22 iyul) 1752-ci il tarixdə Həştərxandan Sankt-Peterburqa göndərilmiş məktubdan götürmüş olmalıdır, çünki həmin məktubda da tarix eynidir[22]. Lakin məktubda və arxiv sənədləşməsində məktubun kimin izahı əsasında tərtib olunması göstərilmir, sadəcə qeyd edilir ki,

" Bundan (mitropolit Romandan) sonra, ziyarətə gələn insanların hekayələrindən buna (mitropolit Romanın dediklərinə) bənzər bəzi məlumatlar əldə edildi:[1]. "

Bu isə onu göstərir ki, döyüşün tarixi məktuba kiminsə şifahi məlumatı əsasında qeyd edilmişdir, bu heç bir sənədə, etibarlı mənbəyə əsaslanmır və doğru olmaya bilər. Həqiqətən də həmin tarix o dövrün heç bir mənbəsi tərəfindən də təsdiqlənmir, əksinə, o dövrün xronikaları olan “Car salnaməsi”ndə və “Hadisələrin təsviri”ndə fərqli tarix göstərilir və adı çəkilən əsərlərdəki tarixlər üst-üstə düşür.

Əgər “Car salnaməsi”ndə xanların həbs edilməsinin ardınca gürcülərin Gəncə qalasını mühasirəyə almasının göstərilən tarixi Qriqori təqvimi ilə aprelin 1-i dirsə, “Hadisələrin təsviri”ndə də eyni tarix xanların həbs edilməsinin tarixidir. Bundan başqa, “Car salnaməsi”ndə həlledici döyüşün aprelin 8-də, şənbə günü baş verdiyi göstərilirsə, “Hadisələrin təsviri”ndə də göstərilir ki, eyni tarixdə çarlar məğlubiyyətə uğrayaraq geri çəkilmiş, əsir düşmüş xanlar azad olunaraq Gəncəyə – Hacı Çələbinin yanına getmiş, Gəncədəki gürcü tacirləri qarət olunmuşlar. Bu isə o deməkdir ki, bu döyüşlə bağlı “Car salnaməsi”ndə və “Hadisələrin təsviri”ndə göstərilən tarixlər bir-birini təsdiqləyir və hadisələr aşağıdakı xronoloji ardıcıllıq üzrə cərəyan etmişdir:

1 aprel — (şənbə günü) xanlar həbs edilmiş,

2 aprel — (bazar günü) bu barədə Hacı Çələbi xana məlumat çatdırılmış (o, həmin vaxt Kür çayının sol sahilində dayanmışdı),

3 aprel — (bazar ertəsi günü) Hacı Çələbi xan Kür çayını keçərək Gəncəyə yola düşmüş,

8 aprel — (şənbə günü) Hacı Çələbi xan Gəncə – Qazax arasında Teymuraz və İraklinin ordusu ilə döyüşmüş və qalib gəlmişdir.

Döyüşdən sonra[redaktə | HTML redaktə]

“Car salnaməsi”nə görə,

" Bazar ertəsi günü – döyüş gedən şənbə günündən üç gün sonra, Car ordusu da gəlir. Sonra Baydarın, Bozçalunun (Borçalı), Qazaxın, Şəmsəddinlinin nümayəndələri gürcülərdən əllərini üzərək Hacının və Carın rəislərinin yanına gəlirlər və and içərək söz verirlər ki, Buğa bürcünün ortalarında (mayın əvvəllərində) bu islam ordusu ilə Tiflis şəhərinə, Gürcüstana yürüşə çıxacaqlar.

Pənah xanın rəiyyətini onun (Pənah xanın) ixtiyarında qoyurlar. Onlar (rəiyyət) Cavanşir tayfasından idi. Kazım xanın Qaradağdan olan, Şahverdi xanın Qarabağdan olan, Suanverdi (Sübhanverdi) xanın Qazaxdan olan rəiyyətlərini də onların ixtiyarında saxlayırlar. Bütün bunlar 1165-ci ildə baş verir (20.11.1751–07.11.1752)[26].

"

Qeydlər[redaktə | HTML redaktə]

  1. 9 mart (20 mart) 1751-ci il tarixdə Həştərxandandan Sankt-Peterburqa göndərilmiş məktubda göstərilir ki,

    Nadir şahın nəvəsi Şahrux mirzə özünü İran şahı elan edərək İsfahana gəlmiş və oradan gürcü şahzadəsi İrakliyə məktub yollayaraq onu dəstəkləməsini istəmişdir. Əvəzində ona 30.000 manat pul, qızıl tac və xələt göndərmiş, üstəlik, onu bütün İran ordusunun sərdarı təyin etmişdir (Бутков П.Г. (часть первая 4), 1869, сс. 389).

