Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Şəki üsyanı (1743–1746)

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:37, 21 iyun 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Şəki üsyanı (1743–1746) — 1743-cü ilin payızında Hacı Çələbinin rəhbərliyi ilə Şəkidə başlamış və 1746-cı ilin əvvəllərinədək davam etmiş anti-İran üsyanı, Nadir şah əleyhinə üsyan və milli azadlıq hərəkatı.

1743-cü ildə Şəkidə Nadir şaha qarşı üsyanın başlaması barədə Məhəmməd Kazımın, Molla Məhəmməd əl-Carinin, Kərim ağa Şəkixanovun və digər müəlliflərin əsərlərində məlumat var. Lakin Kərim ağa Şəkixanov bu üsyanı Şəki məliyi Məlik Nəcəfqulu ilə vəkil Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi təqdim edirsə, birinci və ikinci müəlliflər isə 1743-cü ildə Şirvanda və ətrafında baş vermiş Sam mirzə üsyanının Şəkini də əhatə etdiyini göstərirlər.

20 dekabr 1743-cü il tarixdə Sam mirzənin ordusu Şamaxı yaxınlığında şah ordusuna məğlub oldu. Bundan sonra Sam mirzənin müxtəlif yerlərdəki, o cümlədən Qəbələdəki və Şəkidəki tərəfdarlarınin ailəvi məhv edilməsinə göstəriş verildi. Şirvanda çox adam öldürüldü, lakin cəza dəstəsinin Şəkiyə gəlib çıxıb-çıxmaması məlum deyil.

Şəki üsyanı 1743-cü ilin payızında başlasa da Nadir şah yalnız 1745-ci ilin aprel ayının əvvəlində bu işlə ciddi məşğul olmağa imkan tapdı və bu tarixdə Kür çayını keçərək Şəkiyə yürüş etdi. Onun ordusunda 100 min adam olsa da, döyüşçülərin sayı 30-35 mindən çox deyildi. Nadir şahın Şəkiyə yürüşü Rusiya İmperiyası tərəfindən diqqətlə izlənilirdi.

21 apreldə Nadir şah Şəki, yaxud Nuxa sığnağına hücum etdi, lakin əks-tərəfin müqaviməti ilə qarşılaşdı və ordusunu geri çəkməyə məcbur oldu. Bu döyüşdə üsyançılardan cəmi 40 nəfər, onun ordusundan isə 100-dən çox adam həlak oldu. Sığnağı ala bilməyən şah, şəkililərin evlərinin yandırılmasına, həyətlərindəki ağacların kəsilməsinə göstəriş verdi. Bununla yanaşı, şirin vədlərlə üsyançıların könlünü ələ almağa və öz tərəfinə çəkməyə də çalışırdı.

6 mayda Nadir şah öz ordusunu Şəkinin 14 – 15 km-dəki Belyazin adlı yerə apardı və oradan isə Yar adlı yerə üz tutmaq niyyətində idi. 1 iyunda sığnaq istisna olmaqla artıq bütün Şəkiyə nəzarət edirdi. Sonra 15 minlik yüngül ordu ilə Şəkidən Dağıstana keçdi və bir gündən sonra Şəkiyə geri döndü, daha sonra isə ordusu ilə Şəki hüdudlarını tərk etdi.

1746-cı ilin əvvəllərində Hacı Çələbinin Nadir şahın sülh təklifini qəbul etməsi və öz oğlunu Nadir şahın yanına göndərməsi ilə üsyan başa çatdı.

Haqqında məlumatlar

1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu[1]. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi[2]. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü[3], mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi[qeyd 1] və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı[4].

Nadir şah İraqi-Ərəbdə Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, Şirvandan bəd xəbər aldı ki, Məhəmməd bəy və Sam mirzənin başçılıq etdiyi üsyançılar Şirvan bəylərbəyi Heydər xanı öldürmüş və Yeni Şamaxını tutmuşlar[5]. Məhəmməd bəy Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. Sam mirzə isə hələ bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi səbəbindən mərkəzi hakimiyyətə qarşı narazılığın yüksək həddə çatdığını görüb hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Onu Surxay xanın oğlu Məhəmməd bəy də dəstəklədi. Onları susdurmaq üçün Nadir şahın göstərişi ilə Şirvan bəylərbəyi Heydər xan Dağıstana yola düşdü. Lakin o, Dağıstana çatmamış Şabranda üsyançıların əlinə keçdi. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar bəylərbəyinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular[6].

“Car salnaməsi”ndə göstərilir ki,

" 1156-cı ildə (1743) Şah Təhmaz Bağdad yaxınlığında İmam-ül İslamın (Osmanlı sultanının) ölkəsini almağa cəhd edərkən Şirvan, Şamaxı və Şəki (ölkələri) Təbrizdən olan qızılbaşların sözünə görə onun (Şah Təhmasibin) təbəəliyindən çıxır. Onlar (təbrizlilər) Şahın oğlu Şahzadə Sultanın (Sam mirzənin) yanına qaçırlar. O, Təhmaz xan tərəfindən qulaqları və burnu kəsilmiş halda Surxay xanın oğlunun yanında olurdu. Şirvanın və İranın digər vilayətlərinin başçıları Surxay xanla və onun oğlu ilə birlikdə ona özlərinə başçılıq etməyi təklif etmişdilər.

O, min beş yüz nəfər əsgər ilə Surxay xandan icazəsiz onun oğlu ilə Şirvana gedir...[7].

"

Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən orada müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanmasına nail olmaq üçün tutduğu əraziləri geri qaytardı. Nəticədə ordusunu üsyançıların üzərinə göndərmək imkanı qazandı. Elə həmin ilin 20 dekabrında Məhəmməd bəy və Sam mirzə Şirvandan qovuldular. Göstəriş verildi ki, Qəbələdə, Şəkidə, Dərbəndin və Şamaxının başqa yerlərində Sam mirzəni dəstəkləyənlərin hamısı arvad-uşağı ilə birlikdə öldürülsün, evləri və əmlakları yandırılsın[8][9].

Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırdı. Lakin həmin ilin sonunda Dağıstanda və Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyanlar hələ də davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi[10]. Üç həftədən sonra ordusunu bir hissəsini Cavad yaxınlığında Kür çayı üzərindəki körpüdən keçirib Dağıstana sürətli yürüş etdi. Qış vaxtı hücum dağıstanlılar üçün gözlənilməz idi və Nadir şahın tarixçilərinin yazdığına görə orada əhali müqavimət göstərə bilmədi və ona tabe oldu. Nadir şah Qurban bayramı günü – 14 yanvar 1745-ci il[qeyd 2] tarixdə Dərbəndə daxil daxil oldu, sonra isə Dağıstanda qənimət götürülmüş çoxlu mal-qara və qoyun-keçi ilə Bərdəyə geri döndü. Həmin hadisədən 3 həftə sonra isə şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 1745-ci ilin mart – iyun aylarında 3 ay Şəki ərazisində qaldı[10].

Nadir şahın 1745-ci ildə 3 ay Şəki yaylaqlarında olması və 1745-ci ilin yaz fəslinin sonunda Şəki ərazisini tərk etməsi haqqında Mirzə Mehdi xan Astrabadinin “Tarix-i Nadiri” əsərində olan məlumat[11], olduğu kimi Məhəmməd Kazımın “Name-yi aləm-ara-yi Nadiri” əsərində də təkrar edilir[12][13]. Lakin həmin əsərlərdə üç ay ərzində Şəkidə cərəyan etmiş hadisələr haqqında isə heç nə deyilmir[qeyd 3], hansı ki digər mənbələrdə və arxiv materiallarında həmin vaxt Şəkidə Nadir şaha qarşı müqavimət göstərilməsi və şahın uğursuzluğu haqqında yetərincə məlumata rast gəlmək mümkündür. Təbii ki Nadir şahın dövründə dövlət məmurları olmuş müəlliflər, şahın uğursuzluqlarını qələmə almaqda maraqlı deyildilər və ona görə də həmin üç ay ərzində Şəkidə baş vermiş hadisələrin üstündən sükutla keçmişdirlər.

“Car salnaməsi”ndə göstərilir ki,

" (1744-cü ilin payızında Nadir şah) Babaratmaya gəlir, burada yerləşir. Ordusunun bir hissəsini Şəki üzərinə göndərir. Şəkililər Şirvanla birlikdə Çələbi xan Nuxalının başçılığı ilə onun (Nadir şahın) tabeliyindən çıxmışdılar. Döyüşlər bir aydan çox davam edir. Təhməz (Nadir şah) ordusu ilə Göynüyə gəlir, lakin onun əlinə bir şey keçmir, sonra Nuxanın səngərinə hücum edir. Çox vuruşur, lakin onu ala bilmir. Ancaq Şəkini[qeyd 4] yandırır. Bəziləri öldürülür, bəziləri əsir alınır, bəziləri qarət olunur, lakin onlar ac olsalar da səngərlərində qalırlar. Bundan sonra Təhməz ordusu ilə Muğana gedir...[14]. "

Nadir şahın Şəkiyə yürüşü Rusiya İmperiyasında da narahatlıq yaratmışdı. Onlar ehtiyat edirdilər ki, Nadir şah Şəkidən Dağıstana keçə və Rusiya ərazisinə hücum edə bilər. Pyotr Butkov yazır ki,

" O zaman Kizlyar ölkəsində general-leytenant Dmitri Yeropkin rəhbər idi. O, şahdan son dərəcə ehtiyat edirdi. Kizlyarı gücləndirmək üçün 1745-ci ilin fevralında ora iki piyada və bir draqun (əjdaha) rotası göndərildi. Sonra isə buraya Həştərxan səhra draqon korpusunun daha 6 polkunun göndərilməsi də nəzərdə tutulmuşdu. Lakin 1745-ci ilin avqustunda (Qriqori təqvimi ilə avqust-sentyabr) xəbər gəldi ki, şah bütün qoşunları ilə Şəkidən son yürüşündən qayıtdı, buna görə də bu polklar Sarisın[qeyd 5] yaxınlığında dayandırıldı. Bu yürüşdə Nadir az qala bütün ordusu ilə birlikdə Kür çayını keçməmişdən əvvəl öləcəkdi[15]. "

1745-ci ilin mart ayında (Yuli təqvimi ilə mart-aprel) Həştərxandan Nadir şahın Şəkidəki düşərgəsinə – Rusiya rezidenti V.Bratişşevin yanına, yola düşən Rusiya səfiri Y. Senyukov 19 apreldə (Yuli təqvimi ilə 8 apreldə) Dərbənddən Rusiya xarici işlər nazirliyinində çalışan həmkarına məlumat göndərir ki,

" Şah isə indi Şəki yaxınlığında Kürün bu tərəfində dayanıb və tezliklə oradakı meşəni qırıb piyadalardan hər cür istifadə edərək Şəki camaatını silahla məhv etmək niyyətindədir...[16]. "

24 apreldə (Yuli təqvimi ilə 13 apreldə) Rusiya rezidenti Vasili Bratişşev Nadir şahın Şəkidəki düşərgəsindən Kizlyar komendantı knyaz Obolenskiyə aşağıdakı məxfi məlumatı göndərib:

" Zati-aliləri, son bir neçə gün ərzində burada baş verənləri nəzərinizə çatdırım ki, şah düz üç gündür ki ona müqavimət göstərməkdə davam edən üsyançıları ram etmək üçün Şəki sığnağına yaxınlaşıb, piyadalardan istifadə edərək sığnağa güclü hücum edib. Yalnız çətin dağlıq yerlərin arxasında və rəqiblərin sərt müqaviməti nəticəsində qırxa qədər adamın öldürülməsi, yaxud əsir götürülməsi istisna olmaqla, uğur qazana bilmədi. Əksinə, iranlılara dəyən ziyan xeyli çox idi, yüzdən çox adam öldürüldü və bir neçə adam isə yaralandı. Bu səbəbdən şah həzrətləri Şəki camaatını itaətə gətirmək üçün başqa üsullar seçdi və evlərinin yaxınlığında yerləşən bağları, taxıl sahələrini viran qoymağı, ağacların kəsilməsini əmr etdi. Və sərt tədbirlərlə şakiniləri ram etməyə çalışdığı kimi, onları çoxlu ümidlərlə, mehribanlıqla inandırmağa da əl atsa da, sözügedən şəkililər inadkarlıqlarını qətiyyətlə davam etdirirlər[16]. "

6 may (Yuli təqvimi ilə 25 aprel) 1745-ci il tarixdə Nadir şahın Şəkidəki düşərgəsindəki rezidentin yanından Kizlyar komendantı knyaz Obolenskinin yanına yola düşən tərcüməçi Yusif Qayuçev isə məxfi dəftərxanaya bunları bildirir:

" İran şahı öz ordusu ilə Şəkidən on beş verst aralıda olan Belyazin adlı yerə getdi və oradan Yar adlı yerə üz tutacaq və şahdan indi heç bir qorxu yoxdur, o, daha uzaqdadır və onun yanında olan ordu cəmi otuz minlikdən ibarətdir [17]. "

20 may (Yuli təqvimi ilə 9 may) 1745-ci il tarixdə tərcüməçi Yusup Qayuçevin adaşı tacir Yusif Qasımov, hansı ki Rusiya səfiri Y. Senyukovun başçılıq etdiyi diplomatik heyətinin tərkibində Şəkidə Nadir şahın düşərgəsində olmuşdur, bunları yazır:

" Bizim qaldığımız müddətdə[qeyd 6] İran şahı düşərgəsini bir yerdən başqa yerə, yaxınlıqdakı təzə yerə köçürdü. İki dəfə diqqət yetirdim ki, onun düşərgəsində bütün adamların sayı yüz min nəfər ola bilər, ancaq döyüşçülərin sayı heç otuz beş mini keçə bilməzdi[qeyd 7]. Üstəlik, mən soruşdum ki, iranlılar niyə Xəzər dənizinin yanında və Türkiyə sərhədinin yaxınlığında olan əyalətləri belə xarabalığa çevirirlər, bu ərazilərə niyə bu qədər ziyanlıqlar vururlar? Bu sualımın cavabında mənə dedilər ki, “İran şahı Xorasana böyük bolluq və sərvət gətirib. Bu vilayətlər və əyalətlər isə vaxtı ilə ruslardan və türklərdən müharibə ilə alındığına görə şah bu vilayət və əyalətlərdə elə pis vəziyyət yaratmaq istəyir ki, bir qazanda on ev yemək bişirsin. İndinin özündə də şahın fərmanı ilə Həmədana gedən adamlara o vilayətdən üç yüz iyirmi min tümən yığmaq əmr edilib, əgər çatmazsa, əvəzində xalça, palaz, qab-qacaq götürülməlidirlər. Qiymətə görə əgər bu kifayət etməzsə, o zaman adamları girov götürüb başqa adamlara satmaq istəyirik. Şah Ərdəbil vilayətindən altı yüz min, Şamaxıdan üç yüz altmış min tümən toplanılmasını əmr edib. Onun ordusunda kiçikdən böyüyədək hamı ağlayır, deyirlər ki, biz burada xidmət etməyə məcburuq və pul üçün arvad-uşağımızı [acından] öldürürük[18]. "

Kizlyar ölkəsindəki rus qoşunlarının komandanı general-leytenant Dmitri Yeropkin Nadir şah ordusunun yerdəyişmələri və gücü haqqında daha ətraflı məlumata malik olmaq üçün Dərbəndə və başqa yerlərə tacirlər, yaxud hansısa məxfi şəxslər göndərirdi. Onlar Kizlyara geri dönən kimi əldə etdikləri məlumatları Dmitri Yeropkinə çatdırırdılar. Həmin adamlardan biri olan Terek zadəganı Vasili Çerkasov ona aşağıdakıları bildirmişdi:

" Mən Dərbənddə olarkən[qeyd 8] öz Rusiya tacirimiz Qreçenindən eşitdim ki, İran şahı indi öz ordusu ilə Şəki yaxınlığındakı düşərgədə dayanaraq ona qarşı çıxan şəkililərə nəzarət etməkdədir və onun qoşunları üç kəndi böyük tələfatla ələ keçirə bilib. Sonra o, bir xan və iki sultanı və onlarla birlikdə bir neçə qoşunu Böyuk Şəkiyə göndərib və o kəndə hücum etməyi əmr edib, hansı ki həmin kəndin meşələr ilə böyük dağlar arasında bir yolu vardı və başqa yolu yox idi. Əmrə uyğun olaraq şahın göndərdiyi ordu yuxarıda adı çəkilən Böyük Şəki kəndinə hücuma keçib. Və bu şəkililər meşələrin içindən, dağların arasından çıxaraq onları qırıblar, üstəlik, bir xanı və bir sultanı da öldürüblər, amma adlarının nə olduğunu bilmir. Şahın özü isə həmin vaxt dağda dayanıb baxırmış və ordusunun böyük tələfata uğradığını görən kimi geri çəkilməyi əmr edib. Sonra bütün vəzirlərini və sərkərdələrini eyni vaxtda yanına çağıraraq hamısını danlayıb, deyib ki siz mənə sədaqətlə xidmət etmirsiniz və belə bir kiçik kəndi də tuta bilmirsiniz, düşünməyin ki, mən buradan gedəcəyəm, əksinə, hamınızı burada öldürəcəyəm, amma [Böyük Şəkini] tutmadan buradan geri dönməyəcəyəm. Daha sonra əlavə edib ki, özünüz də görürsünüz ki, bir tərəfimizdə türklər, bir tərəfimizdə rus ordusu var. Və buranın kimin idarəsinə keçəcəyini bilmirəm, amma mən artıq hamınızı atıb İsfahana getməyə məcburam[19]. "

Vasili Çerkasov daha sonra Dərbənddə Nadir şahın Şəkidən göndərdiyi çapardan öyrəndiyi aşağıdakı məlumatları general-leytenant Dmitri Yeropkinin nəzərinə çatdırıb:

" Şahdan İran düşərgəsinə[qeyd 9], Fətəli xanın yanına gələn çapar mənim olduğum katib çadırına girdi. Şah haqqında söhbət etdik. O, mənə şahın Şəki camaatını məhv etdiyini bildirdi. Dedi ki yalnız bircə kənd qalıb və şah bir xanı ordu ilə birlikdə həmin kəndi tutmaq üçün saxlayıb və özü isə mən yola düşən günün ertəsi[qeyd 10] ordusu ilə Qazıqumuxa – usmi mülkünə, getmək niyyətində idi[20]. "

9 iyun (Yuli təqvimi ilə 28 may) 1745-ci il tarixdə Kizlyara gəlib çıxan digər şəxs, hansı ki o, Nadir şahın düşərgəsində olmuşdur, bildirmişdir ki,

" İran şahı Şəkidən geri çəkildi və düşərgəsini Qazıqumux yolu üzərində qurdu. Bu yerdə nə qədər dayanacağı və buradan hara hara gedəcəyi hələ bilinmir[20]. "

16 iyun (Yuli təqvimi ilə 5 iyun) 1745-ci il tarixdə Kizlyara gələn Həştərxan quberniyasının tərcüməçisi Fyodr Matveyev general-leytenant Dmitri Yeropkinə bildirdi ki,

" Biz şahın düşərgəsində olarkən, Kizlyar sakini tacir Yusup Qasımovun yola düşməsindən 3 gün sonra – yəni mayın 12-də (Qriqori təqvimi ilə 23 may), İran şahı cəmi üç günlük azuqə götürərək on beş minlik yüngül ordu ilə Surxayın ixtiyarında olan dağlara üz tutdu, amma həmin yerin hara olduğunu blmirəm. Sadəcə o, həmin yerdə heç kimi tapmadı və hər şeyi yandırdı, taxılları əzdi, bağları doğradı və on nəfərə yaxın dağ sakinini əsir götürdü, digər sakinlər isə dağlarda qalxmışdılar və şah onlara yuxarıda təsvir ediləndən artıq heç nə edə bilmədi. Bir gün sonra o, düşərgəyə qayıtdı və əsir götürülmüş on nəfərdən adəti üzrə bəzisinin gözlərini çıxartdırdı, bəzisini isə öldürtdürdü[21]. "

17 iyun (Yuli təqvimi ilə 6 iyun) 1745-ci il tarixdə isə uzden[qeyd 11] Aşur Ağayev general-leytenant Dmitri Yeropkinə bunları deyib:

" İran şahı on beş gün əvvəl Şəkini almadan bütün qoşunları ilə Kür çayını keçərək Gəncə yaxınlığındakı Şatqor (Şamxor?) adlı yerə üz tutdu. Və orada dayandı və bundan on gün əvvəl ona (Şamxal Eldara) və digər Dağıstan rəhbərlərinə fərmanlar göndərib onları qeyd olunan ərazidəki düşərgəsinə ziyafətə dəvət etmişdi[21]. "

Nadir şahın Şəkiyə yürüşü Rusiya İmperiyası ilə yanaşı, Osmanlı dövlətində də izlənilirdi. Məsələn, hicri 1158-ci ildə (03.01.1745–23.01.1746) Osmanlı dövlətinin Bağdadakı canişini Əhməd xanın möhürü ilə Osmanlı vəzirinə göndərilmiş məktubda göstərilirdi ki, Madir şahın Şirvan əyalətinə hücumu zamanı Hacı Çələbi adlı bir nəfərin həmin ərazidəki kəndlərin kəndxudaları ilə birləşərək iki dəfə Nadir şahın qoşununu məğlub etmiş, üçüncü dəfə Nadir şah Hacı Çələbinin üzərinə iki xanın başçılığı altında 10 mindən çox əsgər göndərsə də Hacı Çələbi onları da məğlub etmişdir[22][23]. Əhməd xanın məktubundan o da məlum olur ki, Hacı Çələbinin yardım üçün Osmanlı dövlətinə məktubla müraciət etmiş və həmin məktub Bağdaddan Əhməd xanın özü tərəfindən Osmanlı sarayına göndərilmişdir:

" Bu gün harada olduğu bilinməyən Nadir şahın təkrar edəcəyi bir hücum müqabilində bu tərəflərdə olan bütün əsgərlərini götürüb islam əsgərinə qoşmaq niyyətində olan Hacı Çələbinin məktubunu Sizə göndərmişik[22][23][24][25]. "

Hacı Çələbi xanın hicri 1168-ci ildə (18.10.1754–07.10.1754) Osmanlı dövlətinə göndərdiyi məktubunda 1743 – 1746-cı il hadisələrinə bir daha nəzər yetirilir və göstərilir ki,

" Nadir şah saysız-hesabsız əsgərləri ilə Şirvan və Dağıstan mahalını işğal etməklə böyük dağıntılar törətmişdir. Buraya da ardı — arası kəsilməyən yürüşlər etmiş, doqquz ay mühasirədə saxlamışdı. Lakin Allah bizə kömək oldu... Nadir şahın ölümündən sonra İranın müxtəlif yerlərində xanlıqlar müstəqil fəaliyyət göstərməyə başladı... Osmanlı dövləti hələ qədimdən bəri, ehtiyac olduqda, Dağıstan, Şirvan və onun ətrafındakı xanlara hər zaman kömək etmişdir[22][23][24][25]. "

Buradan məlum olur ki, Böyük Nuxa, yaxud Böyük Şəki adlanan kəndin sığnağının mühasirəsi 9 ay davam etmişdi. Mümkündür ki, Nadir şah ordusunu Şəkidən aparsa da, Nuxa, yaxud Şəki sığnağının yaxınlığında kiçik bir qüvvə saxlamış və bu istehkamın blokadasını davam etdirmişdir. Kiş kəndindən bir neçə kilometr şimalda, Kiş çayının mənbəyinə yaxın tərəflərdə sığnaq yerləri hələ də durur və həmin sığnaqların bəzilərində 18-ci əsrə aid mədəni təbəqələr var. Həmçinin Qurcana çayının mənbəyinə yaxın ərazidə də orada vaxtilə yaşayış yerinin olduğunu göstərən əlamətlər görünür. Lakin Nadir şahın 3 dəfə hücum etdiyi, 9 ay mühasirədə saxladığı sığnağın yeri hal-hazırda qeyri-məlumdur. 19-cu əsr Şəki tarixçiləri ənənəvi olaraq “Gələsən, görəsən”nin adını çəkirlər. Lakin indiki “Gələsən, görəsən” qalası deyilən Orta əsr istehkamının daxilində və ətrafında 2023-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədovun başçılığı altında ərazidə aparılmış arxeoloji qazıntılar zamanı orada XVI əsrdən sonrakı dövrlərə aid heç bir mədəni təbəqə aşkar edilməmişdir. Buna görə də bu qənaətə gəlinmişdir ki, qala 1551-ci ildə Şah Təhmasib tərəfindən dağıdıldıqdan sonra bir daha bərpa edilməmiş və yenidən istifadə olunmamışdır. Mümkündür ki, 19-cu əsr Şəki tarixçiləri “Gələsən, görəsən” deyərkən, konkret olaraq bu qalanı nəzərdə tutmurdular, əslində bu qaladan şimalda yerləşən sığnaqlar kompleksini nəzərdə tuturdular. Həqiqətən də, Hacı Seyid Əbdülhəmid öz əsərində bir yerdə “Gələsən, görəsən”i vadi adı kimi[26], digər yerdə isə dağ adı kimi[27] təqdim edir. Kərim ağa Şəkixanov da, Hacı Seyid Əbdülhəmid də “Gələsən, görəsən” adının yanında “qala” sözünü yalnız mənbəyi “Tarix-i aləm-arai Abbasi” olan hekayətdə işlədirlər, başqa heç yerdə yanaşı işlətmirlər, sanki bunu qala adı kimi yox sığnaqlar komleksinin adı kimi təqdim edirlər. Kərim ağa Şəkixanova görə,

