Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Cəfərqulu xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:33, 26 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cəfərqulu xan Xoyski
Cəfərqulu xan Dünbili
Xoy xanı
1798 — 1806
Sələfi Hüseynqulu xan Dünbili
Xələfi Xanlıq ləğv olunub.
Şəki xanı
1806 — 1814
Tacqoyma 22 dekabr 1806
Sələfi Səlim xan
Xələfi İsmayıl xan Xoyski
Varisi İsmayıl xan Xoyski
Şəxsi məlumatlar
Doğum yeri Xoy,Cənubi Azərbaycan, İran
Vəfat tarixi 3 sentyabr 1814(1814-09-03)
Vəfat yeri Nuxa şəhəri
Dəfn yeri Kərbəla
Milliyyəti Kürd[1][2]
Dini İslam, şiə
Atası Əhməd xan [3] Şahbaz xan[4]
Həyat yoldaşları Şərəfnisə bəyim, Səltənət bəyim[5], Gövhər ağa
Uşaqları Əhməd xan, İsaq paşa[6] Sara bəyim, İsmayıl xan, Abra xan

Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan XoyluXoy xanı, Xoy ətrafında məskunlaşmış kürd dünbülü[7] tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski familiyasını daşımış ilk şəxslərdən biri.

Atasının adı ilə bağlı mübahisələr

Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır[8][9]. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır[4] .

Həyatı

Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı.

Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.

Cəfərqulu xanın düşmənlər üzərində çaldığı qələbəyə baxmayaraq, Əhməd xanın hakimiyyəti dövründə Xoy xanlığından asılı olan bir sıra ölkələr onun ölümündən sonra asılılığa son qoydular.

Əsgər xan Əbdülməliki-Avşar Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşarın əlindən qaçıb Xoya sığınmışdı. Yaxını Əhməd bəyi Xoya göndərmişdi ki, Xoy xanının eşikağası Ibrahim xanı tapıb, desin ki, dost dostu yaman gündə tanıyar. Yaman günüm indidir. Əhməd bəy Murtazaqulu bəy və Mehrab bəyi götürüb, Xoya yollandı. Ibrahim xanı tapıb, onun vasitəsilə qəziyyəni Hüseynqulu xana danışdı. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirindən çıxmaq üçün girəvə gəzirdi. Ona görə qoşun tərtibi üçün sərkərdələrinə göstəriş verdi. Bir neçə gün ərzində qoşun hazır oldu. Qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Göstəriş verdi ki, Urmiyaya gedib, əvvəlcə xoşluqla Əsgər xanın qardaşı Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Əgər verməsə, zor işlədib, Urmiyanı dağıdıb qayıtsın. Cəfərqulu xan qoşunla Salmasa daxil oldu. Əsgər xan onun qoşunu orda qarşıladı.

Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmas tərəfə yola saldı. Qoşunda sərkərdələrdən Tahir sultan Şəhriyar xan oğlu Gündüzlü-Avşar, Allahyar bəy Araşlı-Avşar, Lütfullah bəy Ustaclı iştirak edirdilər. Salmasın Ağziyarət məntəqəsində qoşunlar üzləşdilər. Savaş başlandı. Avşarlar Əsgər xana görə, cani-dildən vuruşmurdular. Ona görə də məğlub olub, geriyə qaçdılar. Cəfərqulu xanın qoşunu avşarları Urmiyanın ətrafındakı Qızqalasınadək Urmiya qoşunu izlədi. Bu vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlatdırıb, içəridə gizləndi.

Xoy qoşunu Urmiyanı mühasirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azğınlığını görüb qaladan çıxdılar. Savaş əsnasında sərkərdə Hacı Ibrahim Xoylunun atı ürküb avşarlara tərəf qaçdı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbili idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri Dünbili sərkərdələrinin başını Məhəmmədqulu xana ərməğan apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu-Avşara və vuruşmada seçilən digər avşar bəylərinə xeyli ənam-ərmağan payladı. Əsgər xan bu savaşdan mütəssir oldu. Qardaş qırğınını dayandırmaq üçün el böyüklərinə məktub yazdı. Bildirdi ki, Urmiyaya qardaşı üçün gəlib. Mirzə Əbülhəsən bəyi alıb, qayıtmaq fikrindədi. Əfrasiyab sultan Zərza barışıq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi. Xana bildirdi ki, onlar Əsgər xana görə sənə xəyanət edəcəklər.

Mühasirənin üçüncü günü Cəfərqulu xan Dünbili qala divarlarına yaxınlaşıb, bildirdi ki, Mirzə Əbülhəsən bəyi verin qayıdıb, vilayətimizə gedək. Əfrasiyab sultan ətraf mahallardan yardım çağırdığından, Cəfərqulu xandan üç gün möhlət istədi. Üç gündən sonra ətrafdakı avşarlar və zərzalar gəlib yetişdilər. Məhəmmədqulu xanın qoşunu güclənib, savaşa hazır oldu. Şahməhəmməd bəy Kuhgiluyəli-Avşar qoşuna sərkərdə təyin olundu. Məhəmmədsəfi bəy Yorğanlı-Avşar Şahməhmməd bəy və Hüseyn bəy Qarahəsənli-Avşar Urmiya qoşunun başında savaş meydanına yollandılar. Bu zaman Əsgər xan Xoy qoşunundan aralanıb, avşar qoşununun önünə tək çıxdı. Onu görən avşarlar utanıb, başlarını aşağı tikdilər. Bayraqdar Məhəmmədsəfi bəy Yorğanlı bayrağını əlindən yerə saldı. Xoyun Heydəranlı tayfası bayrağın yerdə olmasını görüb, hücuma keçdi. Zərza cinahına girişib, oranı dağıtdı. Urmiya qoşunu məğlub olub, qalaya çəkildi.

Mühasirənin 12-ci günü Cəfərqulu xanla Əsgər xan yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Əvvəlki şərtlərini təkrar etdilər. Məhəmmədqulu xan onlara bildirdi ki, siz qayıdıb, Xoya gedin, mən Mirzə Əbülhəsəni buraxacağam. Onlar inanıb çəkilib, Xoya qayıtdılar. Onların getməyindən bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi.

Təbriz hakimi Xudadad xan Dünbilinin öyrətməsi ilə Mirzə Əbülhəsən bəyi öldürdü. Əsgər xan yenidən sarsıldı. Məhəmmədqulu xana qarşı mübarizəsini fəallaşdırdı. İnandığı adam Cəfərqulu xan Dünbili idi.

O dönəmdə Iranda güclənən Ağaməhəmməd xan Qovanlı-Qacar (1795-1797) birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O, 1792-ci ildə (1206 hicri qəməri) Azərbaycana hücum etdi. Sərab xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, Ibrahimxəlil xanın yanına qaçdı. Ibrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən çəkinsə də, ona itaət etmədi.

Bəzi Azərbaycan xanları Ağaməhəmməd xanla yaxından əlaqə qurmağa çalışdılar. O cümlədən, Urmiyadan Hüseynqulu xan Imamqulu xan oğlu Qasımlı-Avşar, Marağadan Əhməd xan Müqəddəm, Irəvandan Məhəmməd xan Ziyadlı-Qacar, Xoydan Hüseynqulu xan Dünbili və Naxçıvandan Kəlbəli xan Kəngərli Ağaməhəmməd xanın baş vəziri Mirzə Məhəmmədşəfinin görüşünə gəldilər.

Ağaməhəmməd şah Qarabağda öldürüləndən sonra Cəfərqulu xan müstəqil olmaq fikrinə düşdü. Azad olmaq istəyən digər xanlar, Sadıq xan Şəqaqi və Məhəmmədqulu xan Avşar da ona qoşuldu.

Müstəqillik hərəkatı Xoyda başlandı. Hüseynqulu xan Dünbili qasidi Süleyman bəy vasitəsilə Urmiyaya, Məhəmmədqulu xana xəbər göndərdi ki, fəallaşsın. Məhəmmədqulu xan Avşar elinin ağsaqqallarını bir yerə toplayıb, məsləhət istədi. Avşar başçıları ona məsləhət verdilər ki, özü həmin xanların yanına gedib, işi dərindən öyrənsin. Sadıq xan Şəqaqi də qoşunu ilə Xoya gəldi. Hüseynqulu xan onu təntənəli qəbul etdi.

