Məcid Rəsulov
Məcid Rəsulov (1916 – 1993) — tanınmış riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin riyazi fizika tənlikləri kafedrasının müdiri.
Məcid Rəsulov | |
---|---|
Rəsulov Məcid Lətif oğlu | |
Məcid Rəsulov. | |
Doğum tarixi | 6 iyul 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 11 fevral 1993 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
İş yeri | M.Rəsulzadə adına Bakı Dövlət Universiteti, riyazi fizika tənlikləri kafedrası, müdir |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
Azsənaye Şurasının Nuxa Sənaye Texnikumu (1932 – ) V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1934 – 1938) S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura (1938, – ) və Ukrayna SSR Elmlər Akademiyasının Lvov filialı, aspirantura |
Üzvlüyü | AMEA-nın həqiqi üzvü |
Mükafatları |
|
Haqqında məlumatlar
6 iyul 1916-cı ildə Nuxada anadan olub. Atası Hacı Lətif Rəsul oğlu o dövrün məşhur ipək sənayeçisi idi.
1928-ci ildə atası Hacı Lətif ailəsi ilə birlikdə Qazaxıstana sürgün olunub və
1930-cu ildə Qazaxıstanda vəfat edib. Bundan sonra ailəsi, o cümlədən Məcid Rəsulov, Nuxaya qayıdıb.
Təhsili
1923 – 1928-ci illərdə və 1932-ci ildə Nuxada, yeddiillik məktəbdə təhsil alıb[qeyd 1].
1932-cu ildə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumuna daxil olub[qeyd 2].
1934 – 1938-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb; institutu birinci dərəcəli diplomla bitirib.
1938-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olub, lakin bundan az sonra hərbi xidmətə çağırıldığına görə aspirant təhsilini yalnız Böyük Vətən müharibəsinin (1941 – 1945) bitməsindən sonra Ukrayna SSR Elmlər Akademiyasının Lvov filialında tamamla bilib[qeyd 3].
Hərbi xidmətdə
1939-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə əvvəl atıcı diviziyasının artilleriya alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində işləyib.
1941-ci ildə Böyük Vətən müharibəsinin başlamasından sonra cəbhəyə göndərilib, qızğın döyüşlərin iştirakçısı olub və bir dəfə yaralanıb. 1943-cü ildə baş leytenant rütbəsi alıb və Böyük Vətən müharibəsinin sonuna kimi artilleriya alayının batareya komandiri vəzifəsində xidmət edib. Hərbi xidmət dövründə iki medalla təltif olunub.
Əmək fəaliyyəti
1945 – 1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasında işləyib, o cümlədən,
1945 – 1951-ci illərdə əvvəl müəllim, sonra baş müəllim,
1951 – 1953-cü illərdə isə dosent vəzifəsini tutub.
1953 – 1960-cu illərdə Lvov Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində işləyib, o cümlədən,
1953 – 1959-cu illərdə dosent,
1959 – 1960-cı illərdə isə professor vəzifəsini tutub.
1960 – 1993-cü illərdə yenidən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/M.Rəsulzadə adına Bakı Dövlət Universitetində işləyib, o cümlədən,
1960 – 1964-cü illərdə ümumi riyaziyyat,
1964 – 1993-cü illərdə isə riyazi fizika tənlikləri kafedrasının müdiri olub.
Elmi fəaliyyəti
1949-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Differensial tənliklər üçün bəzi qarışıq məsələlərin çıxıqlar üsulu ilə həllinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1950-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
1951-ci ildə dosent elmi adını alıb.
1960-cı ildə V.A.Steklov adına Riyaziyyat İnstitutunda (Moskva) “Xüsusi törəməli xətti diferensial tənliklər üçün sərhəd və qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
1961-ci ildə professor elmi adını alıb.
1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,
1983-cü ildə isə həqiqi üzvü seçilib.
20-dən çox elmlər namizədinin və elmlər doktorunun elmi rəhbəri olub.
Vəfatı
11 fevral 1993-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Bakıda – Birinci Fəxri Xiyabanda dəfn olunub.
Qeydlər
- ↑ 1923-cü ildə Məcid Rəsulov Nuxada 7 illik məktəbin 1-ci sinfinə daxil olub. 1928-ci il martın 16-da beşinci sinifdə oxuyarkən atası Hacı Lətif həbs olunub və bütün əmlakı müsadirə edilib. Daha sonra ailəsi ilə birgə 8 il müddətinə Qazaxıstana sürgün olunub. Hacı Lətif 1930-cu ildə sürgündə vəfat edib. Bundan sonra ailəsi Nuxaya qayıdıb və Məcid Rəsulov Nuxada 7 illik məktəbin altıncı sinfində təhsilini davam etdirməyə başlayıb; bir il ərzində ikiillik tədris kursunu mənimsəyərək, məktəb şəhadətnaməsini alıb.
- ↑ Nuxa Sənaye Texnikumu 1934-cü ildə bakıya köçürülüb.
- ↑ Böyük Vətən müharibəsindən (1941 – 1945) sonra Məcid Rəsulovun elmi rəhbəri professor Y.B.Lopatinski Ukrayna SSR-nin Lvov şəhərinə köçüb və Məcid Rəsulova aspirantura təhsilini Ukrayna Elmlər Akademiyasının Lvov filialında davam etdirməsini təklif edib. Məcid Rəsulov bu təklifi qəbul edib və aspirant təhsilini Lvovda davam etdirib.