    Şahrux mirzə 1748-ci ildə Məşhəddə şah elan olunmuş, lakin 1750-ci ildə hakimiyyətdən salınaraq və kor edilmişdi. Məktubun sonundakı “Bizim fikrimiz” başlıqlı qeyddə isə vurğulanır ki,

    Düzdür, Şahrux başqaları tərəfindən devrilib kor edəndə şahzadə İrakli ona çox kömək edə bilmədi, lakin nə bacarırdısa onu da etdi (Бутков П.Г. (часть первая 4), 1869, сс. 389).

  2. Kaxet çarı İrakli Şəki, Şamaxı, Gəncə və Qəbələ xanlarına məktub yazaraq bildirmişdi ki, İranda şah olmadığına və asayiş pozulduğuna görə, o, bir Gürcüstan valisi olaraq, İranda əmin-amanlığın bərpasına və şahın seçilməsinə kömək etməyə hazırdır. Lakin həmin xanlar monarxiyanın xarabalığı üzərində onun yüksəlmək niyyətini başa düşdülər və nəinki onu dəstəlkləmədilər, hətta ona qarşı sui-qəsd hazırlamağa başladılar (Бутков П.Г. (часть первая 1), 1869, сс. 238-239).

  3. Top-Qaraağac – Alazan çayının sağ sahilində tarixi yer. İndi Siqnaxi bələdiyyəsinin (Kaxeti, Gürcüstan) Kvemo Maçxaani inzibati ərazi dairəsində “Qaraqaci” adlı kiçik bir kənddir. Vaxtilə burada eyniadlı qala da mövcud olmuşdur və qalıqları indi də durur.
  4. Əhmədli – indiki Hazırəhmədli (Goranboy rayonu) kəndinə uyğun gəlir.
  5. “Car salnaməsi”ndə cümlənin Hacı Çələbi xanın adından əvvəlki hissəsi belə idi: “Onun (Hacı Çələbinin) yanında qalan Carın rəisləri (sonra İlisu icması gəlir)”. Bu mübaliğəyə bənzəyir. Çünki car-talalılar artıq çıxıb getmişdilər. “Car salnaməsi” həmin dövrün ən dəqiq mənbələrindən biri olsa da burada mübaliğələr də var (məsələn, bax: 10-cu qeydə).
  6. Abruş burun – mətndəki ardıcıllığa və məzmuna əsasən Samuxda olmalıdır. Çünki Hacı Çələbi xan Samuxdan hücuma keçmişdir və geri qayıtmağından söhbət gedirsə, deməli Samuxa qayıtmalı idi.
  7. Kazım xan – Qaradağ xanı idi.
  8. Bilicik – Hal-hazırda Şəki rayonunun şimal-qərbində (Şəki–Qax yolu üstündə, Qax rayonuna çatmamış) Birinci Biləcik və İkinci Biləcik kəndləri var. Əgər əvvəllər Şəkidən cənubda bu adda başqa bir kənd olmayıbsa, o halda, mətndə qeyd edilən yer indiki Birinci Biləcik kəndi olmalıdır.
  9. Vilayət – “Car salnaməsi”ndə Car-Tala ilə yanaşı, Saxur, Qax, İlisu, bəzən isə bunlarla birlikdə bütün Kaxetiya “Vilayət” adlanır (Molla Məhəmməd əl-Cari, 1997, s. 15).
  10. Fuad Əliyev və Urfan Həsənovun 1997-ci ildə, Elçin Qarayevin isə 2010-cu ildə çap olunmuş “İpəvan xanlığı” kitablarında (Əliyev F., Həsənov U., 1997, ss. 57-58)(Qarayev E., 2010, s. n38 (PDF)) bu döyüşdə İrəvan xanı kimi Xəlil xanın iştirak etdiyi göstərilir. “Şəki ən qədim zamanlardan günümüzədək” kitabında Abbasqulu isə ağa Bakıxanovun Həsənəli xan əvəzinə səhvən Hüseynəli xan yazdığı ehtimalı irəli sürülür (Mahmudov Y.M.,, 2020, s. 185). Lakin bunlar səhv ehtimallardır, çünki Hüseynəli xanın adı Hacı Çələbi xanın məktubunda (Azərbaycan tarixi arxiv sənədlərində, I cild, 2010, ss. 452, 451, 450)(Tahirova G., 2010, s. 66)(Tahirova G., 2013) da çəkilir. Çox güman ki o, İrəvan xanlığının qoşununa başçılıq edirmiş.
  11. Teymuraz və İrakli ilə Hacı Çələbi xanın qoşunları arasında 1751-ci ildə Car vilayətində baş vermiş vuruşma nəzərdə tutulur.
  12. Bunun ardınca “Car salnaməsi”ndə açıq-aşkar mübaliğəyə yol verilir: “Lakin kafirlər Car ordusunun gəlməsindən qorxaraq Şirvan ordusunun qabağından qaçırlar (?!).”
  13. Bu hissə 1753-cü ilin noyabr (Qriqori təqvimi ilə noyabr/dekabr) ayı tarixli “Sankt-Peterburq vedomostları”nda dərc edilmişdir:

