Cəbrayıl Hüseynov
Cəbrayıl Hüseynov | |
---|---|
az.: Hüseynov Cəbrayıl Muxtar oğlu | |
Cəbrayıl Hüseynov | |
Doğum tarixi | 16 yanvar 1913 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 14 dekabr 1974 (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | aqrar elmlər doktoru |
Təhsili | 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, aqronomluq fakültəsi (1934) |
Mükafatları |
Haqqında məlumatlar
16 yanvar 1913-cü il tarixdə Nuxa anadan olub.
Təhsili
1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib.
Elmi fəaliyyəti
1939-cu ildə aqrar elmlər namizədi,
1947-ci ildə aqrar elmlər doktoru elmi dərəcəsini,
1948-ci ildə isə rofessor elmi adını alıb.
1949-cu ildə azərbaycan SSR EA-nın müxbir üzvü,
1961-ci ildə isə həqiqi üzvü (1961) seçilib.
Əmək fəaliyyəti
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda assistent və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1934-1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunda aspirant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1952-1969). 1963-cü ildə yenidən İnstitutun direktoru vəzifəsinə seçilmiş və ömrünün axırına kimi (1974) bu vəzifədə çalışmışdır.
Respublikada mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsalı sahəsində alimin mühüm tədqiqatları olmuşdur. Onun təklifi ilə Sumqayıt şəhərində neft sənayesinin tullantısı olan işlənmiş sulfat turşusundan superfosfat istehsal edən zavod tikilmişdir. C.Hüseynov ilk dəfə neft sənayesinin tullantısı olan turş qudrondan superfosfat istehsal edilməsinin nəzəri əsaslarını vermiş, onun bilavasitə istehsalatda tətbiq edilməsinə nail olmuşdur. 1958-1963-cü illərdə akademik C.Hüseynov tərəfindən neft emalı sənayesi tullantılarından alınan neft-boy maddəsi (NBM) nəinki Respublikamızda, həm də dünya miqyasında geniş marağa səbəb olmuşdur. Böyük təsərrüfat əhəmiyyəti nəzərə alınaraq NBM o illərdə respublikamızın əkinçilik zonalarında müxtəlif kənd təsərrüfatı bitkiləri əkinində (127 min hektar) fəal üzvi təsiredici maddə kimi istifadə edilmişdir. Son tədqiqatları əsasən neft sənaye tullantılarından alınmış yeni üzvi-mineral gübrələrin, eləcə də respublikada böyük ehtiyatı olan bitumlu süxurun və yanar şistin kənd təsərrüfatında geniş tətbiqinə həsr edilmişdir.
C.Hüseynov 200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru, 4 elmlər doktoru elm aləminə vəsiqə almışdır.
C.Hüseynov SSRİ Dövlət Mükafatı almış (1950), 2 dəfə «Şərəf nişanı» ordeni (1943, 1951), 5 müxtəlif medalla təltif edilmişdir.
Akademik Cəbrayıl Hüseynov 1974-cü ildə Bakıda vəfat etmişdir.
İstifadə edilmiş mənbələr
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəbrayıl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 242 – 244. — 1.000 nüsx.
- Hüseynov Cəbrayıl Muxtar oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 290. — 80.000 nüsx.
- "Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəbrayıl Muxtar oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 23 Sep 2020 tarixində arxivləşdirilib.