Çingiz Mustafayev
Çingiz Mustafayev – mülki və hərbi jurnalist, Azərbaycan televiziyası ilə, həmçinin, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq etmişdir. Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda çəkiliş edərkən yaxınlığına düşmüş Qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və halak olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Haqqında məlumatlar
29 avqust 1960-cı il tarixdə Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayevin və Naxış Mustafayevanin ailəsində anadan olub.
1964-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Təhsili
3-cü sinifdən 10-cu sinifə qədər Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb.
1977-ci ildə Bakı şəhər 167 saylı orta məktəbi bitirib.
1977 – 1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
Özünü islahatçı-novator görən Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur.[1][2] O, Azərbaycanın ilk DJ kimi tanınır.[3] 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır.[3]
[1] Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir.[1] Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.[1]
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.[1] Həmin müddət vaxtı Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı.[1] 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır.[1] Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.[1]
1990-cı illərdə Azərbaycan televiziyasında "İmpromptu", "Cümə axşamı" verlişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur.[1]
Jurnalist fəaliyyəti
1990-cı il 20 Yanvar hadisələri zamanı, Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi.[1] 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir.[1] Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.[1] Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.[1] Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi.[1] Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu.[1][4] Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.[1]
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.[3]
Qarabağ müharibəsində iştirakı
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir.[1] Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.[3] O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.[3] Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır.[3] Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi “Görüş yerini dəyişmək olmaz” filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:
Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası - Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi.[5] |
Xocalı faciəsi
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.[6]
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.[3] Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.[3] Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi.[7] Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı.[7] Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.[7]
Ölümü
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi.[5] Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi.[5] Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.[5]
2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib.[8] |
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.[9]
Şəxsi həyatı
1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub.[10] Evli idi, Fuad adlı oğlu var.[11] ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.[11]
İrsi
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub.[11] Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub.[11] Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.[11][12][13][14] 1996-ci ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2010-cu il avqustun 28-də ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.[15] Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.[15] 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb.[16] 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.[17]
Çingiz zirvəsi
"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub.[18][19][19] Zirvədə onun adını daşıyan lövhə var.[18]
Çingiz Mustafayev Fondu
1999-cu ildən Çingiz Mustafayev adına fond fəaliyyət göstərir.[3] Atası Fuad Mustafayev fondun prezidentidir.[3] Fond “İlin adamı”, “Ən yaxşı jurnalist” mükafatları və “Vətənpərvər və hərbi mahnı müsabiqəsi”ni həyata keçirir.[3] Fondun təşəbbüsü ilə Şəkidə “Çingiz Mustafayev adına Klub” yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və “Çingiz Mustafayev” adına düşərgəyə yardım edir.[3]
Filmoqrafiya
- Adam cinsi arasında cins adam (film, 1998) (qısametrajlı sənədli film)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
- Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
- Özgə ömür (film, 1987)
- Payızın 17 anı (film, 2007)
- Yaramaz (film, 1988)
Təltif və mükafatları
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[11]
İstinadlar
- ↑ 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 1,11 1,12 1,13 1,14 1,15 1,16 Documenting the Horrors of Karabakh
- ↑ Azərbaycanda rep
- ↑ 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 3,10 3,11 Çingiz Mustafayev -52: ömür yolu...
- ↑ Keçmiş deputat: “Heydər Əliyevə dedim ki, bizi ailəliklə Sibirə də göndərsəniz gedərik” - MÜSAHİBƏ
- ↑ 5,0 5,1 5,2 5,3 Vahid Mustafayev: "Çingiz və Mübariz: jurnalist və əsgərin şücaəti"
- ↑ İşğal altında qalan qəhrəman məzarına gül aparan erməni (FOTO-VİDEO) I və II hissələr
- ↑ 7,0 7,1 7,2 Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi
- ↑ “Erməninin başını kəsdiyimiz bıçaq indi də məndədir...”
- ↑ ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib [Fotoqalereya]
- ↑ "Nazir gəlini, nəhəng sənətkarın qızı: "Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam"". publika.az. publika.az. 11 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
- ↑ 11,0 11,1 11,2 11,3 11,4 11,5 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 220.
- ↑ Azərbaycanda uşaqların istirahəti
- ↑ Deputatların sayı 150 olsun
- ↑ Çingiz vətənə qayıtdı (VİDEO)
- ↑ 15,0 15,1 CNN broadcasts Chingiz Mustafayev's documentary on Nagorno-Karabakh war
- ↑ В Германии выпущена почтовая марка, посвященная Чингизу Мустафаеву
- ↑ Çingiz Mustafayev adına parkın açılışı oldu (VİDEO)
- ↑ 18,0 18,1 Çingiz Mustafayev zirvəsinə yürüş artıq ənənəyə çevrilib
- ↑ 19,0 19,1 “Çingiz zirvəsinə” yürüş başladı (VİDEO)
- ↑ "Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü anıldı". www.moderator.az. İstifadə tarixi: 28 October 2015.
Xarici keçidlər
- Ç
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- 29 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1960-cı ildə doğulanlar
- 15 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycanın milli qəhrəmanları
- Şəxslər (ad sırası ilə)
- İşləməyən fayl keçidləri olan səhifələr