" [Nuxalılar] təmanən cəm olub, tarixi islamiyyə min yüz əlli altıda olanda (25.02.1743–14.02.1744) Hacı Çələbini özlərinə hakim edib, “Gələsən, görəsən”ə gedib, sığnaq elərlər[qeyd 12]. Bu əhvəlatı padşaha ərz elərlər. Şah, qoşun göndərib, gəlib Daşbulaq kəndinin yanında Kotandüzü deyərlər, orada ordunu qoyub, bir para zübdə (seçmə) qoşun götürüb, “Gələsən, görəsən”ə tərəfinə gedər. Çox dava elərlər. Hər iki tərəfdən çox adam ölər. Hətta şahın qabağında pişxidmətin vurarlar. Şahın üməraları ərz elərlər ki, sənə fəda olaq bir para ac, bimənfəət adamlardan ötrü qoşunu nə hacət qırdırırsan. Sonra şah qəbul edib, qayıdıb ordusunda bir para vaxt dəgləşib (əyləşib) sonra gedib, o bir ildə genə gəldi. Xülaseyi-kəlam üç il Hacı Çələbi Şəki əhli ilə “Gələsən, görəsən”də oturub, çox aclıq və tənglik çəkibdirlər. Sonra şah çıxıb gedib. Bunlar da Noxuya düşübdürlər[28]. "

Hacı Seyid Əbdülhəmidə görə,

" İran şahı Nadir şah Çələbi xanın o hərəkətlərin və əməllərin eşidib, qoşun götürüb, Hacı Çələbi xana tənbeh əzmiylə Şəki vilayətinə gəlibdir. Hacı Çələbi xan da Noxunun adamların götürüb “Gələsən, görəsən”ə gedibdir. Nadir şah da “Gələsən, görəsən” dağının damənində Gavan[qeyd 13] [adı] ilə mövsüm yerdə nüzul edibdir. Hacı Çələbi xanın adamları gecələr gəlib, miyani-meşələrdən tüfəng atıb, şahın ordusuna xəsarət veribdirlər. Nadir şah oradan intiqal edib, Noxunu yandırıb, bir sahəti-vəsiədə mütəməkkin olub (geniş bir sahədə yerləşib) bir neçə kərrə “Gələsən, görəsən”ə qoşun göndərib, qalib ola bilməyib, müraciət edib, İran tərəfinə gedib, Muğan [adı] ilə məşhur yerdə nazil olub, sakin olubdur[27]. "

Nadir şah 1745-ci ilin aprel ayının əvvəlindən iyun ayının əvvəllərinədək üç ay Şəkidə olmuş, lakin üsyançıların yerləşdiyi sığnağı tuta bilmədi. Bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, Nadir şah iyun ayında Şəkidən getsə də, sığnaq yaxınlığında kiçik qüvvə saxlayaraq onun blokadasını davam etdirmişdir və sığnağın blokadası 9 ay – 1746-cı ilin yanvar ayınadək davam etmişdir

1746-cı ilin əvvəllərində Hacı Çələbi Nadir şahın sülh təklifini qəbul etdi.

“Car salnaməsi”nə görə,

" (1746-cı ilin əvvəllərində) Şamaxı xanı Hacı Çələbiyə sülh və barışıq təklif edir. O, bunu qəbul edir. Sonra nə olacağından qorxaraq 1159-cu ilin (24.01.1746–13.01.1747) qışında oğlunu Təhməzin yanına göndərir[14]. "

Qeydlər

  1. İngiliscədə və ruscada tarix 8 dekabr olaraq göstərilsə də (Lockhart L. (015), 1938, p. 229)(Локкарт Л., 2004, с. 282), azərbaycan dilinə tərcümədə 3 dekabr gedib, üstəlik, sonuncuda orijinaldakı “axşam saatları” ifadəsi də yoxdur (Lokkart L., 2013, s. 393).
  2. İngiliscədə və ruscada 1745-ci il göstərilsə də (Lockhart L. (03), 1938, p. 249)(Локкарт Л. (02), 2004, с. 297), azərbaycan dilinə tərcümədə 1743-cü il gedib (Lokkart L. (02), 2013, s. 414).
  3. Lourens Lokkart özünün “Nadir şah” monoqrafiyasının 249-cu səhifəsində, haşiyəsindəki qeyddə Mirzə Mehdi xan Astrabadinin “Tarix-i Nadiri” əsərinindən belə bir iqtibas gətirir: “Ötən illərdə Şəkinin narazı əhalisi Hacı Çələbi ibn Qurbanın başçılığı altında bu vilayətdə İran qoşunlarını qarşı çıxdı və “Gələsən, görəsən” qalası şah qoşununun mühasirəsinə uğurla dözdü” (Lockhart L. (03), 1938, p. 249). Biz “Tarix-i Nadiri” əsərininin həmin nəşri ilə (1849-cu il, Bombey, səh. 253) tanış ola bilmədik. Amma güman edirik ki, iqtibas əsərin mətnindən yox, redaktor qeydindən gətirilə bilər. Yaxud, Lourens Lokkart iqtibas gətirdiyi mənbənin adını düz göstərmir, çox güman ki, o, Mirzə Mehdi xan Astrabadidən yox, Abbasqulu ağa Bakıxanovdan iqtibas gətirir (Bakıxanov A. (4), 2000 (1951), s. 151 (PDF: 63)). Mirzə Mehdi xan Astrabadinin əsərindəki Şəki ilə bağlı məlumatları diqqətlə öyrənən Vadim Leviatov da göstərir ki, həmin əsərdə Nadir şahın “Gələsən, görəsən” qalasını mühasirə etməsi haqqında heç bir məlumat yoxdur. Yalnız 3 ay Şəki yaylaqlarında olması haqqında məlumat var (Левиатов В.Н (01), 1948, с. 97).
  4. Şəki – “Car salnəməsi”ndə “Şəki” sözü əsasən ölkə, vilayət adı mənasında işlədilir və burada isə çox güman ki, Nuxa nəzərdə tutulmuşdur. Belə ki bəhs edilən dövr mənbələrində və daha sonrakı dövrün mənbələrində Nuxanın Şəki adlandırılması hallarına tez-tez rast gəlmək mümkündür. “Car salnəməsi”ndə bəhs edilən eyni hadisə barədə Rusiya rezidenti Vasili Bratişşevin 24 aprel (Yuli təqvimi ilə 13 aprel) 1745-ci il tarixində Nadir şahın Şəkidəki düşərgəsindən Kizlyar komendantı knyaz Obolenskiyə göndərdiyi məxfi məlumatında isə Nuxa sığnağından yox, Şəki sığnağından söhbət gedir və Nuxanın adı heç çəkilmir (Левиатов В.Н (03), 1948, с. 99). Yaxud “Car salnaməsi”ndə Nadir şahın Şəkini yandırması göstərilirsə(Molla Məhəmməd əl-Cari (2), 1997, s. 45), Hacı Seyid Əbdülhəmid isə eyni hadisədən bəhs edərkən Nadir şahın Nuxanı yandırdığını qeyd edir(Hacı Seyid Əbdülhəmid, 1958, s. 27). Bu isə onu göstərir ki həmin dövrdə Nuxanın digər adı Şəki olmuşdur. Lakin ənənəvi olaraq hesab edilir ki, Şəki şəhəri 1772-ci ilədək Nuxadan ayrı yerdə mövcud olmuş, göstərilən ildə Kiş çayının daşması nəticəsində tamamilə dağılmış, sağ qalmış əhalisi isə Nuxa kəndinə köçmüşdür. Amma bu iddianı əsaslandırmaq üçün istinad edilən 1846-cı ilin “Kavkaz” qəzetində ümumiyyətlə Şəki şəhərinin adı yoxdur, yalnız 1772-ci ildə Nuxanın bir hissəsinin sel altında qalmasından söhbət gedir (Кавказ, 1846, с. 95). Əski Şəki şəhəri haqqında məlumat verən mənbələrdə isə onun Kiş çayından xeyli uzaqda olduğu göstərilir (Əhməd Zəki Vəlidi, 2009, s. 95).
  5. Sarisın (Царицын) – 1925-ci ilədək indiki Volqoqradın (Rusiya Federasiyası) adı.
  6. Yusif Qasımov Rusiya səfiri Y.Senyukovun başçılıq etdiyi diplomatik heyətinin tərkibində Nadir şahın Şəkidəki düşərgəsində 1745-ci ilin may ayında (20 mayadək) olub.
  7. 1744-cü ilin mart ayında Nadir şahın Həmədan yaxınlığındakı düşərgəsində olmuş Conas Hanvey də onun olduğu düşərgədə cəmi 30.000 seçmə döyüşçünün olduğunu, döyüşçülərin nökərləri və düşərgəyə xidmət edən personalla birlikdə isə ümumi sayın üç dəfə çox olduğunu qeyd edir (Lockhart L. (02), 1938, p. 247).
  8. Vasili Çerkasov 1 iyun (Yuli təqvimi ilə 21 may) 1745-ci il tarixdə Dərbənddə olub.
  9. Dərbənd yaxınlığındakı İran-Xarab nəzərdə tutulur.
  10. Vadim Leviatovun məqaləsində göstərilir ki, bu, mayın 31-dən (Yuli təqvimi ilə mayın 20-dən) sonraya təsadüf etməlidir (Левиатов В.Н (05), 1948, с. 102).
  11. Uzden – Şimali Qafqazda feodal sinfi. Qumuq sözüdür, “özü-özünün ağası”, “azad adam” mənasındadır.
  12. Kərim ağa Şəkixanov əsərinin digər yerində belə yazır:

    Səlim xan da şaha qulluq eləmiyib, qızılbaş qoşunundan ehtiyat edib, şəhəri köçürüb, “Gələsən, görəsən”ə aparıb, orada sığnaq elədi(Kərim ağa Fateh (2), 1958, s. 20).

    Amma indiki “Gələsən, görəsən” qalası deyilən Orta əsr istehkamına şəhəri yerləşdirmək mümkün deyil, ora heç 100 nəfər belə yerləşməzdi. Çox güman ki, müəllif bu qalanı yox, “Gələsən, görəsən” adı ilə tanınan ərazidəki sığnaqlar kompleksini nəzərdə tutmuşdur.

  13. Gavan – Hal-hazırda Kiş kəndinin (Şəki rayonu) ən şimal tərəfindəki məhəllə belə adlanır.

İstinadlar

Ədəbiyyat

  1. Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 228.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 229.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 231.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 235.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 236.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 238.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 239.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 247.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 116.
  2. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 42-43. — ISBN 5-86974-384-9.
  3. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
  4. Нуха (rus.) // Кавказ : газета. — 1846. — № 24. — С. 95 – 96.
  5. Əhməd Zəki Vəlidi. IV. Bakı — Ərəş — Şəki — Zaqatala (keçən mətnin davamı) // Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — Səh.: 53 – 55. — 500 nüsx.
  6. Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.
    Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.
    Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 98 – 99.
    Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 100 – 101.
    Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 102 – 103.
  7. Мухаммад-Казим. Наме-йи аламара-йи нäдири (Микроукрашающая надирова книга). — М.: Наука, 1966. — Т. III. — 327 с.
  8. Козлова А.Н. Мятеж Сам-мирзы второго в Ардебиле и дела Мухаммада, сына Сурхая // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 98 – 99. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
    Козлова А.Н. События, происшедшие в Дагестане. Весть о прибытии румийских воинов в Карс // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 106 – 107. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
  9. Lokkart L. XXII fəsil. Osmanlı dövləti ilə müharibə: Mesopotamiya hərbi yürüşü // Nadir şah / Nəriman Əbdülrəhmanlı (Ruscadan tərcümə edən). — Bakı: Qanun, 2013. — Səhifələrin sayı:  552. — Səh.: 393. — 1,000 nüsx. — ISBN 978-9952-26-578-1.
  10. Локкарт Л. Глава ХХII. Война с Турцией: Месопотамская кампания // Надир Шах / Гезаловой Н.Р. (переведено с английского). — Баку: Qanun, 2004. — Səhifələrin sayı:  399. — Səh.: 282 – 283.
  11. Lokkart L. XXII fəsil. Osmanlı dövləti ilə müharibə: Mesopotamiya hərbi yürüşü // Nadir şah / Nəriman Əbdülrəhmanlı (Ruscadan tərcümə edən). — Bakı: Qanun, 2013. — Səhifələrin sayı:  552. — Səh.: 393. — 1,000 nüsx. — ISBN 978-9952-26-578-1.
  12. Lokkart L. XXIV Fəsil. Osmanlı dövləti ilə müharibənin yenidən başlanması və qurtarması (1744–1746-ci illər) // Nadir şah / Nəriman Əbdülrəhmanlı (ruscadan tərcümə edən). — Bakı: Qanun, 2013. — Səhifələrin sayı:  552. — Səh.: 414. — 1,000 nüsx. — ISBN 978-9952-26-578-1.
    Локкарт Л. Глава ХХIV. Возобновление и завершение войны с Турцией, 1744-1746 гг. // Надир Шах / Гезаловой Н.Р. (переведено с английского). — Баку: Qanun, 2004. — Səhifələrin sayı:  399. — Səh.: 296 – 297.
  13. Bakıxanov A. Nadirin əhvalatı haqqında // Gülüstani-İrəm. — Bakı: Minarə, 2000 (1951). — Səh.: 151 (PDF: 63).
    Бутков П.Г. Глава 51. // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 232.
  14. Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I  cild. — Səh.: 26 – 27. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 may 2024.
    10.7Nadir şah Əfşarla Şəki hakimi Hacı Çələbi arasında olan hadisələrə dair Osmanlı dövlətinə göndərilən Əhməd xan möhürü ilə məktub, 1746 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I  cild. — Səh.: 478, 477, 476, 475. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 may 2024.
    Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I  cild. — Səh.: 452, 451, 450. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 may 2024.
  15. Tahirova G. Şəki xanlığının Osmanlı İmperiyası ilə əlaqələri tarixindən // Elmi əsərlər. — 2010. —32  c. — Səh. 64-65. [ Arxivləşdirilib]; arxivləşdirmə tarixi: 28 sentyabr 2020.
  16. Tahirova G. Şəki xanlığı ilə Osmanlı münasibətləri : [arx. 28.09.2020] // Центр Льва Гумилева в Азербайджане. — 2013. — 27 iyun. — Müraciət tarixi: 01.05.2024.
  17. Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 16-17.
    Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 20.
  18. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 26-27.