Məhəmmədəmin Darğazadə
Məhəmmədəmin Darğazadə (1854–1925) — İstanbuldan Orta Asiyaya doğru səyahət etmiş ilk türk səyyahı; alim, yazıçı və dövlət xadimi. Nuxada (indiki Şəki) anadan olmuş, 9 yaşından etibarən 6 il Fransada təhsil almış, sonralar uzun müddət Osmanlı Sarayında ikinci mabeynçi, özəl padşahlıq xəzinəsinin rəhbəri kimi yüksək vəzifələr tutmuşdur.
Məhəmmədəmin Abdurrəhim əfəndi oğlu Darğazadə | |
---|---|
türk.: Mehmet Emin Bey, Darugazade | |
Məhəmmədəmin Abdurrəhim əfəndi oğlu Darğazadə | |
Məhəmmədəmin Darğazadə. | |
Doğum tarixi | 1854 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelazavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 16 sentyabr 1925 (71 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Haqqında məlumatlar
1854-cü ildə Nuxada (indiki Şəki) anadan olub. İlk adı Məhəmmədəli idi. İpək və barama taciri olan atası dünyanın bir çox ölkələri ilə ticarət edirdi.
Təhsili
İlk təhsilini Nuxada alıb.
1863 – 1869-cu illərdə Fransanın Marsel şəhərindəki fransız liseyində,
1869 – 1875-ci illərdə İstanbuldakı Qalatasaray Sultanisində,
1876 – 1877-cı illərdə isə İstanbuldakı Hüquqi-Şahanə Məktəbində təhsil alıb.
Hindistan səyahəti
Əsəblərinin pozulması səbəbindən həkimlər ona səyahətə çıxmasını tövsiyə ediblər. O, da 1877-nin aprelində İstanbuldan yola çıxaraq Potiyə, oradan Tiflis və Yelizavetpoldan keçərək Nuxaya gəlir. Nuxada biləndə ki, atası Hindistandadır, atasının dalınca Hindistana yola düşür; əvvəlcə Nuxadan Bakıya, Bakıdan isə gəmi ilə Orta Asiyaya gedir, Xivə, Daşkənd, Kokand, Qaşğar və Əfqanıstandan keçərək Hindistana yetişir. Oradan İstanbula geri döndükdən sonra öz səyahəti barədə yazılarını “Asiyayi-Vüstəyə Səyahət” adı ilə hisssə-hissə İstanbulda çıxan “Tərcümani-həqiqət” qəzetində çap etdirir. Bu 1878-ci ildə kitab şəklində çıxdıqdan sonra isə Osmanlı sultanı II Əbdülhəmidin diqqətini çəkir.
Əmək fəaliyyəti
1878-ci ilin 19 iyunundan – 1879-cu ilin 13 mart tarixinədək İstanbulda fəaliyyət göstərən İskan-ı Muhacirin şöbəsində “Məhəmmədəmin bəy” adı ilə məmur vəzifəsində işləyib.
1880-cı ilin 2 mart tarixində “Yıldız” sarayı kitabxanasına məmur təyin edilib.
1882-ci ilin 6 sentyabr tarixində sultanın ən yaxın və inandığı çevrəyə, yəni qürəna sırasına daxil edilib və tam iyirmi yeddi il Sultan Əbdülhəmidin yanında çalışıb; ən son vəzifəsi 14 avqust 1908-də qarineyi-sani şəhriyari məqamı olub. İttihadçılar Sultan Əbdülhəmidi taxtdan endirdikdən sonra 1909-cu ilin 27 aprel tarixində hakimiyyət dəyişikliyi səbəbindən vəzifəsi bitib.
1920-ci ilin 17 aprelindən – 1922-ci ilin 25 fevralınadək isə Xəzineyi-xasseyi-şahanənin ümumi müdiri və eyni zamanda onun idarə heyətinin sədri vəzifəsində çalışıb.
Kitabları
- İstanbul’dan Asya-yı Vustaya Seyahat, İstanbul, 1295, 303 s. – bu əsərdə müəllifin İstanbuldan Xivəyədək olan səyahətindən bəhs edilir, ilk olaraq İstanbulda çıxan “Tərcümani-həqiqət” qəzetində hisssə-hissə çap edilmişdir.
- İpek Böcekleri, İstanbul, 1296, 78 s. Kırkambar matbaası – 1879-cu ildə çap olunmuş bu kitabda ipək qurdu bəsləmək haqqında məlumat verilir.;
- Muallim-i Farisi, 1308, 234 s. Mahmut Bey matbaası – 1890/91-ci ildə İstanbulda basılmış bu kitabda farscanı türklər üçün fars dili dərsliyidir.
- Tarif-i Ümem, Tarif-i Ümem, İstanbul, 1308 68+2 s. Matbaa-i Osmaniye – 1891-ci ildə basılmış bu kitabda dünya millətlərinin tarixi, dünya tarixi ətraflı araşdırılmaqda, millətlərin adları verilməkdədir. Əlavə 2 səhifədə rəngli 12 şəkil var.
- Sığır Beslemek Usûlü, İstanbul, 1306, 72 s. – 8 bölümdən ibarət, şəkillərlə bəzədilmiş 72 səhifəlik bu kitabda inək bəsləməklə bağlı hərtərəfli məlumatlar var.
- Musavver Tarif-i Hayvanat. İstanbul, 1310 71 s. Matbaa-i Osmaniye – İstanbulda ilk dəfə 1889-cu ildə Mətbəeyi-Amirədə, ikinci dəfə 1893-cü ildə Mətbəeyi-Osmaniyyədə basılıb. Əsasən uşaqlar üçün hazırlanmış bu əsərdə heyvanlar aləmindən danışılır, heyvan növləri tanıdılır.
- Merkez-i Arza Seyahat, İstanbul, 1302 416 s. – məşhur fransız yazıçısı Jül Vernin romanının türkcəyə tərcüməsi.
- Beş Hafta Balon ile Seyahat, İstanbul, 1305, 351 s. – məşhur fransız yazıçısı Jül Vernin romanının türkcəyə tərcüməsi.
Vəfatı
1925-ci il 16 sentyabr tarixdə – 71 yaşında, İstanbulda vəfat edib. İstanbuldakı Qaracaəhməd qəbiristanlığında dəfn edilib.
Xatirəsi
2014-cü ildə AMEA Şəki Regional Elmi Mərkəzi tərəfindən görkəmli dövlət xadimi, alim və yazıçı “Məhəmmədəmin Darğazadənin (1854-1925) Seçilmiş Əsərləri” adlı kitab nəşr olunub.
Kitaba Məhəmmədəmin Darğazadənin iki elmi əsəri - “İpək böcəkləri” və “Müsəvvər tərifi üməm” daxil edilib. Hər iki əsərin dili orijinalda olduğu kimi saxlanılmaqla, kitaba lüğət və şərhlər də əlavə olunub.
Kitabın tərtibçisi Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə, elmi redaktoru mərkəzin əməkdaşı, professor Ədalət Tahirzadə, ərəb qrafikasından transfonoliterasiya edən isə AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Briliant Hacılıdır.
Həmçinin, bax:
Ədəbiyyat
- Birinci A. Asya-yı Vusta Seyyahı Kurena Mehmet Emin Bey'in Hikâyesi : [arx. 27 Sep 2020 - 21 Apr 2021] : [tur.] // Türk Yurdu. — 2006. — 1 Mart. — Müraciət tarixi: 18.07.2021.
- Şəki Regional Elmi Mərkəzi tərəfindən yeni kitab işiq üzü görüb : [arx. 27.09.2020] // Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2021. — 2014. — 5 mart. — Müraciət tarixi: 18.07.2021.
- Abbasova V. Murad Darğa: “Şəkidə indi Darğazadələrdən heç kim qalmayıb” : [arx. 10 Aug 2019 - 22 Jan 2021] // Kaspi. — 2019. — 10 avqust. — Müraciət tarixi: 18.07.2021.
- Ədalət Tahirzadə: “Türkiyə ordusunda əslən Şəkidən olan 3 general qulluq edib” : [arx. 17 Feb 2016 - 27 Sep 2020] // Lent.az. — 2016. — 16 fevral. — Müraciət tarixi: 18.07.2021.
- Abbasova V. ll Əbdülhəmidin sarayda vəzifə verdiyi azərbaycanlının nəticəsi: "Maddi imkanım zəif olduğundan Şəkiyə gedə bilmirəm" - MÜSAHİBƏ - VİDEO : [arx. 31.10.2021] // Report.az. — Müraciət tarixi: 31.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |