Kəlbəli xan Xoyski
Kəlbəli xan Xoyski | |
---|---|
Anadan olub | 1775 |
Vəfat edib | 10 avqust 1834 |
Vəfat etdiyi yer | Yelisavetpol (Gəncə) |
Dəfn yeri | Kərbəla |
Həyat yoldaşı | Sara xanım Cəfərqulu xan qızı |
Uşağı | İskəndər xan Xoyski |
Atası | Əhməd xan |
Anası | Səltənət bəyim |
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — rus ordusunun general mayoru, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin babası.
Haqqında məlumatlar
Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdir. 1806-cı ildə Cəfərqulu xan Xoyski ilə birlikdə Xoydan Tiflisə, sonra isə Nuxaya köçmüşdülər.
1819-cu ildə – Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsmişdilər. O cümlədən, “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat. Lakin bununla yanaşı, həm də onlardan Nuxanı tərk etmək də tələb olunurdu.
Eyni vaxtda İran şahının vəliəhdi Abbas Mirzə isə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Kəlbəli bəyin Abbas mirzənin arzusuna uyğun olaraq İrana qayıdıb-qayıtmaması məlum deyil. Amma məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə “Xoyu idarə edən şəxs” kimi göstərilir". Həmin vaxt Xoy rus işğalı altında idi və Kəlbəli xanın ruslara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi artırıldı – general-mayor oldu (–20 ildən artıq idi ki polkovnik idi).
Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbənddən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir.
Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (Gəncə) dünyasını dəyişmişdir.
Kəlbəli xanın ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir.