Cəlil Xəlilov
Cəlil Əliheydər oğlu Xəlilov | |
---|---|
Milliyyəti | azərbaycanlı |
İxtisası | tərcüməçi |
Təhsili | Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi |
Mükafatları |
Cəlil Əliheydər oğlu Xəlilov (Şablon:DVTY) — Azərbaycanlı tərcüməçi-filoloq; SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969), AMEA Terminologiya Komitəsinin üzvü.
Həyat və fəaliyyəti
Cəlil Xəlilov 14 mart 1924-cü il tarixində Nuxa şəhərində anadan olub. 1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki şəhərində müəllimlər institutunun ikiillik fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1942-1946-cı illərdə ordu sıralarında xidmət etdikdən sonra Şəki şəhərinə qayıdıb M.Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tərcüməçi kimi əmək fəaliyyətini 1950-ci ildə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) başlamışdır. Müxtəlif illərdə həmin agentliydə tərcüməçi-redaktor və direktor müavini vəzifələrində çalışmışdır. 1974-1986-cı illər ərzində "Kommunist" qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1987-ci ildə isə MK yanında Partiya tarixi institunda partiya tarixi bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.
Təqaüdə cıxdıqdan sonra, müasir Azərbaycanda 1992-1993-cü illərdə Dövlət Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçi vəzifəsində, 1993-2000-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi vəzifələrini yerinə yetirmişdir. 2001-2002-ci illərdə isə Azərbaycan Dövlət Teleqraf Agentliyində tərcüməçi-redaktor vəzifəsində çalışmışdır.
Əmək fəaliyyəti dövründə Cəlil Xəlilov Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhvə vermişdir. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü kimi o Azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində işlər görmüşdür. O həmçinin "Əsrin müqaviləsi"nin və bir sıra beynəlxalq sənədlərin təcrüməsində iştirak etmişdir.
Xatirəsi
2005-ci ildə Cəlil Xəlilovun adına Şəki şəhərində küçə verilmişdir.[1]
Təltiflər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı — 1969
- Qırmızı Əmək bayrağı ordeni — 1980
- "SSRİ-nin Əmək veteranı" fəxri adı
- "Faşıst Almaniyası üzərində qələbə" medalı
- Azərbaycan SSR Ali Sovetinin, SSRİ və Azərbaycan Jurnalistlər İttifaqlarının fəxri fərmanları — 1984, 1985, 1986
- Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
- ”Ustad sənətkar” Ali Jurnalist Mükafatı — 2004
İstinadlar
- ↑ Şəki Şəhər İHB-nın 28.06.2005-ci il tarixli, 1/122 saylı Sərəncamı
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlilov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 188 – 189. — 600 nüsx. — ISBN 5-8066-1708-4.