    İran bölgəsinin beş xanı qismən gürcü çarına meylli idi. Bunlar Qazax xanı, Burçalı xanı, Şəmsəddil xanı, İrəvan xanı və Gəncə xanları idi. Onların adamları gürcü çarı İraklinin tərəfində Hacı Çələbinin ordusu döyüşə girmişdilər... Hacı Çələbi çar İraklinin ordusundan 6.000 nəfəri qırdı və qəti qələbə qazandı. ...indi adları çəkilən xanlar – İrəvan, Gəncə, Qazax, Şəmsəddil və Burçalı xanları İraklidən üz döndərdilər və Hacı Çələbinin ordusu ilə birləşdilər (Левиатов В.Н. (1), 1948, с. 123).

  14. Baydar – hal hazırda Marneulu bələdiyyəsi (Kvemo-Kartli vilayəti, Gürcüstan) ərazisində kənd.
  15. Sevda Süleymanova Pyotr Butkovun və Vadim Leviatovun kitablarını istinad göstərərək döyüşün Ağstafaçay üzərində baş verdiyini qeyd edir (Molla Məhəmməd əl-Cari (4), 1997, s. 131, qeyd 321), lakin göstərilən yerdə belə bir məlumat tapa bilmədik (Бутков П.Г. (часть первая 5), 1869, сс. 390-391)(Левиатов В.Н. (0), 1948, сс. 116 (PDF: 91)).

