Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Həsənsu döyüşü (1752)

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]] {{Hərbi münaqişə |adı = Həsənsu döyüşü (1752) |aiddir = |şəkil...' ilə yarat) tərəfindən edilmiş 15:37, 26 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Həsənsu döyüşü (1752)
Şəki xanlığının bayrağı (Hacı Çələbi xan dövrü).png
Şəki xanlığının Hacı Çələbi xan dövründəki bayraqlarından biri.
Tarix 16 sentyabr 1752
Yeri Həsənsu (Şəmsəddil)
Nəticəsi Ağakişi bəy məğlub olaraq ordusunu Şəmkirə geri çəkmiş, 8 aprel döyüşündə‎‎ atasının gürcülərin əlindən aldığı ərazilər üzərində nəzarəti itirmişdir.
Komandan(lar)

İrakli (Kaxet), Teymuraz (Kartli)

Ağakişi bəy, Ağarza bəy

Tərəflərin qüvvəsi

5.000[1] (gürcülər; 500 kabardin, 1.500 osetin və çərkəz[2][3], yaxud 1.200 çərkəz[1]); 2.000 (həlledici döyüşdə)[4]; 4.000[5]

2.000[6]; 6.000[2]; 7.000[5]

İtkilər

 • on, yaxud on iki çərkəz və adi insanlar[4]

 • 300 nəfər öldürülür və əsir tutulur[6]

 • 300 nəfərədək əsir götürüldü, 700 nəfər öldürüldü[5][7]

 • 1.500 nəfər əsir götürüldü və çox sayda döyüşçü öldürüldü[1][4]

Həsənsu döyüşü (1752) — 16 sentyabr 1752-ci il tarixdə Şəmsəddil mahalının Həsənsu adlı yerində Şəki xanı Hacı Çələbinin oğlu Ağakişi bəyin ordusu ilə gürcü çarları Teymuraz və İraklinin ordusu arasında baş vermiş döyüş. Bu döyüşdə gürcü çarlarının tərəfində Şimali Qafqazdan gətirilmiş muzdlular da vuruşmuşdular. Ağakişi bəyə isə əksində Azərbaycan xanlarından kömək gəlməmiş, Qazax əhalisi isə ona qarşı üsyan edərək gürcülərin tərəfinə keçmişdir. Nəticədə Ağakişi bəy məğlub olaraq ordusunu Şəmkirə geri çəkmiş, 8 aprel döyüşündə‎‎ atasının gürcülərin əlindən aldığı ərazilər üzərində nəzarəti itirmişdir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1752-ci ilin may (Qriqori təqvimi ilə may/iyun) ayında gürcü mitropoliti Romanın sözləri əsasında Kizlyarda tərtib edilmiş və Sankt-Peterburqa göndərilmiş məktubda göstərilir ki,

" Gürcülər və kaxetlər bir çox düşmənlərdən, xüsusi ilə də dağlılardan ziyan görürlər: İran vilayətinin beş xanı – Qazax, Borçalı, Şəmşəddil, İrəvan və Gəncə xanları, qismən gürcü çarına meylli idilər. Hansılar ki, gürcü çarı İraklinin yanında öz qoşunları ilə şəkili Hacı Çələbi ilə döyüşməyə getmişdilər. Amma Şəkili Hacı Çələbi İraklinin ordusundan 6.000 nəfəri öldürdü və ya əsir götürdü. Bəli, keçən il bu çar İrakli ordusu ilə həmin bu şəkili Hacı Çələbiyə qarşı döyüşdə iştirak etmiş və 6.000 adamını, üstəlik bütün mal-dövlətini itirmiş, özü isə az saylı adamla geri qayıtmışdır. İndi isə yuxarıda qeyd edilən İrəvan, Gəncə, Qazax, Şəmsəddil və Borçalı xanları çar İraklidən uzaqlaşaraq Hacı Çələbiyə yaxınlaşıblar. Bundan gürcü və kaxet çarları böyük təhlükə altındadırlar və özlərini müdafiə etməyə ümidləri yoxdur. Mən Gürcüstandan səfərə çıxanda mənimlə birlikdə bu iki çarın elçiləri də göndərildi, hansı ki, mənimlə Kabardanın özünədək, Kaban [kənd] Kazyevədək getdilər və o yerlərə çatanda elçilər oradan Tatartupa[qeyd 1] getdilər və Tatartupdan isə çərkəzlərdən qoşun istəmək üçün Böyük Kabardaya getmək niyyətində idilər. Gürcü vilayəti Kaxetinin sakinləri böyük qorxu altındadırlar və gözlənilməz hücum gözləyirlər, çünki onların yaxınlığında düşmənlərdən xilas olmaq üçün uyğun və möhkəmləndirilmiş bir yer yoxdur, Gürcüstanda kim ki, kəndlərdə, yollarda və dağlarda təhlükəsiz yerdə olsun, harada qarət olmasa, qarət üçün bir şey olmasa, qarətçilərin əlindən bir çox yollardan keçmək mümkün deyil. Belə ki dağlı xalqlar gürcüləri yollarda müşayiət etmək işini öz boyunlarına götürüblər. Amma yolda onları soyur, əşyalarını əllərindən alıb öz aralarında bölüşürlər. Buna görə də Gürcüstanda böyük narahatçılıq var[8][9]. "

Məktubun mətnindən aydın olur ki Gürcüstandan Kabardayədək mitropolit Romanla yol yoldaşı olmuş gürcü çarlarının elçiləri Hacı Çələbi ilə döyüşmək üçün Kabardadan ordu gətirməyə gedirmişlər. Digər məktublardan və arxiv materiallarından isə məlum olar ki, həmin elçilər Gürcüstana əliboş qayıtmalı olublar. Yalnız 1752-ci il iyulun ikinci yarısında Hacı Çələbi xan Kartli və Kaxetin azərbaycanlı kəndlərini Teymuraz və İraklinin əlindən aldıqdan və Tiflis yaxınlığındakı Baydar[qeyd 2] adlı yerdə səngər qazdırdıqdan sonra çarlar Kabardadan qoşun gətirməyə daha böyük səy göstərdilər və nəhayət nail oldular.

XVIII əsr gürcü müəllifi olan Papuna Orbeliani özünün “Ambavni Kartli-sani” (Kartli hadisələri) əsərində göstərir ki,

" 1752-ci ildə (Gürcüstanın) Şəki-Şirvan xanı Hacı Çələbi tərəfindən işğal edilə bilmə təhlükəsi ilə əlaqədar olaraq, qoşun gətirmək üçün Zedqinidze, Çərkəs ölkəsinə göndərildi. Merab Zedqinidze Çərkəz ölkəsində axtardığını tapdı, amma əliboş qayıtdı, çünki orada pul istədilər; yenidən bir adam göndərdilər və pul verəcəklərini vəd etdilər...

Çərkəz knyazları və zadəganları gəldi və bizim çarımızın əmrinə qulaq asdılar və cavab verdilər: “İstədiyiniz qədər qoşun verə bilərik, amma onlara nə qədər pul verəcəyinizi deyin, sonra qoşunu gətirək”. Düşmən yaxınlaşırdı və məsələ uzana bilərdi. Teymurazın oğlu – Kaxetiya çarı İrakli, özü Çərkəz ölkəsinə qədər getdi, Xevidə dayandı və oradan da çərkəz knyazlarını yola saldı. Çərkəzlər gəlməmişdən əvvəl osetin qoşunu gəldi, çərkəzlərin yüksək vəzifəli şəxsləri gəldilər, qoşun məsələsini müzakirə etdilər və ödəniş təyin etdilər. Çərkəzlər getdilər qoşun toplamağa. Əvvəlcə beş yüz nəfərlik bir qoşun gəldi və (çar) onlarla birlikdə yürüşə çıxdı.

Şiddətli döyüş baş verdi. Hacı Çələbi oğlunun başçılığı ilə düşmən döyüşçülər qılıncını sıyıraraq gürcü ordusunun üzərinə şığıdılar və güclü hücumla osetinləri bir qədər geri çəkilməyə məcbur etdilər. Çar İrakli bundan çox məyus oldu və özü ordunun qabağına çıxıb şir kimi onlara hücum etdi... Hacı Çələbi oğlunu və Gəncə xanını qaçmağa məcbur elədi; çərkəzlər də pişik kimi döyüşə atılıb qızılbaşları qırdılar[10].

"

17 dekabr (28 dekabr) 1752-ci il tarixdə Həştərxandan Sankt-Peterburqa göndərilmiş[qeyd 3] məktubda göstərilir ki,

" Hacı Çələbi baş verən davalardan sonra barışıq üçün çar Teymurazın yanına nümayəndələrini göndərdi, amma çar Teymuraz sülhə razılaşmadı və bundan sonra şahzadə İraklinin çağırışı ilə Kabardadan 1.200 nəfər çərkəz Gürcüstana gəldi, hansı ki, hər birinə 30 manat maaş verildi, bundan sonra da Kaxet ordusu da Tiflisə gəldi; və sentyabrın 1-də çar Teymuraz öz oğlu İrakli ilə birlikdə 5.000 nəfərdən ibarət qoşunla Tiflisdən Hacı Çələbinin oğlunun üstünə getdi, hansı ki, həmin vaxt o, ordusu ilə birlikdə Tiflisdən 60 verst (60-65 km) aralıda dayanmışdı; və bu, Hacı Çələbinin oğlu gürcü çarının hərəkətə keçməsindən xəbərdar olduqda, o, dərhal öz yürüşünü dayandırarıq geri çəkildi; gürcü ordusu isə onu əldən verməməyə çalışaraq onun arxasınca getdi; Tiflisin iyirmi verstliyində (21 km) yolda iki yüz nəfərədək dağıstanlı ilə qarşıladılar, onların yanında yüz nəfər gürcü əsir və qənimət götürdükləri xeyli mal-qara vardı; gürcülər onları qırdılar və bütün əsirləri və mal-qaranı geri aldılar və sentyabrın 5-də Hacı Çələbinin oğluna çataraq onunla döyüşdülər və gürcülər onun yanında olan ordunun demək olar ki, hamısını qırdılar 1.500 adamı əsir götürdülər və Hacı Çələbinin oğlu az sayda adamla çətinliklə aradan çıxa bildi[1]. "

Digər rus mənbələrinə görə,

" Hacı Çələbi Quba, Qaraqaqaytaq, Avar xanları və tavlinlərlə[qeyd 4] Tiflisə yürüşə hazırlaşır[9]. Ağakişi Dağıstan, Şirvan, Dərbənd və Gəncə ordusunu götürərək (onların içində qumuqlar və braqunlar da vardı) 6 min nəfərlə Gürcüstana hücum etdi və çar İraklidən xərac almaq niyyəti ilə Tiflisdən 50 verst cənubda olan Baydarda düşərgə saldı[2]. İrakli Hacı Çələbi və əfqanlarla vuruşmaq üçün gürcü knyazı Yesame Çebelev və osetinlərin başçısı Yelisey İlini Kabardaya göndərib ordu istəyir[2][3]. Hacı Çələbi Teymuraza sülh təklif edir, lakin Teymuraz razılaşmır. 15 avqustda (Qriqori təqvimi ilə 26 avqustda) İrakliyə Böyük Kabardadan Qara Murzı Aliyevin oğlu Kurqokinin başçılığı altında 500, Kiçik Kabardadan isə Qazı və Qançokun bşaçılığı altında 1.500 çərkəz və osetindən ibarət ordu köməyə gəlir[2][3]. Osetinlərin bəzi kəndlərindən isə adamlar iki-iki, üç-üç, dörd-dörd saraya gəlirlər və hər birinə 30 manat maaş verilir[2]. Hacı Çələbi öz oğlu Ağakişini Gürcüstana göndərir. 5 sentyabrda (Qriqori təqvimi ilə 16 sentyabrda) gürcülər Hacı Çələbinin oğlu üzərində qəti qələbə qazanırlar[3]. "

Gürcü çarı Teymurazın 25 sentyabr (6 oktyabr) 1752-ci il tarixdə, həmin vaxt Rusiya paytaxtında olan Tiflis mitropoliti Afanasiyə göndərdiyi məktubunda o, Ağakişi bəy üzərində qazandığı qələbəni belə təsvir edir:

" İndi burada vəziyyət belədir: sən o böyük padşahlıq sarayına gedən kimi[qeyd 5], Hacı Çələbi öz oğlunu Şirvan ordusu və o tərəflərdə yaşayan ləzgilər, gəncəlilər, Qarabağ, Cavanşir, Bərqumşad (Bərgüşat?), Pinsian (?) və Şəmşəddil və yaxınlığındakı xalqlarla bizim ölkəmizə göndərdi. Onlar Baydarın yanına gələrək xəndək qazdılar, Qazax - Borçalı düşərgəyə çevrildi. Gürcüstan və Kaxetiyadakı bütün tatar kəndlərini tutdu, onlar da öz bacardıqları qədər ona kömək etdilər. Çərkəz ordusunu gətirmək üçün dağlıq bölgələrə gedən oğlumuz şahzadə İrakli özü ilə oradan min çərkəz gətirdi və gürcü ordusunu toplayaraq qalib gəldi və çoxlu ləzgi öldürdü. Hacı Çələbinin oğlu məğlub olduğunu görən kimi Baydarı tərk etdi və geri çəkildi. Biz onun arxasınca getdik, o, Qazaxda Agitapa (Ağstafa) çayının kənarında dayandı və şənbə günü, yəni sentyabrın 5-də (Qriqori təqvimi ilə 16 sentyabrda) oradan hərəkətə başlayıb çayla aşağı düşdü. Biz həmin tarixdə Şəmsəddil torpağındakı Həsənsu[qeyd 6] adlı yerdə ordumuzu toplayıb düşmənlə döyüşə hazırlaşdıq. Onlar artıq döyüşə düzülmüşdülər və bizimlə döyüşməyə hazır idilər. Onların yükləri və bütün ağır şeyləri onların qabağında, özləri isə arxada gəlirdilər. Onlar bizimlə döyüşə girənə qədər artıq günorta saat dörd oldu. Bir saat ərzində onlar möhkəm dayandılar və şiddətlə vuruşdular, lakin Allahın lütfü, həyatverici xaçın gücü və o, əlahəzrətin padşahlığının xoşbəxtliyi ilə biz gücləndik və düşmənə qalib gəldik. Həmin vaxt biz cəmi iki min nəfərlə döyüşə girmişdik. Çünki düşməni sürətlə təqib edərkən ordumuzun bir hissəsi geridə qalmışdı. Düşmənlər Həsənsudan qaçarkən ordumuz Şamxor (Şəmkir) manariyasına qədər on iki saat onların arxasınca gedib onları qırdı. Və Həsənsudan Şamxor manariyasına qədər bizim ordumuz düşməndən min beş yüz əsir götürdü və bir çoxunu da öldürdü. Onların yükləri, azuqələri, düşərgəsi və əşyaları tamamilə bizə qənimət olaraq qaldı. Səxavətli Allahın mərhəməti və müqəddəs xaçın gücü xristian torpağımıza və silahlarımıza Məsihin adının düşmənləri üzərində əvvəllər heç vaxt olmayan qisas almaq bəxş etdi. Bununla, sizə göstəriş veririk ki, yuxarıda təsvir olunan hər şeyi imperatiçə ülyahəzrətlərinə çatdırın və ülyahəzrətlərindən elə bir mərhəmət diləyin ki, o, bizim xahişimizə qulaq asmaq istəsin, çünki biz bu məsələdə tam etibarlıyıq. Bu döyüşdə Allahın köməyi ilə on, yaxud on iki çərkəz və adi insanlardan başqa heç bir zadəgan knyazımız həlak olmadı. Əgər qardaşın və ailən haqqında bilmək istəyirsənsə [bil ki], bu məktub çıxana qədər onlar sağlamdırlar[4]. "

“Hadisələrin təsviri” adlı anonim gürcü xronikasında göstərilir ki, 10 iyul (Qriqori təqvimi ilə 21 iyul) 1752-ci il tarixdə Hacı Çələbinin oğlu Ağakişi bəy ordu ilə Baydara gəlmiş və həmən tarixdə də çar İrakli qoşun gətirmək üçün Çərkəz ölkəsinə yola düşmüşdür. Çar İrakli Çərkəz ölkəsindən qoşun gətirərək 3 sentyabr (Qriqori təqvimi ilə 14 sentyabr) 1752-ci il tarixdə Ağakişi bəy üzərində qələbə qazanır[11].

