Nurəddin Tofiq
Nurəddin Tofiq | |
---|---|
Ağayey Nurəddin Tofiq | |
Nurəddin Tofiq. | |
Anadan olduğu yer | Osmanlı dövləti |
Vəfat edib | 1921 |
Vəfat etdiyi yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR |
Vəfat səbəbi | vərəm xəstəliyi |
Dəfn yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR |
Milliyyəti | kırımtatar |
Nurəddin Tofiq (?–1921) — XX əsrin birinci rübündə Azərbaycanda fəaliyyət göstərmiş türkiyəli pedaqoq və jurnalist. 1920-ci ildə Nuxada çıxan bolşevik vərəqələrinin redaktoru idi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
Türkiyədə anadan olub. Əslən kırımtatardır.
Türkiyədə inqilabi hərəkata qatılmış, o cümlədən, orada bir məcmuə də buraxmışdı. Siyasi təqiblərə məruz qaldığına görə sonda Rusiya İmperiyasına mühacirət etməyə məcbur olub və Nuxada müəllim işləyib. Lakin bir Aşura günü Nuxada yolda gedərkən boynunda qırmızı qalustuq olması səbəbindən yerli axund Fərəcullah Pişnamazzadəni qəzəbinə tuş gəlib. Bundan sonra təqiblərə məruz qalıb və işini də itirib. Gəncəyə köçmək istəyib, lakin pulu olmadığına görə köçə də bilməyib. Sonda dostları (Mustafa Bədəlov, Kərim Əsgərov, Hacı Həkim, Meşədi Mehdi Sadıqov, Həsən Tahirov və digərləri) Nuxada bir teatr tamaşası göstərərək yığılan pulu ona veriblər ki yolpulu etsin.
Nurəddin Tofiq Nuxadan getdikdən sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər Gəncə Darülmüəllimində müəllim işləyib. Onu Məhəmmədəmin Rəsulzadə şəxsən tanıyırdı. Belə ki, Nurəddin Tofiq 7 avqust 1919-cu il tarixdə Məhəmmədəmin Rəsulzadəyə yazdığı məktuba sonuncu belə dərkənar qoymuşdu: “Məruf Tofiq Nurəddin bəyəfəndiyi şəxsən tanıdığımdan bu xüsusdakı təyinata əhəmiyyət vermək [rica] olunur”.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Nurəddin Tofiq Nuxaya qayıdır. Burada “Qafqaz kommunası” (az sonra “Gündəlik əxbar” ) adlı bolşevik vərəqəsinin nəşri ona tapşırıldı. Eyni vaxtda həm də Nuxa komsomolunun orqanı olan “Zəhmətkeş gənc” və “Gənc kommunist” vərəqələrinin, Nuxa maarif şöbəsinin xəbərlərinin nəşrinə də cavabdeh oldu. Lakin 1921-ci ildə Nuxada vərəm xəstəliyindən vəfat etdi. Nuxada da dəfn olundu və Nuxada bir küçəyə adı verildi.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Qəzetəmizin keçub gəldiyi yollar // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 25 oktyabr. — № 48 (897). — Səh. 4.
- Tahirzadə Ə., Tahirli O. Bosnalızadə Məhəmmədraşid Mustafa oğlu (21.06.1892–?) // Azərbaycan Cümhuriyyəti tələbələri. — Bakı: TEAS Press, 2016.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |