İpək kombinatı (Şəki)
Şəki ipək kombinatı — Şəki şəhərində 1931-ci ildən fəaliyyət göstərən və 2018-ci ildən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsinin – “Azəripək” MMC-nin, idarəçiliyində olan sənaye müəssisəsi. Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici, xalça toxuma istehsal sahələri olsa da yalnız baramaaçan istehsalatı fəaliyyət göstərir.
Haqqında məlulatlar
Tarixi
Kombinatın tikintisinə 1926-cı ildən başlanılıb. Tikinti üçün 1854-cü ildə Nuxada fəaliyyətə başlamış fransız ipək kompaniyasının yeri – “kompaniya” adlanan ərazi[qeyd 1] seçilib. Tikinti vaxtı işçi çatışmamazlığı olduğu üçün mühəndis Kibizov Şimali Qafqaza ezam olunmuş və oradan kombinatın tikintisinə 360 nəfər yeni işçi gətirmişdir.
Kombinat 5 noyabr 1931-ci il tarixdə – Böyük Oktyabr sosialist inqilabının 14-cü ildönümü ərəfəsində təntənəli şəkildə fəaliyyətə başlayıb. İstifadəyə verilərkən əyirici sexində 162 dəzgah olub. Bir il sonra işə düşmüş toxucu sexində isə 126 dəzgah olub və həmin sex gündə 6 min 400 metr parça toxumaq gücünə malik idi.
1954-cü ildə kombinatda boyaq-bəzək istehsalatı,
1968-ci ildə 754 dəzgahlı yeni toxucu istehsalatı istifadəyə verilib.
1975-ci ildə Şəki şəhərindəki ipək fabrikləri kombinatın tabeliyinə verilmiş və bundan sonra kombinat V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi adlandırılmışdır.
1985-ci ildə Yaponiya istehsalı olan modern dəzgahlarla təmin olunmuş yeni boyaq-bəzək istehsalatı işə salınıb.
1985-ci ildə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi partiya komitəsi Azərbaycan KP Şəki şəhər partiya komitəsinin tabeliyindən çıxarılaraq birbaşa Azərbaycan KP-yə tabe edilib.
1986-cı ildə Şəki İstehsal İpək Birliyində 37,2 milyon metr parça istehsal edilmişdir və SSRİ-də istehsal olunan ipək parkanın 19 %-ni bu müəssisə vermişdir.
1990-cı illərin əvvəllərində Şəki İstehsal İpək Birliyində 7 min nəfərə yaxın işçi çalışırdı. 1990-cı illərin sonunda keçmiş Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi və filiallar ayrı-ayrılıqda özəlləyməyə çıxarıldı. Şəki ipək kombinatı “Şəki-İpək” ASC adı ilə əvvəl Azərbaycan Beynəlxalq Bankının, sonra isə “Azəripək” MMC adı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyinə keçdi. 2020-ci ildə Şəki İpək kombinatında əsasən xam ipək istehsal edilib və bütün işçilərin sayı 200 nəfərdən çox olmayıb.
Rəsmi adları
- Nuxa Lenin adına İpək Kombinatı, yaxud, V.İ.Lenin adına Nuxa İpək Kombinatı (1931 – 1968);
- V.İ.Lenin adına Şəki İpək Kombinatı (1968 – 1975);
- V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəsi (1975 – 1985);
- V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi (1985 – 1991);
- Şəki “İpək” şirkəti (1991 – 1999);
- “Şəki-İpək” ASC (1999 – 2018);
- “Azəripək” MMC (2018-ci ildən).
Rəhbərlik
Kombinatın ilk baş direktoru Labarkao olub. 1960–1981-ci illərdə Tacəddin Əfəndiyev, 1981–1984-cü illərdə Yusif Abdurrahmanov, 1984 –1989-cu illərdə İbrahim Mustafayev müəssisəyə rəhbərlik edib. 1989–1999-cu illər arasında, müxtəlif vaxtlarda Çingiz Əfəndiyev, Xalid Əliyev, İsmayıl Nəbiyev kombinatın baş direktoru olublar. Özəlləşmə illərində – 1999 – 2003-cü illərdə baş direktor Əlövsət Bəkirov, sonra isə Sabiq İmanov baş direktor vəzifəsini icra edib. Özəlləşmədən sonra Elman Qarayev (2003), Marat Əkbərov (2003 – 2011), Azad Şıxəliyev (2011 – 2015), Nizami Qəribov (2014 – 2020) “Şəki-İpək” ASC İdarə Heyətinin sədri olmuşdur. 2020-ci ildən isə kombinata “Azəripək” MMC İdarə Heyətinin sədri Zaur Yaqubov rəhbərlik edir.
Qeydlər
Ədəbiyyat
- Şəki İpək İstehsal Birliyi // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 501. — 80.000 nüsx.
- Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // “Şəki fəhləsi” : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr c. — № 104 (5560). — Səh. 2.