12 iyun (Yuli təqvimi ilə 23 iyun) 1753-cü il tarixdə Həştərxandan Sankt-Peterburqa göndərilmiş məktubda, hansı ki əslən gürcü olan və həmin vaxt İrandan Rusiyaya gələrək Qusar polkunda poruçik rütbəsi ilə xidmətə başlayan şəxsin izahatı əsasında tərtib edilmişdi, göstərilir ki,

" Şəki xanı Hacı Çələbi yenidən tatarlardan və ermənilərdən 7.000 nəfərlik ordu topladı və komandanlığı öz oğlu Ağa Oğlana (əslində Ağakişi bəyə) həvalə edərək onları Gürcüstanı dağıtmağa göndərdi. İrakli isə Gürcüstanı müdafiə etmək üçün gürcülərdən və ermənilərdən, həmçinin dağ çərkəzlərindən cəmi 4.000 nəfərlik ordu topladı və Ağa Oğlan (əslində Ağakişi bəy) Gürcüstana çatmamış Şəmsəddil adlı yerdə ona hücum etdi və onun (Ağakişi bəyin) ordusundan 700-dək adam öldürdü, 300 nəfəri isə əsir götürdü. Tatar əsirləri dağ çərkəzlərinə verdilər, erməni əsirlərin isə burnunu kəsib buraxdılar. İrakli ilə Azad xan Əfqan arasında xeyirsiz müharibə onlar sülh bağlayanadək davam etdi və onlar Şəki xanı Hacı Çələbiyə qarşı birlikdə vuruşmaq qərarına gəldilər, aralarında inam-etibarın yaranması üçün bir-birlərlərinə öz adamlarını girov (amanat) verdilər.

Adı çəkilən şahzadə İrakli Gürcüstan şəhərlərində, Tiflisdə və Kaxetidə yerləşir və onun gürcü və iranlılardan ibarət 12.000 nəfərlik ordusu var və türklərdən gürcülərə hücum və ya basqınlardan narahatçılıq yoxdur, gürcülərin özləri də türkləri heç bir şəkildə qıcıqlandırmırlar, yalnız ləzgilər və tavlinlər daima Gürcüstana gəlirlər və kəndlərdə və tarlalarda gürcüləri əsir tutub dağlarda və başqa yerlərdə satırlar.

Bütün bu yuxarıdakılar şahzadə İraklinin fəthləri haqqında sonuncu məlumatlar idi. Lakin bu vaxt şahzadənin Gürcüstan valisi, yaxud Gürcüstan çarı olan atasının Kizlyar qalasının komandirinə yazdığı məktubunda vəziyyət bu sözlərlə təsvir edilir: “Gürcü torpağı dörd tərəfindəki daşmənlərdən böyük xarabalıqdır”[12].

"

“Car salnaməsinə” görə,

" Həmin il Hacı Çələbinin oğlu Ağakişi qazaxlıların çağırışına görə onları kafirlərdən qorumaq üçün iki min nəfərlə Qazaxa gəlir. Hacı Çələbi də Ərəşə gəlir. Hacı Məhəmmədəli, Səfərəli, Abdurrəhman və Şirvanın digər başçıları gəlmirlər. Yalnız Ağarza bəy gəlir. O, Ağakişi ilə gedir. Qız (Sünbül) bürcünün bürcünün axırlarında (sentyabrın axırlarına yaxın) o, zorla Qazaxdan vergi yığır. Qazaxlılar xəracın ağırlığından narazı olaraq İrakli xanla birləşirlər. Onunla (İrakli xanla) çərkəz əsgərləri var idi. İraklinin əsgərləri Ağakişiyə hücum edir. Ağakişinin əsgərləri geri çəkilir. Üç yüz nəfər öldürülür və əsir tutulur. Yığılan vergi və atasına göndərdiyi istisna olmaqla onlara (gürcülərə) qalır[6]. "

Mirzə Adıgözəl bəyə görə,

" Axırda vali Gürcüstandan, Başaçıqdan (İmeretiyadan) və hətta Çərkəzistandan çoxlu qoşun və dəniztək cuşa gələn saysız ordu topladı, Ağakişi bəyi dəf etməyə gəldi. Ağakişi bəy bu xəbəri və bu hadisəni eşidincə, qarşı dura bilməyəcəyini görüb qaçdı. Vali qoşununun qabaq dəstələri Tovuz çayında ona yetişdi. Müharibədə onun adamlarından bir neçə nəfər əsir düşdü. Özü isə sağ-salamat Şəkiyə gəldi. Valinin qoşunu oradan Xudafərin körpüsünə qədər getdi. Qayıtdıqları zaman Gəncə və Qarabağın bir çox yerlərini qarət etdilər[13]. "

Abbasqulu ağa Bakıxanov Ağakişi bəyin Tiflisin 4 ağaclığında – Paydar adlı yerdə, qala tikdirdiyini yazır[14]. Mirzə Adıgözəl bəy Ağakişi bəyin 3 il[13], Abbasqulu ağa Bakıxanov isə 2 ilə yaxın Qazax-Borçalıda hakim olduğunu göstərirlər[14]. Lakin rus arxiv materiallarından, anonim gürcü xronikasından, gürcü çarı Teymurazın məktubundan və “Car salnaməsi”ndən görünür ki, hansılar ki, yuxarıda hər birindən iqtibas gətirildi, həmin ərazilər Ağakişi bəyin nəzarətində ən yaxşı halda cəmi 5-6 ay ola bilərdi.

Tərəflərin döyüşçü sayı və itkiləri[redaktə | HTML redaktə]

Tərəflərin döyüşçü sayı və itkiləri barədə müxtəlif mənbələrdə fərqli məlumatlar var. Lakin, həlledici döyüşdə Ağakişi bəyin ordusundakı döyüşçülərin sayı üçün yalnız “Car salnaməsin”dəki[6], gürcü çarlarının ordusundakı döyüşçülərin sayı üçün isə yalnız çar Teymurazın məktubundakı[4] sayı doğru hesab etmək və həlledici döyüş başlayarkən hər iki tərəfin 2.000 döyüşçü ilə döyüşə girdiyini ehtimal etmək olar. Bununla yanaşı, dəqiq məlumdur ki, gürcü tərəfinin ehtiyatda ən azı 2.000 döyüşçüsü də vardı və onlar döyüş başlandıqdan sonra gəlib çıxdılar. Ağakişi bəyə isə heç bir kömək gəlmədi, üstəlik, Qazax əhalisi də ona qarşı üsyan edərək gürcülərin tərəfinə keçdi. Halbuki, Ağakişi bəy ora Qazax əhalisinin çağırışı ilə və onları gürcülərin gözlənilən hücumundan qorumaq üçün getmişdi. Nəticədə Ağakişi bəy Şəmkirə geri çəkilməyə məcbur oldu. Bu döyüşdə gürcülərin tərəfində Şimali Qafqazdan gətirilmiş 2.000 nəfər, Ağakişi bəyin tərəfində isə Şamaxı xanı Məhəmmədsəid xanın qardaşı Ağarəzi bəyin döyüşçüləri də vuruşmuşdur.

Ağakişi bəyin ordusundakı döyüşçü itkiləri barədə gürcü mənbələrdə fərqli məlumatlar var. Lakin bu mənbələrdə sayın şişirdilmiş şəkildə təqdim edilə bilməsi ehtimalına görə yalnız bitərəf mənbə olan “Car salnaməsin”dəki sayı doğru hesab etmək olar: 300 nəfər ölü və əsir[6]. Amma mümkündür ki gürcülər Ağakişi bəyi Şəmkirədək təqib edərkən yolda qarşılarına çıxmış mülki əhalini də əsir götürmüşlər. Bu döyüşdə gürcü tərəfinin döyüşçü itkiləri barədə demək olar ki heç bir məlumat yoxdur. Yalnız çar Teymuraz öz məktubunda göstərir ki, həmin döyüşdə onların tərəfində vuruşmuş on, yaxud on iki çərkəz və adi insanlar öldürülmüşdür, lakin adi insanların sayını göstərmir[4].

Döyüşdən sonra[redaktə | HTML redaktə]

Hacı Çələbi xan oğlu Ağakişi bəyin Həsənsu döyüşündə məğlub olmasından dərhal sonra Gürcüstana cavab zərbəsi vurmaq istəyirdi. Əvvəlcə yürüş Qurban bayramından – 19 oktyabr 1752-ci il tarixdən, sonraya təyin olundu. Daha sonra isə yürüşün vaxtı növbəti ilin mart ayının sonuna dəyişdirildi. Amma müxtəlif səbəblərdən yürüş baş tutmadı və cavab zərbəsi mümkün olmadı.

“Car salnaməsi”nə görə,

" Üç gün qabaq Ağakişinin geri çəkilməsi xəbərini alan Şirvanın, Şamaxının, Vilayətin rəisləri gəlirlər. Onlar müqavilə bağlayırlar və Qurban bayramından (İd-əd-Ədha) sonra (19 oktyabr 1752) Allahın köməkliyi ilə Gürcüstanı dağıtmaq üçün bütün qoşunları birləşdirərək Top-Qaraağaca[qeyd 7] çıxmağı qərara alırlar[qeyd 8]... Lakin bu müqaviləyə görə nəzərdə tutulan yürüş baş tutmur.

1166-cı ildə (08.11.1752–28.10.1753) Şirvanın və Vilayətin başçıları Hacı Çələbi ilə sözləşirlər ki, Qoç bürcünün əvvəllərində (1753-cü ilin mart ayının axırları) Top-Qaraağaca çıxsınlar və məclisdə şərt qoyurlar ki Vilayət otuz qayıq düzəltsin. Onlar qayıqları hazırlayırlar. Lakin Hacı Çələbi müqaviləni pozur, Şamaxını mühasirəyə almağa gedir. Çünki Məhəmmədəli ona qarşı çıxmışdı[15].

"

22 aprel (Yuli təqvimi ilə 3 may) 1753-cü il tarixdə Kizlyar qalasından göndərilmiş məktubda göstərilir ki,

" Hacı Çələbi gürcü şahzadəsi İrakliyə qarşı yürüşə hazırlaşır və İrakli ilə döyüşmək üçün Bakı və Quba xanlarından qoşun tələb edir. Gürcüstandan isə əsilzadə Maymak xan Hacı Çələbinin yanına qaçıb və onu İrakli ilə müharibəyə təhrik edir. Qarşı tərəfdən isə söz-söhbət var ki, Azad xan Əfqan ilə şahzadə İrakli arasında razılıq əldə edilib ki, onlar Hacı Çələbiyə və qaraqaytalı (əslində qaradağlı) Kazım xana qarşı birgə döyüşəcəklər və sonuncu bundan xəbər tutaraq öz adamlarını Şamaxı və Quba xanlarının yanına göndərərək kömək üçün qoşun istəyir; lakin yuxarıda adı çəkilən xanlar qarşılıqlı etibarın təmin olunması üçün ondan oğlunu girov olaraq onlara verməsini tələb edirlər və oğlunu girov verməsə ona kömək etməyəcəklərini bildirirlər[16]. "

Qeydlər[redaktə | HTML redaktə]