İstinadlar[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 1,2 1,3 Бутков П.Г. (часть первая 6), 1869, с. 391.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 2,6 Бутков П.Г. (часть третья 5), 1869, с. 89.
  3. 3,0 3,1 3,2 Бутков П.Г. (часть первая 8), 1869, с. 393.
  4. Бутков П.Г. (часть первая 5), 1869, с. 390.
  5. Левиатов В.Н. (1a), 1948, с. 122 (PDF:96).
  6. 6,0 6,1 6,2 Бутков П.Г. (часть первая 2), 1869, с. 239.
  7. 7,0 7,1 7,2 Molla Məhəmməd əl-Cari (2), 1997, s. 51.
  8. 8,0 8,1 Molla Məhəmməd əl-Cari (3), 1997, s. 52.
  9. СМОМПК (3), 1896, сс. 50-51.
  10. СМОМПК (3), 1896, с. 51.
  11. 11,0 11,1 11,2 11,3 Azərbaycan tarixi arxiv sənədlərində, I cild, 2010, ss. 452, 451, 450.
  12. 12,0 12,1 12,2 12,3 Tahirova G., 2010, s. 66.
  13. 13,0 13,1 13,2 13,3 Tahirova G., 2013.
  14. 14,0 14,1 14,2 Mirzə Adıgözəl bəy (1), 1950, ss. 68-70.
  15. 15,0 15,1 15,2 15,3 Kərim ağa Fateh, 1958, s. 17.
  16. 16,0 16,1 16,2 16,3 Bakıxanov A. (1), 2006, s. 137.
  17. Mirzə Adıgözəl bəy (1), 1950, s. 68.
  18. İsmayılov E.E., 2003, с. 37.
  19. 19,0 19,1 Molla Məhəmməd əl-Cari (3), 1997, ss. 52-53.
  20. СМОМПК (3), 1896, сс. 51, 52.
  21. Бутков П.Г. (часть первая 4), 1869, с. 389-390.
  22. 22,0 22,1 Бутков П.Г. (часть первая 5), 1869, с. 390-391.
  23. Mirzə Adıgözəl bəy (2), 1950, s. 89.
  24. Бутков П.Г. (часть первая 6), 1869, с. 91.
  25. Mirzə Adıgözəl bəy (1), 1950, ss. 68, 70.
  26. Molla Məhəmməd əl-Cari (3), 1997, s. 53.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Бутков П.Г. Глава 53 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 238.
    Бутков П.Г. Глава 53 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 239.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 389.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 390.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 391.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 393.
  2. Бутков П.Г. 1751 – 1752 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть третья). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 89.
  3. Левиатов В.Н. Междоусобные столкновения хаджи Челеби и Ираклия II // Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азерб. ССР, 1948. — С. 116 (PDF: 91). — 227 с.
    Левиатов В.Н. Первые годы деятельности Челеби-хана // Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азерб. ССР, 1948. — С. 121 (PDF: 95). — 227 с.
    Левиатов В.Н. Междоусобные столкновения хаджи Челеби и Ираклия // Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азерб. ССР, 1948. — С. 122 – 123 (PDF: 96). — 227 с.
  4. Molla Məhəmməd əl-Cari. Ön söz // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 14-15. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 50-51. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 52-53. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Qeydlər və şərhlər:Salnamə // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 130-131. — ISBN 5-86974-384-9.
  5. Исторические приписки двух кинклосов и хронологический перечень событий по некоторым другим источникам // Сборник материалов для описания местностей и племен Кавказа. Выпуск 21.. — 1896 — С. 50. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 2 may 2024.
  6. Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I  cild. — Səh.: 452, 451, 450. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 may 2024.
  7. Tahirova G. Şəki xanlığının Osmanlı İmperiyası ilə əlaqələri tarixindən // Elmi əsərlər. — 2010. —32  c. — Səh. 63-71. [ Arxivləşdirilib]; arxivləşdirmə tarixi: 28 sentyabr 2020.
  8. Tahirova G. Şəki xanlığı ilə Osmanlı münasibətləri : [arx. 28.09.2020] // Центр Льва Гумилева в Азербайджане. — 2013. — 21 noyabr. — Müraciət tarixi: 01.05.2024.
  9. Mirzə Adıgözəl bəy. Beşinci fəsil. Gürcüstan valisi İrakli xanın mərhum Pənah xanı, qaradağlı Kazım xanı, naxçıvanlı Heydərqulu xanı və gəncəli Şahverdi xanı xaincəsinə tutub əsir etməsi haqqındadır // Qarabağnamə = Гарабағнамә. — Azərbaycan SSR Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1950. — Səh.: 68-69. — 3,000 nüsx.
    Mirzə Adıgözəl bəy. Beşinci fəsil. Gürcüstan valisi İrakli xanın mərhum Pənah xanı, qaradağlı Kazım xanı, naxçıvanlı Heydərqulu xanı və gəncəli Şahverdi xanı xaincəsinə tutub əsir etməsi haqqındadır // Qarabağnamə = Гарабағнамә. — Azərbaycan SSR Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1950. — Səh.: 70. — 3,000 nüsx.
  10. Şablon:ŞXT-1958b
  11. Bakıxanov A. Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh mühadiəsinə qədər // Gülüstani-İrəm. — Qarabağnamələr. — Bakı, 2006. — Üçüncü  cild. — Səh.: 137. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 may 2024.
  12. Mahmudov Y.M.,... III fəsil. Şəki xanlığı // Şəki ən qədim zamanlardan günümüzədək. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2020. — Səhifələrin sayı:  702. — Səh.: 185.
  13. Əliyev F., Həsənov U. İrəvan xanlığı. — Bakı: Azərnəşr, 1997. — Səhifələrin sayı:  124. — Səh.: 56 – 57. — 1,000 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 6 may 2024.
  14. Qarayev E. İrəvan xanlığı (1747–1828). — Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adın Tarix İnstitutu. — Bakı: Avropa, 2010. — Səh.: n38 (PDF). [ Arxivləşdirilib]; arxivləşdirmə tarixi: 17 Feb 2017 - 26 Mar 2024.
  15. Исмаилов Э.Э.  Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 37. — ISBN 9952-25-001-3.
  16. Həmidova Ş.P. 1.Şəki xanlığı və Kartli-Kaxetiya çarlığı münasibətləri // XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən. — Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu. — Bakı: Elm, 1985. — Səhifələrin sayı:  116. — Səh.: 38 – 45.