İpəkçi (qəzet)
İpəkçi | |
---|---|
Fayl:İpəkçi (qəzet).jpg | |
Format | A2 |
Təsisçilər | Şəki “İpək” şirkəti və M.Salis |
Redaktor | Aydın Məmmədov |
Yaranma tarixi | 1933 |
Dil | Azərbaycan dili |
Qiymət | pulsuz |
Səhifə | 4 |
Tiraj | 1250 (15.06.2013) |
ipekchi.info |
“İpəkçi” — Azərbaycanda nəşr olunan ipəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmış qəzet.
Tarixi
“İpəkçi” qəzeti 13 mart 1933-cu il tarixdə bir çoxtirajlı qəzet[1] olaraq nəşrə başlayıb. O vaxt qəzet “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə - 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində – 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə yenidən bərpa edilir. 1958-1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965-2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.
“İpəkçi” qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır.
Azərbaycan Sovet mətbuatında ilk müstəqil qəzet
“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, Vladimir İliç Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin həmin sayında, “Oxucularımıza” sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə bəyanat vermişdir.
2010-cu ildə
“İpəkçi” qəzetinin həmtəsisçisi və redaktoru Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun 2009-cu ildə vəfatından sonra da “İpəkçi” nin nəşri davam etməkdədir. Məsələn, 2010-cu ildə bu qəzet A2 ölçüdə 4 səhifədən ibarət olmaqla 8 dəfə nəşr olunmuşdur.
Maliyyə mənbələri
2012-ci ilə qədər “İpəkçi” qəzetinin nəşriyyat xərci bu qəzetin redaktorunun “Şəki-İpək” ASC-dən aldığı 92 manat məvacib[2] hesabına ödənilirdi. 2012-ci ildə isə “Şəki-İpək” ASC rəhbərliyi həmin məvacibi də ödəməkdən imtina etmişdir[3].
İnternetdə
2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci ilin əvvəlində isə qəzetin rusca saytı da fəaliyyətə başlayıb.
İstinadlar
- ↑ Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.
- ↑ “İpəkçi” qəzetinin saytı, Bu sayt və “İpəkçi” qəzeti haqqında.
- ↑ “İpəkçi” qəzetinin saytı, Kim, kimdir?!