Albert Mustafayev

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni '{{Rəssam |Şəkil = Albert_Mustafayev3.jpg |Şəkil məlumat = Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskiz...' ilə yarat) tərəfindən edilmiş 16:42, 14 mart 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Albert Mustafayev
Albert Zaman oğlu Mustafayev
Albert Mustafayev
Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.
Doğum tarixi 26 yanvar 1931 (1931-01-26) (93 yaş)
Doğum yeri Nuxa
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı); SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1956-1960)
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1982

Albert Mustafayev − görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, əməkdar rəssam (1982), Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Təsviri incəsənət kafedrasının professoru.

Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı ilə təltif edilmişdir.

Həyat və fəaliyyəti

Albert Mustafayev ata-baba yurdunda, – Şəki, 25 avqust 2019.

1931-ci ildə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib.

Hələ orta məktəbdə oxuyarkən rəssamlığa və heykəltəraşlığa meyl edirdi. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq sənətinin sirlərini öyrənib. 1956-cı ildə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra − 1960-cı ildə, Bakıya qayıdıb.

Pedaqoji fəaliyyəti

1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildən – Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndislər İnstitutunun yaradılmasından sonra, Azərbaycan İnşaat Mühəndislər İnstitutunun Təsviri incəsənət kafedrasına işləyir. Əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent və nəhayət professor vəzifəsini tutub.

Yaradıcılığı

Heykəltəraşlıq fəaliyyəti

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).

Hələ 1959-cu ildə – Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.

Digər heykəltəraşlıq işləri
“Şəki xanı Məhəmmədhüseyn xan Müştaq” heykəlinin eskizi

Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəli; Lütfəli Abdullayevin xatirə lövhəsi, Lətif Kərimovun xatirə lövhəsi; Şəkidə: Böyük Vətən müharibəsində həlak olmuş şəkililərin döyüş şöhrətini əbədiləşdirilməsi üçün 1974-cü ildə yaradılmış “Xatirə ansamblı”nın ərazisindəki “Ana heykəli”. Mingəçevirdə: Vladimir Leninin heykəli. Şuşada: Molla Pənah Vaqifin məqbərəsində Molla Pənah Vaqifin heykəli.

Fotoqrafiya işləri

Albert Mustafayevə “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı təqdim edilərkən (2015).

Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunub. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş tutub. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən keçirilib və bu sərgidə ona “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanını verilib. Albert Mustafayev özü isə bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.

Fotoqrafiya işlərindən nümunələr

İstifadə edilmiş əsas mənbələr

Şablon:Seçilmiş məqalə