Məhəmmədqulu xanın dəstəsi Xoyun "Dağbağı"nda yerləşdi. Hüseynqulu xan, Cəfərqulu xan və Sadıq xan hamısı bir ağızdan Məhəmmədqulu xanı özlərinə rəhbər seçdilər. Onun sözündən çıxmayacaqlarına vəd verdilər. Ətraf xanlara məktub göndərib, ittifaqa dəvət etdilər. Irəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara, Naxçıvan hakimi Abbasqulu xan Kəngərliyə, Meşkin hakimi Ata xan Şahsevənə, Marağa hakimi Əhməd xan Müqəddəmə çaparlar göndərib, Təbrizə çağırdılar. Məhəmmədqulu xan, Cəfərqulu xan və Sadıq xan Təbrizə yollandılar.

Xoy xanının müttəfiqi Əsgər xan Avşar Sadıq xan Şəqaqi ilə birləşib, özlərinə həmfikir tapmaq üçün Təbrizdən Marağaya gəldilər. Əhməd xan Müqəddəmin və Mahmud xan Qasımlı-Avşarın onlara qoşulacağını zənn edirdilər. Gözlədiklərinin əksinə onlar üsyançılara qoşulmadılar. Əsgər xan və Sadıq xan Marağanı mühasirəyə aldılar. Marağa 12 gün mühasirədə qaldı.

Fətəli şah Qovanlı-Qacarın ordusu Nikpey adlı yerə çatanda Cəfərqulu xan Dünbili Əsgər xanla Sadıq xanı öldürmək fikrinə düşdü. Əsgər xan bu qəsddən duyuq düşdü. Sadıq xanı da xəbərdar etdi. Hər ikisi qaçıb, şahın ordusuna qoşuldular. Sadıq xan Süleyman xan Etizaddövlə Qacarı araçı saldı ki, şah onları bağışlasın. Hər ikisi bağışlandı.

Əsgər xan Fətəli şah Qovanlı-Qacar tərəfindən ordunun bir bölməsinə sərkərdə təyin edildi. Üsyançı Cəfərqulu xan Dünbiliyə qarşı vuruşdu.

Bir müddət sonra Cəfərqulu xanın 300 nəfərlə ova getməsindən istifadə edən Fətəli şah Xoya qoşun göndərib oğlunu, arvadını və qardaşını girov götürdü. Cəfərqulu xan İrəvana getdi. Lakin tezliklə, vəliəhd Abbas mirzə ordusunun oraya üz tutduğunu eşidib həmin şəhəri də tərk etməyə məcbur oldu. 1804-cü ildə ruslar İrəvanı ələ keçirdikləri vaxt Cəfərqulu xan 200 nəfərlə onların qərargahına gəlib sədaqət andı içdi. Əvəzində general-leytenant rütbəsi və Çar Aleksandrın adından qiymətli hədiyyələrlə mükafatlandırıldı.

1806-cı ilin axırlarında isə ruslar Şəkinin xanı olmaq üçün Cəfərqulu xanı "dilə tutdular" (– bu ölkənin yerli xan sülaləsinə mənsub şəxslərdən artıq heç birisinin səmimiyyətinə inanmadıqlarına görə!) və Çar Aleksandrın 10 dekabr 1806-cı il tarixli fərmanı ilə onu rəsmi şəkildə Şəki xanı təyin etdilər. Yeri gəlmişkən, qeyd edək ki, Cəfərqulu xan hələ 1802-ci ildə, o vaxtkı Şəki hakimi Məhəmmədhəsən xanla müttəfiqlik nümayiş etdirmişdi. Onun yeni təyinatı ilə əlaqədar isə 10 minə yaxın tərəfdarı, yaxud rəiyyət və qohum-əqrəbası Şəki xanlığı ərazisində məskunlaşdı.

Tarixşünaslıqda Cəfərqulu xanla bağlı bir qədər inandırıcı olmayan belə bir müddəa da var ki, guya o, Xoydan xeyli erməni köçürmüş və bunlar Şəki xanlığı ərazisində 4-5 yeni kənd salıblarmış. Əslində isə 1824-cü il Şəki əyalətinin siyahıyaalma aktlarında yalnız Cəfərabad kəndi üzrə 93, Nuxa şəhəri üzrə isə 65 xoy mənşəli erməni ailəsinin qeydə alındığını görürük.

1804-1813-cü illər birinci Rusiya-İran müharibəsi zamanı rus qoşunlarına qoşulan Cəfərqulu xan Dünbili imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi.

Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdan sonra 22 avqust 1814-cü ildə isitmə xəstəliyindən ölmüşdür.

Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi.

Cəfərqulu xanın Quzey Azərbaycandakı törəmələri Xoyski soyadını daşıyırdılar.

Şəkidə tikdirdiyi karvansara və saldırdığı bağ

Cəfərqulu xan Nuxada bir karvansara tikdirmişdir. Çox güman ki, bu indi Şəki şəhərindəki "Yuxarı karvansara"dır. 1819-cu ilə aid sənədə əsasən isə "Xan karvansarası" adlanırdı. Karvansaradakı hər dükandan xana ayda 1 Şəki manatı məbləğində icarə haqqı ödənilirdi. Cəfərqulu xan Şəki xanlığı ərazisində "Xan bağı" deyilən bir bağ da saldırmışdır. Bu bağda dünyanın hər yerindən meyvə ağacları və bitkilər gətirilib əkilirdi. Cəfərqulu xan Nuxada Avropa standartlarına uyğun bir qala da inşa etdirmək istəyirdi, bu barədə təşəbüs irəli sürmüşdü, lakin dünyasını dəyişdi və arzusunu həyata keçirə bilmədi.

Ailəsi

Qafqaz Aktlarının VI cildindəki (I hissə) məlumatlara əsasən Cəfərqulu хanın 3 həyat yoldaşı olub. Bəyazid paşasının qızı (yaхud bacısı) Şərəf Nisə bəyim, Məhəmməd хan İrəvanskinin bacısı Səltənət bəyim və İbrahimхəlil хanın qızı Gövhər Ağa bəyim [10].

Övladları

Cəfərqulu xan Xoyskinin övladlarının anaları Şərəf Nisə bəyim olub. Gövhər Ağa bəyimin övladı olmayıb. Səltənət bəyimdən isə bir oğulluğu olub.[11].

  • Əhməd xan - ən böyük övladı, həyat yoldaşı Cavad Xanın qızı Şirin Xatun olmuşdur.
  • İsmayıl bəy - Məhəmmədhəsən Xanın qızı Tutu bəyimlə evlənib.
  • İsaq paşa - həyat yoldaşı Kiçikxanım idi.
  • Əbuturab xan - ikinci övlad Abra xan olaraq daha çox tanınır
  • Kalbalı bəy - yuxarıda qeyd olunan ögey oğul
  • Sara bəyim

Mənbə

  • Ənvər Çingizoğlu. Cəfərqulu xan Dünbili, "Soy" dərgisi, 12 (32). Bakı, 2009.

İstinadlar

  1. "Хой и Салмас. Как и в XVI в., округ Салмас в XVII-XVIII вв. продолжал оставаться наследственной улька главы курдского племени думбули. К этому округу был присоединен округ Хой, который с этого времени постоянно принадлежал наследственному главе племени думбули вплоть до 1805 г.; И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Изд., Ленинградского Государственного Университета им. А. А. Жданова, Ленинград, 1949, стр.: 68.
  2. Onlar özlərini Xəlifə Harun ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkinin nəslindən hesab edirdilər.
  3. http://www.donboli.info/jafar-goli-khan.htm
  4. 4,0 4,1 Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003
  5. Daha əvvəl Cəfərqulu xanın qardaşı Əhməd xanın arvadı olub; İrəvan xanı Məhəmmədqulu xan Qacarın bacısı idi.
  6. Atasının sağlığında vəfat edib.
  7. "Хой и Салмас. Как и в XVI в., округ Салмас в XVII-XVIII вв. продолжал оставаться наследственной улька главы курдского племени думбули. К этому округу был присоединен округ Хой, который с этого времени постоянно принадлежал наследственному главе племени думбули вплоть до 1805 г.; И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Изд., Ленинградского Государственного Университета им. А. А. Жданова, Ленинград, 1949, ст.: 68.
  8. Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 695, №1415.
  9. Nəsil şəcərəsi daha sonra − 1868-ci ildə nəşr edilənə qədər, başqaları tərəfindən düzəlişlərə də məruz qalmışdır.
  10. QAKA, IV, s. 755
  11. Каджар Ч.О. Каджары. Баку: Издательство ХХI ЙНЕ, 2001, 159 с., s. 40

Həmçinin bax

Xarici keçidlər

Şablon:Azərbaycan xanları