Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Ədəbiyyat:Nuxa maarifinin inkişafı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Baxşəli Axundov.
(Axundov B. Nuxa maarifinin inkişafı // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa, 1967. — В. 27 aprel. — № 50 (7.081). — Səh. 3 – 4.)

İnqilabdan əvvəl mədəni-maarif işləri və təlim-tərbiyə məsələləri ruhanilərin əlində, bilavasitə onların nəzarəti altında idi. Nuxada olan məhəllə məscidlərinin yanında məktəblər (mollaxanalar) vardı. Bunlardan başqa şəhərdə yeddi-səkkiz evdə qızlar üçün mollaxana işləyirdi.

Həmyerlimiz Rəşidbəy Əfəndiyev öz tərcümeyi-halında yazmışdı: «...məscidin həyətində olan hücrələrin hərəsində bir məktəb açılmışdı. Bu hücrələr dar, yeri torpaq bir otaqdan ibarət idi. Həsirlə döşənmiş olduğu halda, məscid həyətinə baxan bir qapısı və xırdaca bir pəncərəsi var idi. Bu məktəbim mən, binəva Rəşid 8 il şagirdi olmuşam».

İstedadlı pedaqoq və yazıçının dediyi kimi, mollaxanalarda 10 – 15 il dizi üstə sürünüb yarı-yarımçıq 4-5 Quran surəsindən başqa bir şey öyrənməyən onlarla adam tanıyıram.

XIX əsrin axırlarında Meşədi Mehdi Sadıqov, Həsən Tahirov, Mustafa Bədəlov, Abdullabəy Əfəndiyev kimi tərəqqipərvər ziyalıların səyi ilə Nuxa şəhərində iki ibtidai və dördsinifli bir şəhər məktəbi açıldı. Həmin məktəblərdə başqa fənlərlə yanaşı, yenə Quran, elmi-ilahi və bir sıra baş yoran faydasız kitablar məcburi surətdə öyrədilirdi.

1911 – 1917-ci illərdə yüksək səviyyədə olan qız və oğlan gimnaziyaları, bir sənət məktəbi açılmışdı. Həmin məktəblərə fəhlə-kəndli balaları qəbul edilmirdi. Təhsil haqqı və qəbul şərtləri ağır idi. Buna görə də həmin məktəblər bağlanmalı oldu.

1917 – 1920-ci illərdə, milli komitə və oyuncaq müsavat hakimiyyəti dövründə maarif və mədəniyyət daha da tənəzzülə məruz qaldı. 1917-ci ildə məktəb işlərini dirçəltmək məqsədi ilə bir dəstə maarifpərvər ziyalı tərəfindən təşkil edilmiş «hürriyyəti-maarif cəmiyyəti»nin 1919-cu ildə çap edilmiş ikiillik hesabatının giriş hissəsində yazılmışdı: «...Nuxa şəhəri qəzasında bərbad bir halda bir neçə rus-müsəlman məktəbindən savayı milli məktəblərimiz olmadığından, cəmiyyət ən əvvəl ibtidai milli məktəblərin güşadına iqdam etdi. Ancaq həmin məktəblər üçün müəllimlər yoxluğunu nəzərə alaraq, yay mövsümündə müəllim kursu açmağa qərar verdi».

Hesabatda daha sonra deyilir: «...tarixi bir gecədə şahnişin otağında 9 min manat həmin məqsəd üçün para toplanıldı. Lakin həmin paralar cəmiyyətə verilməyib, kursa və cəmiyyətə biganə bir neçə ağaların təsərrüfünə keçdi. Hər nə qədər cəmiyyət bu paranın kursa verilməsinə çalışdısa da, nəticədə “maariflə məşğul olmaq zamanı deyil” deyə cavablar alındı.

— Bəs bu ağaların başı nə işlə məşğul idi?

— Ermənilərlə müsəlmanlar arasında çar dövründən irs qalmış ədavəti qızışdırmaq, və-va milləta?! Hay-küy altında qardaş xalqı bir birinə qırdırmaqla».

İnqilabdan əvvəl maarifə və mədəniyyətə necə münasibət bəsləndiyini qiymətləndirmək üçün bu faktlar kifayətdir.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi xalqımızın həyatında yeni səhifələr açdı. Bu maarif və mədəniyyət sahəsində də öz əksini tapdı. O zaman şəhərlə Nuxa qəzasının tərkibində olan Göynük, Cəfərabad, Vartaşen, Qutqaşen, Nic nahiyələrinin bütün kəndlərində məktəblər açıldı, oğlan və qızların dövlət hesabına oxuması üçün şərait yaradıldı. Bu məktəblər üçün müəllimlər hazırlayan qısa müddətli kurslar təşkil olundu.

Mən 1919-cu ildə Nuxa – Ərəş qəzaları maarif müfəttişliyində katib, inqilabdan sonra nahiyə maarif şöbəsinin müdiri, daha sonra qəza maarif şöbəsinin inspektoru vəzifələrində çalışdığım üçün yaxşı yadımdadır ki, məktəblər açılan zaman bina sarıdan korluq çəkirdik. Məscidlərin hücrələrində müvəqqəti məktəb açırdıq. Bu təşəbbüsdən sui-istifadə edən kənd qolçomaqları və mollalar yoxsul kütlənin fəhlə-kəndli hökumətinə etimadını qırmağa çalışırdılar. Bəzən partalar küçəyə atılır, müəllimlər kənddən qovulur və təhqir edilirdilər.

O zamanlar istər şəhərdə, istərsə də kəndlərdə qızların məktəblərə cəlb edilməsi çox çətin məsələ idi. 1926 – 1927-ci illərdə qızlar çadra ilə məktəbə gəlirdilər. Gülara Köylü qızı, Nahidə Əhmədova, Xanım Mahmudova, Bilqeyiz Haşımzadə, Dilarə Əmircanova, Kubra Abbasova, Şəfiqə Tahirzadə, Naimə Əfəndiyeva kimi müəllimlər məktəbli qızların və qadınların çadradan yaxa qurtarmaları, təhsil almaları üçün unudulmaz zəhmət çəkmişlər.

1921-ci ildə siyasi maarif idarələrinin II Ümumrusiya qurultayında V.İ.Lenin demişdir: «Savadsız adam siyasətdən kənardır, ona əvvəlcə əlifba öyrətmək lazımdır. Bunsuz siyasət ola bilməz, bunsuz ancaq şayiə, dedi-qodu, boş danışıq, mövhumat ola bilər, siyasət isə olmaz».

Rəhbərin bu sözləri Nuxa qəzasında mədəni-maarif işlərinin tərəqqisinə yeni qüvvət verdi. Şəhər və kəndlərdə savadsızlığı ləğv edən 100-dən çox kurs açıldı. Lenin guşələri, qiraət komaları, fəhlə-kəndli klubları təşkil edildi. 1920-ci ildə oğlan və qız seminariyaları, 1923-cü ildə sənaye ziraət texnikumu, fəhlə-kəndli gənclərin ali məktəblərə daxil olmasını asanlaşdırmaq üçün işçi fakültəsi, tibb texnikumu, fabrik-zavod şagirdliyi məktəbi açıldı. Sovet hakimiyyəti illərində şəhərimizdə 3, 8, 7, 10, 11, 19 nömrəli orta məktəblər, internat məktəb və bşaqaları təşkil edilmişdir. Onlar ipək Nuxasını bəzəyir. Kəndlərdə də çoxlu məktəb binaları inşa olunmuşdur.

İnqilabdan əvvəl ali təhsilli həmyerlilərimizi barmaqla saymaq olardı. İndi isə elmlər doktoru və namizədlərindən 70 nəfəri və yüzlərlə mütəxəssis həmyerlimizdir.

Bu tərəqqi və yüksəliş Kommunist Partiyasının, Sovet hökumətinin böyük qayğısı sayəsində çox-çox zəhmət bahasına əldə edilmişdir. Bu gün həm yaşlı nəslin, həm də gənclərin fəxr etməyə haqqı vardır.

Baxşəli AXUNDOV,

Nuxa ölkəşünaslıq muzeyinin müdiri.