  1. Tatartut – vaxtilə indiki Osetiya Respublikası (Rusiya Federasiyası) ərazisində mövcud olmuş Orta əsrlər şəhəri. 1981-ci ildə bu şəhərdən yalnız bir minarə salamat qalmışdı.
  2. Baydar – hal hazırda Gürcüstan Respublikasının Kvemo-Kartli vilayətinin Marneulu bələdiyyəsi ərazisində kənd.
  3. Məktub Sankt-Peterburqa 23 noyabr (Qriqori təqvimi ilə 5 dekabr) 1753-cü il tarixdə çatıb (Бутков П.Г. (часть третья 6), 1869, с. 90)
  4. Tavlinlər – gürcülər və qumuqlar və onlardan sonra isə ruslar Dağıstanın şimal-şərqindəki dağ əhalisini, əsasən də avarları belə adlandırırdılıar.
  5. Mitropoliti Afanasi 1752-ci ilin may ayının sonu, yaxud iyun ayının birinci yarısında Rusiyaya – rus çariçəsi Yelizavetanın sarayına göndərilmişdi (Православная Энциклопедия).
  6. Həsənsu – hal-hazırda Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində kənd.
  7. Top-Qaraağac – Alazan çayının sağ sahilində tarixi yer. İndi Siqnaxi bələdiyyəsinin (Kaxeti, Gürcüstan) Kvemo Maçxaani inzibati ərazi dairəsində “Qaraqaci” adlı kiçik bir kənddir. Vaxtilə burada eyniadlı qala da mövcud olmuşdur və qalıqları indi də durur.
  8. Mətndə bu cümlədən sonra göstərilir ki, “Yürüş şəvval ayının əvvəllərinə təyin olunur” (Molla Məhəmməd əl-Cari (3), 1997, ss. 53-54). Bu bayramdan sonrakı birinci şəvval ayının 1-i isə 1 avqust 1753-cü il tarixinə təsadüf edir. Lakin mətndə daha sonra əməliyyatın baş tutmaması və yeni əməliyyatın 1753-cü il mart ayının sonuna təyin olunması haqqında da məlumat var. Əgər əməliyyat əvvəlcədən 1753-cü ilin avqust ayına planlaşdırılmış olsaydı, bu tarixdən əvvəl həmin əməliyyatın baş tutmadığı yazıla bilməzdi. Çox güman ki, mətndə ayın adı düz göstərilməmişdir, əslində məhərrəm ayı yazılmalı idi. Başqa sözlə əməliyyat 1752-ci ilin noyabr ayına planlaşdırılmışdı.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Бутков П.Г. Глава 53 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 238.
    Бутков П.Г. Глава 53 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 239.
    Бутков П.Г. Глава 53 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 240.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 389.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 391.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 392.
    Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 393.
  2. Бутков П.Г. 1751 – 1752 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть третья). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 89.
    Бутков П.Г. 1752 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть третья). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 90.
  3. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 52-53. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 54-55. — ISBN 5-86974-384-9.
  4. 1752 г. сентября 25.—Письмо Теймураза К посланнику Афанасию о победе Ираклия II над сыном Аджи Челебия (rus.) // АВПРИ.Ф. Сношения России с Грузией. Оп. 110/1. 1752 г. Д. 4 Лл. 20-21.. — 1752. — В. 25 сентября. — № 27. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 Nov 2019 - 23 Jan 2020.
  5. Орбелиани П. Амбавни Картли-сани / издание Д. Чубинова. — Санкт-Петербург, 1854. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 May 2014 - 21 Jan 2022.
  6. Афанасий : [arx. 7 Jul 2012 - 4 Jun 2023] // Православная Энциклопедия. — Müraciət tarixi: 06.05.2024.
  7. Исторические приписки двух кинклосов и хронологический перечень событий по некоторым другим источникам // Сборник материалов для описания местностей и племен Кавказа. Выпуск 21.. — 1896 — С. 50.
  8. Mirzə Adıgözəl bəy. Beşinci fəsil. Gürcüstan valisi İrakli xanın mərhum Pənah xanı, qaradağlı Kazım xanı, naxçıvanlı Heydərqulu xanı və gəncəli Şahverdi xanı xaincəsinə tutub əsir etməsi haqqındadır // Qarabağnamə. — Qarabağnamələr (1-ci kitab). — Bakı: Şərq-Qərb, 2006. — Səhifələrin sayı:  216. — Səh.: 51. — ISBN 9952-34-068-0, 978-9952-34-068-6.
  9. Bakıxanov A. Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh mühadiəsinə qədər // Gülüstani-İrəm. — Bakı: Minarə, 2000 (1951). — Səh.: 157 (PDF: 66).
  10. Həmidova Ş.P. 1.Şəki xanlığı və Kartli-Kaxetiya çarlığı münasibətləri // XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən. — Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu. — Bakı: Elm, 1985. — Səhifələrin sayı:  116. — Səh.: 38 – 45.